Vətəndaşa həssas və qayğıkeş münasibətin mükəmməl örnəyi

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam İndeksi” nəşrinin xüsusi buraxılışında Prezident İlham Əliyevin cari ilin ikinci rübündəki fəaliyyətinin ictimai qiymətləndirilməsinə dair elmi təhlil yer alıb. Analitik hesabatda dövlətimizin başçısının rəhbərliyi ilə yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirilən təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında dəyərləndirilib.

Bununla bağlı keçirilən brifinqdə ekspertlər tərəfindən ictimai rəy sorğusunun nəticələrinə əsaslanmaqla, uğur qaza­nan və sınaqdan çıxan dövlətlər arasında Azərbaycanın olması əminliklə vurğula­nıb. Bu zaman siyasi lider amili, dövlətin potensial resurs, güc və imkanları, həmçinin ictimai inam və etimadın mövcudluğu prinsiplərinə xüsusi önəm verilib.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan bütün antiböhran layihələrin məzmunu – sosial paketlərdən tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə, yeni klinikaların inşa­sına qədər həyata keçirilən tədbirlər də məhz bu məqsədə – vətəndaşın ali dəyər kimi mərkəzdə durmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan dövləti COVID-19 infeksiyası­nın geniş vüsət almaması üçün pandemiya­nın yayılma təhlükəsinin hiss olunduğu ilk günlərdən həyata keçirilən qabaqlayıcı, çe­vik tədbirlərin əhatə dairəsini genişləndirdi. Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Martın 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Respublika ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırıldı, parkictimai istirahət yerlərinə insanların girişi qadağan edildi. Yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstühava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırıldı.

Aprelin 5-dən etibarən isə bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilən şəxslər istisna olmaqla, bütün vətəndaşların yaşayış yerini tərk etmələrinə konkret müəyyənləşdirilən hallardavaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verildi. Ölkədə koronavirusa yoluxma hallarının üzə çıxarılması üçün müasir tibbi laboratoriyalar alındı, diaqnostik alətlər və tibbi ləvazimatlar ölkəyə vaxtında gətirildi.

Bütün bunlar pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan Prezidentinin birbaşa həyata keçirdiyi qətiyyətli, preven­tiv siyasətin məntiqi nəticəsi, dövlətimizin başçısının tapşırığı ilə hazırlanan dəstək paketlərinin yüksək səviyyədə icra olunma­sının bariz ifadəsi, həmçinin Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirdiyi kimi, koronavirusla ən uğurlu mübarizə aparan ölkələr sırasında xüsusi yer almasının təsdiqidir.

Azərbaycanda COVID-19 pandemiya­sı ilə mübarizə dövründə əvvəlki vaxt­larda olduğu kimi, sosial layihələr uğurla həyata keçirilir, mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri daim diqqətdə saxlanılır. İşsizlərlə bağlı çətinliklərin aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər gerçəkləşdirilir. Bu, bir tərəfdən ölkə rəhbərinin siyasi iradəsi, digər tərəfdən isə dövlətin iqtisadi gücü sayəsində reallaş­dırılır.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı iclasda söylədiyi nitqində deyib: “Sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək. Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir”.

Sosial layihələrin icrasından söz düşmüşkən, dövlətimizin başçısının pande­miya şəraitində diqqət mərkəzində saxladı­ğı məsələlərdən biri olan təhsil sisteminin inkişafına göstərilən qayğı barədə də danışmaq istərdik. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində təhsildə çox mühüm layihələr reallaşdırılıb, bu sahənin tərəqqisinə böyük qayğı göstərilib. Bu, təsadüfi olmayıb. Çünki hər bir ölkənin indisi və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onlar­da təhsilin səviyyəsi yüksəkdir. Belə şərait isə, şübhəsiz ki, elmi-texniki tərəqqini də şərtləndirir. Ölkə rəhbəri bununla bağlı çıxış­larının birində deyib: “İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil ye­tişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyurlar”.

Prezident İlham Əliyevin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər bu sahədə islahatlar daha da dərinləşib, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 3-də Bakı­nın Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin, həmçinin Azərbaycan Dövlət İqtisad Univer­sitetinin yeni tədris korpusunun açılışlarında iştirak etmələri də təhsilə göstərilən diqqət və qayğının bariz ifadəsidir.

İnam indeksi”də Prezidentin fəaliyyətinin prioritet istiqamətlərindən biri olaraq ölkədə ordu quruculuğuna da toxunulub. Çünki Si­lahlı Qüvvələrə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində olması ilə bağlıdır. STM-nin keçirdiyi sor­ğunun nəticələrindən də aydın görünür ki, əhali ordu quruculuğu istiqamətində dövlət başçısının fəaliyyətini kifayət qədər yüksək qiymətləndirir. Belə ki, rəyi soruşulanların 70,7 faizi, yəni mütləq çoxluğu ölkə Prezi­dentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin çox səmərəli olduğunu düşünür, 24,6 faiz respondent isə bu istiqamətdə dövlət başçısının fəaliyyətini əsasən səmərəli hesab edir.

Ordu quruculuğu istiqamətində səmərəli fəaliyyət dövlətimizin başçısına olan inam və etimadın artmasını şərtləndirən əsas amil kimi diqqət çəkir. Belə ki, Azərbaycan Prezidentinə olan inam və etimadının artdığını bildirən 24,6 faiz respondentin 82 faizi ordu quruculuğu istiqamətində ölkə rəhbərinin fəaliyyətini çox müsbət qiymətləndirir. Hətta inam və etima­dının azaldığını bildirən 2,6 faiz respondentin 27,6 faiziordu quruculuğu istiqamətindəki fəaliyyəti müsbət dəyərləndirir.

Bununla bağlı bir məqamı xüsusi vurğu­lamaq istərdik. Belə ki, hazırda Ermənistanda dərin siyasi böhranın hökm sürməsinə, sosial-iqtisadi şəraitin gündən-günə ağırlaşmasına baxmayaraq, düşmən ölkə yenə də işğalçılıq siyasətindən əl çəkmir, sərhədlərimizi kobud­casına pozur, yeni mövqelər əldə etmək, canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək üçün cəhdlər göstərir. Şübhəsiz ki, faşizm ənənələrini davam etdirən bir ölkə üçün bu, heç də təəccüblü deyil. Belə bir şəraitdə isə dövlətimizin başçısı Silahlı Qüvvələrimizin getdikcə gücləndirilməsini diqqət mərkəzində saxlayır. Xatırladaq ki, son 17 ildə zabit kadrlarının hazırlıq səviyyəsinə xüsusi önəm verilməsi, əsgərlərin mənəvi-psixoloji du­rumunun yüksəldilməsi, mütəmadi qaydada təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi sayəsində hazırda Azərbaycan Ordusunun dünyada 50 ən güclü ordu sırasında yer alması ölkə qarşısında duran ən ağrılı, ən çətin problemin həllini–torpaqlarımızın hərbi yolla azad edilməsini şərtləndirir.

Bir sözlə, bu gün qüdrətli Ordumuz qarşısında gücsüz və taqətsiz durumda olan Ermənistan Ordusunun duruş gətirə bilməməsi də yuxarıda diqqətə çatdırılan fikrin təsdiqidir.

Onu da vurğulamaq istərdim ki, Pre­zident İlham Əliyev ayrı-ayrı çıxışlarında düşmənə atəşkəs pozulacağı, təxribatlara cəhd ediləcəyi təqdirdə Ordumuzun buna ən ağır şəkildə cavab verəcəyi barədə xəbərdarlıq edib, “Ermənistan Aprel döyüşlərini heç vaxt unutmasın!” kimi qətiyyətli mesaj verib. Ermənistan tərəfinin iyulun 12-də törətdiyi təxribatın qarşısının alınması da dövlət başçı­mızın səsləndirdiyi bəyanatın parlaq ifadəsi, düşmənə növbəti layiqli cavab, döyüş meyda­nında daha bir dərsdir.

Lakin Ermənistan nə qədər ki, işğalçılıq və faşizm siyasətini davam etdirəcək, bu cür cavablar da alacaq, belə məğlubiyyətlər yaşa­yacaq, saysız-hesabsız itkilər verəcək. İşğalçı ölkədə bu, unudulmamalıdır.

Hazırda beynəlxalq və milli səviyyədə yeni çağırışlar, inkişaf hədəfləri dövlət idarəçiliyi sahəsində çevikliyin və səmərəliliyin artırılma­sını zəruri edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr islahatları daim dövlət başçısının diqqət mərkəzindədir. Prezidentin həyata keçir­diyi kadr islahatları respondentlərin 53,9 faizi tərəfindən çox səmərəli, 32 faizi tərəfindən isə əsasən səmərəli kimi qiymətləndirilir.

Şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli rol oynayıb. Belə ki, Prezidentə olan inam və etibarın artdığını bildirən 24,6 faiz res­pondentin 68,6 faizi kadr islahatlarını yüksək qiymətləndirib. Dövlət başçısının həyata keçirdiyi kadr islahatlarını çox səmərəli hesab edənlərin 81,2 faizi ölkə rəhbərinin korrupsiya ilə mübarizə sahəsindəki təşəbbüslərini də dəstəklədiyini bildirib.

Təcrübə göstərir ki, ictimai maraqların ifadəçisi olan hakimiyyət fəaliyyətində daim mütərəqqi ruhlu qanunlara əsaslanaraq xalqa təmənnasız xidməti başlıca məqsədə çevirir. Bu vəzifənin reallaşdırılması üçün monolit, güclü, peşəkar komandanın formalaşdırılması, habelə dövlət idarəçiliyinə müasirlik, dina­mizm və təşəbbüskarlığın gətirilməsi obyektiv zərurətə çevrilir. İndiki pandemiya şəraitində bu və digər mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır.

Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə yürütdüyü məqsədyönlü siyasət də, bu mənada, təkcə dünyada möv­cud böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlib.

Dövlətimizin başçısının həyata ke­çirdiyi strukturkadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.

Onu da qeyd edək ki, ölkə rəhbəri daim çıxışlarında kadrların peşəkar olmalarının mühüm önəm daşımasını xatırlatmaqla bərabər, onlara təyin olunduqları vəzifələrdə nüfuz qazanmalarının, vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərinin əsas tutmalarının vacibliyini də diqqətə çatdırıb. Eyni zamanda, kadr­ların xoşagəlməz hallara, korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə apar­malarının əhəmiyyətini vurğulayıb.

Son illər ərzində Azərbaycanda reallaşdırı­lan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər bir sıra siyasi dəyişikliklərlə, struktur yeniləşmələri ilə müşayiət olunur. Bütün bun­ların fonunda, əgər belə demək mükündürsə, respublikada siyasi transformasiya mühiti də getdikcə şəffaflaşır, aydınlaşır. Artıq strukturkadr islahatlarının davamlı xarakter alması özünü qabarıq büruzə verir. Bütün bunlarla bərabər, beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən korrupsiya ilə mübarizə tədbirləri getdikcə gücləndirilir, bu istiqamətdə dövlət qurumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokra­tiya, süründürməçilik, həmçinin korrupsiya, rüşvətxorluq hallarının aradan qaldırılma­sı, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi, önəmli addımlar atılır. Əlbəttə, şübhə yoxdur ki, bütün bu tədbirlər, gerçəkləşdirilən islahatlar, yeniləşmələr ölkənin gələcək dayanıqlı inkişa­fının şərtləndirilməsi məqsədi daşıyır.

 

Vaqif BAYRAMOV

Xalq qəzeti 2020.- 5 sentyabr.- S.1;2.