Prezident İlham Əliyev: Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!
Dağlıq Qarabağ və
işğal edilmiş
digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da
bu torpaqlar Azərbaycan
dövlətinə məxsusdur.
Ermənistanın işğalçılıq
siyasətinin, Dağlıq Qarabağ
münaqişəsinin dünya ictimaiyyətinə
çatdırılmasında Prezident İlham Əliyevin xalqa
müraciətlərinin, müsahibələrinin, nitq və çıxışlarının xüsusi əhəmiyyəti vardır. Bu çıxışlar ölkə
başçısının beynəlxalq arenada,
diplomatik görüşlərdə səsləndirdiyi
fikirlərin məntiqi davamı, dəyişməz mövqeyinin təsdiqidir.
Dövlət
başçısı “Rossiya-1” telekanalının “60 dəqiqə”
proqramında, həmçinin “Əl-Cəzirə”,
“Əl-Ərəbiyə”, Türkiyənin “TRT Haber”,
“Pervıy Kanal”, “CNN-Türk”
televiziya kanallarında yayımlanan
müsahibələrində Azərbaycanın konstruktiv
mövqeyini bir daha ifadə edərək, torpaqların işğal faktı ilə
heç zaman
barışmayacağımızı, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın
beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi
bütövlüyü və suverenliyi çərçivəsində həll
oluna biləcəyini xüsusi
qeyd etmişdir. Status-kvonu dəyişmək istəməyən,
destruktiv siyasət yürüdən Ermənistan
və havadarları bilməlidirlər ki,
Azərbaycan torpaqlarının işğaldan
azad olmasında israrlı, qətiyyətlidir:
“Biz “bunu
dayandırın, biz işləyəcəyik,
danışıqlar aparacağıq, yardım edəcəyik”
kimi bəyanatlara qulaq
asmaq mövqeyində deyilik.
Biz bunu dəfələrlə
eşitmişik. Bizim daha 30 il gözləməyə
vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.
Prezidentin bu
müsahibələri Ermənistanın təcavüzkarlıq
siyasətinin, hərbi təxribatlarının ifşası
beynəlxalq hüququn prinsiplərinin və
insan hüquqlarının kobud
şəkildə pozuntusunun siyasi-hüquqi təhlili baxımından əhəmiyyətlidir.
İlham Əliyev yerli və xarici, transmilli telekanallara müsahibələrində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi-siyasi aspektlərinə toxunaraq bəyan edir ki, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun missiyası tarixi ədalətin bərpasına, beynəlxalq hüququn təminatına əsaslanır: “Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal olunmasına dair BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Bütün qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təsdiq edir, ərazi ələ keçirmək üçün zor tətbiq edilməsinin yolverilməzliyini qeyd edir. Azərbaycanın işğal edilmiş bütün torpaqlarından, bütün işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını qətiyyətlə tələb edir.
BMT tərəfindən 27 il əvvəl qəbul olunan,
Azərbaycanın ərazi bütövlüyünü
tanıyan və erməni işğalçı qüvvələrinin
işğal altındakı ərazilərdən
dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edən qətnamələr bu
günə qədər yerinə yetirilməyib.
Sözügedən qətnamələrə Ermənistan bu günədək məhəl qoymur. Əksinə, Azərbaycanın işğal edilmiş ərazilərində
öz hərbi qüvvələrini
artırmaqla hərbi təxribatları davam
edir.
Prezident İlham Əliyev müsahibələrində bu qətnamələrin hələ də kağız üzərində qalmasının əsas səbəbləri kimi Ermənistanın mövqeyini, Minsk qrupunun səmərəsiz fəaliyyətini və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmə mexanizminin yoxluğunu göstərir: “Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır.”
Qarabağla bağlı bəzi
beynəlxalq təşkilatlar ikili standartlara yol verirlər. Beynəlxalq hüquqla
reallıqda baş verənlər
arasında ziddiyyətlərə toxunan İlham Əliyev Ermənistan tərəfindən
beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl
qoyulmamasını beynəlxalq hüququn
işləmədiyinin və ya selektiv üsulla fəaliyyətinin
göstəricisi kimi qiymətləndirir:
“Bildiyiniz kimi, bəzi
hallarda Təhlükəsizlik
Şurasının qətnamələri bir
neçə gün, bəlkə də bir neçə saat ərzində
icra olunur. Lakin bizə gəldikdə qətnamələr
uzun illərdir ki,
kağız üzərində qalıb. Beləliklə, təcavüzkara
praktiki təzyiqin olmaması
münaqişənin nəyə görə bu
qədər uzun çəkməsinin səbəblərindən
biridir”.
Bütün müsahibələrində, çıxışlarında
əks-hücum əməliyyatının hansı zərurətdən
irəli gəldiyini dünya ictimaiyyətinin,
beynəlxalq auditoriyanın diqqətinə çatdıran Ali Baş Komandan
iyul ayında Azərbaycana qarşı hərbi
hücumun Ermənistan rəhbərliyinın
yeni torpaqları işğal etmək cəhdi kimi
xarakterizə edir: “Biz
özümüzü,
insanlarımızı müdafiə etməli idik
və dünyanın bütün ölkələri
tərəfindən tanınan, Azərbaycanın beynəlxalq
səviyyədə tanınan ərazi bütövlüyümüzü
bərpa etməli idik”.
Ali Baş Komandan
beynəlxalq təşkilatlara, dünya
ictimaiyyətinə qətiyyətlə bildirir
ki, sentyabr
ayının 27-də Ermənistanın yenidən Azərbaycanın
hərbi mövqelərinə və mülki
şəxslərinə hücum etməsi,
onların öldürülməsi, yaşayış evlərinin
dağıdılması adekvat cavab tədbirlərini, əks-hücum əməliyyatlarını
zəruri etdi: “Bizim uğurlu hərbi əməliyyatımız davam edir. Biz
torpaqlarımızı azad etmək və
ərazi bütövlüyümüzü
bərpa etmək üçün tamamilə
qətiyyətliyik”.
Azərbaycanın mövqeyi tarixi həqiqətə, beynəlxalq hüquqa, siyasi və geosiyasi reallıqlara əsaslanır. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Ermənistanın özünün belə tanımadığı qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqların aparılması şərti Azərbaycan, eləcə də Minsk qrupu tərəfindən də rədd edildi. Digər tərəfdən, Ermənistan hökuməti Azərbaycanın qədim Şuşa şəhərində qondarma Dağlıq Qarabağ rejimi başçısının andiçmə mərasimini təşkil etməsi və qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməsi ilə Azərbaycan xalqının heysiyyətini təhqir etdi. Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsi də danışıqları pozdu və gərginliyi daha da artırdı. Bütün bunları danışıqların dayandırılma səbəbləri kimi xarakterizə edən Prezident, danışıqların hansı prinsiplərlə bərpa olunmasını da dünya ictimaiyyətinə, o cümlədən Ermənistan və havadarlarına bəyan etdi: “Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik”.
Beləliklə, atəşkəsin
nə zaman, hansı şərtlərlə
mümkün olacağı ilə
bağlı ünvanlanan sualların bütün cavablarında Ali
Baş Komandanın prinsipial
mövqeyi, qətiyyəti, Azərbaycan
xalqına, ordusuna inamı, sülhsevər
yanaşması, eyni zamanda,
qələbə əzmi ifadə olunur:
“Bu hərbi toqquşma
bizim nəyimizə lazımdır? Bizə
torpaqlarımızın sülh yolu ilə geri
qayıtması lazımdır. Onlar işğal olunmuş ərazilərdən
qoşunların çıxarılması ilə bağlı
vaxt cədvəlini bizə təqdim etməlidirlər.”
Beynəlxalq televiziya
kanallarına müsahibəsində cənab Prezident
dünya ictimaiyyətinin diqqətini başqa bir məsələyə
– Ermənistanın Cenevrə Konvensiyasını kobud şəkildə pozması faktlarına
yönəldir. Azərbaycanın işğal
olunmuş ərazilərində bəzi
Şərq ölkələrindən olan
ermənilərin açıq şəkildə məskunlaşdırılmasının
hərbi cinayət olduğunu bildirir. Ermənistan hökumətinin
köçürmə siyasəti, mülki
əhaliyə atəş açılması Cenevrə
Konvensiyasının kobud şəkildə
pozulmasını göstərir:
“Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyasını kobud şəkildə pozur”.
Açıq-aşkar Ermənistana
dəstək verən, mövqe bildirən
Minsk qrupunun həmsədr
ölkələrinin narahatlıq doğuran
bəyanatlarına Prezident İlham
Əliyevin məntiqli, diplomatik cavabı,
vasitəçilərə həm də bir
xəbərdarlıq mesajıdır: “Əgər milli mövqeyinizdən çıxış
etmək istəyirsinizsə, onda siz Minsk
qrupunun həmsədrliyindən
çıxmalısınız, istədiyinizi deyin,
kimi istəyirsinizsə onu
günahlandırın, baş verənlərlə
bağlı sübutu olmayan
xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin
əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi
olmalısınız. Əks halda, vasitəçilik
bizim tərəfimizdən qəbul edilməyəcək”.
“Əl-Cəzirə” telekanalından jurnalistin “Xalqların öz
müqəddəratını təyin etmək hüququna inanırsınızmı?”-
sualına cənab Prezidentin cavabı hər
bir erməninin bilməsi gərəkən
beynəlxalq hüquq normasıdır, prinsipidir. Siyasi savadı,
beynəlxalq hüquq anlayışı olmayan, “böyük Ermənistan”
ideologiyası ilə beyinləri zəhərlənmiş sadə
erməni əhalisi bilməlidir ki, ölkələrin
ərazi bütövlüyü
toxunulmazdır.
Beynəlxalq hüququn Helsinki Yekun Aktında əks
olunan əsas prinsiplərdə ərazi bütövlüyü prinsipinin
üstünlüyü aydın şəkildə
izah edilir. BMT Nizamnaməsində,
Helsinki Yekun
Aktında öz müqəddəratını
təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biri olaraq ölkələrin
ərazi bütövlüyünə ziyan
vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi
bütövlüyü güc
yolu ilə dəyişdirilə bilməz,
ölkə əhalisinin razılığı olmadan
dəyişdirilə bilməz. Prezident
beynəlxalq hüququn bu
ali prinsiplərinə toxunaraq
beynəlxalq ictimaiyyəti başqa bir arqumentə yönəldir: “ ...erməni
xalqı artıq öz müqəddəratını
təyin edib. Onların müstəqil Ermənistan
dövləti var. Bu gün ermənilər hər yerdə
yaşayırlar. Onlar Fransada
yaşayırlar, onlar Amerikada
yaşayırlar, onlar Rusiyada
yaşayırlar, onlar Yaxın Şərqdə
yaşayırlar. Qoy onlar
öz müqəddəratlarını həmin
ölkələrdə istəsinlər”.
İlham Əliyevin separatizmi, terroru dəstəkləyən dövlətlərə
xitabən səsləndirdiyi fikirlər, Ermənistanın
havadarlarına, Qarabağda müqəddəratını
təyin etmək istəyən separatçıların hamilərinə,
seçki kampaniyalarında erməni
lobbisindən istifadə edib müəyyən
vədlər qarşılığında
hüququn aliliyini,
beynəlxalq prinsipləri heç sayan siyasətçilərə, diplomatlara siyasi
mesajdır: “Əgər ermənilər özlərinə məxsus
olmayan torpaqları istəsəydilər və
sadəcə olaraq, əksəriyyət
olduqlarına görə həmin torpaqları istəsəydilər,
həmin ölkələrin rəhbərliklərinin
reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə
etdikləri taktikadır - gəlmək, dəstək istəmək,
torpaq istəmək və sonra
özlərinin qondarma qədim tarixləri
barədə feyk xəbərlər
hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin
tarixi kimliyini dəyişməyə
başlamaq. Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə
vermək istəyən ölkələr öz
torpaqlarının bir hissəsini
Dağlıq Qarabağdan olan
ermənilərə versinlər, onları qəbul etsinlər
və orada onlara öz müqəddəratını təyinetmə
hüququ versinlər”.
Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərini qısqanan, Qafqazda güclü türk dövlətinin varlığını istəməyənlər Türkiyənin Azərbaycana mənəvi dəstəyini hərbi müstəviyə daşımaqla münaqişənin regional xarakter almasını istəyirlər. Dövlət başçısı Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistanın Su-25 təyyarəsini vurması xəbərinin də dezinformasiya olduğunu bildirir, qəbuledilməz ittihamlara, feyk xəbərlərə görə Azərbaycanı ittiham edənlərdən üzrxahlıq tələb edir. Ermənistanın ilk hücum günündən Azərbaycana tam dəstəyini ifadə edən qardaş Türkiyə dövlətinə, Prezidentinə və digər rəsmi şəxslərinə minnətdarlığını bildirən İlham Əliyev müsahibələrində dəfələrlə vurğulayır ki, Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb. Cənab Prezident, eyni zamanda, guya Suriyadan gələn muzdlularla bağlı faktsız, dəlilsiz ittihamların tamamilə əsassız olduğunu bildirir, xüsusilə, Fransa kimi vasitəçi bir dövlətin mövqeyini kəskin tənqid edir. Əsassız ittihamlara cavab olaraq bütün müsahibələrində rəşadətli Azərbaycan Ordusunun uzun illər ərzində işğal altında olan torpaqlarımızı azad etməyə qabil olduğunu bəyan edir: “Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik”.
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində İlham Əliyevin Azərbaycanı ittiham edənlərə, regionda
maraqlarını təmin etmək istəyənlərə,
müstəqil Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa cəhd
edərək, Ermənistanın işğalçılıq
siyasətini dəstəkləyənlərə öz prinsipial mövqeyini sərgiləyir. Dövlətimizin
başçısının nitqində diqqət çəkən
məqamlardan biri də Fransa
prezidentinin ittihamlarına ünvanlanan
sərt reaksiyadır: “Biz ittihamlara
dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə
deyilik. Əgər biz
düşündüyümüzü deməyə
başlasaq, zənnimcə, həmin
ölkələrdə çoxlu çaxnaşma olacaq. Onlar Azərbaycandan əl çəkməlidirlər,
onlar regiondan əl
çəkməlidirlər. Biz burada öz
torpağımızdayıq. Bizim torpağımız işğal
olunub. Əgər Fransa
Dağlıq Qarabağ üçün
öz müqəddəratını təyinetmə
istəyirsə, qoy onlar
demək olar ki, sakinlərinin
yarısı ermənilərdən ibarət olan
Marsel şəhərini onlara
versinlər və onlara Dağlıq Qarabağ respublikası elan
etməyə icazə versinlər və qoy
onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik
versinlər, qoy basklara
müstəqillik versinlər. Niyə onlar
bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb
edirlər? Onların bunu bizdən tələb
etməyə nə haqqı var? Onlar bu ittihamları
dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza
xələl gətirməyi dayandırmalıdırlar. Əgər
biz muzdlular və terrorçular barədə
danışmağa başlasaq,
düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə
düşəcəklər”.
“Əl-Ərəbiyə” telekanalına
müsahibədə diqqəti cəlb edən məqamlardan biri jurnalistin “Bəziləri
hesab edir ki, bu böhran
genişlənsə, sizin
torpaqlarınız savaş meydanına
çevriləcək və bu, sizin xeyrinizə olmayacaq. Bu, bir növ
sizin torpağınızda marionetlər
müharibəsinə bənzəyir. Siz qorxmursunuz
ki, bu, regionlar
arasında mübarizə olar?”-sualına
cənab Əliyevin layiqli cavabı,
arqumentləri düşünürəm ki,
Azərbaycanın müstəqil siyasətini, iqtisadi,
enerji, nəqliyyat layihələrində
iştirakını, beynəlxalq arenada güclü mövqeyini qəbul
edə bilməyənlərin beynində uzun
müddət səslənəcək. Prezidentin qeyd
etdiyi kimi, Azərbaycanın
müstəqil siyasəti nəticəsində 155 ölkənin
dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına
seçilməsi, 120 ölkənin yekdil qərarı
ilə Qoşulmama Hərəkatına sədr
seçilməsi və digər bu kimi faktlar Qafqazın ən
güclü dövlətinin əhəmiyyətini
dərk etməyə kifayət edir: “Bu gün regionda
Azərbaycan olmadan heç
bir siyasi, iqtisadi, enerji, nəqliyyat
layihəsi həyata keçirilə bilməz və bizə marionet deyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan
aşağı baxmağa öyrəşiblər.
Biz belə vəziyyətdə deyilik. Biz öz
ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi
müdafiə edirik. Dünyada
heç bir ölkənin
bizim işlərimizə müdaxilə
etməyə haqqı yoxdur və onlar bunu başa
düşməlidirlər. Öz ərazi
bütövlüyünü bərpa etmək
Azərbaycanın maraqlarına xidmət edir.
Azərbaycanın bir milyon
insanı öz doğma
torpaqlarına qayıdacağı vaxtı gözləyir və
biz hökumət olaraq
bunu təmin edəcəyik. Biz insanlarımızı öz
vətəninə qaytaracağıq, şəhərlərimizi
bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik.
Biz işğal olunmuş bütün ərazilərdə
Azərbaycan bayrağını qaldıracağıq”.
“Münaqişənin hərbi həll yolu yoxdur” deyən
Avropanın mövqeyinə münasibət bildirən Prezident “əgər hərbi həll yolu yoxdursa, bizə qeyri-hərbi
həll yolu verin, bizə
diplomatik həll verin”
deyir. BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əməl edin, deyə ərazi bütövlüyünün
bərpa olunmasını tələb edir:
“Mən bir daha
münaqişənin həllinə kömək etmək istəyən
bütün tərəflərə, həmçinin
Ermənistan rəhbərliyinə deyirəm ki,
nə qədər gec deyil
işğala indi son qoyun. Bəyanat verin ki, siz
həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın
ərazi bütövlüyünü qəbul
edirsiniz”.
Prezident İlham Əliyevin transmilli televiziya
kanallarında verdiyi müsahibələrdə
erməni xalqına müraciəti, Azərbaycanın
sülhsevər missiyasının, dinc, mülki əhaliyə münasibətdə humanizm prinsiplərinə sadiqliyinin
göstəricisidir: “Öz hökumətinizi
etdiklərinə görə məsuliyyətə cəlb edin, övladlarınızı Azərbaycana
göndərməyin, öz
övladlarınızı işğal olunmuş ərazilərə göndərməyin.
Bu gün qondarma “Dağlıq Qarabağ
ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından
ibarətdir. Bu işğala
son qoyun. Azərbaycan ərazisini
tərk edin. Öz
torpağınızda yaşayın və onda
bizdə sülh olacaq”.
Ermənistan ərazisindən Gəncə
və Mingəçevir şəhərlərinin vurulması
faktına toxunan İlham
Əliyev “TRT Haber” telekanalına
müsahibəsində Ermənistanın əhatəsi
genişlənən hərbi təxribatlarının
qarşıdurmanın böyük regional böhrana
çevrilməsinə hesablandığını bildirir: “Ermənistanın çirkin əməlləri
qarşıdurmanın böyük regional böhrana
çevrilməsinə hesablanıb. Biz hesab edirik ki,
buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla
Ermənistan arasında olan müharibədir.
Bu müharibəni biz
başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə olaraq, özümüzü
müdafiə edirik və öz
torpaqlarımızı geri istəyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur”.
Cənab Prezidentin 4 il bundan əvvəl, aprel döyüşləri zamanı səsləndirdiyi
– “Cocuq Mərcanlı ləyaqətimizin rəmzidir,
iradəmizin rəmzidir və Cocuq Mərcanlı
bizim qayıdışımızın rəmzidir”
fikri bu gün təsdiqini tapır. Cənab Prezidentin əminliklə səsləndirdiyi
fikirlər, bəyanatlar Azərbaycan xalqına, Azərbaycan Ordusuna ruh yüksəkliyi,
inam verdiyi qədər
təcavüzkar düşməndə və onların
havadarlarında qorxu və təlaş
yaradır. Ali Baş Komandan
Azərbaycan xalqının işğal
faktına daha 30 il
dözməyəcəyini dünya
ictimaiyyətinə, beynəlxalq təşkilatlara, vasitəçilik
missiyasını həyata keçirən həmsədr
dövlətlərə bəyan edir, böyük qayıdışın mütləq
şəkildə reallaşacağını əminliklə
bildirir: “Mən əminəm ki, o ərazilərdən
köçürülənlərin hamısı geri qayıdacaq. Geri
qayıtmağa yol yoxdur,
çünki hər şey
dağılıb. Hər şey. Bir tikili belə
qalmayıb. Hər şey
dağılıb. Sözsüz ki, biz kömək edib şəhərləri, kəndləri
yenidən quracağıq, onların əvvəlki
adlarını qaytaracağıq. Çünki
ermənilər bizə qarşı mədəni
soyqırımı törədiblər. Onlar
işğal olunmuş
ərazilərdə bütün məscidləri
dağıdıblar. Onlar məscidlərdə
donuz və inək saxlamaqla
bütün müsəlmanları təhqir
edirlər. Onlar şəhərlərimizin,
kəndlərimizin adlarını dəyişdiriblər. Bütün adlar
qaytarılacaq. Biz öz
torpaqlarımıza geri
qayıdacağıq. Bu, bizim
qanuni hüququmuzdur. Bu, bizim üçün
tarixi vəzifədir və əminəm ki, biz buna
nail olacağıq”.
Prezident İlham Əliyevin bu çıxışları, müsahibələri Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın işğal siyasətinin, beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyası aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb edir.
Leyla RƏŞİD
Xalq qəzeti 2020.- 8 oktyabr.- S.8.