Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında olduğunu döyüş meydanında nümayiş etdirir

 

Biz hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik – ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Silahlı qüvvələrə xüsusi diqqətin ayrılması, hər şeydən öncə, ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib. Buna görə də hərbi xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılıb. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib. Əməkhaqları müntəzəm olaraq artırılıb. Ordumuzun silah-sursat, texnika ilə təchizatı da ən yüksək səviyyədə reallaşıb.

Bütün bunların nəticəsində hazırda Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Silahlı qüvvələrimizin qüdrəti hələ AprelTovuz döyüşləri, habelə Gün­nüt əməliyyatı zamanı özünün bir daha təsdiqini tapdı. Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər də ordumuzun həm canlı qüvvəsinin, həm də hərbi texnikası­nın gücünü sübut etdi.

Sentyabrın 27-də işğalçı dövlətin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu vəziyyətə uyğun adekvat tədbirlər həyata keçirəndə, erməni mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatına başlayanda, Silahlı qüvvələrimizin güc-qüdrəti yenidən özünü qaba­rıq büruzə verdi. Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu dağıdıldı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən biriniMurovdağ dağ silsiləsinin Murov yüksəkliyini işğaldan azad etdi. Azərbaycan Ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də düşmən ölkənin işğalçı qüvvələrindən təmizlədi.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini – dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad etdi.

Yeri gəlmişkən, Tərtər, GoranboyYevlax rayonlarında ermənilərin ekoloji terroru səbəbindən 30 ildir ki, susuz qalan torpaqlara Suqovuşan kəndinin işğaldan azad olunması ilə yeni həyat gəlib. Azərbaycan əsgərinin adı çəkilən yaşayış məntəqəsindəki su anbarından artıq Tərtər çayına su verilib. Bunun­la da 96 min 217 hektar torpaq sahəsinin su təminatı gerçəkləşib, kəskin ekoloji problemlər aradan qaldırılıb. Oktyabrın 3-də Tərtərin Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və QuycaqFüzulinin Aşağı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad olunması da xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Bir gün sonra şanlı ordu­muz Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini – Kar­xulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı yaşayış məntəqələrini azad edib. Oktyabrın 5-də isə Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Şı­xalıağalı, Məzrə və Sarıcalı kəndləri yağılardan xilas olunub.

Oktyabrın 9-da isə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində müzəffər Azərbaycan Ordusunun daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bildirib. Dövlətimizin başçısı Hadrut qəsəbəsi, eyni zamanda, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin hazırda Azərbaycan Ordusunun nəzarətində olduğunu vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib:Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir. Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımın­dan bu gün döyüş meydanında tam üstünlüyə sahib olubdur”.

Döyüş əməliyyatlarının davam etdiyi günlər ərzində Azərbaycan Or­dusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə bərabər, ərazini düşmən qüvvələrindən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri, silah-sursat anbarları məhv edilib.

Prezident İlham Əliyev xalqa müraciətində, həmçinin Azərbaycan Ordusunun döyüşlərdə şücaət göstərdiyini, mərdlik, qəhrəmanlıq nümayiş etdirdiyini diqqətə çatdırıb: “Düşmən öz xalqına nağıllar danışır, yalan danışır. Faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmi aldatmaq istəyir ki, guya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar. Hamı­sı yalandır. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanın­da qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgər və zabiti yüksək mənəvi psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaq­larımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil...”.

Azərbaycan Ordusunun zəfər yürüşü onun sıralarındakı cəsur və mərd oğulları tərəfindən gerçəkləşir. Gənclərimizin cəbhədə bir-birinin ardınca uğurlar əldə etmələri, düşmənlə təmas xəttində döyüş şücaətləri göstərmələri və xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələrini yazmaları hər bir vətəndaşımızda ruh yüksəkliyi yaradır, orduya inam, qələbəyə əminlik hissini gücləndirir. Bu gün hamımız inanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycanın apar­dığı bu savaş möhtərəm dövlət başçı­mız İlham Əliyevin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan ar­tıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz xalqımızdır, Azərbaycandır.

Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsı­dıcı zərbələr endirməklə əldə etdiyi mühüm qələbələr xalqımız tərəfindən böyük sevinclə qarşılanması şəhər və kəndlərimizdən cənab Prezidentin saytına göndərilən yüzlərlə məktubda da öz parlaq ifadəsini tapıb. Məsələn, Bakı şəhər sakini Solmaz Tağızadə yazıb: “Çox hörmətli cənab Ali Baş Komandan, əvvəla, onu qeyd etmək istəyirəm ki, bizə yaşatmış olduğunuz qələbə sevinclərinə görə Sizə ailəm və yaxın qohumlarım adından dərin minnətdarlığımı bildirirəm. Qeyd edim ki, hər iki valideyni zabit olan bir tələbə kimi, başda Siz olmaqla qüdrətli, şanlı ordumuza güvənim, inamım, sevgim sonsuzdur. Əgər bu gün Azərbaycan beynəlxalq arena­da nailiyyətləri, uğurları ilə diqqət mərkəzindədirsə, bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir... Biz gənclər Sizin yolunuzun davamçısıyıq. Tanrı Sizə yar olsun! Canımızdan keçərik, amma Vətənimizdən əsla!”.

Burada bir məqamı da qeyd etməmək olmur. Belə ki, hələ Aprel döyüşləri və Tovuz hadisələri zamanı xalqımızın nümayiş etdir­diyi birlik bir daha hər birimizdə qəti əminlik yaratmışdı ki, yurd-yuvasından didərgin düşən məcburi köçkünlərimiz gec-tez öz əzəli torpaqlarına qayıdacaqlar. Son erməni təxribatlarından sonra isə Böyük Qələbənin, Böyük Qayıdı­şın reallaşması üçün ciddi zəmin yarandı. Cənab Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsindən sonra gənclərimizin yüksək ovqatla döyüş meydanına yollanması, dövlətimizin başçısına ünvanlanan çoxsaylı müraciətlər də bir daha göstərir ki, Azərbaycan xalqının vətənpərvərlik hissi ən yüksək səviyyədədir.

Biz haqq yolundayıq. Bi­zim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qa­rabağ Azərbaycandır!”. Sentyabrın 27-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirilən bu fikirləri də yuxarıda qeyd edilənlərin parlaq ifadəsidir.

Ermənistan və ona havadarlıq edən qüvvələr də ordumuzun gü­cünü və qüdrətini artıq yaxşı bilir. Düşmən aydın şəkildə başa düşür ki, müasir Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında­dır və işğal altındakı torpaqlarımı­zın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır.

Dövlətimizin başçısı Azərbaycan Ordusunun güc-qüdrəti haqqında danışarkən, deyib: “Ordu qurucu­luğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verirdöyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edirvahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Bax, elə buna görə də belə bir orduya sahib olan Azərbaycan Prezi­denti möhtərəm İlham Əliyev uzun illər ən yüksək tribunalardan daim bəyan edib ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.

Sonda onu da qeyd edək ki, düşmən döyüşdə uduzduğunu anla­dığına görə, təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaq­la, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etmədiyini bir daha təsdiqləyir. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan hazırda mülki insanları atəşə məruz qoy­maqla yeni-yeni cinayətlər törədir. Gəncədə törətdiyi terror aktı bunun bariz ifadəsidir. Lakin işğalçı dövlət bilməlidir ki, Azərbaycan Ordusu erməni faşizminin layiqli cavabını verəcək və onu etdiyi hər cinayətə, vəhşiliyə görə cəzalandıracaq.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti  2020.- 14 oktyabr.- S.5.