Azərbaycan tarix
yazır: yolumuz Qarabağadır
Azərbaycan Prezidenti və Azərbaycan Ordusu 30 ilə
yaxın davam edən status-kvonu 10 gündə dəyişdi
... 30 il əvvəl Qarabağdan bələkdə
gəlmiş körpə oğlanlar bu gün Qarabağa əldə
silah, müzəffər Ordunun xilaskar əsgəri kimi
qayıdır.
... Bir ana 30 ildir yanında gəzdirdiyi boğçasını açır, titrəyən barmaqları ilə oradan bir açar çıxarıb oğlanlarına uzadır: Qarabağdakı evimizin açarıdır. Gedin, qapımızı açın.
... Kişilər ağlamaz deyirlər. Mənim yaxından tanıdığım 70 yaşlı məcburi köçkün Adil müəllim ömründə iki dəfə ağlayıb: 27 il əvvəl Cəbrayıldakı evini qoyub gələndə və 27 il sonra doğma yurdunun azad edilməsi xəbərini eşidəndə. Biri kədərdən doğan göz yaşları idi, o biri sevincdən doğan göz yaşlarıdır.
Aşağıdakı qeydlərim
bu duyğusal həyat epizodlarının, Prezident İlham
Əliyevin bir neçə gün əvvəl xalqa növbəti
tarixi müraciətinin, “Əl-Cəzirə”, “Euronews”, “CNN
International”, “Sky Nyus”, “Əl-Ərəbiyə”, “TRT Haber”,
“CNN Türk”, “Haber Qlobal”, “Rossiya–1”, Rusiyanın “Pervıy
kanal” və digər telekanalların müxbirlərinin
suallarına məntiqli, tutarlı arqumentlərə əsaslanan
cavablarının və xalqın ürəyindən xəbər
verən bəyanatlarının təsiri altında
yazılıb. Yəqin, oxucu bəzən emosiyaya
qapılmağımı da başa düşər və bunu
bağışlayar.
Sentyabrın 27-dən, təcavüzkar
Ermənistanın Azərbaycana qarşı növbəti hərbi
təxribatı və ordumuzun sürətli əks-hücuma
keçməsi barədə xəbərlərin gəldiyi ilk
gündən əlim klaviaturaya uzanır, içimdə
yığılıb qalmış fikir və
düşüncələri, şahidi olduğum hadisələri
paylaşmaq ehtiyacı duyuram. Qüdrətli ordumuzun bu günədək
qazandığı uğurlara əsasən hadisələrin
inkişafının ehtimal edilən ssenarilərini
proqnozlaşdırmaq bizim peşənin xüsusiyyətindən
irəli gəlir. Amma mən bunları bir kənara qoyub
oxuculara, ilk növbədə, qəlbimdə
aşıb-daşan sevinc və qürur hisslərini,
emosiyalarımı çatdırmaq istərdim.
Bütün həyatını jurnalist peşəsinə həsr etmiş bir insan kimi, bəlkə də ilk dəfədir qeyri-adi vəziyyətlə üzləşmişəm: kompüterin qabağına keçib baş verənlər barədə düşüncələrimi yazmağa başlayandan bir-iki saat sonra əl saxlamalı oluram. Hadisələr o qədər sürətlə dəyişir, cəbhədən o qədər qaynar xəbərlər alırıq, Teleqram kanallarının səsləri o qədər çox eşidilir ki, monitordakı sətirlər, bütöv abzaslar bir-iki saatdan sonra “köhnəlir” və hər şeyi təzədən başlamaq lazım gəlir. Bu, qırx beş illik jurnalist təcrübəmdə bəlkə də heç vaxt qarşılaşmadığım fenomendir.
Qeyri-adi günlər yaşayırıq. Azərbaycan
xalqı öz Prezidentinin rəhbərliyi, rəşadətli
Ordusunun iştirakı ilə şanlı tarix yazmaqdadır.
Bu günlərin hər saatı, hər dəqiqəsi bir
dastandır.
Prezidentimiz, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev münaqişənin
sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin
cavabını verdi: Var başqa yol, – dedi və dediyini etdi.
Uzun illərdir status-kvonun qəbuledilməzliyini deyənlərə,
amma heç bir iş görməyib
işğalçının başına sığal çəkənlərə
göstərdi ki, məsələni necə həll etmək
olar. Ali Baş Komandanın əmri ilə döyüşə
atılan müzəffər ordumuz 30 ilə yaxın davam edən
status-kvonu 10 günün içərisində dəyişdi.
İndi nə status-kvo var, nə də təmas xətti. Bunu
xalqımızın iradəsi ilə Ali Baş Komandan, Azərbaycan
Ordusu döyüş meydanında etdi.
Əks-hücum əməliyyatlarının başladığı ilk gündən “atəşi dayandırın, danışıqlara başlayın” deyən supergüclərin, fövqəldövlətlərin aramsız təzyiqlərinə mərd-mərdanə sinə gərən Prezidentimiz nəyi necə və nə vaxt etmək lazım gəldiyini bilir. Bu, Qarabağ uğrunda döyüşlərin gedişində bir daha təsdiqləndi. Ali Baş Komandan İlham Əliyev təkbaşına bir ordunun işini gördü: həm savaş meydanında, həm diplomatiya və siyasi platformalarda. Bir vaxt “Qarabağ Ermənistandır” deyən, Şuşada ədəbazcasına rəqs edərək acıq verən, bizi təhqir edən paşinyanlara öz yerini göstərdi. Paşinyanı – bu riyakar, avantürist, siyasətdən uzaq küçə adamını rəzil duruma saldı. Onu yalvarmağa məcbur etdi: indi çıxıb desin, “Qarabağ Ermənistandır, görək necə deyir”.
Sorosun pulları ilə hakimiyyətə yiyələnən
Paşinyan erməni xalqını da özü kimi rəzil
etdi, yerə vurdu, alçaltdı.
İlham Heydər oğlu öz qətiyyəti,
cəsarətli və müdrik qərarları ilə
dünyanın gözündə bir daha yüksəldi,
özü ilə bərabər xalqımızın şərəfini,
ləyaqətini də göylərə qaldırdı.
Milli maraqlarımızın müdafiəsində
sonadək dayanan Prezidentimizin olması bizim böyük
xoşbəxtliyimizdir, Qarabağın xilasının
qarantıdır. Xalqımız öz Prezidentinə inanır.
Bu inama arxalanan, nəyi necə və nə vaxt etmək
lazım gəldiyini yaxşı bilən İlham Əliyev Ermənistana
son şans verdi və sözünü dedi: “Çıxın
bizim torpaqlardan, çıxın, öhdəlik
götürün, danışıqların formatına
qayıdın. Biz nə desək o olacaq və onlara şans
veririk ki, torpaqlarımızdan sülh yolu ilə
çıxsınlar, rədd olub getsinlər. Biz nə yolla
olursa-olsun, bu torpaqlara qayıdacağıq, ərazi
bütövlüyümüzü bərpa edəcəyik”.
Son hadisələr düşmənə də,
bütün dünyaya da göstərdi ki, bu şərəfli,
namuslu xalqın heysiyyəti ilə oynamaq, onu təhqir etmək
olmaz. Azərbaycanın Prezidenti, Azərbaycan xalqı bunu
paşinyanlara bağışlaya bilməzdi və
bağışlamadı.
Bu gün öz liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirən Azərbaycan xalqı doğma torpağı uğrunda ölüm-dirim savaşına qalxıb. Bu taleyüklü məqamda 10 milyon qəlb bir ürək kimi vurur. Bu, sözün əsl mənasında, Vətən müharibəsidir. Azərbaycan əsgəri öz canı-qanı bahasına düşməni Vətən torpaqlarından qovub çıxarır. Düşmən mərmisinin evini başına uçurduğu Ana, oğlu şəhid olmuş Ana başını dik tutaraq deyir: Təki Vətən yaşasın!
Adi hallarda sağlam düşüncəli
heç bir insan müharibə istəməzdi. Lakin sülhsevər
Azərbaycan xalqı bu müharibəyə
işğalçılıq siyasətindən əl çəkməyən
Ermənistan rəhbərliyi, beynəlxalq daşnak ideoloji mərkəzləri
tərəfindən zorla cəlb olunub, buna məcbur edilib. Bizi
buna dünyanın biganəliyi, beynəlxalq təşkilatların,
Minsk qrupu adlandırılan vasitəçilərin
ötür-ötür oyunu vadar edib. Otuz ildir ki, təcavüzkarla
təcavüzə məruz qalan eyni tutulur, dünya 30 ildir ki,
bu ədalətsizliyi, yurdu yağmalanmış bir milyon azərbaycanlının
ağrı-acısını soyuqqanlılıqla seyr edir. “Bəsdir,
yetər” deyib ayağa qalxan xalqın bu savaşı tarixi ədalətin
bərpasına yönəlmiş döyüşdür, beynəlxalq
hüququn ona verdiyi haqdır.
Prezidentimiz beynəlxalq kürsülərdən,
BMT tribunasından dönə-dönə bəyan edirdi ki,
işğala son qoymaq, təcavüzkarı buna məcbur etmək
lazımdır. Münaqişənin nizamlanmasına vasitəçilik
edən Minsk qrupu fəaliyyət göstərdiyi ötən
26 ildə bir addım atdımı? Atmadı.
Yığışdılar, danışdılar və
dağılışdılar. BMT Təhlükəsizlik Şurasının
27 il əvvəl qəbul etdiyi dörd qətnamə bu gün
də kağız üzərində qalır. Ermənistanın
siyasi rəhbərliyinə küçədən gəlmiş
birisi “Qarabağ Ermənistandır və nöqtə” deməklə
danışıqlar prosesinin üstündən xətt çəkdi.
Qudurğan düşmənə “Qarabağ Azərbaycandır
və nida işarəsi!” sözləri ilə cavab verən
Prezidentimiz dünyaya səsləndi: Siz qarışmayın,
öz taleyimizi özümüz həll edərik.
“Azərbaycan Dağlıq
Qarabağı fəth etmək istəyir” – görün bunu
kim deyir: münaqişənin nizamlanması üçün
vasitəçilik mandatı verilmiş Minsk qrupunun
üç həmsədrindən biri olan Fransanın dövlət
başçısı. Görünür, Makron ya tarixdən
bixəbərdir, ya da Fransadakı erməni lobbisinin
çaldığı havaya oynayır. Prezidentimiz ona da
öz kəskin cavabını verdi, bu əcaib sözünə
görə Azərbaycandan üzr istəməyə
çağırdı. Makron kimiləri tək deyil.
Müharibə Ermənistanda yox, Azərbaycan torpağında
gedir. Yeri gəlmişkən, Rusiya Prezidenti müsahibələrinin
birində bunu xüsusi vurğuladı: müharibə Ermənistanda
getmir.
Bu iki fərqli yanaşma fonunda üçüncü ölkələrdən olan, öz beyinlərini işlətmək əvəzinə ermənilərin uydurduğu “Azərbaycanın təcavüzü” barədə tezisi tez-tez təkrarlayan boşboğazlardan soruşmaq lazımdır: “Azərbaycanın Qarabağa təcavüzü” barədə danışmaq “Fransanın Marselə qarşı təcavüzü”, yaxud “Almaniyanın Bavariyaya hücumu” barədə cəfəngiyata bənzəmirmi?!
* * *
Münaqişə, müharibə və
dünyanın buna yanaşması barədə bu müxtəsər
düşüncələrdən sonra bilavasitə
bağlı olduğum sahəyə qayıtmaq istərdim. Mənim
üçün istinad nöqtəsi Azərbaycan Prezidentinin
CNN-Türk telekanalına müsahibəsində səsləndirdiyi
fikirlər oldu. Dövlətimizin başçısı uzun
illərdir Azərbaycana qarşı aparılan qara təbliğatdan
danışdı və bunun səbəblərini
açıqladı. Xüsusən, biz media işçiləri
bunun bilavasitə şahidiyik. Aramsız qarayaxmalara, şər
və böhtanlara tutarlı cavab veririk. Azərbaycan
reallıqlarından, Qarabağ, Xocalı həqiqətlərindən
bəhs edən materialları əməkdaşlıq etdiyimiz
dünya KİV-lərində bütün mümkün vasitələrlə
yaymağa çalışırıq.
İndi, son hadisələr başlayan vaxtdan
qara təbliğatın yeni dalğası baş
qaldırıb. Bəzi ölkələrin bu
işdə marağı olan dairələri, media orqanları
Azərbaycanın imicini ləkələmək
üçün olmazın yalanlar uydurur, informasiya məkanında
münaqişə ilə bağlı yanlış rəy
formalaşdırmağa aramsız cəhdlər edirlər.
Prezidentin qeyd etdiyi kimi, bizə ünvanlanan bu ittihamlarla təkbaşına
mübarizə apararaq müəyyən uğurlar əldə
etmişik. Ancaq bizim də imkanlarımız məhduddur. Bir
çox hallarda bizim səsimiz eşidilmir. Beynəlxalq media
qurumları daha çox Ermənistanın tərəfini tutur,
münaqişə ilə bağlı yalan məlumatlar
yayırlar. Yaxşı ki, bu çətin
gündə qardaş Türkiyə, eləcə də onun
bütün KİV-ləri bizim yanımızdadır, səslərini
bizim səsimizə qataraq dünyaya Azərbaycanın ədalətli
mübarizəsi ilə bağlı həqiqətləri
çatdırırlar.
Bu gün bir sıra KİV-lər
Paşinyanın hərbi əməliyyatlarda guya Türkiyə
F-16-larının, türk hərbçilərinin
iştirakı barədə yalanlarını tirajlayır. Azərbaycan
və Türkiyə qardaş ölkə, üstəlik
yaxın qonşulardır. Ulu öndərimiz bu
qardaşlığı bir neçə sözlə belə
ifadə edib: “Bir millət, iki dövlət”. Türkiyənin
belə ağır gündə bizə dəstək verməsi
tamamilə təbii və başa düşüləndir. Amma
o da təkzibolunmaz həqiqətdir ki, biz öz
torpaqlarımızı özümüz azad edirik. Azərbaycan
Ordusu düşmənə istənilən cavabı verməyə
qadirdir və verir.
Ermənistana gəlincə, ona hər cür dəstək
verən, silah ötürən çoxdur. Bu gün hamıdan
artıq canfəşanlıq edən Fransanı götürək.
Bəlkə ermənilər və fransızlar da “bir millət,
iki dövlətdir”, bəlkə qonşudurlar? Parislə
İrəvan bir-birindən 4500 kilometr aralıdadır,
avtomobillə azı 50 saatlıq yoldur. Türkiyədən isə
Azərbaycana əl uzatsan çatar.
Bizim yaxınlığımız, türk
qardaşlarımızın “Azərbaycan tək deyil” deməsi
Ermənistanı həm qıcıqlandırır, həm də
qorxuya salır. Türkiyə ordusu bu gün NATO-nun ən güclü
iki ordusundan biridir. Türkiyə modern silahlar istehsal edir.
Biz Türkiyədən də, başqa ölkələrdən
– Rusiyadan, Ukraynadan, İsraildən də silahı pulla
alırıq. İşğalçı
Ermənistana isə silahı pulsuz verirlər. İqtisadiyyatı çökmüş, dilənçi
vəziyyətinə düşmüş Ermənistanın
silah almağa pulumu var? Prezidentimiz müsahibələrindən
birində bu məqamı vurğulayaraq dedi: Bahalı silahlar
Ermənistana pulsuz verilməsəydi, bu münaqişə
çoxdan çözülərdi.
Bu gün cəbhə xətti şərti termindir. Bu gün
bütün Azərbaycan cəbhədir – bütün
oğlu-qızı, cavanı-yaşlısı ilə. Hərə öz sahəsində Vətən
üçün, böyük qələbəmiz naminə var
qüvvə ilə çalışır. Bu taleyüklü anlarda jurnalist də bir əsgər,
söz də bir silahdır. Ermənistan
bizə qarşı həmişə olduğu kimi, bu dəfə
də ikinci cəbhə – informasiya cəbhəsi
açıb. Ermənipərəst media (belə media
çox yerdə var – Fransada, Almaniyada, ABŞ-da, Rusiyada... Okeanın o tayında da, bu tayında da) olmazın
yalanlar və böhtanlar tirajlayır, Azərbaycana iftiralar
atır, gözgörəsi tərəfkeşlik edir. Həmişə belə olub. İndi
isə xüsusi fəallıq və canfəşanlıq
görürük. Qoy olsun, yalan ayaq tutsa da
yeriməz.
Bu günlər Azərbaycan mediası siyasi
yönümündən və mövqeyindən asılı
olmayaraq görünməmiş həmrəylik nümayiş
etdirir, haqq işimizə hamılıqla informasiya dəstəyi
verir. AZƏRTAC-a gəlincə, biz bütün
mümkün vasitələrlə Azərbaycanın ədalətli
savaşı barədə materialları dünya informasiya məkanına
çıxarmağa çalışırıq.
Agentliyimiz 35 ölkədən 44 agentliyi öz
sıralarında birləşdirən Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
(OANA) vitse-prezidentidir, eləcə də Dünya Xəbər
Agentlikləri Konqresində (NAWC) fəal təmsil olunur (yeri gəlmişkən,
Bakı 2016-cı ildə hər iki mötəbər beynəlxalq
təşkilatın forumlarına ev sahibliyi edib). Bizim tərəfdaşlarımız
sırasında Çinin Sinxua, Rusiyanın TASS, Türkiyənin
Anadolu, Cənubi Koreyanın Yonhap, Yaponiyanın Kyodo,
Malayziyanın Bernama kimi informasiya nəhəngləri var. Tərəfdaş
KİV-lərdən danışarkən, dünyanın
müxtəlif guşələrində 100 milyondan çox
oxucusu olan ingilisdilli “Chine Daly” qəzetinin adını da
xüsusi qeyd etmək istərdim.
Cəbhə
xəttində əməliyyatların aktiv fazasında bu və
digər mötəbər informasiya agentlikləri AZƏRTAC-a istinadla çoxsaylı xəbərlər,
foto və videolar yayımladı və yayımlamaqda davam edir.
Bundan əlavə, xarici ölkələrdəki
müxbir məntəqələrimizin xətti ilə yerli mətbuatda
Ermənistan rejiminin uydurduğu yalanlara, böhtanlara cavab olan
yazılar dərc edilir. Eyni zamanda, AZƏRTAC üzvü
olduğu bütün beynəlxalq və regional media
qurumlarının və tərəfdaş informasiya agentliklərinin
rəhbərlərinə müraciət ünvanlayaraq,
onları Ermənistanın Azərbaycana təcavüzünü
və regionda baş verən hadisələri obyektiv, qərəzsiz
işıqlandırmağa, haqqın və ədalətin tərəfində
dayanmağa çağırıb.
* * *
Azərbaycan müharibə istəmirdi. Elə buna görə də
ulu öndərimiz Heydər Əliyev də, Prezidentimiz
İlham Əliyev də 30 ildir
çalışırdılar ki, münaqişə
danışıqlar yolu ilə, sülhlə
çözülsün. Mən Ulu öndərimizin tarixi səfərlərini
əvvəldən sonadək işıqlandıran jurnalist kimi
şəxsən şahidəm: Heydər Əliyev Qarabağ
probleminin qan-qadasız, danışıqlar masası
arxasında həll olunması üçün son dərəcə
gərgin iş aparır, maksimum səylər göstərirdi.
Bu, uzun söhbətin mövzusu olduğundan iki
məqamı xatırlatmaqla kifayətlənməyə məcburam.
Ki-Uest,
2001-ci il 3 aprel. Minsk qrupu həmsədrlərinin
vasitəçiliyi və dövlət katibi Kolin Panuelin
iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri
tam yeni formatda danışıqlar apardılar. Ulu öndərimiz bu görüşdə tarixi bəyanatla
çıxış etdi, münaqişənin tənzimlənməsinə
mane olan səbəbləri göstərdi, Dağlıq
Qarabağ həqiqətlərini çatdırdı, həll
yollarına dair öz mülahizələrini söylədi.
Bəyanatdan kiçik bir sitat gətirmək yerinə
düşər: “Bu gün dünyada bir dövlətin
başqa bir dövlətin ərazisini işğal etməsi,
orada etnik təmizləmə aparması kimi ikinci bir hala rast gəlmək
mümkün deyil. Təəssüf ki, dünya birliyi bu faciəni
sükutla seyr edir... Rusiyanın, ABŞ-ın,
Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə
bəslədiyimiz ümidlər hələlik gözlənilən
nəticəni vermir”.
Heydər Əliyevin bu sərt bəyanatı, qətiyyətli
mövqeyi və haqlı iradı müəyyən canlanma
yaratdı.
Xatırlayıram, ulu öndər Ki- Uestdən
Vaşinqtona yollandı. ABŞ Prezidenti Corc Buşun burada Azərbaycan
Prezidenti Heydər Əliyev və Ermənistan prezidenti Robert
Koçaryan ilə ayrı-ayrılıqda görüşləri
oldu. ABŞ-ın yüksəkvəzifəli
şəxslərinin Ağ evdə keçirilən brifinqdə
bu görüş və danışıqların uğurundan
necə ağızdolusu danışdıqları da
yaxşı yadımdadır. Bundan bir ay
sonra ulu öndərimiz Fransaya səfər etdi.
Paris,
2001-ci il 5 mart. Yelisey
sarayında Fransa Prezidenti Jak Şirakın iştirakı ilə
Azərbaycan Prezidenti Heydər Əliyev və Ermənistan
prezidenti Robert Koçaryan arasında növbəti
danışıqlar oldu. Üç
saatdan çox davam edən danışıqlardan sonra hər
üç prezident birgə mətbuat konfransı
keçirdi. Təfərrüata varmadan onu deməklə
kifayətlənirəm ki, jurnalistlərin suallarını
cavablandıran Fransa Prezidenti Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində mühüm
irəliləyişin əsasının qoyulduğunu
vurğulayaraq belə dedi: “Həqiqətən ümidvar
olduğumu bildirmək istərdim ki, bu münaqişə cari
ilin sonunadək həll ediləcək və onun
qarşılıqlı surətdə məqbul həlli
tapılacaq”.
Həqiqətən də Ki-Uest və Paris
danışıqları böyük ümidlər
yaratmışdı. 2001-ci ilin yazında münaqişənin
həllinə çox yaxınlaşılmışdı.
Lakin sonradan sanki hansısa gözəgörünməz
əl çarxı başqa səmtə yönəltdi.
O vaxtdan az qala 20 il keçir. Corc Buş
getdi, Barak Obama gəldi, Obama getdi, Donald Tramp gəldi. Jak Şirak getdi, Nikola Sarkozi gəldi, Sarkozi getdi,
Fransua Olland gəldi, Olland getdi Emmanuel Makron gəldi.
Münaqişə isə həll olunmamış qaldı...
Prezident İlham Əliyevin də münaqişəni
danışıqlar yolu ilə həllinə göstərdiyi
aramsız səylərin şahidiyik. Müəyyən mərhələdə
həll yolu tapılmış kimi görünürdü.
Məsələn, tərəflərin
razılaşdığı Madrid prinsipləri işğal
olunmuş Azərbaycan torpaqlarının mərhələli
şəkildə qaytarılmasını nəzərdə
tutur. Biz ümidlə bu prinsiplərin
işə düşəcəyini gözləyirdik.
Lakin Paşinyan gəldi və 30 il davam edən
bütün danışıqların, eləcə də hər
iki tərəf üçün məqbul olan Madrid prinsiplərinin
üstündən xətt çəkərək dedi: “Biz Azərbaycana
bir qarış da torpaq qaytarmayacağıq”. Bunun
ardınca Ermənistanın məlum hərbi təxribatları
başlandı və Azərbaycanın silaha əl atmaqdan
başqa yolu qalmadı.
Yəqin heç kəs mübahisə etməz ki, indi
planetimizdə yaşayan bütün insanların şahid
olduqları hadisələr həqiqətən tarixi əhəmiyyət
daşıyır. Azərbaycanın lideri, Azərbaycan
xalqı tarix yazmaqda davam edir – Prezidentimiz öz qətiyyəti,
müdrik siyasəti və sərkərdəliyi,
xalqımız möhtəşəm birliyi və qələbə
əzmi, əsgərimiz öz qanı-canı və silahı
ilə yazır bu tarixi. Jurnalistlərimizin,
reportyorlarımızın üzərinə isə bu həqiqət
anlarını salnamələşdirmək borcu
düşür.
* * *
Münaqişənin həllini bu qədər uzatmaqda
hansı məqsədlər güdülürdü? Düşünürdülər
ki, yaşlı nəsil dünyadan köçəcək,
onları əvəz edən, bu yerləri heç vaxt görməyən
yeni nəsil Qarabağı unudacaq, yaxud zaman Xocalını
unutduracaq. Beləcə, hər şey
öz-özünə sakitləşəcək. Əksinə, zaman onların bu düşüncələrində,
hesablamalarında yanıldıqlarını göstərdi.
Bu yerdə Çingiz Aytmatovun “Əsrə bərabər
gün” romanı yada düşür. Heç bir imperiya,
heç bir işğalçı, yadelli qüvvə nə qədər
ağlagəlməz üsullara əl atsa belə, xalqları
manqurtlaşdırmağa nail olmayıb. Yeni
nəsil Qarabağ görməyib, olsun, axı Vətən,
torpaq sevgisi insana gözlə keçmir. Bu,
qan yaddaşıdır, tarixi yaddaşdır və onu
heç bir vəchlə silmək olmaz. Qarabağı
görməyən yeni nəsil Qarabağ naminə ölümə
getməyə hazırdır və gedir. Qarabağ
kəlməsi, hətta, məktəbyaşlı
uşaqların dilinin əzbəridir.
Yuxarıda bəhs etdiyimiz 30 illik mənzərə qəflətən
(əslində həm də gözlənilən idi) dəyişdi. Özü də
buna rəvac verən işğalçılar, status-kvonun
dondurulmasında maraqlı olanların özləri oldu. Onlar hansısa başqa ölkələrdən
“ev-eşiksiz qalmış yoxsul qohumlarını” gətirib
Qarabağda məskunlaşdırmaq fikrinə
düşdülər. Belə məlum
oldu ki, vaxtilə qanuni sahibindən zorla aldıqları evi
öz zövqlərinə uyğun təmir etmək,
divarına “Bu mənzil bizimdir və nöqtə” sözləri
yazılmış plakat asmaq istəyirlər. Bunun
ardınca yeni müharibə bəyanatları səsləndirildi
və Azərbaycana qarşı yeni hərbi təcavüzlər
başladı...
Görünür,
qanuni ev sahiblərinin səbirlərinin
tükənməz olmaması barədə çoxillik xəbərdarlıqların
söz olaraq qalmayacağını heç kəs gözləmirdi.
Səbri, həqiqətən tükənən
xalq “Bu ev bizimdir və nida işarəsi” – deyərək,
tarixi ədaləti bərpa etmək üçün öz
lideri başda olmaqla, hamılıqla mübarizəyə
qalxdı. Görəsən, bu haqlı
savaş işğalçının havadarlarını niyə
belə əndişələndirir?
Azərbaycan Prezidenti İlham Əliyev bəyanat və
çıxışlarında, yerli və xarici KİV-lərə
çoxsaylı müsahibələrində sözünü
açıq və qəti şəkildə deyir – BMT-yə də,
ATƏT-ə də, Minsk qrupuna da, paşinyanlara da. Deyir ki, biz daha 30 il gözləyə bilmərik,
işğalçılar torpaqlarımızdan çəkilib
getməlidir.
Sentyabrın
27-də İlham Əliyevin xalqa müraciətindən sonra qəlbi
inam, qürur və sevinclə dolu on minlərlə insan əllərində
bayraq, dillərində ”Qarabağ” kəlməsi
Bakı küçələrinə axışdı!
Paytaxtda misli görünməmiş mənzərə
yaşanırdı! Ali Baş Komandanından əmr alan Azərbaycan Ordusu üzərinə
düşən missiyanı və döyüş
tapşırığını layiqincə icra etməyə
başladı. Qısa müddətdə bir sıra
torpaqlarımızda 30 ildən sonra üçrəngli
bayrağımız yenidən dalğalanmağa
başladı: Cəbrayıl şəhərində, Hadrut qəsəbəsində,
Suqovuşanda, Talış kəndində və digər kəndlərimizdə.
Bir cəbrayıllı kimi məndən ötrü bu, həm
də şəxsi xoşbəxtlikdir, buna görə də
Ali Baş Komandana, xilaskar ordumuza, cəsur Azərbaycan əsgərinə
minnətdaram!
Yazımın əvvəlində
dediyim kimi, otuz il əvvəl öz analarının
qucağında, baba-nənələrinin çiyinlərində
qarlı aşırımlardan, sıx meşələrdən
keçərək gəlmiş körpələr bu gün əcdadlarının
torpaqlarına tanklar üzərində qayıdırlar.
Biz xoşbəxtik ki, bu zəfər
yürüşünün canlı şahidləriyik.
* * *
Müharibənin öz qanunları var. Ordu ordu
ilə savaşar, əsgər əsgər ilə
döyüşər – üz-üzə, mərd-mərdanə.
Kim güclüdürsə, o da qalib gələr.
Döyüş meydanında məğlub olan Ermənistan bu
qanunları da pozur, müharibə cinayətləri törədərək,
şəhər və kəndlərimizi, dinc əhalini atəşə
tutur. Düşmənin xain hücumları nəticəsində
çox sayda mülki şəxs, o cümlədən,
uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər,
çoxmənzilli yaşayış binaları, obyektlər
dağılıb.
Oktyabrın 11-də atəşkəs
razılaşmasının hələ mürəkkəbi
qurumamış döyüş əməliyyatları
zonasından 80 kilometr aralıda yerləşən, ərazisində
heç bir hərbi obyekt olmayan Gəncəyə – Azərbaycanın
ikinci böyük şəhərinə ballistik raket zərbəsi
endirildi. Beşi qadın olmaqla, 10 nəfər dinc sakin həlak
oldu. Həmçinin 10-u qadın, 9-u
azyaşlı olmaqla 34 nəfər yaralandı. Ermənistanın
bu ağır cinayətinə beynəlxalq birliyin, xüsusən
Minsk qrupu həmsədrlərinin səssiz qalması ikili
standartların, özgə dərdinə, başqasının
faciəsinə laqeydliyinin daha bir təəssüf doğuran
təzahürdür.
Düşmənin bu təxribatları,
xain hücumları xalqımızın iradəsini qıra
bilmir və bilməyəcək. Əsrlər boyu başı
min-bir müsibət çəkmiş, tarixə bir çox
şanlı səhifələr yazmış Azərbaycan
xalqının bu gün bir arzusu var – düşmən
tapdağı altındakı torpaqlarını azad etmək.
Qeydlərimi Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hər bir
azərbaycanlının qəlbində əks-səda verən
duyğusal sözləri, duaları ilə tamamlamaq istərdim:
Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində
yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs
Qarabağ torpağını öpməyi nəsib etsin!
Qarabağ Azərbaycandır!
Aslan ASLANOV,
AZƏRTAC-ın
İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti
Xalq qəzeti 2020.- 14 oktyabr.- S.3.