Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələrinin inkişaf
perspektivləri müzakirə olunub
Milli Məclisin Sədri
Sahibə Qafarovanın başçılığı ilə
Türkiyədə səfərdə olan
Azərbaycan parlamentinin nümayəndə
heyəti sentyabrın 11-də Türkiyə Böyük
Millət Məclisinin (TBMM) Sədri Mustafa
Şentopla görüşüb.
Milli Məclisin Sədri
Sahibə Qafarovanı və nümayəndə heyətinin
üzvlərini salamlayan Mustafa
Şentop Türkiyə və Azərbaycanın
qardaş ölkələr olduğunu bildirib. Qeyd edib ki,
Türkiyə və Azərbaycan əsrlər boyu
dərin tarixi dostluq və
qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, bir millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən məsələdə dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.
TBMM-in Sədri qeyd edib ki,
Azərbaycan Prezidentinin Yunanıstanın
Azərbaycana yeni təyin olunmuş
səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi
sözlər Türkiyənin 83 milyonluq əhalisinin
qəlbinə su səpdi. Mustafa
Şentop Yunanıstanla bağlı məsələdə
Türkiyəyə verdiyi dəstəyə
görə Azərbaycan tərəfinə xüsusi
təşəkkürünü çatdırıb.
Milli Məclisin Sədri
Sahibə Qafarova səmimi görüşə
görə minnətdarlıq edərək parlamentin
başçısı kimi ilk olaraq Türkiyəni
ziyarət etməsindən məmnunluq duyduğunu
bildirib. Qeyd edib ki,
ölkələrimiz arasında gözəl bir
ənənə formalaşıb – yüksək vəzifəli
dövlət rəsmilərimiz vəzifələrinin
icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini
qarşılıqlı şəkildə qardaş
ölkəyə edirlər. Mən də bu
gözəl ənənəyə sadiq qalaraq ilk xarici
rəsmi səfərimi məhz dost ölkə
Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir və mən əminəm
ki, iki qardaş
ölkə arasında bu gözəl ənənə
bundan sonra da yaşayacaq.
Sahibə Qafarova
təəssüflə bildirib ki, koronavirus pandemiyası
səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı. Sədr pandemiyaya
qarşı aparılan çox səmərəli
mübarizə ilə bağlı qardaş
Türkiyəni təbrik edib.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin Sədri qeyd edib ki, dünya siyasi sistemində bunun alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi
ilə Türkiyə Böyük Millət
Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər
xarakterinə sahibdir. Bu
qardaşlıq parlamentlər arasında həm ikitərəfli
formatda, həm də beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıqda özünü göstərir.
Parlamentlərimizdə qarşılıqlı
fəaliyyət göstərən dostluq
qrupları vardır. Azərbaycan tərəfdən
Əhliman Əmiraslanov, Türkiyə tərəfdən isə
Şamil Ayrım bu qruplara uğurla rəhbərlik
edirlər. Şamil Ayrım Azərbaycan
ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin
inkişafı üçün göstərdiyi
xidmətlərə görə Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən
“Dostluq” ordeninə layiq
görülüb.
Sahibə Qafarova
deyib ki, parlament rəhbərləri ilə
yanaşı, dostluq qruplarımız
arasında da qarşılıqlı səfərlərin
və görüşlərin artırılması olduqca mühümdür.
Çünki dostluq
qruplarının təmaslarının intensivləşməsi
ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə
mühüm töhfə verir.
Sədr iyulun
12-də Ermənistan tərəfindən Tovuz
istiqamətində sərhəddə törədilən təxribatla
bağlı Türkiyə Böyük
Millət Məclisində təmsil olunan 4
siyasi partiya – AK Parti, CHP, MHP və İYİ Partinin
ortaq bəyanatla
çıxışına görə Türkiyə siyasətçilərinə,
siyasi partiyalarına bir
daha dərin minnətdarlığını
bildirib.
Xanım sədr vurğulayıb ki, bir millət, iki dövlət olaraq
tariximizdə də çox
oxşarlıqlar var. Buna
görə gələcəyimizi də gərək elə quraq ki, bunları qoruyub saxlayaq.
Milli Məclisin Sədri
Sahibə Qafarova qeyd edib ki, Prezident
İlham Əliyevin Yunanıstanın Azərbaycana
yeni təyin olunmuş
səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi
sözlər bütün Azərbaycanın
mövqeyidir.
Siz də qeyd
etdiyiniz kimi, Azərbaycanla
Türkiyə arasında çox sıx
münasibətlər var. Bu
günədək iki ölkə
arasında 249 sənəd imzalanıb. Bu
sənədlər təhsildən tutmuş
enerji layihələrinə qədər
müxtəlif sahələri əhatə edir.
Bakı-Tbilisi-Qars dəmir yolu,
TAP, TANAP layihələri təkcə bizim
ölkələr üçün deyil, bütün bölgə
üçün mühüm
layihələrdir və bunu birlikdə həyata
keçirməyimiz bizim birliyimizdən,
qardaşlığımızdan və dostluğumuzdan
xəbər verir. Hesab
edirəm ki, biz bu münasibətləri daha
da genişləndirməliyik.
Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xalq qəzeti 2020.- 12 sentyabr.- S.2.