İşğal olunmuş
torpaqlarımızda minlərlə kitabxana,
milyonlarla kitab məhv
edilib
Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və ətraf rayonlarda minlərlə kitabxana, milyonlarla kitab nüsxələri talan edilib, dağıldılıb və məhv edilib. Ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimizin ilk işlərindən biri də heç şübhəsiz ki, kitabxanalarımızı bərpa etmək olacaqdır. Bu fikirləri AMEA Mərkəz Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova bildirib.
O qeyd edib ki, işğal
olunmuş ərazilərimizdə kitabxanalarda saxlanılan nadir
kitab kolleksiyaları da
talan edilib. Şuşada ilk qiraətxananın
yaradıcısı, görkəmli ensiklopedist
alim Mir Möhsün Nəvvabın şəxsi
kitabxanası, dahi bəstəkar Üzeyir Hacıbəylinin və vokal sənətimizin banisi
Bülbülün ev-muzeylərində
saxlanılan dəyərli kitabları buna
misal göstərmək olar.
Təəssüf ki, BMT Təhlükəsizlik
Şurasının işğalçı qüvvələrin
zəbt olunmuş əraziləri
qeyd-şərtsiz azad etməsini
özündə ehtiva edən 4 qətnaməsi
27 ildir ki,
kağız üzərində qalıb. Artıq Azərbaycan Ordusu öz zəfərləri
ilə dünyanın ən böyük təşkilatının
etməli olduğu işi
üzərinə götürüb və
torpaqlarımızı bir-birinin
ardınca azad etməkdədir. Ermənistan
illərdir ki,müxtəlif təxribatlar törədərək
danışıqlar prosesinə zərbə vurur
və zəbt etdiyi torpaqlarımızdan sülh yolu ilə
çıxmaq istəmir. Bu yaxınlarda
Ermənistanın baş naziri
Nikol Paşinyanın “münaqişənin
diplomatik yolla həlli
yoxdur” deməsi də bir
daha sübut etdi ki, qarşı tərəfin
sülh yolu ilə
torpaqlarımızdan çıxmaq fikri yoxdur. Belə olduqda
isə haqlı olaraq Ali
Baş Komandan İlham Əliyevin əmri ilə hərəkət
edən şanlı ordumuz illərdir
düşmən tapdağı altında qalan
rayonlarımızı azad etmək əzmini
real olaraq nümayiş etdirir.
Əminik ki, bu zəfər
yürüşü nəticəsində
dağıdılmış bütün infrastruktur bərpa ediləndən sonra, öz
oxucularını itirən kitabxanalarımız da gün
işığına çıxacaq və sevimli
oxucularının istifadəsinə veriləcək.
S. Zülfüqarova bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın 20 faiz ərazisi ilə yanaşı, o torpaqlardakı mədəni irsimizə də təcavüz olunub. Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş rayonlarda vaxtilə vətəndaşlarımızın yaşadığı evlərlə yanaşı yüzlərlə mədəniyyət ocağı, tarixi abidələr, o cümlədən kitabxanalar da var idi. Məlum olduğu, işğaldan əvvəl bütün rayonlarda olduğu kimi, Qarabağ bölgəsində də zəngin kitab fondu olan müəssisələr fəaliyyət göstərib, insanlarımızın maariflənməsində roy oynayıblar. Təəssüf ki, indi onlar yoxdur. Erməni təcavüzkarları milli-mədəniyyət nümunələrini hədəfə aldığı kimi mütaliə mərkəzlərimiz hesab olunan kitabxanalarımızı da talan etmiş və ya yandırmışdır. Bu cür vacib əhəmiyyətli mədəni obyektlərin sıradan çıxarılaraq məhv edilməsi vandalizmin Ermənistanın birbaşa dövlət siyasəti olduğunu sübut edir.
Direktor əlavə edib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanası Ermənistanın təcavüzkar, işğalçı siyasəti və mahiyyəti haqqında fakt və sübutları əhatə edən kitabları elektron formatda oxucularına təqdim etməkdə davam edir. Bundan əlavə, müntəzəm olaraq erməni təcavüzü və irqçi ideologiyasından bəhs edən bir neçə dildə yazılmış kitablar da MEK-ə daxil edilib. Bu günlərdə “Böyük Ermənistan” xülyasının təşəkkül tapma səbəblərindən bəhs edən və iki dildə yazılmış “Erməni terroru və Qriqorian kilsəsi” adlı əsər də kitabxanamıza təqdim olunub.
Anar TURAN
Xalq qəzeti 2020.- 31 oktyabr.- S.6.