Azərbaycanı
müqəddəs mübarizəsindən heç
bir qüvvə döndərə bilməz
Məlum olduğu
kimi, sentyabrın 27-dən etibarən Azərbaycan-Ermənistan
qoşunlarının təmas xəttində baş
verən hadisələr, əsasən də erməni qüvvələrinin
təxribat törədərək kəndlərimizi gülləbaran
etməsi, dinc vətəndaşlarımızın
şəhid olması ordumuzun əks-hücum
əməliyyatlarına başlamasına səbəb olmuşdur. Artıq bir aya yaxındır ki, Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş ərazilərimizdən
bizə hücum edən düşməni
nəinki geri oturdur,
üstəlik irəli gedərək 30 ilə yaxın
düşmən tapdağında olan kəndlərimizi,
strateji yüksəkliklərimizi, hətta
rayonlarımızı azad edir.
Bir sözlə, Azərbaycan xalqı tarixi günlərini yaşayır.
Torpaqlarımız mərhələ-mərhələ ordumuz tərəfindən azad
edilir. Ali Baş Komandanımızın və Milli Ordumuzun misilsiz qətiyyət nümayiş
etdirməsi xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır.
Hadisələr beynəlxalq ictimaiyyətin də diqqət mərkəzinə düşmüş və müxtəlif dövlətlərin rəhbərləri bununla bağlı danışıqlar aparılması üçün vasitəçiliyə hazır olduqlarını bəyan etmişlər. Dövlətimizin başçısı münaqişə ilə bağlı illərdir susan, bu düyünün həllinə heç bir töhfə verməyən bəzi dövlətlərin rəhbərlərinə və beynəlxalq təşkilatlara problemin əsl mahiyyətini, əslində, kimin günahkar olması, bütün məsuliyyətin sülh danışıqlarına zərbə vuran Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşməsi, Azərbaycanın haqq işi uğrunda mübarizə aparması barədə dolğun və qəti fikrini bildirmişdir. “Rossiya-1” telekanalının milyonlarla izləyicisi olan “60 dəqiqə” proqramında da Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunmuş verilişdə Prezident İlham Əliyev Nikol Paşinyana, sözün həqiqi mənasında, dərs vermiş oldu. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki paneldən sonra ikinci dəfə Paşinyana master-klass keçdi. İlham Əliyevin soyuqqanlı, qətiyyətli, faktlara, məntiqə söykənən çıxışı fonunda Ermənistan baş nazirinin demaqogiyadan ibarət isterik nitqi çox sönük təsir bağışladı. Xarici ekspertlərin Paşinyanın qeyd olunan verilişdəki çıxışına münasibəti isə yumşaq desək, alçaldıcı idi.
Demək olar ki, hər gün
dünyanın müxtəlif televiziya
kanalında müsahibəsində də Azərbaycanın əks-hücum
əməliyyatlarına başlamasının məsuliyyətinin
Ermənistan üzərinə düşməsini faktlarla, əsaslandırılmış
arqumentlərlə dünya ictimaiyyətinə
çatdıran Prezident İlham
Əliyev dönə-dönə qeyd
edir ki, 27 il danışıqlar prosesinə sadiq qalan Azərbaycana Ermənistan
tərəfindən başqa seçim buraxılmır. Münaqişənin
həlli üçün hüquqi
çərçivəmiz və beynəlxalq hüququn
normaları, beynəlxalq təşkilatların qətnamələri
baxımından bizim çox
geniş dəstəyimiz var.
Təəssüflər olsun ki, təcavüzkara praktiki
təzyiqin olmaması səbəbindən münaqişənin
həlli bu
qədər uzanmış, danışıqlar prosesi faktiki olaraq dayanmışdır. Belə olan təqdirdə ATƏT-in Minsk
Qrupunun fəaliyyəti nəinki qənaətbəxş
deyil, hətta, bəzi ölkələr ikili mövqeyindən əl çəkmir, Ermənistan tərəfindən
beynəlxalq hüququn, konvensiyaların kobud şəkildə pozulmasına
etirazını bildirmir.
Oktyabrın 21-də Prezident Yaponiyanın tanınmış “Nikkei” qəzetinə müsahibəsində də bildirdi ki, Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər... Prezident jurnalistin “Dağlıq Qarabağ”da referendum sualına da konkret cavab verərək vurğuladı ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz.
Prezident İlham Əliyevin dünya liderləri ilə telefon
danışığı zamanı qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi və
münaqişədə Ermənistanın əsl mahiyyətinin
nədən ibarət olduğunu
anlatdı. ---------Telefon
danışıqları zamanı bir daha Prezidentimiz qəti şəkildə
vurğuladı ki, Ermənistan
danışıqlar prosesinin pozulması üçün çalışır
və bu
prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə
də silahlı qarşıdurmanın yaranmasına görə
isə məsuliyyət tam şəkildə
Ermənistan siyasi rəhbərliyinin
üzərinə düşür. Prezident İlham Əliyev xalqa müraciətində də bildirdi ki, 30 ilə
yaxın aparılan danışıqlar heç
bir nəticə vermədi. İşğal edilmiş
torpaqlarda Ermənistan tərəfindən
qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə
vermək fikrində deyildilər. Bizi və
beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə
olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal
edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar.
Laçın şəhərində, Kəlbəcərdə
yerləşdiriblər, Kəlbəcərdə minlərlə
insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl digər
rayonlarımızda da onlar
bizim kəndlərimizdə
yaşayıblar. O kəndlərin böyük
hissəsi dağıdılıb, ancaq bəzi
evlərdə onlar bizim
torpağımızda yaşayıblar.
Əlbəttə,
bəzi dünya
dövlətlərinin liderləri anlamalıdır ki, Azərbaycan yalnız öz
torpağı uğrunda döyüşür
və Ermənistan silahlı qüvvələri
torpaqlarımızı qısa müddətdə, tam, dərhal,
qeyd-şərtsiz tərk etdikdən sonra
düşmənlə masaya oturmaq mümkündür. Çünki
danışıqlar körpüsünü
tamamilə yandıran məhz Ermənistanın indiki rəhbərliyidir.
Dövlətimizin başçısının
bu qətiyyəti ordumuzun
uğurlarında da öz
əksini tapıb. Hər gün cəbhədən
gələn xəbərlər ordumuzun
qüdrətini göstərir. Cəmiyyətimizdə, ordumuzda böyük ruh yüksəkliyi hökm
sürür. Döyüş
texnikasını, hətta itirdikləri canlı qüvvəni
belə döyüş meydanında qoyub qaçan erməni əsgərləri
də reallığı çox
yaxşı görə bilirlər. Qüdrətli Azərbaycan
Ordusu qarşısında onların qaçmaqdan başqa
çarəsi də yoxdur.
Ermənistanın faşist Njdeni qəhrəmanlaşdıran ideologiyasına xidmət edən, əslində isə heç bir siyasi təcrübəsi olmayan baş naziri Nikol Paşinyan və onun reallığı dərk etməyən komandası tərəfindən öz ölkəsinin dinc sakinlərini silahların gücü ilə döyüş meydanında saxlamağa cəhd etməsi də bir növ bu münaqişədə kimin qalib olması həqiqətini anlamaq üçün yetərlidir. Özgə torpağında xidmət çəkmək istəməyən ermənilər N. Paşinyan hökumətinin psevdovətənpərvərliyinin qurbanı olmaqdadır. Ermənistan vətəndaşları da yaxşı anlayırlar ki, rəsmi İrəvan Azərbaycan əsgərinin əzmkar duruşu və düşməni pərən salan döyüşkənliyinin qarşısında gec-tez təslim olacaqdır. Heç bir erməni məkri Azərbaycanın haqlı mübarizəsini tamamlamağına əngəl ola bilməz.
Elmeddin Behbud,
Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri,
“Demokratik Azərbaycan naminə” İctimai Birliyinin sədri
Xalq qəzeti 2020.-24 oktyabr.- S.8.