Azərbaycan
Silahlı Qüvvələri BMT qətnamələrini inamla gerçəkləşdirir
Azərbaycan xalqının çoxdan
gözlədiyi gün gəlib
çatıb. Silahlı Qüvvələrimiz 30 ildən bəri
işğal altında qalan
torpaqlarımız uğrunda müqəddəs
savaş aparır. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək
Azərbaycan Ordusunun apardığı
sülhəməcburetmə əməliyyatlarını bir nəfər kimi dəstəkləyir.
Artıq tariximizin heç
bir dönəmində rast
gəlinməyən möhtəşəm ümumxalq
həmrəyliyini müşahidə edirik
və bundan sonsuz qürur duyuruq. Belə bir vaxtda təkcə
ölkəmizdə deyil, dünyada
yaşayan bütün
azərbaycanlıların ürəyi birgə döyünür,
hər günümüz Qələbə
müjdələri ilə şərəflənir. Mən də
həyatımda indiyədək bundan böyük xoşbəxtlik
yaşadığımı xatırlamıram.
Müasir müharibələrdə
cəbhə xətti təkcə döyüş
bölgələrindən keçmir. Diplomatik cəbhədə, informasiya
cəbhəsində və eləcə də arxa
cəbhədə aparılan ahəngdar fəaliyyətlərin
cəmi sonda qələbəni şərtləndirir.
Prezident İlham
Əliyev bu cəbhənin bütün
istiqamətlərində böyük məharət
göstərir və uğurlar qazanır.
Dövlətimizin başçısı Ali
Baş Komandan kimi hərbi əməliyyatların
planlaşdırılmasına və həyata keçirilməsinə
birbaşa özü
rəhbərlik edir. Bu
istiqamətdə qazanılan uğurlarımız möhtəşəmdir--
qısa müddətdə ikiyüzədək
yaşayış məntəqəmiz düşmən
işğalından azad edilib.
Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlar və
dünyanın aparıcı ölkələrinin liderləri
ilə danışıqları şəxsən özü aparır və Azərbaycanın
haqlı mövqeyinin qəbul edilməsinə,
nəticə etibarilə aparılan hərbi əməliyyatlara
dünya birliyində təmkinli münasibətin
formalaşdırılmasına nail olur. Bütün bunlarla yanaşı, dövlətimizin
başçısı hər gün
dünyanın aparıcı media
orqanlarına müsahibələr verməyə də vaxt tapır, beynəlxalq miqyasda
ölkəmizin apardığı xilaskarlıq mübarizəsinə
dəstək qazandırır, düşmənlərimizin
ölkəmizə qarşı formalaşdırmağa
çalışdığı qərəzli informasiya
mühitini darmadağın edir.
Arxa cəbhədə də
iqtisadi, sosial məsələlərin
həlli diqqətdən kənarda qalmır,
planlaşdırılmış bütün
iqtisadi-sosial layihələrin həyata
keçirilməsi davam edir.
Bütün bu fəaliyyətlərin
eyni vaxtda idarə edilməsi
dərin zəka, möhkəm iradə, mükəmməl təşkilatçılıq,
xüsusi diplomatik məharət
və yenilməz sərkərdəlik qabiliyyəti tələb
edir. Bu müstəsna
qabiliyyətləri özündə ali səviyyədə
birləşdirən Prezident İlham Əliyev bu gün Azərbaycanın heç
vaxt unudulmayacaq yeni tarixini yazır. Bütün bunlara görə
hamımız dövlətimizlə və Prezidentimizlə fəxr
edirik.
Bütün dünya bilir
ki, Azərbaycanın işğal
olunmuş ərazilərinin qeyd-şərtsiz
azad olunması haqda
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
30 ildir ki, vasitəçilik
edən həmsədr dövlətlərin qətiyyətsizliyi
səbəbindən icra edilməyib.
Azərbaycan apardığı əks-hücum əməliyyatları
ilə artıq bu qətnamələrin tələblərinin
bir hissəsini yerinə yetirib,
digərlərinin icra ediləcəyi gün də uzaqda deyil. Azərbaycan bununla həm
də Ermənistanın məhəl qoymadığı beynəlxalq
hüququn nüfuzunu quruyur.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri qəbul olunanda sevinirdik. Düşünürdük ki, bu qətnamələrin qəbulundan sonra torpaqlarımız tezliklə azad olunacaq və müharibəyə də birdəfəlik son qoyulacaq. Lakin təəssüf ki, belə olmadı. Beynəlxalq siyasətin pərdəarxası oyunları, qlobal və regional güc sahiblərinin toqquşan maraqları və sadalaya biləcəyimiz digər səbəblərdən bu qətnamələrin tələbləri yerinə yetirilmədi. Böyük ümidlər bəslədiyimiz ATƏT-in Minsk qrupu da bu illər ərzində münaqişəni həll etməli olan qurumdan onu dondurmağa və həllini uzatmağa çalışan amorf bir təsisata çevrildi.
Nəhayət, vəziyyəti yalnız Azərbaycan özü dəyişdi. Hüquqi nöqteyi-nəzərdən, əslində, hazırda Silahlı Qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamənin həyata keçirilməsini təmin edir. Bu qətnamələrin yerinə yetirilməsi ilə Azərbaycan torpaqlarının işğalına son qoyulacaq, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız yenidən doğma torpaqlarına qovuşacaq. Bu, həm xalqımızın qarşısında ədalətin bərqərar olunmasına gətirib çıxaracaq, həm də dünyada sülhün və sabitliyin təmin olunmasına Azərbaycan dövlətinin ən böyük töhfəsi olacaq.
Azərbaycan münaqişənin
hərbi yolla həllini həyata
keçirməyə başlayandan sonra dünya ölkələri
də, sanki, ərazi bütövlüyümüzü
birmənalı tanımağa məcbur oldu.
Əslində, Azərbaycanın ərazi bütövlüyü
heç vaxt
müzakirə mövzusu olmayıb.
Ermənistandan başqa, bütün
dövlətlər ölkəmizin ərazi bütövlüyünü
rəsmən tanıyıb. Beynəlxalq təşkilatlar tərəfindən
bu münaqişə ilə bağlı qəbul
olunmuş bütün
sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü öz
təsbitini tapıb. Azərbaycan dövləti adından
bağlanmış bütün beynəlxalq
dövlətlərarası müqavilələrdə ölkəmizin
ərazi bütövlüyünün qəbul
edilməsi xüsusi bir
maddə ilə öz əksini tapıb.
Belə sənədlərin sayı yüzlərlədir.
Beynəlxalq hüquq baxımından ərazi bütövlüyümüzü şübhə altına alan, yaxud təhdid edən heç bir sənəd mövcud deyil və heç vaxt mövcud olmayıb. Amma təəssüf ki, dünya siyasətində gedən proseslər heç də həmişə beynəlxalq hüquqa əsaslanmır. 30 il ərzində mövcud olan bu münaqişə həmişə maraqlı tərəflərin, imperialist dairələrin ölkəmizə qarşı istifadə etdiyi təzyiq alətinə çevrilmişdi. Coğrafi baxımdan Azərbaycanın dünya üçün geostrateji əhəmiyyəti olduqca böyükdür. Ona görə də böyük güclər bu ölkəni həmişə asılı vəziyyətdə saxlamaqda maraqlı görünürlər.
Düşünmək olardı ki,
belə bir mürəkkəb vəziyyətdən
çıxış yolu tapılmayacaq. Amma bu yol
tapıldı-- onu Azərbaycan Prezidenti İlham Əliyev
tapdı və biz bu yolla Qələbəyə doğru
inamla irəliləyirik. Azərbaycanın
bugünkü siyasi, iqtisadi, hərbi və nəhayət, mənəvi
gücü bu qlobal problemin bizim milli
maraqlarımız çərçivəsində həllini mümkün edir. Bu isə, təəssüf ki,
belə hallarda güc
amilinin beynəlxalq hüququn
təminatçısı olduğunu
göstərir.
Deputat fəaliyyətimlə bağlı parlament komitəsi ilə sıx təmasda olduğum Avropa İttifaqı qlobal siyasi institut kimi hələ tam formalaşmamış bir qurumdur. Belə mürəkkəb problemlərin həlli üçün bu birliyin nə səriştəsi, nə də siyasi iradəsi çatır. Keçən 30 il ərzində biz Avropa İttifaqının, qitənin digər təşkilatlarının gücsüzlüyünü, iradəsizliyini və hətta bəzi hallarda qərəzli münasibətini müşahidə etdik. Bir çox hallarda Avropa öz xalqları üçün rəva bilmədiyi ideyaları qonşu xalqlara sırımağa çalışır. Bəzi hallarda isə əksinə, özlərinə rəva bildiklərinin hamı tərəfindən də qeyd-şərtsiz qəbul olunmasını tələb edirlər. Ona görə də bizim Avropa İttifaqından gözləntilərimiz o qədər də böyük deyil.
Biz ortaq
dəyərlərlə yanaşı, fərqli xüsusiyyətlərə
də malik xalqlarıq. Bizim
özümüzə məxsus üstün
dəyərlərimiz var və bu dəyərlərə sadiq
olmalıyıq. Milli
maraqlarımızı özümüz birlik və həmrəyliyimizi təmin etməklə
qorumalıyıq. Düşünürəm ki,
bu, bizim öz xalqımıza, bir-birimizə hörmətin
və etimadın real ifadəsi olar. Bu gün
beynəlxalq aləmdə bu həqiqətləri
ucadan səsləndirən ən böyük təbliğatçımız Azərbaycan
Prezidentidir. Onun beynəlxalq
müstəvidə apardığı fəaliyyət
mübarizəmizin qanuni, ədalətli və
haqlı olduğunu hər gün
sübut edir.
Bununla yanaşı, hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl Ermənistan tərəfindən aparılan təxribatçı siyasət Azərbaycan diplomatiyasının ayıq-sayıq olmasını tələb edirdi. Bütün beynəlxalq platformalarda Azərbaycanın üzləşdiyi haqsızlıq, düşmən tərəfin təxribatları, danışıqları pozmaq və yeni ərazilər işğal etmək cəhdləri müzakirəyə çıxarılırdı və dünya ictimaiyyəti ardıcıl olaraq bu barədə məlumatlandırılırdı. Əks-hücum əməliyyatları başlayandan sonra bu fəaliyyətlər daha da genişləndi.
Bu gün
təkcə diplomatlar və deputatlar deyil, hər bir Azərbaycan vətəndaşı ədalətli
mübarizəmizin təbliğatçısına çevrilib. Bu azadlıq
mübarizəmizə hərə öz
sahəsində, bacardığı qədər töhfəsini
verməyə çalışır və bütün
bunlar çox sevindiricidir. Dünyanın, demək
olar ki, bütün ölkələrində həm rəsmi
səviyyədə, həm də diaspor və
vətəndaş cəmiyyətləri çevrəsində
bölgəmizdə baş verən hadisələrlə
bağlı geniş maarifləndirmə
işləri aparılır, kütləvi tədbirlər
təşkil olunur. Bütün
bunlar öz nəticəsini
verməkdədir və əminəm ki, son nəticədə bu səylərimiz
tam qələbəmizi təmin edəcək.
Cəbhədə məğlub olan
işğalçı Ermənistanın mülki
əhalini hədəfə alması isə bizim
üçün diplomatik
cəbhəni daha da fəallaşdırır.
Müharibə şəraitində dinc əhalinin
hədəfə alınması bizim üçün nə qədər dəhşətli
görünürsə, Ermənistanın hərbi-siyasi rəhbərliyi
üçün bir o qədər məqbul hesab
olunur. Terrorçuluğu
dövlət siyasətinə çevirmiş
bir ölkə olaraq
Ermənistan nə beynəlxalq hüquqa,
nə də bu gün
sivil dünyanın yorulmadan
təkrar etdiyi insan
haqlarına məhəl qoyur.
Hərbi əməliyyatların getdiyi ərazidən onlarca kilometr aralıda yerləşən və heç bir hərbi infrastruktura malik olmayan şəhərlərimizdə yaşayan dinc sakinləri gecə saatlarında raket atəşinə tutmaq, körpələrin, qadınların, yaşlıların həyatına qəsd etmək heç bir arqumentlə izah oluna bilməz. Bu namərdlik terrorçu erməni xislətinin mahiyyətindən doğur. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, digər şəhər və kəndlərimizin dinc əhalisinə qarşı qadağan edilmiş kütləvi qırğın silahları ilə davamlı hücumlar edilməsi aşkar müharibə cinayətləridir və bu bəşəri faciələri törədənlər də məlumdur.
Əminik ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bu hücumlar barədə göstəriş verənlər də, bu cinayəti törədənlər də öz cəzasına çatacaqlar. Bu itkilər isə bizi nə qədər sarsıtsa da, qələbə əzmimizi sındıra bilməz.
Böyük Qələbən igid əsgər və zabitlərimizin şücaəti ilə qazanılır, tarixə xalqımızın qanı ilə yazılır. Bütün bu ağrı-acılara baxmayaraq, Qarabağ azad ediləcək. Bu zəfər son 2 əsrdə itirilmiş torpaqlarımızın geri qaytarılması uğrunda mübarizəmizdə ilk tarixi Qələbəmiz olacaq.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, Avropa İttifaqıAzərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri,
fəlsəfə doktoru
Xalq qəzeti 2020.- 31 oktyabr.- S.4.