Ermənistan ağır itkilərini gizlətməklə məğlubiyyətdən xilas ola bilməz

Davakar, haqsız və xain tərəf, adətən, azacıq üstünlüyü ilə rəqibinin gözünü çıxarar, uduz­mağını isə gizlədər və boynuna almaz. Bu, tarixdə də belə olub, bu gün də belədir. Təcavüzkar və işğalçı Ermənistan Qarabağ savaşının əvvəlindən bu namərdlik düsturuna tam əməl edir.

Birinci Qarabağ savaşında, təxminən, eyni miqdarda, 2016-cı ilin Aprel döyüşlərində 10 dəfə artıq itki verən işğalçı Ermənistan bir neçə gün­dür Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələrinə davam gətirməyib müqayisə edilməyəcək miqdarda canlı qüvvə və texnika tələfatı verir. Lakin təcavüzkar, əvvəllər olduğu kimi, yenə uğursuzluqlarını əhəmiyyətsiz dərəcədə kiçildir, Azərbaycan tərəfinin şəksiz qələbələrini gizlədir. Düşmən ordumuzun göz önündə olan irəliləyişi, öz tərəfində yaranan təşviş və fərarilik barədə dezinformasiya yayır. Ermənistanın birinci Qarabağ savaşındakı itkilərinə qayıtmayıb, yaxın keçmişdəki Aprel həqiqətlərini xatırlayaq.

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vaxtilə mediaya açıqlamsında Aprel döyüşlərində Ermənistanın itkiləri ilə bağlı həqiqəti doğru əks etdirən məlumat verib: “2016-cı ilin Aprel döyüşlərində ermənilər bizdən 10 dəfə daha çox itki veriblər. Biz haqq yolundayıq, biz Vətən üçün savaşırıq. Bəs onlar nə üçün savaşırlar? 2016-cı ildə onlar bizdən 10 dəfə daha çox itki veriblər. Texnikanı götürsək, biz, sadəcə, 1 tank itirdik, onu da sonra­dan təmir etdik, ermənilər isə 33 tank itiriblər. Biz 1 top itirmişik, onlar 15 top. Bizdə olan məlumata görə, onlar 322 nəfər itiriblər. Məlum olub ki, bu azaldılmış rəqəm imiş. Onlar komissiyada 560 nəfərin öldüyünü ağızlarından qaçırıblar. Mən axı özüm də ön xətdə idim. Biz axı onların necə qaçdığını görürdük.”

Göründüyü kimi, ölkəmizin müdafiə naziri Ermənistanın 4 il əvvəl öz itkilərini ictimaiyyətdən gizlətdiyinə dair konkret rəqəmləri ortaya qoyub. Ermənistanın bu uğursuzluq, itki, tələfat statistikasını gizlətməkdə marağı nədir?

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İbrahim Rüstəmli bununla bağlı bildi­rir: “Qarabağ problemi Ermənistanda olan bütün hakimiyyətlər və siyasi qüvvələr üçün hər zaman siyasi oyun mənbəyi olub. Hakimiyyətlərin dəyişməsi həmin məsələyə yanaş­mada formanı dəyişsə də, məzmun və mahiyyəti dəyişməyib. Aprel döyüşlərində ermənilərin itkiləri statistikaya gəlməyəcək dərəcədə böyük həcmdədir. Aprel döyüşləri həm Ermənistanın təcavüzkar siyasətini ifşa etdi, həm də Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Üstəlik, ermənilərin özləri ilə bağlı yaratdıq­ları mifləri də darmadağın etdi. Onlar uzun illər idi qazandıqları müəyyən müvəqqəti nailiyyətləri Azərbaycan Ordusunun, guya, fərarilərdən ibarət olması və qorxaqlığı ilə izah edirdilər. Bugünlərdə isə ermənilər, sadəcə, olaraq məğlub olur və bunu bütün vasitələrlə gizlətməyə çalışırlar. 2 mindən artıq əsgər və zabit meyitini, xox sayda texnikanın məhv edilməsini, strateji mövqelərin itirilməsini və qaçılmaz hərbi fəlakəti necə gizlətmək olar? ”.

Doğrudan da, Aprel döyüşləri və indiki genişmiqyaslı savaş atəşkəs dövründə Azərbaycan və Ermənistan ordularının gücünü və mənəvi-psixoloji durumunu, xalqların mübarizə əzmini əsl gerçəkliyi ilə üzə çıxardı. Ermənistan rəhbərliyi silahlı qüvvələrindəki durumu gizlətməyə ça­lışsa da, daxili ictimai rəy vəziyyətdən yaxşı-pis xəbərdardır. Hakimiyyət bunu nə qədər gizlətsə də, mahiyyət aydındı. Həmin döyüşlər böyük qələbələrin müjdəsini bizə verən bir zəfər qaranquşu oldu. Azərbaycanın Müdafiə nazirinin və hərbi ekspertimi­zin söylədikləri reallığı əks etdirir.

Ermənistanın siyasi-hərbi rəhbərliyi növbəti hərbi təxribatı məhz belə bir durumda törətdi və öz silahlı qüvvələrini yeni məğlubiyyətə məhkum etdi. Sentyabrın 27-də təxribatın cavablandırılmasının ilk saatlarında Azərbaycan Müdafiə Na­zirliyinin rəsmi məlumatında bildirildi: “Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var. Eyni zamanda, düşmənin döyüş texnikası və zenit-artilleriya kompleksləri məhv edilib. Cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir. Qələbə bizimlədir”.

Döyüşlərin ilk günündə Azərbaycan Ordusu Füzuli istiqamətində bir həmlə ilə 5 kəndimizi azad etdi, strateji Murov yüksəkliyini ələ keçirərək Ağdərə- Kəlbəcər istiqamətindəki düşmən mövqelərini nəzarətə aldı. Sonrakı günlərdə düşmənin xeyli sayda ko­manda məntəqəsi və döyüş mövqeyi, yüzlərlə canlı qüvvəsi və texnikası sıradan çıxarıldı.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğalçı Ermənistan tərəfindən informasiya məkanında təxribat xarakterli saxta məlumatların müxtəlif sosial şəbəkə səhifələrində yayılma­sına başlandı. Ermənistan rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə yayı­lan saxta məlumatlardan məqsəd qorxu və təşvişə düşən erməni əhalisinin diqqətini yanlış informasiyalarla əsl həqiqətdən yayındırmaqdan ibarətdir.

Döyüşlərin başlanmasının səhərisi gün Silahlı Qüvvələrimizin atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalaraq darmadağın edildi. Düşmən ordusu­nun komandanlığı hər kəsə müraciət edərək, ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istədi. Bax beləcə hər gün Ermənistan cəbhədə ağır itkilərə məruz qalır. Təxmini məlumatlara görə, yaralıların sayı minlərlə, öldürülən hərbçilər isə 2 min 500-ə yaxındır. Qarşı tərəfdə yaranan panika hər gün güclənir, fərarilik artır. Dağlıq Qarabağın yaşayış məntəqələrindən Ermənistana köç davam edir. Qeyd etməyə dəyər ki, ordumuzun zərbələrindən buvaxtadək 1 nəfər də dinc erməni həlak olmayıb.

Çıxılmaz vəziyyətə düşən Ermənistan tərəfi ordumuzun sarsıdıcı zərbələrini və irəliləyişini dayan­dırmaq üçün Azərbaycanın cəbhə bölgəsindəki yaşayış məntəqələrini davamlı artilleriya atəşinə tutaraq dinc əhaliyə və mülki obyektlərə ciddi ziyan vurur. Azərbaycan Baş Prokuror­luğunun mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 17 mülki şəxs həlak olub, 50-dən çoxu yaralanıb, 200-dən çox ev dağıdılıb.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüqu­qun norma və prinsiplərini kobud şəkildə pozaraq dünən də dinc əhaliyə qarşı terror əməllərini davam etdi­rib. Oktyabrın 1-də işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonunun Hacıməmmədli kəndində ata-oğul Mürsəl və Samir Məmmədovlar ya­şadıqları evdə həlak olmuşlar. Dünən səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşmüşdür.

Ümumiyyətlə, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binala­rını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 200-dən artıq yaşayış evinə, həmçinin, çox sayda mülki obyektə külli miq­darda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, xeyli hey­van tələf olmuşdur. Lakin bütün bunlar cəbhəboyu bölgələrin sakinlərini sarsıtmır, onlar doğma ocaqlarını tərk etmirlər.

Paşinyan hökuməti isə silahlı qüvvələrini məğlubiyyətdən xi­las etmək, işğal etdiyi ərazilərdə mövcudluğunu saxlamaq üçün havadarlarının təcili müdaxiləsi ilə Azərbaycan Ordusunun hücumları­nı dayandırmağı yeganə çıxış yolu sayır. Düşmən ölkə hətta inancına və müqəddəs yerlərinə təhqirlə yanaşdığı müsəlman dövlətlərinə yalvarışlar edib. Ermənistanın eks-prezidenti Serj Sarkisyan isə İrəvanda Rusiyanın səfiri Sergey Kopırkinlə görüşərək Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının dərhal dayandırılma­sını istəyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə xalqın yenilməz iradəsini ifadə edərək çe­şidli vasitəçilərin atəşkəsi dayandırıb danışıqları davam etdirmək təklifləri qarşısında işğalçı Ermənistanın hərbi qüvvələrini ölkəmizdən çıxarması tələbini ortaya qoyur.

Döyüşlərin sonrakı günlərində düşmənin verdiyi itkilər barədə rəsmi xronikanı xatırladırıq:

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziya­sının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Ordumuz Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub. Hərbçilərimiz Şuşakənddə düşmənin İrəvandan yenicə gətirdiyi S-300 raket kompleksini dəqiq atəşlə məhv edib. Füzuli istiqamətində irəliləyən ordumuz düşməni geri çəkilməyə məcbur edib. Azərbaycan Ordusu­nun bölmələri tərəfindən Tonaşendə düşmənin 2 tankı məhv edilib.

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası­nın Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.

Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xa­rakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı xeyli düşmən hərbçisi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat, hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar. Ordumuzun keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları da bölmələrimiz tərəfindən məhv edilib.

Bundan əlavə, düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket komplek­sinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli re­aktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb. Ötən günlərdə düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyun­ca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Oktyabrın 2-də cəbhənin bü­tün isiqamətlərində əks hücum əməliyyatları davam edib. Mülki əhalinin atəşə tutulmaması ilə bağlı xəbərdarlığa baxmayaraq, Ermənistan silahlı qüvvələri Şəmkirin Sabirkənd, Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini və digər əraziləri raket və artilleriya atəşinə tutub. Mülki əhali arasında yaralanan­lar var.

Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Burada düşmənin hərbi hissəsində çaxnaşma və atışma yaranıb. Erməni könüllüləri müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. Bunun əvəzinə qadın batalyonunun yaradıl­masına qərar verilib. Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib və irəli gedib. Gün ərzində 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib.

Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbar­larına ciddi zərbələr vurulub. Bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsı­dır. Bu zərbələr Ermənistan silahlı qüvvələrinin cəbhədəki bölmələrinin müqavimətini böyük dərəcədə azaldıb. Otuz il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş hərbi istehkam sistemlərinin, maddi-texniki bazanın qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir.

Bir gün əvvəl Ermənistanın baş na­ziri “Facebook” hesabında öz xalqını təşvişə salacaq formada paylaşımlar etmişdir. Paşinyanın yalan paylaşımına görə, hansısa dronlar İrəvan üzərində hərəkət edirlər. Paşinyan bu dronların vurulması ilə bağlı da paylaşımlar edib.

Ümumi hesabda düşmənin 200-dək tank və digər zirehli texnikası; 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı; 30 ədəd hava hücumundan müdafiə vasitələri; 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi; 5 silah-sursat anbarı; 110-dan artıq avtomobil texnikası; 1 ədəd “S-300” zenit-ra­ket kompleksi sərrast atəşlərlə məhv edilib.

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir. Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materialla­rını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.

Hazırda cəbhə boyunca aldı­ğı zərbələrdən vəhşiləşmiş erməni silahlı qüvvələri hərbi təxribatları, dinc əhaliyə qarşı iriçaplı silah­lardan basqınları davam etdirirlər. Azərbaycan Ordusunun hərbçiləri isə düşmənə layiqli cavab verirlər. Bütün istiqamətlərdə düşmən canlı qüvvə və texnika sarıdan yeni itkilər verir, mövqelərindən geri çəkilir.

 

Tahir AYDINOĞLU

Xalq qəzeti  2020.- 3 oktyabr.- S.4.