Azərbaycan əsgəri
düşmənə iradəsini diqtə edir
“Qarabağ
müharibəsi döyüşçüsü,
polkovnik-leytenant, hərbi ekspert
Nazim Bayram
düşmən ölkənin siyasi-hərbi təxribatlarına
cavab olaraq Azərbaycanın
başlatdığı hərbi əməliyyatları siyasi-diplomatik yollarla
dayandıra bilməyən Ermənistanın üzbəüz
döyüşdə məğlubiyətinin labüdləşdiyini
vurğulayaraq bildirdi:
– Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı müasir ordu quruculuğu, ölkədə yaratdığı milli birlik və zərgər dəqiqliyi ilə yürütdüyü uğurlu xarici siyasət strategiyası Azərbaycanın hərbi əməliyyatları uğurla davam etdirib düşmənə sarsıdıcı zərbələr endirməsini təmin etmiş, işğalçının ölkəmizdən qovulmasını labüdləşdirmişdir.
Ermənistanın hazırki cəhdləri uduzulmuş partiyanın
oynanılmasıdır.
Təəssüf ki, irrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi, qeyri-adekvatdır, hərbi məğlubiyətin qaçılmazlığını artıq tam anlasa da, danışıqlar masasına gəlmir, potensialı tükənmiş ölkəsini “son erməniyə qədər” döyüşməyə çağırır. Silahlı Qüvvələrimizin genişmiqyaslı, yüksək dərəcədə dəqiq, effektiv zərbələri altında bilavasitə döyüş meydanında düşmən ordusu hərbi-texniki və mənəvi-psixoloji cəhətdən dərindən sarsıdılıb, mütəşəkkil müqavimətini və döyüş qabiliyyətini hər gün itirməkdədir. Azərbaycan Ordusu ötən dövrdə strateji hücum təşəbbüsünə tam yiyələnib və əməliyyat baxımından iradəsini düşmənə diktə edir. Qarşı tərəf yalnız kortəbii müdafiə olunur, faktiki döyüş meydanını pərakəndə şəkildə tərk edir.
Silahlı Qüvvələrimizin
müasir müharibə vasitələri
ilə düşmən qüvvələrini maksimum
kontaktsız, sistematik və metodik şəkildə məhv etməklə,
az itkilərlə irəlilədiyini, hücum tempini yüksək
olaraq saxladığını qeyd edən polkovnik-leytenant
daha sonra dedi:
– Erməni rəsmiləri “bəzi
cəbhə istiqamətlərində geriçəkilmələri”
etiraf etsələr də, mənzərəni
izləyən istənilən hərbi müşahidəçi
üçün aydındır ki, bu, “geriçəkilmə”
manevri yox,
texnikanı, silah-sursatı atıb, canlarını qurtarmaq üçün döyüş meydanından tez-tələsik
qaçışdır. Taktiki-strateji
baxımdan hazırki hücum əməliyyatlarımızın
istiqamətləri birinci Qarabağ
müharibəsindəkindən ciddi fərqlənir.
Bunun bir cəbhə
konfiqurasiyasıdırsa, digər əsas səbəb əməliyyat
planının optimal qurulmasıdır.
Bu fərqin mahiyyəti ondan ibarətdir ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə-istehkam xətti bütün cəbhə boyunca deyil, bir neçə əsas istiqamətdə yarıldıqdan sonra, qoşunlarımız Dağlıq Qarabağın dərinliklərinə düşmənin cinahlarından və arxasından nüfuz edir. Bununla düşmənə, hazır olmadığı, müdafiə istehkamları qurmadığı istiqamətlərdən hücum olunur. İşğalçı müdafiə rayonlarında lokallaşdırılır, düşmənin öz arxası və qonşuları ilə əlaqələri tam, ya qismən kəsilir. Beləliklə, rəqibin vahid müdafiə sistemi parçalanır, o, əməliyyat mühasirəsinə salınır və ya bu təhlükə ilə üzləşəcəyindən tutduğu mövqeləri tərk edir.
Hazırda düşmənin heç
bir istiqamətdə əks-hücum cəhdlərinin
perspektivi yoxdur. Belə
cəhdlər ona heç
nə vermir, əksinə, açıq əməliyat
məkanına çıxmaqla, məhv olma
ehtimalını artırır. Cəmiyyətimizin tam qələbə xəbərini, digər
rayonlarımızın da işğaldan
azad olunması xəbərini gözləməkdə
səbirsizliyi anlaşılandır.
Ancaq az
itki vermək üçün
hərbi əməliyyatlarımız tələskənliyə
yol verilmədən aparılır. Buna görə,
cəmiyyət də tələsməsin, 30 il
gözlədiyimiz kimi bir
az da səbrlə
gözləyək. Ən əsası odur
ki, Ordumuzun
qarşısıalınmaz hərəkəti davam
edir və torpaqlarımızın azad olunması artıq zaman
məsələsidir!
Müsahibimiz sonda söylədi: “Uca
Tanrı qəhrəman Millətimizi, şanlı Ordumuzu, Ali Baş
Komandanımızı və haqq
işimizdə bizə arxa və dəstək
olan Türkiyəmizi qorusun,
bizə tezliklə böyük zəfər
nəsib eləsin.
Bu qələbəmizlə birinci müharibədən bu yana verdiyimiz bütün qurbanlarımızın intiqamı alınacaq, Vətənin bütövlüyü təmin olunacaq, Şəhidlərimizin ruhları şad olacaq. Azərbaycan əsgərinə eşq olsun! Qarabağ əbədi Azərbaycanındır!”.
T.AYDINOĞLU
Xalq qəzeti 2020.- 31 oktyabr.- S.4.