Qərəzli suallara müdrik və məntiqli cavablar

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına hadisə adlandıra biləcəyimiz müsahibə verib! Gəlin bu möhtəşəm müsahibəyə keçməmişdən öncə Prezidentin 26 oktyabr tarixli xalqa müraciətindən bir parçaya diqqət edək:

“Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə baş­layanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroport­da cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm.

Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmi­şik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bü­tün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb ge­dirdi. İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim bö­yükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışı­ram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik”.

Mən dövlət başçısının bu haqlı iradı­na ən çox layiq olanlardan biri kimi məhz “Fox News” əməkdaşını göstərərdim. Yalnız bir deputat kimi yox, vaxtı ilə çoxsaylı xarici səfərlərdə Azərbaycanın dövlət başçısını müşayiət edən jurnalist heyətinin üzvü, neçə-necə xarici ölkənin dövlət və hökumət başçısına suallar vermiş bir televiziya jurnalisti olaraq, “Fox News” jurnalistini prokurorvari sualları­na görə qınayıram. O suallar nə peşə etikasına, nə əxlaq kodeksinə uyğun idi. “Fox News”un ittihamedici suallarından bəzilərini birgə xatırlayaq:

– Cənab Prezident, hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yolla­rından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masa­da diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonu geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?

 

– Cənab Prezident, Sizin ordunuzun hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta Sizin yüksək texnolo­giyalı silahlarınızla çox mühüm bir kilsə də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb.

– Gəlin, əsgərlər, döyüşdə olan qo­şunlar barədə danışaq. Fransadan, Rusi­yadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə – Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür?

– Cənab Prezident, gəlin bunun za­manı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquş­malar görürük? Sizin hökumətinizi, Prezi­dent olaraq Sizi tənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID --19- dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz...

Məni bağışlayın, nəinki milyonlarla tamaşaçısı olan bir televiziya kanalının təcrübəli əməkdaşı, hətta ən təcrübəsiz jurnalist də belə həyasızlığı özünə sığış­dırmamalıdır. Onsuz da yalan ayaq tutar, amma yeriməz, onsuz da sual varsa, cavabı da var, vicdanını itirməmişlər üçün həqiqətlə yalanı fərqləndirmək çətin olmayacaq...

İndi isə əsassız suallardan əsl cavablara keçək. Əlbəttə, bütünlüklə müsahibəni burada təkrar etməməliyik. Əlbəttə, ölkə içində də, xaricdə də yüz minlərlə insan artıq müsahibə ilə tanışdır. Hansısa səbəbdən hələ tanış olmayanlar­sa, çətinlik çəkmədən, ən müxtəlif media orqanları vasitəsi ilə həmin müsahibənin mətni ilə tanış ola bilər. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 27 sentyabr­dan bəri xarici media orqanlarına verdiyi müsahibələri hər bir azərbaycanlının, hər bir azərbaycansevərin öyrənməsini arzu və təmənna edirəm. O müsahibələr ən yeni dövrün Azərbaycan salnaməsidir.

“Fox News”un suallarına cənab Prezidentin cavablarını, ümumi mənzərəni yalnız bəzi örnəklərlə canlandırmağa çalışaq:

– Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdu. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.

– Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.

– Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər var. Bir neçə gün ərzində, bəlkə də, bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl, müasir avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır.

– Azərbaycan 30-dan çox ölkəyə dəstək -- maliyyə dəstəyi, humanitar dəstək göstərib. İqtisadiyyat sabitdir, davamlıdır. Azərbaycanın bəzi daxi­li problemləri ört-basdır etmək üçün müharibəyə başlamasına ehtiyac yox­dur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındır­mağa ehtiyacı var.

– Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri, işi Rusiya­dan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir.

– Türkiyə Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.

– Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatları var ki, onlar Azərbaycanın strateji neft infrastruk­turumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi...

Bir sözlə, Azərbaycan Prezidentinin xarici media orqanlarına müsahibələri hərbçilərimizin, diplomatlarımızın mübarizəsinin tərcümanıdır. Prezident yalnız müsahibə vermir, öyrədir, inan­dırır, Azərbaycan həqiqətlərini təlqin və tərənnüm edir! Prezidentin müsahibələri alovlu vətənpərvərliklə diplomatik peşəkarlığın ən universal birliyiyini təcəssüm etdirir.

Bəs bu minvalla qarşı tərəfdən nə gözləyirik? Qarşı tərəf də müsahibələr verir və artıq özünün və ölkəsinin haqsız mövqeyini, bütün cəbhə boyu məğlubiyyətini ört-basdır etməkdə zorla­nır. İşğalçı ölkənin başını itirmiş baş naziri ictimai şəkildə öz səfsəfələrindən imtina etməlidir. Onları yada salaq: “Qarabağ Ermənistandır. Nöqtə”. “Qarabağdakı qondarma rejim danışıqların tamhüquq­lu üzvü olmalıdır”. “Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırmasıyla bağlı addımlar atmalıdır”. “Azərbaycan “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanımalıdır”…

 

Elə bilirəm, yalnız müzəffər Azərbaycan Ordusunun əldə etdi­yi qələbələrdən qürurlanan biz yox, düşmən tərəfin özündə də, az-çox ağlı başında olanlar Paşinyanın maksima­list tələblərinin tarixin zibilliyində it-bat olduğunu dərk etməkdədir. Paşinyan özü də erməni budaq cümlələri ilə “süsləyərək” ağır durumlarını ifadəyə meyillənməkdədir. Bu meyillənmələr, idrak prosesi məntiqi sonluğa nə qədər tez çatsa, bir o qədər yaxşıdır. Əgər qon­darma rejimin “müdafiə naziri” sıradan çıxarılıbsa, Ermənistanın müdafiə naziri əlacsız qalıb, Laçında “bölük komandiri” kimi özü döyüşürsə və Paşinyan “ağrılı kompromislərə hazırıq, ancaq kapitulya­siyaya yox” kimi fikirlər səsləndirirməyə məcbur qalırsa… bu, Ermənistanın elə məhz kapitulyasiyanın çölündə olduğu­nun ifadəsidir. Necə deyərlər, gözlənilən bir məğlubiyyətdir…

Çox keçməz, “Fox News” əməkdaşı Ermənistan -- Azərbaycan müharibəsinə yenidən qayıdar, “gözlənilən bir məlubiyyətin tarixçəsi”ni nəql edər və o zaman Azərbaycan Prezidentinin qəbuluna düşə bilsə, verəcəyi suallar da fərqli olar…

 

Qənirə PAŞAYEVA, Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Xalq qəzeti  2020.- 31 oktyabr.- S.4.