Vandalizm Ermənistanın əsl siması, etnik mahiyyətidir

Bu gün ermənilər işğal etdikləri Azərbaycan ərazilərini tərk edərkən, hər zaman olduğu kimi, dünya dövlətlərinə, havadarlarına üz tutub, haray-qışqırıq qoparırlar: qoymayın, imkan verməyin, azərbaycanlılar xristian məbədlərini dağıdırlar, yerlə-yeksan edirlər. Əslində, əli hər yerdən üzülən düşmən fikirləşir ki, bəlkə, belə bir yalan, iftira ilə hansısa məqsədinə nail ola bilər. Digər tərəfdən, sözügedən xristian məbədlərinin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu abidələr əsasən qədim tarixə malik Qafqaz Albaniyası dövlətinin tarixi irsidir, başqa sözlə, Azərbaycanın əzəli maddi-mədəniyyət xəzinəsidir. İndi siz fikirləşin, biz öz irsimizi necə məhv edə, dağıda, viran qoya bilərik?!.

Yeri gəlmişkən, tarixdən bəllidir ki, 1828-ci ildə Cənubi Qafqazı işğal edən rus imperiyası bu ərazilərdə də kök salıb. Bun­dan sonra düşmənin bu yerlərə kütləvi köçü başlayıb, 1836-cı ildə isə ermənilərin müraciəti əsasında tarixi cinayət törədilib: Çar hakimiyyəti Alban Katolikos­luğunu erməni-qriqorian kilsəsinə birləşdirib. Beləliklə, Qafqazın əsas sahibi olan alban xristian kilsəsi-alban izi erməni kilsəsinə tabe etdirilərək tarixdən silinib.

Azərbaycan hökumətinin rəsmi məlumatına əsasən, ölkəmizin 30 il ərzində işğal altındakı torpaqla­rında 403 tarixi-dini abidəsi olub. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgah kimi qeydə alınıb.

Ermənilərin məscidlərimizə düşmən münasibəti, insanlıqla bir araya sığmayan vəhşi əməlləri işğaldan azad edilən kənd, qəsəbə və şəhərlərimizdə daha qabarıq nəzərə çarpır. Şuşa, Ağdam, Zəngilan və Qubadlıda içərisində donuz saxlanan tarixi məscidlərimiz haqqında yəqin ki, beynəlxalq ictimaiyyət xəbərdardır. Xocavənd rayonu ərazisində 1894-cü ildə tikilən Rus Pravos­lav Kilsəsi də hazırda acınacaqlı vəziyyətdədir.

Bu gün Dağlıq Qarabağ və ətraf rayonlarda 100-dən çox qədim alban dini abidəsi var. Ermənilər tərəfindən 30 il ərzində “erməniləşdirmə” əməliyyatı aparılan həmin kilsə və monas­tırlar indi həyasızcaslna “qədim erməni abidələri” kimi təqdim edilir. Laçında yerləşən Ağoğlan, Kəlbəcər rayonunda Xudavəng və Gəncəsər, Xocavənddə Amaras, Ağdərədə Müqəddəs Yelisey monastır kompleksləri bunun bariz ifadəsidir.

Beləliklə, düşmən ona məxsus olmayan tarixi abidələrə sahiblik iddiasını bütün dünyaya bəyan etməklə bərabər, həm də o məbədlərin guya dağıdılmasını bil­dirir. Halbuki xalqımız nəinki alban abidələrinə, eləcə də xristian dini komplekslərinə daim hörmətlə yanaşır. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bununla bağlı deyir: Bütün səcdə olunan yerlər Allaha məxsusdur. İslamın, müqəddəs Quranın, şəriətimizin bizə verdiyi dəyər ondan ibarətdir ki, tək olan Allaha ibadət üçün qərar verilən istənilən məkanda müsəlmanın ibadəti caizdir, yəni icazəlidir. Bu gün tikilən məscid, kilsə, sinaqoq heçbir millətə və ya ümmətə məxsus deyil. Tək olan Allaha ibadət yeri tikilirsə, bütün səmavi dinlərə inanan insanlar o yerlərə ehtiramla, hörmətlə, izzətlə ya­naşmalıdır. Bu yerlər müqəddəs məkanlardır, toxunulmazdır”.

F.Nurullayev hazırda Azərbaycanın hər yerində xristianlara məxsus ibadət evlərinin – udin, pravoslavka­tolik kilsələrinin olduğunu bildirir: “Yaxşı xatırlayıram, ulu öndərimiz Heydər Əliyev Bakıda katolik kilsənin tikilməsi üçün yerin ayrıl­masına qərar verib. O cümlədən, Prezident İlham Əliyevin sinaqoq­ların, kilsələrin inşasını hər zaman diqqətdə saxlayıb. Dövlətimizin başçısı tərəfindən həmin məbədlərə vaxtaşırı müəyyən yardımlar da edilib...”.

İlahiyyatçının sözlərinə görə, hazırda Bakının mərkəzində fəaliyyət göstərən erməni kilsəsinə daim diqqət göstərilib. Amma düşmən Ağdam, Qubadlı, Zəngilan və Şuşadakı məscidlərdə donuz saxlayıb. Bununla da yağı Allah evinə qarşı böyük hörmətsizlik edib.

Uzun illər davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, təyinatına uyğun gəlməyən şəkildə istifadə olu­naraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvan­ları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ifadə ediblər. İşğal olunan ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət, əslində, dünya irsinə qarşı yönələn təhdiddir.

İşğaldan azad olunan ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də hazırda acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də Zəngilan rayonun­dakı məscid kimi, donuz tövləsi olaraq istifadə ediblər. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi si­masını əks etdirir. Eyni zamanda, bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Amma, təəssüf ki, bu cür vəhşiliyə susqunluqla yanaşılır. Təəccüblü hal isə odur ki, hazırda müəyyən dövlətlər erməni yalanlarına inanır, on­ların təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa qarşı bəşəri cinayətlərinə qarşı biganə münasibət bəsləyirlər.

Erməni işğalçıları bütün yaşayış məntəqələrimizi də vəhşicəsinə dağıdıb, salamat bir bina qoymayıblar. Bütün infrast­rukturu yerlə-yeksan ediblər. Erməni vandalizmi mağarakurqanlardan, məzarlıqlardan və qəbirüstü abidələrdən də yan keçməyib.

 

V.BAYRAMOV

Xalq qəzeti 2020.- 24 noyabr.- S.7.