Ədliyyə işçiləri peşə
bayramlarını böyük qələbə sevinci ilə
qeyd ediblər
22 noyabr –
ədliyyə işçilərinin peşə bayramı
günü bu il xalqımızın
şanlı qələbə sevinci ilə birgə qeyd olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə
ədliyyə orqanlarında və məhkəmələrdə
xüsusi karantin rejiminə əməl edilməklə silsilə
tədbirlər təşkil olunub, xalqımızın Vətən
müharibəsində zəfər yürüşünə,
Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna nəzər
salınıb, ədliyyə işçiləri və hakimlər
tərəfindən mətbuatda çıxışlar edilib,
tarixi qələbəmizə həsr olunmuş foto və
videomateriallar nümayiş etdirilib. Bundan əlavə, bayram ərəfəsində
ədliyyə işçiləri və hakimlər tərəfindən
Silahlı Qüvvələrə Yardım Fonduna 900 min manatdan
çox məbləğdə ianə edilib, yaralılara
baş çəkilərək sovqatlar verilib, ənənəvi
olaraq qanvermə aksiyaları keçirilib.
Peşə bayramı ilə əlaqədar Ədliyyə
Nazirliyinin və Ali Məhkəmənin rəhbərliyi Fəxri
xiyabana gedərək müasir Azərbaycan dövlətinin
banisi, ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edib, abidəsi önünə əklil qoyub. Akademik Zərifə
xanım Əliyevanın məzarı önünə gül
dəstələri düzülüb, Şəhidlər
xiyabanında xalqımızın azadlığı və
ölkəmizin ərazi bütövlüyü uğrunda
canlarından keçən qəhrəman
övladlarımızın, həmçinin Vətən
müharibəsində şəhid olmuş ədliyyə
işçisinin əziz xatirəsi anılıb.
Bayramlar münasibətilə, həmçinin Ədliyyə
Nazirliyi kollegiyasının videoformatda xüsusi iclası
keçirilib.
Əvvəlcə dahi öndərin nazirlikdəki
büstü önünə tər çiçəklər
qoyulub.
Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov
ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Vətən müharibəsində parlaq qələbə
və peşə bayramı münasibətilə kollektivi təbrik
edib. Möhtəşəm zəfərlərimizə həsr
olunmuş və nazirlik tərəfindən
hazırlanmış videoçarx nümayiş etdirilib.
Nazir rəşadətli ordumuzun tarixi
torpaqlarımızı, Qarabağın tacı olan
Şuşanı azad edərək döyüş
meydanında şanlı qələbələr
qazandığını, dövlət
başçısının sərkərdə istedadı və
diplomatik məharəti nəticəsində düşmənin
siyasi müstəvidə faktiki kapitulyasiyasına və
işğal altında qalan digər ərazilərimizin
qaytarılmasına nail olduğunu qeyd edib.
Ölkə Prezidentinin noyabrın 20-də
Qarabağın ürəyi – Ağdam rayonunun birgə Bəyanata
uyğun olaraq sülh yolu ilə qan tökülmədən
azad olunması barədə xəbərinin peşə
bayramlarını qeyd edən ədliyyə işçiləri
tərəfindən böyük sevinc hissi ilə
qarşılandığını bildirib, “Düşmənə
döyüşsüz qalib gəlmək müharibə sənətinin
zirvəsidir” müdrik kəlamını xüsusi diqqətə
çatdırıb.
Ədliyyə naziri qeyd edib ki, ulu öndər Heydər
Əliyevin ən ümdə vəsiyyətini şərəflə
yerinə yetirərək adını əbədi olaraq
tariximizə müzəffər Ali Baş Komandan kimi
qızıl hərflərlə həkk edən dövlətimizin
başçısı xalqımızın qəlbində
Milli Qəhrəmana çevrildi. Görkəmli dövlət
xadimi olaraq uzun sürən savaşa son qoyaraq sülhü bərqərar
etməklə, bəşəriyyətdə sülh naminə
mühüm xidmətlər göstərdi.
Tədbirdə
Ali Baş Komandanın ən sadiq silahdaşı olan
respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın yorulmaz fəaliyyəti, cəbhədə
döyüşən igid hərbçilərimizə dəstəyi
və qayğılı münasibəti, xalqımızın ədalətli
mübarizəsi naminə hər birimizi informasiya
platformalarında mübarizəyə sövq edən vətənpərvər
çağırışları xüsusi qeyd olunub.
Vətən müharibəsinə, o cümlədən
könüllü olaraq yollanan ədliyyə və məhkəmə
işçilərinin də fədakarlıq və qəhrəmanlıq
göstərdikləri vurğulanıb, bütün şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan həqiqətlərinin, Ermənistanın
işğalçılığının, müharibə və
insanlıq əleyhinə cinayətlərinin beynəlxalq
ictimaiyyətə geniş çatdırılmasına
Ədliyyə Nazirliyinin də fəal qoşulduğu qeyd
olunub.
Bildirilib
ki, bu ərəfədə Avropa Şurası Baş katibinin,
Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan
Hüquqları Məhkəməsinin və digər
ixtisaslaşmış qurumların rəhbərlərinin,
habelə Avropa İttifaqı ədliyyə komissarının
iştirakı ilə Avropa ədliyyə nazirlərinin
videoformatda konfransı keçirilib. İlk məruzəçi
qismində çıxış edən F.Məmmədov Ermənistanın
hərbi təxribatlarını və dinc əhaliyə
qarşı müharibə cinayətlərini, vandalizm və
beynəlxalq hüququn pozulması faktlarını həmkarlarının
və beynəlxalq təşkilatların yüksək təmsilçilərinin
diqqətinə çatdırıb, bununla bağlı Ermənistanın
beynəlxalq müstəvidə məsuliyyətə cəlb
olunaraq cavab verməli olduğu vurğulanıb.
Xarici
dövlətlərin ədliyyə nazirlərinə, dünya
prokurorlarına, nazirliyin sıx tərəfdaşlıq etdiyi
nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər
ünvanlanaraq, həmçinin müxtəlif dövlətlərin
səfirləri ilə görüşlər keçirilərək
Ermənistanın beynəlxalq insan hüquqları və
humanitar hüquq normalarını kobud surətdə
pozması, müharibə və insanlıq əleyhinə cinayətləri
geniş qeyd olunub, beynəlxalq birlik ədalət naminə bu
məsələdə prinsipiallıq göstərərək
qəti tədbirlər görməyə
çağırılıb.
Bununla yanaşı, Azərbaycan ədalətli
mövqeyinin təbliği və geniş yayılması məqsədilə
üç dildə “Qarabağ Azərbaycandır!” elektron məlumat
platforması (http://justice.gov.az/categories/1148) yaradılıb. Daim yenilənən və
interaktiv rejimdə fəaliyyət göstərən
platformada Vətən müharibəsi dövründə
dövlət başçısının və Birinci
vitse-prezidentin fədakar xidmətləri, Zəfər
yürüşümüzə dair xəbərlər, sənədlər,
foto və videomateriallar, hüquqi maarifləndirməyə
dair nazirliyin hazırladığı materiallar əks olunub. Digər saytlara inteqrasiya olunmuş platformadan
artıq minlərlə istifadəçi yararlanıb.
Eyni
zamanda, dövlət başçısının
tapşırıqlarının operativ icrası
üçün ədliyyə nazirinin rəhbərliyi ilə
Qərargah yaradılıb, qarşıda duran vəzifələrin
mütəşəkkil qaydada icrası məqsədilə
yeni Qarabağ regional ədliyyə idarəsi təsis edilib və
bütün işğaldan azad olunmuş
torpaqlarımızdakı ədliyyə orqanları onun
yurisdiksiyasına daxil edilib. İdarə fəaliyyətini
digər qurumlarla əlaqəli həyata keçirəcəkdir.
Tədbirdə,
həmçinin ədliyyə sahəsində
görülmüş işlərə nəzər
salınıb, fəaliyyətin qlobal pandemiya şəraitində
təşkilinə baxmayaraq, işin təkmilləşdirilməsi
üzrə tədbirlərin davam etdirildiyi, dövlət
başçısının tapşırıqlarından irəli
gələn vəzifələrin, o cümlədən ədliyyə
və məhkəmə sahəsində idarəçiliyin
müasirləşdirilməsi, şəffaflığın
artırılması, korrupsiyanın qarşısının
alınması, innovasiyaların tətbiqi üzrə əməli
işlərin görüldüyü qeyd edilib.
Azərbaycan ədliyyəsinin qədim vaxtlardan müasir
dövrümüzə qədər tarixini əks etdirən, nəfis
çap olunmuş kitab kollektivə təqdim edilib. Bildirilib ki, kitabda ədliyyənin
təşəkkülü, müasir hüquq sistemimizin
banisi, ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə
sisteminin və məhkəmə hakimiyyətinin
formalaşmasına göstərilən xüsusi diqqət və
qayğı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə bu sahədə fəaliyyətin müasirləşdirilməsi
barədə maraqlı məlumatlar əks olunub.
Çıxış edən məcburi
köçkün ədliyyə işçiləri Qələbə
münasibətilə, xüsusilə doğma
torpaqlarının azad olunmasına görə sevinclərini
bölüşüb, torpaqlarımızı işğaldan
qurtarmaqla hər kəsə unudulmaz və sonsuz iftixar hissləri
bəxş etdiyi üçün ölkə rəhbərliyinə
dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə tarixi Qələbə münasibətilə
və ədliyyə sisteminin inkişafına xüsusi
qayğıya görə ədliyyə işçiləri
adından ölkə Prezidenti, Ali Baş Komandan İlham
Əliyevə müraciət qəbul edilib. Bildirilib ki, böyük inam
və ruh yüksəkliyi ilə ölkə Prezidentinin ətrafında
sıx birləşən ədliyyə işçiləri
demokratik hüquqi dövlət quruculuğu, azad olmuş
torpaqlarımızın bərpası naminə üzərlərinə
düşən vəzifələri şərəflə
yerinə yetirmək əzmindədirlər.
AZƏRTAC
Xalq qəzeti 2020.- 24 noyabr.- S.7.