Dədə Şəmşir, ruhun şaddır, bilirəm!
Qayalar dağların köksünü
hörən,
Dəlidağ zirvəsi göyə dirənən,
Bizim Kəlbəcərin yazını görən
Deyərmi, ay Cavid,
bu nə həvəsdi?!
Gözün aydın, Kəlbəcərim, gözünüz aydın kəlbəcərlilərim, gözün aydın, Azərbaycanım! Gözün gülsün, ruhun şadlansın, qanadlansın Dədə Şəmşir, nisgilli Bəhmən Vətənoğlu, dərdli Məmməd Aslan, yaralı Şücaət, Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlu, Kəlbəcərimin igid oğlu, dövlət adamı, əziz qardaşım Cavid Qənbər oğlu Qurbanov!
Kəlbəcərli dostlarım, qardaşlarım, bacılarım. Artıq nisgilinizə, kədərinizə, acınıza, yurd həsrətinizə son qoyuldu... Kəlbəcərimiz bizimdir, igidlər oylağınındır! Artıq təqvimdə qara ləkəli 2 aprel yoxdur... Əvəzində şanlı 25 noyabr var... Artıq işğal yoxdur, artıq zəfər, qələbə var! Bunu çoxdan haqq edirdik. Bizi bunlara, bu günlərə qovuşduranlara min şükürlər olsun, ömürləri uzun olsun!
Qalib sərkərdə, müzəffər Ali Baş Komandan var olsun, Ali Baş Komandanın qalib, müzəffər ordusu var olsun, vuran əli gücdən, təpərdən düşməsin! Şükür bu günə, bu günümüzə, bu günlərimizə. Dünyanın gözləri qarşısında Azərbaycan adlı zəfər, dastan, tarix yazılır... Tarixə qızıl hərflərlə həkk olunacaq igidlik, qəhrəmanlıq dastanları yaradılır, hərb elminə düşəcək salnamələr ortaya qoyulur...
Bunları Ali Baş Komandan, rəşadətli Azərbaycan Ordusu edir, qədirbilən Azərbaycan insanı, Azərbaycan xalqı edir!
1988-ci ildən işğal gününəcən və əzablı, əziyyətli məcburi köçkünlük həyatı yaşayarkən, çox yaralar aldın, bəzən də bilib-bilməyənlər, anlayıb-anlamayanlar, acını yaşamayanlar tərəfindən çox töhmətləndin, amma səbirlə, təmkinlə bu günləri gözlədin. İşğaldan qurtulacağına bir an olsun inamını, dövlətinə, orduna, dövlət başçısına güvəncini, etimadını itirmədin... Düz də etdin! Gözlədin və haqqınıı aldın, haqqımız olanı aldıq...
Qoy, Vətən, Kəlbəcər torpaqları uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları şad olsun! Qoy, hələ də birinci və ikinci Vətən müharibələrinin sızıltıları canlarından getməyən igidlərimizin, qəhrəmanlarımızın, kəlbəcərlilərimizin gözləri aydın olsun!
Artıq şeirlərimiz, mahnılarımız, sənət nümunələrimiz də çağlayacaq, kədər, nisgil şeirləri, mahnıları sevinc, zəfər nümunələri ilə əvəzlənəcək, rövnəqlənəcək... Marşlar yazılacaq, halaylar çəkiləcək!
Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa tarixi müraciəti oldu: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər”.
Ali Baş Komandan bəyan etdi ki, Kəlbəcəri yenidən quracağıq. Kəndləri, Kəlbəcər şəhərini yenidən dirçəldəcəyik. Hətta tapşırıq verilib ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın və təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə. Bu yerlərə həyat qayıdacaq.
Ali Baş Komandanımız bəyan etdi ki, müharibənin nəticələri biz deyən kimi oldu. Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı...
Müharibə bir daha göstərdi ki, kim kimdir: Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın, uşaq
məsələləri komitəsi sədrinin müavini,
professor
Xalq qəzeti
.- 2020.- 27 noyabr.- S.6.