Azərbaycan –
Türkiyə birliyi sarsılmazdır
Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycana
hərbi heyət göndərilməsi ilə bağlı qəbul
etdiyi qanunu
imzalayıb və həmin qanun “Rəsmi Qəzet”də
dərc edilib. Türkiyənin
Azərbaycana hərbi heyət göndərməsi iki ölkə arasında 16 avqust
2010-cu ildə imzalanan “Türkiyə ilə
Azərbaycan arasında strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında müqavilə”yə
uyğun olaraq həyata
keçirilir.
Azərbaycanın haqlı davası və Azərbaycan – Türkiyə birliyinin, 44 günlük müharibədəki zəfərimizin ən parlaq təsbit və tərənnümləri qardaş ölkənin qazi məclisində, digər rəsmi qurumlardakı müzakirələrdə özünü göstərdi. Əlbəttə, bu müzakirələrin, qardaşlıq duyğularının, tərənnümlərin öz rəsmi təsdiqini, hüquq gücünü qazanması xüsusi hadisədir.
“Azərbaycan ordusu ərazi
bütövlüyünün təmin
edilməsi istiqamətində böyük
uğur əldə edib.
Azərbaycan, Rusiya və Ermənistan
arasında imzalanan bəyanata görə,
Rusiya və Türkiyə arasında atəşkəsin
monitorinq mərkəzinin yaradılması
qərara alınıb. Türkiyə hər zaman
Azərbaycanın yanında olub və bundan sonra da
olmağa davam edəcək.
Türkiyənin Azərbaycana verdiyi
dəstək Azərbaycanın suverenliyinin
qorunması üçün beynəlxalq hüquqa əsaslanır” yazılıb həmin
sənəddə. Hüquqi qüvvəyə
minmiş sənədə əsasən,
Türkiyə hərbçiləri Dağlıq
Qarabağdakı Rusiya – Türkiyə Birgə
Monitorinq Mərkəzində fəaliyyət
göstərəcək.
Qardaş ölkə hərbi heyətinin respublikamıza göndərilməsi ilə bağlı qərar tarixi mahiyyət kəsb edir. Türkiyədə və Azərbaycanda mövcud olan siyasi iradə, dövlət rəhbərliyimizin xalqın istək və arzularını ifadə edərək tarixi qərarlar qəbul etməsi bu məsələdə bazis rolunu oynayır.
Hələ bu ilin iyulunda Ermənistanın Tovuz istiqamətində növbəti təxribatçı hücumu zamanı qardaş ölkənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanın boyundan böyük işlərə girişdiyinə dair xəbərdarlığını, “Gərək olarsa, əcdadımızın 100 il öncə etdiyini tərəddüd etmədən təkrarlayarıq” – məzmunda açıqlama ilə çıxış etməsini minnətdarlıqla xatırlayırıq. Bundan öncə – 2018-ci ildə Bakıda keçirilən birgə paradda verilən birgə ismarıclar, ondan öncələr və sonralar verilən digər ismarıclar ən yeni dövr qardaşlıq tariximizin parlaq səhifələrini təşkil edir. Özəlliklə, 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsi günlərində Türkiyə Cümhurbaşqanı başda olmaqla, Milli Müdafiə naziri, Xarici İşlər naziri, TBMM-də təmsil olunan əsas partiyalar və bilavasitə TBMM başqanı tərəfindən, çoxsaylı türk QHT və KİV- i tərəfindən verilən ismarıclar, göstərilən mənəvi, siyasi dəstək qardaşlıq dastanımızın qızıl səhifələri içində öz yerini mütləq alacaq. Belə dəstəklər bütövlükdə türk xalqının arzu və istəklərinin ifadəsi, qardaşlıq ruhunun şahə qalxmasının təntənəsiydi və həmişə var olacaq! Ustad Bəxtiyar Vahabzadə demiş “Bizdən həm öncə, həm sonra Vətən var”. O Vətən ki, birimizin vətənimiz o birimizin də vətənidir. Qazax mütəfəkkiri Mustafa Çokay “Dünyada hər türkün iki Vətəni vardır: biri öz Vətəni, o biri Türkiyə” – deyib. Ruhu şad Mustafa Çokayın fikrini türkiyəli qardaş – bacılarımızın gözü ilə oxusaq, bizim doğma Vətənimiz də türkiyəli qardaş – bacılarımızın vətənidir, əlbəttə.
Türkiyə hərbi heyətinin respublikamıza gəlməsi ilə bağlı müzakirələr, o müzakirələrə münasibət sevda ilə ağlın birgəliyini təcəlla etdirir, deyə düşünürəm... Bu sevda ölüncədir və yalnız sevda deyildir, bu, eyni dərəcədə türk dövlət ağlıdır – dünyada ən çox dövlət, xaqanlıqlar qurmuş ağıl! Artıq vurğuladığımız kimi, ən yaxşı konsensus yəqin ki, yanar qəlbli sevda ilə dövlət ağlının birliyindən keçir...
Azərbaycan – Türkiyə, Türkiyə – Azərbaycan münasibətləri həmişə öz xəlqi xarakteri ilə seçilib, xalq ruhunun cəsarəti ilə fərqlənib. Tikanlı məftillər, dəmir qapılar, ideoloji-siyasi qadağalar, daha nələr, nələr... qardaşlıq ruhumuzu sıradan çıxara bilmədi. Qafqaz Türk – İslam Ordusunun qurtuluş hərəkatı ilə XX əsrdə öz zirvə məqamını yaşayan qardaşlığımız I Dünya müharibəsi illərində Çanaqqalada sınaqdan çıxmışdı. Doğrudur, qardaşlar arasında sınaq olmur, bu, daha çox, baxışını, başqalarının qurduğu oyunları nə dərəcədə pozub-pozmamağımızla bağlı bir yanaşmanın ifadəsidir. Gəlinlərimiz qulağından sırğanı, cavanlarımız barmağından nişan üzüyünü, ailələr sandıqlardakı “ürək daşı”nı Çanaqqalada savaşan qardaşlarına hansı ruhla göndərdiyini ruhumuzla, könlümüzlə duyuruq, bilirik və o ruha vuruluruq! O ruh, o sevda, 44 günlük müharibə günlərində Türkiyədən neçə – neçə sadə insanın öz nişan üzüyünü, özünün hansısa arzusu, planı ilə bağlı topladığı bir miqdar pulunu Azərbaycan Ordusuna dəstək üçün göndərməsi ilə bir daha təcəlla etdi...
Müharibələr yorğunu
olmalarına baxmayaraq, 102 il
öncə Azərbaycanı qurtarmağa
gələn Nuru paşanın əsgərləri
də eyni ruha sahibdir. Nuru paşa hərəkatından
sonrakı illərdə, Anadoluda istiqlal savaşı verən Atatürk
və silahdaşlarına yardım edərkən “qardaşdan qardaşa borc olmaz” – hökmünü
verən dövlət xadimlərimiz də o
hökmü verərkən eyni ruha sahib
idi. Qardaşlıq münasibətlərimizi
bütün “mümkün
deyil”lərə baxmayaraq mümkün
etməyə çalışmış, bütün
ziyalılarımızın, fədakarlarımızın ruhu şad olsun!
Yaşayan ziyalılarımıza
salam-sayğı və iş
avandlığı diləyirik.
Bu yerdə, ulu öndər Heydər
Əliyevin siyasi-ideoloji düstura
çevrilmiş “Biz
br millət, iki
dövlətik!” kəlamını, Prezident
İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada, dövlət və hökumət
başçılarının iştirakı ilə “Şərq
tərəfdaşlığı” proqramının 5 illiyinə
həsr olunan sammitdə Türkiyə
əleyhinə danışan Ermənistan təmsilçisinə
dediyi – “Bu masa arxasında Türkiyə nümayəndələri
yoxdur, ancaq mən buradayam”, – sözlərini xatırlatmaq istərdim.
Bu
sözləri xatırladarkən, onların yalnız söz olmadığı, öz
olduğu, qardaşlıq
bağlarımızın yeni imkanlarla zənginləşdiyini, yeni çağırışlara layiqli cavab verən üstün səviyyəyə
çatdığını böyük qürur hissi ilə deməliyik.
Qardaş ölkə hərbi heyətinin respublikamıza göndərilməsini alqışlayır və fikirlərimi ümumiləşdirərkən, Prezident İlham Əliyevin 10 oktyabr 2020-ci il tarixində Rusiyanın RBK televiziya kanalına müsahibəsindən bir hissəni bölüşmək istərdim. Jurnalist – “Mən Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayda Türkiyə bayrağı gördüm” – deməsinə müqabil olaraq, dövlət başçısı belə dedi:
“Türkiyə bayraqlarının çox olması təbiidir. Biz
qardaş xalqlarıq. Bu gün
Türkiyə ilə Azərbaycan arasında etimad,
qarşılıqlı dəstək və münasibətlərin
səviyyəsi elədir ki, mənim
fikrimcə, dünyanın hər hansı başqa,
hətta ən yaxın ölkələri arasında elə səviyyə
yoxdur. Bu,
reallıqdır və bu
reallığı biz yaratmışıq
– Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə
və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə
və Azərbaycan kimi etnik
kökləri yaxın olan, lakin öz aralarında
döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir - biri
ilə intriqa aparırlar. Buna
görə Azərbaycanda Türkiyə bayraqlarının
olması reallıqdır və əgər siz
Türkiyəyə getsəniz, orada da çox yerdə Azərbaycan
bayraqlarını görərsiniz”.
Məncə,
cənab Prezidentin sözləri bugün “Yol ver Türkün
bayrağına” -- deyə sevinc, fərəh və qürur
hissi ilə sosial şəbəkələrin Azərbaycan seqmentində
minlərlə soydaşımız tərəfindən
paylaşım edilən şad xəbərin – Türkiyə hərbi
heyətinin respublikamıza göndərilməsinin əsaslarını,
hadisənin mahiyyətini əla ifadə edir.
Qardaşlığımız əbədidir! Bayraqlarımız uca olsun!
Qənirə
PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Xalq qəzeti 2020.- 24 noyabr.- S.8.