İşğaldan azad edilmiş rayonların bərpasından sonra həyat əvvəlki axarına qayıdacaq

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət bundan əvvəl Rusiyanın RBK televiziya kanalına müsahibəsində işğaldan azad edilən kənd, qəsəbə və şəhərlərimizdə acınacaqlı vəziyyətin hökm sürdüyü barədə danışarkən bildirib ki, düşməndən təmizlənən ərazilərdə salamat bir bina, bir infrastruktur qalmayıb. Bütün yaşayış məntəqələri xarabalığa çevrilib. Yeraltı və yerüstü sərvətlər talan edilib. Erməni barbarlığı o həddə çatıb ki, hətta evlərin pəncərə çərçivələri, unitazlar belə oğurlanıb.

Dövlətimizin başçısı daha sonra deyib: “Biz işğaldan azad edilən yaşayış sahələrimizi təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar…”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, torpaqlarımız tam şəkildə işğaldan azad edildikdən sonra bərpa proqramları reallaşdırılacaq, Qarabağ torpaqlarına yeni nəfəs veriləcək, yeni ruh gələcək. Məcburi köçkünlər öz dədə-baba yurdla­rına qayıdacaqlar.

Ölkə rəhbərinin bununla bağlı dəyərli fikirləri də diqqət çəkir: Biz hər şeyi inventarlaşdıracağıq, orada qalanların uçotunu aparacağıq, bizə vurulmuş ziyanın həcmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bi­zim vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq, biz təcavüzkarı məsuliyyətə cəlb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə, 50 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsrəf tələb edəcək… Qarabağı bərpa etmək, onu Yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Qarabağda zəngin təbii ehtiyatlar mövcuddur. Bu, regionun iqtisadiyya­tının bərpası və yenidən qurulması prosesində önəmli rol oynayacaq.

Xatırladaq ki, Dağlıq Qarabağ və ətraf rayonlarda 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan və Tərtərdə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar yataqlar yerləşir. Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentrat­larının xeyli hissəsi məhz Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Meh­mana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub. Bundan sonra bu zəngin və qiymətli yataqlar xalqımızın rifahına yönəldiləcək. Bu isə son nəticədə qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsini, yerlərinin yaradılmasını, ixrac potensialımızın artırılmasını şərtləndirəcək.

Milli Məclisin deputatı Vüqar Bay­ramov bu barədə deyir: “Azərbaycanın 20 faizə yaxın ərazisinin 27 ildən çox işğal altında qalması həmin torpaqla­rın iqtisadi potensialından istifadəsinə imkan verməyib. İşğaldan əvvəl coşğun həyatın, bol gülüşün olduğu kənd və şəhərlər düşmən ölkənin barbarlığı nəticəsində “ruhlar şəhərinə” çevrilib.

Deputat qeyd edir ki, ötən il Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 637 milyon 70 min manat, o cümlədən Ağdam üzrə 172 milyon 934 min manat, Füzuli üzrə 138 milyon 652 min manat həcmində məhsul istehsal edilib. Dörd rayonu əhatə edən Kəlbəcər–Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdəki ya­şayış məntəqələrində, respublikanın digər bölgələrində yerləşən idarə və müəssisələrin hesabına reallaşıb. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qara­bağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər–Laçın iqtisadi rayonu üzrə isə cəmi 0,1 faizdir. Bu, o deməkdir ki, uzun müddət işğal altındakı ərazilərimizin ümumi iqtisadiyyatda payı tam rəqəmlə də ifadə olunmayıb. Təkcə Xaçmaz rayonu bütün işğal altında olan rayonlarımız qədər məhsul istehsal edib. Bəzi rayonlarımızda, hətta daha çox istehsal göstəriciləri qeydə alınıb. Göründüyü kimi, Ermənistanın işğalı nəticəsində 27 ildən çox müddətdə bö­yük iqtisadi potensial məhv edilib.

V.Bayramov daha sonra deyir: “İşğal­dan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən son­ra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artaca­ğı proqnozlaşdırılır. Bu, o deməkdir ki, tez bir vaxtda həmin ərazilərdə yeni yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Azər Mehdiyev isə işğaldan azad edilən torpaqlarda sektorlar üzrə investisiya qoyuluşu, həmçinin investorların cəlb edilməsi ilə bağlı danışarkən bildirir ki, Şuşabir neçə yaşayış məntəqəsi istisna olmaqla qalan bütün ərazilərin həm sosial şərtləri, həm də iqtisadiyyatı sıfırdan qurulmalıdır. Onun sözlərinə görə, bu proses həmin ərazilərin reabili­tasiyasından sonra həyata keçirilməlidir: “Yəni sahələr əvvəlcə minasız vəziyyətə gətirilməli, köhnə, dağılmış yaşayış məntəqələrinin qalıqlarının hansı hissəsinin təmizlənməsi, yaxud hansı hissəsinin saxlanması məsələsi həllini tapmalıdır. Bunlar araşdırılan zaman həm ümumi, həm də xüsusi yanaşmalar tətbiq edilməlidir. İlk növbədə, orada tor­paq islahatına aydınlıq gətirilməlidir. Yəni belə bir islahata indiki vaxtda ehtiyac varmı, varsa, proses necə reallaşdırıl­malıdır?”

A.Mehdiyevin fikrincə, həmin ərazilərdəki şəhərlərin bərpası dağı­dıldığı dövrdə olduğu kimi deyil, daha müasir tələblərə cavab verməlidir: “Smart şəhərlərin (“Ağıllı şəhər”) qu­rulması gündəmə gəlməlidir. Kəndlərin yenilənməsində isə reallaşdırıla­caq köhnə, yaxud müasir yanaşma prinsiplərinə aydınlıq gətirilməlidir. Bu, çox önəmli məsələdir. Ona görə də orada hansı tip kəndlərin qurulması, həmçinin necə bir iqtisadiyyatın forma­laşması barədə qərar vermək xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, bunlar biri-biri ilə bağlı məsələlərdir. Nəhayət, orada xüsusi mədəniyyət, elm mərkəzi kimi Şuşa şəhərinin formalaşdırılacağı, digər şəhər və rayon mərkəzlərindən birinin isə sənaye qovşağı kimi inkişaf etdiriləcəyi barədə qərar verilməlidir. Xüsusilə sağlamlıq, turizm zonalarının yaradılması həllini tapmalıdır. Bunun üçün xüsusi proqramlar işlənilməlidir. Eyni zamanda, təbii ehtiyatlara əsaslanan sənaye müəssisələrinin qurulması ilə yanaşı, aqrar potensial nəzərə alınmaqla, iri emal sənayesi komplekslərinin yaradılması da diqqətdə saxlanılmalıdır. Bu prosesdə dövlətin, özəl sektorun rolu dəqiqləşdirilməlidir. Xüsusilə xarici investorların cəlbi istiqamətində aparılmalıdır. Bütün bunlarla əlaqədar xüsusi dövlət proqra­mının hazırlanması zəruridir”.

İqtisadçının sözlərinə görə, bu ərazilərin dirçəldilməsi zamanı nəinki ora gələn investorlar, hətta həmin yerlərə köçüb gedəcək əhali üçün müəyyən güzəştlər sistemi hazırlanmalıdır: “Söhbət kompleks mexanizmlərdən, konkret desək, təkcə vergi-gömrük rüsumu güzəştlərindən deyil, o ərazilərə bütövlükdə, yeni yanaşma tərzindən gedir. Bir sözlə, iqtisadi islahatlardan, mülkiyyət toxunulmazlığına zəmanətdən tutmuş məhkəmə münaqişələrinin ədalətli həllinə qədər bütün məsələlər geniş çərçivədə həllini tapmalıdır”.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti  2020.- 25 noyabr.- S.9.