Beynəlxalq auditoriyada Ermənistanın müharibə
cinayətləri kəskin ittiham edilir
Qarabağ cəbhəsində
baş verən hadisələr dünya informasiya məkanının
baş mövzusu olaraq qalmaqdadır. Dünyanın
əksər qitələrinin kütləvi informasiya
vasitələri 30 ildən sonra Azərbaycanın
öz ərazilərini BMT qətnamələrinə
uyğun olaraq qonşu Ermənistanın işğalından
azad etməsini beynəlxalq hüququn tələblərinin gerçəkləşdirilməsi
olaraq qəbul edir
və ədalətin zəfər
çalması kimi dəyərləndirir.
Ölkəmizin haqq işinə qərəzsiz
yanaşan dövlətlərin kütləvi
informasiya vasitələri də Ermənistanın
işğalçılıq siyasətinə qarşı
xalqımızın Vətən müharibəsinə rəhbərlik
edən Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik fəaliyyətinə,
dövlətimizin başçısının müsahibələrində
və xalqa müraciətlərində, eləcə
də rəsmi “Tvitter” hesabında
paylaşdığı məlumatlara və fikirlərə
davamlı yer ayırır. Beynəlxalq media vasitələri Ermənistan ordusunun son günlərdə
Azərbaycanın dinc əhalisinə
qarşı həyata keçirdiyi hücumlara dair məlumatları
da operativ olaraq yayır, bu
vandallıq aksiyalarını müharibə cinayətləri kimi kəskin ittiham edir.
Qardaş Türkiyənin kütləvi informasiya vasitələri bu baxımdan ölkəmizin haqq işinə ardıcıl və təsirli informasiya dəstəyi göstərir. Bu ölkənin mediasında Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatları, eləcə də Ermənistan tərəfinin azərbaycanlı mülki əhaliyə hücumları barədə xəbərlər önəmli yer tutur. Müxtəlif səpkili materiallarda bildirilir ki, təcavüzkar Ermənistanın Azərbaycanın böyük şəhərləri də daxil olmaqla, mülki yaşayış məntəqələrini atəşə tutması, dinc əhalinin hədəfə alınması düşmənin riyakarlığının və amansızlığının göstəricisidir.
Mövzu ilə bağlı verilən analitik yazılarda və telekanallardakı ekspert müzakirələrində vurğulanır ki, beynəlxalq birliyin Ermənistanın müharibə cinayətlərinə laqeyd qalması dünyada haqqa və ədalətə inamı heçə endirir. Hazırkı dövrdə heç kəs iddia edə bilməz ki, baş verənlərdən məlumatsızdır. Azərbaycandakı diplomatik korpusun rəhbərləri və təmsilçiləri Gəncədə və Bərdədə ballistik raket hücumlarının qanlı izlərini öz gözləri ilə görüblər.
ABŞ-ın nüfuzlu
”Nyu York Tayms” nəşrində erməni silahlı
qüvvələrinin Azərbaycanı oktyabrın 28-də
növbəti dəfə raket atəşinə
tutması, erməni təcavüzü və Azərbaycanın
işğal edilmiş
ərazilərində hazırda davam edən
hərbi əməliyyatlar barədə ayrıca məqalə
dərc edilib. Qəzetin
Ermənistan tərəfindən raket atəşinə
məruz qalmış jurnalisti Azərbaycanın
dinc əhalisinə qarşı hücumu təsvir edərək bildirir ki, jurnalistlər Bərdə
şəhərinin əsas küçəsində
maşınla getdikləri zaman şəhərə
erməni raketləri düşməyə başlayıb.
Məqalə müəllifi Karlotta Qell yazır ki, birinci partlayış çox gurultulu olub. Jurnalistlər maşından tullanaraq yaxınlıqdakı divara qısılıblar: “Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti Bərdədən 20 mil uzaqdadır. Həmin ana qədər bu rayonda sakitlik idi”. Reportyor daha sonra raket zərbəsinin dəhşətli nəticələrini və yaralı dinc sakinlərin yaxınlıqdakı özəl poliklinikanın zirzəmisinə çatdırılmasını təsvir edir.
ABŞ jurnalisti xatırladır ki, 1988-ci ildə başlanmış silahlı münaqişə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi işğal edilib, bir milyona yaxın azərbaycanlı öz evlərindən qovulub. Cəbhə xəttinin yaxınlığında yerləşən bir sıra yaşayış məntəqələri demək olar ki, hər gün raket zərbələrinə məruz qalır. Cəbhə xəttindən xeyli uzaqda yerləşən Bərdəyə hücum münaqişənin eskalasiyasının nəticəsidir.
Qell Bərdənin mərkəzində
yaranmış kədərli mənzərəni belə təsvir
edir: “Dağıdılmış
maşınlar qeyri-standart istiqamətdə
dayanmışdı. İki maşında
olan cəsədlərin üzərinə
adyal örtülmüşdü.
Digər avtomobilin yanında bir cüt ayaqqabı görünürdü. Yola
tökülmüş qan
ətrafı qara rəngə
boyamışdı. Havadan
partladıcı maddə iyi gəlirdi”.
Qell daha
sonra yazır ki, Bərdə
şəhərinin mərkəzinə raket
zərbəsi nəticəsində 21 nəfər həlak olub, daha 70 nəfər
yaralanıb. Hakimiyyət orqanlarının məlumatına
görə, kasetli bombalar
yayan raketlər “Smerç”
tipli yaylım atəşi sistemindən
atılıb. Açıq sahələrdə ordulara
qarşı istifadə edilmək üçün
nəzərdə tutulan kasetli
bombalar yaşayış rayonlarında mülki əhali üçün
çox təhlükəlidir. Ona görə də dünyanın əksər
ölkələrində bu silahdan istifadə edilməsi qadağan
olunub.
Müəllif daha sonra yazır ki, həmin gün səhər bir qrup jurnalist Bərdənin
yaxınlığındakı Qarayusifli kəndinə
baş çəkib. Burada
yerli əhali raket atəşi
nəticəsində həlak olanları dəfn edirdi. Qarayusifli kəndinin
dörd sakini, o cümlədən 7 yaşlı qız həlak
olub, 10-dan çox insan yaralanıb.
ABŞ-ın digər media qurumu “VICE News” kanalı da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib: Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı kasetli bombalardan istifadə edilib. “VICE News” kanalının jurnalistləri oktyabrın 28-də bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər. Bildirilib ki, hücumdan bir neçə saat sonra aparılan araşdırmada “Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko “Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.
Azərbaycan rəsmilərinin məlumatına əsasən,
xəstəxana və yaşayış evlərinin həyətlərinə
düşən raket mərmiləri 21 nəfərin
həyatına son qoyub.
Bu, ötən aydan Qarabağda döyüşlərin yenidən
başlamasından sonra ən çox mülki şəxsin
ölümü ilə nəticələnən
hücumdur. Bərdə Rayon
Mərkəzi Xəstəxanasında olan
jurnalistlər burada mülki
geyimdə olan və partlayış xəsarətləri
almış 12 nəfərin meyitini
müşahidə ediblər.
Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistanın oktyabrın 28-də Bərdəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məqalə yerləşdirilib. Məqalədə Azərbaycan Prezidentinin köməkçisi--Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Ermənistan silahlı qüvvələrinin Bərdəyə “Smerç” qurğusundan raketlər atdığı bildirilib. Qeyd olunub ki, Dağlıq Qarabağdan kənarda yerləşən Bərdəyə hücum nəticəsində 21 nəfər ölüb, onlarca dinc sakin yaralanıb. Bu, son toqquşmaların başladığı bir aylıq dövrdə mülki insanlar arasında ən çox ölümlə nəticələnən hücumdur. Materialda ermənilərin oktyabrın 27-də Bərdəyə əvvəlki raket hücumu nəticəsində isə 1-i iki yaşlı uşaq daxil olmaqla, 4 nəfərin həlak olduğu xatırladılıb.
Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilib. Qeyd olunub ki, Ermənistanın dəstəklədiyi separatçılar 1990-cı illərdə 30 min nəfərin ölümü ilə nəticələnən müharibə zamanı Dağlıq Qarabağa nəzarəti ələ alıblar. Onların elan etdiyi “müstəqilliyi” Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımayıb. Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir. Sentyabrın 27-dən başlayan döyüşlərin gedişində Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri azad edir. Ermənistan bu döyüşlərdəki itkilərini etiraf edib və könüllüləri cəbhədə döyüşməyə çağırıb.
Almaniyanın nüfuzlu
“Sueddeutsche Zeitung” nəşri
isə oktyabrın 28-də düşmənin Bərdəyə
raket zərbəsi endirməsindən dərhal
sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Şuşan Stepanyan “Twitter” hesabında bunu danaraq “cəfəngiyat və yalan”
olduğunu yazmasına münasibət
bildirərək əsl yalançının Ermənistan tərəfi
olduğunu ifşa edib.
Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözləri ilə görüblər: “Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözləri ilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən qonşu Tərtər şəhəri də artilleriya atəşinə tutulurdu”.
“Sueddeutsche Zeitung”,
həmçinin Bərdədə mülki
əhalinin, qadın və uşaqların qətlə yetirilməsini
qınayıb. Qeyd edilib
ki, Ermənistan işğal
etdiyi Dağlıq Qarabağda
yaradılan qondarma qurumu
heç özü də
tanımır. Dağlıq Qarabağ və
ətrafındakı 7 rayon beynəlxalq səviyyədə
Azərbaycan ərazisi kimi tanınır.
Xatırladaq ki, oktyabrın
28-də Ermənistanın Bərdəyə raket
hücumu nəticəsində 21 mülki şəxs həlak olub,
70-dən çox dinc
sakin yaralanıb.
Norveçin “Klassekampen” qəzetində Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
barədə məqalə dərc edilib. “Bir münaqişənin tarixi”
adlı məqalədə Dağlıq Qarabağın Azərbaycanın
tərkib hissəsi olduğu qeyd edilir. Münaqişənin
fəsadları barədə məlumatın verildiyi
məqalədə azərbaycanlıların qətlə yetirildiyi və ya işğal olunmuş ərazilərdən
qovulduğu diqqətə
çatdırılır. Bildirilir ki, təkcə Xocalı şəhərində
1992-ci il fevralın 26-da erməni millətçiləri
bir gecədə 613 nəfəri vəhşicəsinə
qətlə yetiriblər.
Məqalədə vurğulanır ki, beynəlxalq hüquq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyə malikdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı dörd qətnaməsində deyilir ki, Ermənistanın bütün işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini dərhal, tam və qeyd-şərtsiz tərk etməlidir.
Məqalədə bu il sentyabr ayının sonlarında Azərbaycan qoşunlarının əks-hücuma keçməyə məcbur olduğu qeyd edilir. Bildirilir ki, erməni tərəfi münaqişəyə digər ölkələri cəlb etməyə çalışır. Bu məqsədlə Ermənistan ballistik raketlərdən istifadə edərək, münaqişədən kənar zonada yerləşən dinc şəhərləri atəşə tutur.
Misirin “Youm
7” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın İnterfaks
agentliyinə müsahibəsindən əsas məqamlara geniş yer ayırıb.
Yazıda qeyd olunur ki, dövlətimizin başçısı
Ermənistanın döyüş
meydanında 5 mindən çox itki verdiyini bildirib. Bununla
yanaşı, Prezident İlham
Əliyev cəbhədə məğlub olan
erməni silahlı qüvvələrinin dinc
insanları və mülki obyektləri hədəf
aldığını vurğulayaraq deyib: “Bilirsiniz ki, dünən kasetli
raketlərlə atəşlər nəticəsində Bərdədə
dörd dinc vətəndaş,
o cümlədən 7 yaşlı qız
həlak olub. Bərdə münaqişə
zonası deyil. Yəni bu,
Vaşinqtonda
razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır.
Bundan əvvəl isə Moskvada razılaşdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak oldu... Hərçənd, erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ kobud şəkildə pozması, Cenevrə konvensiyalarını pozması və hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb”.
Portalın xəbərində BMT
Təhlükəsizlik Şurası, ATƏT-in Minsk
qrupunun həmsədrlərinin fəaliyyəti
ilə əlaqədar Azərbaycan Prezidentinin
söylədiyi tənqidi sözlər, onun
Ermənistan rəhbərliyinin riyakarlığı barədə
fikirləri də yer alıb.
İndoneziya kütləvi-informasiya vasitələri (KİV) Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinə raket hücumu nəticəsində mülki vətəndaşların həlak olmasını və yaralanmasını geniş işıqlandırır. Ölkənin portalprobolinggo.pikiran-rakyat.com, minanews.net, viva.co.id saytları və digər KİV-ləri Azərbaycanın Ermənistanı Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərə raket hücumu nəticəsində 21 nəfərin həlak olmasında günahlandırmasından yazır. Qeyd edilir ki, Azərbaycan Ordusunun Dağlıq Qarabağda apardığı uğurlu hərbi əməliyyatların qarşısında dayana bilməyən Ermənistan, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsə baxmayaraq, Azərbaycan şəhərlərinə raket hücumlarını davam etdirir. Vurğulanır ki, tərəflər arasında əldə edilən üç humanitar atəşkəs razılaşması məhz Ermənistanın təqsiri üzündən onlar qüvvəyə mindikdən bir neçə dəqiqə sonra pozulub.
Məqalələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə istinadla Ermənistanın kaset bombalarına malik “Smerç” raketləri ilə hücumu nəticəsində çoxsaylı mülki vətəndaşların həlak olduğu qeyd edilir. Azərbaycanın Baş Prokurorluğuna istinadla bildirilir ki, terror aktı nəticəsində əhalinin sıx yaşadığı yaşayış məntəqəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb.
Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin İranla sərhəddə yerləşən strateji əhəmiyyətə malik Qubadlı rayonunun Azərbaycan Ordusu tərəfindən azad edildiyi barədə məlumatı təsdiq etdiyi də bildirilir. Vurğulanır ki, bu hərbi üstünlük məsələnin diplomatik həll yolunu çətinləşdirə bilər.
Bu yazılarda Dağlıq
Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən
Azərbaycanın tərkib hissəsi kimi
qəbul olunduğu xüsusi
qeyd edilir. Bildirilir ki, 1991-1994-cü
illərdə birinci Dağlıq Qarabağ müharibəsi zamanı xarici havadarlarına arxalanan
Ermənistan Azərbaycanın 20 faiz ərazisini
işğal edib. Həmin
müharibə nəticəsində 20 mindən çox insan həlak olub, bir milyon
azərbaycanlı ata-baba yurdlarından didərgin
düşüb. Xüsusi
qeyd edilir ki, Azərbaycan məsələnin Ermənistanın
işğal etdiyi ərazilər
üzərində nəzarətini saxlayacaq
istənilən həll yolunu rədd edir.
Moldovanın aparıcı KİV-ləri də
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Bərdə şəhərini raket atəşinə
tutması barədə məqalələr yayıb.
Bu ölkənin nüfuzlu “Tribuna”,
NOİ.MD, AVA.MD, İPN.MD informasiya
portalları Bərdə şəhərinə edilən raket hücumu nəticəsində
20-dən çox mülki
vətəndaşın həlak olduğu
qeyd edilib. Məqalələrdə
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında edilən
paylaşımdakı fikirlər yer
alıb. Birinci xanıma istinadla
vurğulanıb ki, Ermənistan silahlı
qüvvələri döyüş əməliyyatları
zonasından kənarda yerləşən Bərdə şəhərini
raket atəşinə məruz qoyaraq humanitar atəşkəs
rejiminin şərtlərini növbəti
dəfə kobud şəkildə pozublar.
Həmçinin digər məqalələrdə də Ermənistanın Azərbaycanın yaşayış yerlərini, o cümlədən Bərdəni kasetli raketlərlə atəşə tutmasını pisləyən fikirlər yer alıb.
Hazırladı: Tahir AYDINOĞLU
Xalq qəzeti 2020.- 31 oktyabr.- S.6.