Səfərbər olan xalq məğlub edilməz

Müsahibimiz Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir

 

Razi bəy, bugünlər hamımız sevinc içərisindəyik. Hər gün cəbhədən şad xəbərlər eşidirik. Sizin və rəhbərlik etdiyiniz partiya üzvlərinin əhval-ruhiyyəsi necədir?

– Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda apardığı mübarizə hər birimizdə qürur hissi yaradır. Rəşadətli ordumuz işğal altındakı ərazilərimizi azad etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir. Hər birimiz fəxr edirqürur hissi keçiririk ki, qüdrətli ordumuz Azərbaycanın qədim və əzəli torpağı olan Qarabağı düşmən tapdağından xilas edir. Biz ordumuza güvənir və inanırıq. Söz yox ki, 2016- cı ilin Aprel döyüşlərində, 2018- ci ilin Günnüt və 2020-ci ilin iyulunda Tovuz əməliyyatlarında bunun şahidi olmuşduq. Təcavüzkar Ermənistan da silahlı qüvvələrimizin gücünü görmüşdü. Görünür, bu həqiqəti hələ də həzm edə bilməyiblər və yenidən sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara əl atıblar. Ancaq bu dəfə canlarını qurtara bilmirlər. Artıq yal­varmağa başlayıblar. Hesab edirəm ki, bu yalvarma növbəti erməni hiyləsidir.

Sevinirik ki, Azərbaycan xalqı bu mübarizədə Prezident, Ali Baş Komandan İlham Əliyevlə həmrəydir və onun ətrafında sıx birləşib. Bunu minlərlə gəncimizin könüllü cəbhəyə getmək üçün müraciətləri də təsdiqləyir. Müxalifətdə olan parti­ya sədri kimi bu birlik və həmrəylik məndə qürur hissi yaradır. Bu gün siyasi əqidəsindən və mövqeyindən asılı olmayaraq, hər kəs dövlət başçısının ətrafında sıx birləşməli, Vətənimizin müdafiəsi, ərazi bütöv­lüyümüzün təmin olunması uğrun­da birlikdə mübarizə aparmalıdır. Unutmamalıyıq ki, hamımızın bir Vətəni var – Azərbaycan! Səfərbər olunan xalq heç vaxt məğlub edilməz. İnanıram ki, yaxın zamanlarda hər birimiz Azərbaycan Ordusunun şanlı qələbəsinin şahidi olacağıq.

Sizin milli həmrəylik və birlik barədəki fikirləriniz mənə ölkəmizdə fəaliyyət göstərən 52 si­yasi partiyanın 51- nin Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatını xatırlatdı. Həmin bəyanatı qəbul etmək hansı zərurətdən yarandı?

Siyasi partiyaların birgə bəyanatını yüksək qiymətləndirirəm. Bu bəyanat dünyanın bütün ölkələrinə göndərilib. Bu, o deməkdir ki, Azərbaycanda siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq, hər bir kəs Ali Baş Komandanın ətrafında sıx birləşərək torpaqlarımızın düşməndən azad edilməsi barədə düşünür. Belə bir məqamda dövlət başçısının ətrafında sıx birləşmək və birlikdə mübarizə aparmaq çox vacibdir. Ölkə başçısının da dediyi kimi, “Biz birlikdə güclüyük!”. Düşünürəm ki, bu həmrəylik Azərbaycan Prezidentinə kifayət qədər imkan yaradır ki, daha cəsarətli və qətiyyətli addımlar atsın. Dövlət başçısının bütün cəsarətli çıxışlarını, müsahibələrini diqqətlə dinləyirik, qətiyyətli addımlarını izləyirik. Bu, hər birmizdə qələbəyə böyük inam yaradır. Ali Baş Ko­mandanın müstəsna planları, taktiki gedişləri xalqımızı addım-addım qələbəyə yaxınlaşdırır.

– Təəssüf ki, Vətənimizin belə taleyüklü problemlərinin həlli istiqamətində bəzi adamlar, necə deyərlər, yaxasını kənara çəkib, seyirçi mövqedədir. Belə ünsürlərə münasibətinizi bilmək istərdik.

– AXCP və Milli Şura siyasi partiyaların həmrəylik bəyanatına qoşulmayıb. Mən bunun səbəbini bilməsəm də, kəskin pisləyirəm. Müxalifətçilik iqtidara qarşıdır, dövlətçiliyə, Vətənə qarşı yox. Mənim rəhbərlik etdiyim partiya da hakimiyyətə qarşı müxalifətdədir. Bu, o demək deyil ki, torpaqları­mızın azadlığı uğrunda düşmənə qarşı aparılan mübarizədən kənarda qalmalıyam. Mən bu həmrəylikdən kənarda qalanları, təbii ki, qınayıram. Yaxşı olardı ki, Azərbaycanda heç bir siyasi partiya ümumi səfərbərlikdən, həmrəylikdən kənarda qalmasın. Dağlıq Qarabağ problemi xalqımızın ən ağrılı yeridir. Ona görə də kiminsə bu mübarizədən kənarda qalması yolverilməzdir.

– Ermənistanın baş naziri artıq diz çökmək üzrədir və güzəştə getməyə hazır olduğunu bildirib.

– Bəli, artıq Ermənistan tərəfi acınacaqlı məğlubiyyətin bir addım­lığında olduğunu dərk edirona görə də Nikol Paşinyan belə bir fikrə gəlib. Ayrı yolu da yoxdur. Qeyd etdiyim kimi, bu, növbəti erməni hiyləsidir. Mən başa düşmürəm, işğalçı tərəf hansı güzəştdən danışır? Yəni, demək istəyir ki, işğal etdiyimiz ərazilərin bir hissəsini güzəştə ge­dirik, qalanı da hələlik qalsın bizdə? Burada hər hansı bir güzəştdən söhbət gedə bilməz. İşğalçı ölkə hansı şərti irəli sürə bilər? Mən bunu Ermənistanın baş nazirinin növbəti yalanı və təxribatı hesab edirəm.

Azərbaycan münaqişənin dinc yolla həlli üçün bütün vasitələrdən istifadə etdi. Ancaq Ermənistanın baş naziri müxtəlif vasitələrlə bundan yayındı. Axırda isə belə bir bəhanə gətirdi ki, guya, Azərbaycan bu məsələlərin həllində qondarma Dağlıq Qarabağ respublikasının rəhbərliyi ilə danışıqlar aparmalıdır. Bu adam hələ də dərk etmir ki, Dağlıq Qara­bağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. İndiyədək dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq təşkilat Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb. Hətta Ermənistanın özübu vaxta qədər tanımır. Nikol Paşinyan indi yalvarmağa başla­yıb. Yalvara - yalvara da şərtlər irəli sürür. Onun bu “təklifinə” dövlətimizin başçısı çox yaxşı cavab verdi:” Mənim şərtim birdir -- çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil”.

 

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV

Xalq qəzeti  2020.- 9 oktyabr.- S.10.