Böyük nəslin sonuncu mogikanı
Sadə insan, gözəl pedaqoq, əvəzolunmaz ifaçı,
Bakının ən nüfuzlu zadəgan nəslinin
nümayəndəsi... Bu həqiqətlərin
hamısını özündə birləşdirən şəxsiyyət
haqqında mübaliğəsiz demək olar:
sadəcə Əhməd müəllim.
Mən sənətə gəldiyim ilk günlərdə Əhməd Bakıxanova
qibtə edir, onun əlçatmaz
bir şəxsiyyət olduğunu
hiss edirdim. Onun Azərbaycan
radiosunun qızıl fondunda
olan, çox zövqlə
çaldığı “Xaric segah”, “Bayatı-Qacar”, “Şur”,
“Humayun” və başqa
muğamlarına diqqətlə qulaq
asır, vurduğu mizrabları bircə-bircə
izləyərək, ifaçılıq xüsusiyyətlərini
qismən mənimsəməyə
çalışırdım.
Ustad xanəndə
Hacıbaba Hüseynov tar
ifaçılığıma qulaq asandan sonra məni Əhməd
Bakıxanovun yanına aparacağına söz
vermişdi. O vaxt
Əhməd Bakıxanovun rəhbərlik etdiyi
Xalq Çalğı Alətləri
Ansamblının məşqləri tibb
işçilərinin mədəniyyət evində keçirilirdi. Nəhayət, 1970-ci ildə
Hacıbaba Hüseynov məni müəllimin
yanına apardı. Evdən çıxanda tarı “Xaric segah” muğamına
kökləmişdim.
Binaya daxil olarkən Əhməd Bakıxanovu, ansamblın konsertmeysteri Həbib Bayramovu və digər ansambl üzvlərini görərək özümü itirdim. Hava soyuq olduğundan əllərimin donu açılmamış Əhməd Bakıxanov mənə dedi ki, götür tarı, çal qulaq asım. İfa etməyə başladım. Əhməd Bakıxanovun barmaqlarını görmədən “Xaric segah”ı radiodan necə eşitmişdim, elə onun üslubu ilə də ifa etdim. İfamı bitirdikdən sonra dedi ki, mənimlə əlaqə saxla ki, vaxtı deyim bizə gələsən.
Hiss etdim ki, ifam
müəllimin xoşuna
gəldi. Hacıbaba Hüseynovdan soruşdum ki, müəllim nə dedi? O, mənə belə dedi: “Hacıbaba, bu lap qaraciyərdən çaldı ki...” Yəni “ürəkdən
çaldı” ifadəsini
bir az
dəyişdirdi. Həmin gün
mənim sevincimin həddi-hüdudu yox idi. Sonra mən müəllimin
evinə vaxtaşırı
gedir, onun məsləhətlərinə və
çalğısına dönə-dönə
qulaq asaraq muğam sənətinin incəliklərinə yiyələnirdim.
Əhməd Bakıxanovun tövsiyəsi
ilə Asəf Zeynallı adına
Bakı Musiqi Texnikumunun xalq çalğı alətləri
şöbəsinə qəbul
olundum. Ustad məni özünə
tələbə götürdü.
Beləliklə, muğamlarımızın mahir bilicisi, böyük pedaqoq Əhməd Bakıxanovdan
mükəmməl muğam
dərsləri aldım.
O, bütün tələbələrə
ata kimi yanaşar və onların qayğısına
qalardı. Ömür-gün yoldaşı Məsmə
xanım tələbələri
doğması kimi əzizləyər, onlara nəvaziş göstərərdi.
Müəllim mənə deyərdi
ki, təhsilini bitirdikdən sonra səni Asəf Zeynallıya muğam sinfinə müəllim götürəcəyəm.
... Müəllimin stolüstü iri
bir qeyd dəftəri vardı.
O, ibrətamiz sözləri,
zərb məsəlləri,
atalar sözlərini
kimin dilindən eşitsəydi, dərhal dəftərə qeyd edərdi. Bir dəfə televiziya
ekranlarında bir xanəndənin zəif ifasına qulaq asdım. Mən müəllimgilə gedəndə
dedim ki, müəllim, o gün eşitdiyim ifa xoşuma gəlmədi. O isə cavabında mənə: “Vamiq, bədrəng də bir rəngdir” dedi. O vaxtdan mən bu misalı dönə-dönə
işlədərək, müəllimi
yad edir, onun bu ibrətamiz
cavabına heyran oluram.
El arasında həmyaşıdları
ona “Əhmədxan, – deyə müraciət edirdilər. Bu ad ona
çox yaraşır,
soyadının qismən
birləşməsi kimi
məşhur nəslin
nümayəndəsi və
nəhayət, görkəmli
şəxsiyyət olduğunu
təsdiq edirdi.
...Tələbə olduğum
dövrlərdə tarım
birdən-birə çox
pis hala düşmüşdü. Müəllimin evinə getdim. Tarı ona göstərdim
və diqqətlə baxandan sonra dedi: “Tarın üz pərdəsi dəyişməlidir. Eyni
zamanda sevinərək
dedi ki, yaxşı gəlmisən.
Bu gün həm qonağım olacaqsan, həm də tara üz
çəkəcəyik”. Müəllimin göstərişi ilə
tarın üz pərdəsini dəyişdik
və xeyli söhbət elədik.
Şam yeməyinə yaxşı
plov hazırlamışdılar.
Ləzzətlə yedik. Müəllimin qalaylı mis camı var idi.
Mənə dedi ki, çörək yedikdən sonra belə qabda su içmək çox faydalıdır. Xülasə,
gecəni onlarda qaldım. Səhər
yuxudan ayılanda mənə hökmən çörək yeyəcəksən,
– deyə bu kəlamı işlətdi:
“Vamiq, səhər yeməyi bədənin sütunudur. Tövsiyəm budur ki, heç vaxt səhər yeməyi yemədən evdən çıxma”.
1973-cü ildə müəllimin
həyatının son günləri
idi. Dostum müğənni Zaur Rzayevlə birlikdə müəllimə
baş çəkməyə
getdik. Onu da qeyd edim ki, Zaurun
sənətə gəlməsində
Əhməd Bakıxanovun
çox böyük rolu olmuşdu. Müəllim artıq yataqda
ağır vəziyyətdə
idi. Biz onunla görüşdükdən sonra
dedi ki, “Zabul segah” çalıb
oxuyaq. Zaurla mən ifanı
bitirdikdən sonra müəllimin huşsuz olduğunu nəzərə
alaraq dərindən köks ötürdük və evi tərk
etdik. Bu, müəllimlə son görüşümüz
oldu.
90-cı illərdə Azərbaycan Televiziya və Radiosunun fondu üçün ifa elədiyim “Nəva” muğamı Əhməd müəllimdən
sonra ilk dəfə idi ki, bu
səpkidə səslənirdi. Mən o ifanı
20 Yanvar şəhidlərimizin
və Əhməd Bakıxanovun əziz xatirəsi üçün
işləyib hazırlamışdım.
Hər dəfə o muğam səslənəndə ürəyimdən
bir tikan çıxararaq məni sizinlə bölüşdüyüm
xatirələr aləminə
qərq edir. Tam səmimiyyətlə deyə bilərəm ki, əziz müəllimim
Əhməd Bakıxanova
bütün həyatım
boyu özümü borclu sanır və sənətdə qazandığım uğurlara
görə ömrüm
boyu ona minnətdarlıq əlaməti
olaraq, ruhu qarşısında baş
əyirəm.
Vamiq MƏMMƏDƏLİYEV, Xalq artisti, professor
Xalq qəzeti 2020.- 5 sentyabr.- S.6.