Uğurlu xarici siyasət ölkəmizin tərəfdaşlarının
sayını getdikcə artırır
Biz xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz, məhz, milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Son 17 il ərzində həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə, dünyada mühüm söz sahibinə çevrilib, eyni zamanda, bir sıra beynəlxalq əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanan xarici siyasət kursu tanınmış ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Dövlətimizin başçısının müəyyənləşdirdiyi xarici siyasət strategiyası bütünlüklə milli maraqlara söykənir.
Hazırda Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, ölkəmizin ən böyük nailiyyətlərindən hesab olunur. Respublikamızda yaradılmış sabitlik, əmin – amanlıq ölkəyə daha çox investorların cəlb olunmasına şərait yaradır. İndiki dövrdə iri şirkətlər və inkişaf etmiş dövlətlər daha çox sabitliyin hökm sürdüyü ölkələrə investisiya qoyurlar. Ölkədə yaradılmış sabitlik iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində daha qətiyyətli addımlar atılmasına, iri infrastruktur layihələrin reallaşdırılmasına imkan yaradır. Dünyanın başı üzərini almış koronavirus pandemiyasının tüğyan etdiyi bir zamanda da bunun şahidi olduq. Belə bir çətin məqamda Azərbaycanın iri infrastrukur layihələri reallaşdırması beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Azərbaycan dinamik inkişaf yolunda inamlı
addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq
möhkəmlənir. Bununla yanaşı,
zamanın çağırışlarına uyğun
olaraq genişmiqyaslı islahatlar
həyata keçirilir, ölkəmizin
qüdrətinin daha da
artmasına xidmət edən mühüm
addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı fərman
və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər
sosial, iqtisadi və
digər sahələri əhatə edən islahatların
davamlı xarakter
daşıdığını göstərir. Yəni, bütün bu tədbirlər
uzunmüddətli islahatlar paketinin
tərkib hissəsidir.
Azərbaycanın xarici
siyasətinin prioritetlərindən biri dünyada sülhün və
təhlükəsizliyin təmin olunmasıdır. Bu mənada, Prezident İlham Əliyevin düşünülmüş,
uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizlə
əməkdaşlıq etmək istəyən dövlətlərin
sayı getdikcə artır. Tərəfdaşlarımızın
sayının artmasında mühüm rol oynayan amillərdən
biri də Azərbaycanın sülhyaratma prosesində fəal
iştirakı, mütəmadi olaraq səmərəli
təklif və təşəbbüslərlə
çıxış etməsi, öz praktiki fəaliyyəti ilə sülhün
və təhlükəsizliyin möhkəmləndirilməsinə
dəyərli töhfələr verməsidir. Dövlət
başçısının məqsədyönlü xarici siyasəti nəticəsində ötən
dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli
iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilmiş və bir
sıra əhəmiyyətli əməkdaşlıq
formatlarının təşəbbüskarı olmuşdur.
Dövlətimizin başçısı
müsahibələrinin birində bildirib ki, bəzən bizim xarici siyasətimizi
tarazlaşdırılmış kurs kimi qələmə verirlər. Ancaq bizim xarici
siyasətimiz milli maraqlar
üzərində qurulub. Möhtərəm
Prezidentimiz bu
açıqlamanın təsadüfən verilmədiyni qeyd edərək deyib ki, bəzi xarici mətbuat
orqanlarında, ekspert cəmiyyətlərində
belə bir fikir
söylənilir ki, Azərbaycan
balanslaşdırılmış,
tarazlaşdırılmış siyasət aparır: “Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz
milli maraqlarımızı qoruyuruq və mümkün
olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz, məhz,
milli maraqlar üzərində
qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki,
buna müvəffəq olmuşuq.
Biz bu coğrafiyada,
bu regionda
yaşayırıq. Əlbəttə ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət
daşıyır, hər bir ölkə üçün. Mən hesab
edirəm ki, hər bir
ölkə istəyər ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son
illər ərzində bütün qonşularla – təbii ki,
Ermənistan istisna olmaqla
– dostluq münasibətlərimizi daha da gücləndirmişik,
yeni səviyyəyə
qaldırmışıq. Həm ikitərəfli formatda, həm də bizim
təşəbbüsümüzlə qonşularla
artıq üçtərəfli, hətta, dördtərəfli
əməkdaşlıq formatı mövcuddur.
Onu da bildirməliyəm
ki, bunun təşəbbüskarı
da Azərbaycandır”.
Beynəlxalq aləmə də bəllidir ki, bu gün
Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Bu, bir daha təsdiqləyir ki, qonşularla
yaxşı münasibətlər olmadan enerji, nəqliyyat layihələrini istənilən
səviyyədə icra etmək mümkün olmaz. Bütün bunların fonunda
dövlət başçısı qeyd edib ki, nəinki yaxın
qonşularımızla, biz daha böyük
coğrafiyanı əhatə edən əməkdaşlıq
formatı yaradırıq. Məhz bu əməkdaşlıq
formatı imkan verir ki, biz öz
nəhəng, transmilli layihələrimizi
uğurla və vaxtında icra
edək. Ona görə bu,
bizim üçün
strateji əhəmiyyət daşıyan bir yanaşmadır. Mən şadam
ki, bu gün
qonşularımızla bizim əlaqələrimiz
dostluq, mehriban qonşuluq, əməkdaşlıq üzərində
qurulub və bu əməkdaşlığın
çox böyük
gələcəyi var.
Ölkəmiz beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın
uğurla davam etdirilməsini
daim diqqət mərkəzində
saxlayıb. Söz yox
ki, bəzi qərəzli təşkilatlar
ikili standartlardan əl
çəkməyərək respublikamıza qarşı böhtan və iftira
kampaniyasını davam etdirirlər. Ancaq öz məkrli niyyətlərinə
nail ola bilmirlər. Çünki ölkəmiz heç
bir dövlətdən asılı olmayaraq müstəqil siyasət yeridir və beynəlxalq təşkilatlarla əməkdaşlığı
davam etdirir. Son illər
Azərbaycan BMT, Qoşulmama Hərəkatı,
ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam
Əməkdaşlıq Təşkilatı, QİƏT, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası, Şanxay Əməkdaşlıq
Təşkilatı və sair təşkilatlarla
sıx əməkdaşlıq edib.
Koronavirus pandemiyası bəşəriyyətin
başı üzərini alana qədər
ölkəmiz önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının, Qoşulmama Hərəkatının
zirvə görüşlərinin Azərbaycanda keçirilməsi
ölkəmizə olan inam
və etimadın göstəricisidir. BMT-dən sonra ikinci böyük
beynəlxalq təsisata – Qoşulmama Hərəkatına
120 ölkənin yekdil qərarı ilə
3 il ərzində sədrlik etməsi Azərbaycanın
xarici siyasət sahəsində
qazandığı ən böyük uğurlardan biridir. Bu fakt bir
daha təsdiləyir ki,
ölkəmizin dünya birliyindəki reytinqi getdikcə yüksəlir. Təbii ki, respublikamızın bu nüfuzlu quruma 3 il ərzində rəhbərliyi
dövründə üzv ölkələrlə
ikitərəfli əlaqələrin möhkəmləndirilməsi
ilə yanaşı, əsas problemimiz olan Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində də bütün imkanlardan
istifadə ediləcək. Məlum olduğu kimi, artıq Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağ məsələsində Azərbaycanın
haqlı mövqeyini birmənalı şəkildə
müdafiə edir, münaqişənin ancaq ölkəmizin ərazi bütövlüyü
çərçivəsində, beynəlxalq hüquq
prinsiplərinə əsasən həllini dəstəkləyirlər.
Hərəkat bu mövqeyini
Bakıda keçirilən növbəti sammitində bir daha bəyan edib.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritetini təşkil edir. Son illər bu istiqamətdə aparılan danışıqlar prossesinin nəticəsiz qalmasının əsas günahkarı, məhz, işğalçı Ermənistan tərəfidir. Bunun əsas səbəbi işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi, işğalçı siyasətdən əl çəkməməsidir. Artıq Azərbaycan tərəfinin səbir kasası daşmaq üzrədir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Bu, birmənalıdır və heç kim buna şübhə edə bilməz. Azərbaycan Ordusunun gücünə, qüvvəsinə və döyüş qabiliyyətinə arxalanan Prezident İlham Əliyev ölkəmizin döyüş meydanında öz sözünü deyəcəyinə əmindir. Həm Ermənistan, həm də dünya birliyi artıq bunun şahidi olub.
Xatırladım ki,
2016-cı ilin Aprel
döyüşlərində cəmi dörd
gün ərzində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə
ağır zərbə vurdu və bununla da “güclü
Ermənistan ordusu” mifi
puç oldu. Bu
döyüşdə uzun illər
düşmən əsarətində qalmış ərazilərimizin
2 min hektarı azad edildi və bir neçə
starteji əhəmiyyətli yüksəklik
ordumuzun nəzarətinə keçdi. 1992-ci ildə erməni silahlı
birləşmələri tərəfindən işğal
edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun
nəzarəti altına keçdi. Həmin
əməliyyatda 11 min hektardan
artıq ərazi düşməndən azad
edildi. Bu il iyulun 12-16-da Tovuz rayonunda sərhədboyu
ərazilərdə təxribat törətmək istəyən
düşmənə layqli cavab verildi. Ermənistan ordusu növbəti dəfə ağır məğlubiyyətə
düçar oldu.
Arxasındakı qüvvələrə güvənən
işğalçı ölkənin hazırkı məyusluğunu
bir fakt da təsdiqləyir.
Azərbaycanın ədalətli mövqeyi dünya birliyi tətəfindən də dəstəklənir.
Məhz bu siyasətin nəticəsidir
ki, Ermənistanın beynəlxalq aləmdə
nüfuzu getdikcə zəifləməyə
başladı. Artıq nüfuzlu beynəlxalq
qurumlar tərəfindən yayılan bəyanatlar
və qəbul edilən qərarlar da bunu təsdiqləyir. Bu ilin aprel ayında Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Dağlıq
Qarabağın, eləcə də ətraf rayonların işğaldan azad
olunmasının qaçılmaz olduğunu
bildirib. İyun
ayının əvvəlində Avropa Parlamenti işğal
altında olan Qarabağdan
Ermənistana yeni yol
çəkilməsini pislədi. Elə həmin ayın
sonunda Avropa
İttifaqı xarici qoşunların Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarılmasını tələb
edən qətnamə qəbul etdi.
Siyasət və müharibə meydanında məğlubiyyətlə
qarşılaşan Paşinyan hakimiyyəti
özünə dəstək axtarışına
başladı. Bir vaxtlar
düşmən münasibəti bəslədiyi KTMT-dən imdad dilədi. Ermənistanın baş naziri hesab edirdi ki,
onun bu təşkilata
qarşı ögey münasibəti
tezliklə unudulacaq. Halbuki, bir
müddət əvvəl rəsmi İrəvan heç bir ölkə ilə
razılaşmadan bu təşkilatın baş katibini həbs etmiş və Belarus
nümayəndəsinin KTMT-yə baş katib təyin olunmasınun əleyhinə
çıxmışdı. Bir qədər
əvvəl baş verənlər
unudulmadığından Paşinyana layiq olduğu yer göstərildi.
Ermənistanın sonuncu təxribat
törətmək cəhdi beynəlxalq aləmdə bu ölkəyə qarşı nifrət hissini daha da
artırdı, Azərbaycana isə dəstək ifadə olundu. İlk dəstək
dost Türkiyədən gəldi. Qardaş ölkənin Prezidentinin
“Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın
yanındayıq və buna davam
edəcəyik” – deməsi dünyaya mesaj oldu. Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası və 57 ölkəni
özündə birləşdirən İslam
Əməkdaşlıq Təşkilatı da
ölkəmizə dəstək oldu.
Ən böyük dəstək isə 120
ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatından gəldi.
Əslində, bu dəstəklərin təməlində ölkəmizin digər dövlətlərin maraqlarına toxunmayan faydalı və əməkdaşlığa töhfə verən, düzgün müəyyənləşdirlmiş xarici siyasəti dayanır. Həmişə başqa dövlətlərə və ikili standartlardan hələ də əl çəkməyən bəzi beynəlxalq təşkilatlara güvənərək hədə-qorxu dili ilə danışan Ermənistan bu dəfə həm hərbi, həm də siyasi məğlubiyyətdən qaça bilmədi. İndi həm benəlxalq ictimaiyyəti, həm də erməniləri düşündürən əsas məsələ Ermənistan rəhbərliyinin bundan sonra hansı addımı atacağıdır. Çünki artıq onların özlərinə də məlumdur ki, bu ölkənin manevr emək imkanları, demək olar ki, tükənib.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 12 sentyabr.- S.3.