“Əsrin müqaviləsi” Azərbaycanın
yeni neft
strategiyasının şanlı səhifəsidir
Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanan və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrildi, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etdi.
Adı çəkilən saziş
respublikamızın iqtisadi suverenliyi baxımından mühüm
önəm daşıyan ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini
köklü şəkildə dəyişərək
Xəzər dənizi hövzəsində əməkdaşlığa
əlverişli zəmin yaratdı. Bu enerji strategiyası ölkəmizin qısa vaxtda dünya
iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin
güclənməsində müstəsna rol
oynadı.
“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.
Xatırladaq ki,
ilk neft
“Çıraq” yatağından 1997-ci il
noyabrın 7-də əldə edilib.
“Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük
həcmdə artmasına səbəb olub.
1994-cü ildə həmin müqavilə imzalanan
vaxt Azərbaycanın tarixində ən
aşağı səviyyədə – 9,5 milyon
ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən
çox artaraq 51 milyon tona çatıb.
Keçən il isə ölkədə
38,8 milyon ton neft hasil olunub.
Son 26 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox yüksəlib.
Yeni neft
strategiyasının gerçəkləşməsi ilə
respublikamızın neft
ehtiyatlarının istismarına böyük
həcmdə xarici investisiya
cəlb edilib. O vaxtdan
bəri “Azəri-Çıraq-Günəşli” (AÇG)
yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər
ilə daha 34 saziş
imzalanıb.
Ötən 26 il ərzində
sazişin icrası uğurla
reallaşdırılıb. Bu vaxtadək
AÇG-dən hasil edilən 3,8 milyard barreldən çox
neft dünya
bazarına əsasən Bakı-Tbilisi- Ceyhan
(BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri
vasitəsilə daşınıb.
Yeri gəlmişkən, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyənləşdirilmişdi. Hazırda isə AÇG-də hasil edilməyən təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu, hələ son rəqəm deyil. Yataqların ehtiyatının artması ehtimalı var və “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ilə bağlı yeni sazişin icrası müddətində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır.
Qeyd edək ki,
cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə
təqribən 268 milyon dollar
əməliyyat və 947 milyon dollar isə əsaslı məsrəflər xərclənib.
Yarım ildə AÇG-dən sabit
hasilat təhlükəsiz və
etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 498 min barrel və ya ümumilikdə
təqribən 91 milyon barrel,
yəni 12 milyon ton
qeydə alınıb. İyun
ayının sonuna AÇG-də
ümumilikdə 129 neft hasilat,
42 su və 7 qaz injektor quyusu istismarda olub. İki rüb ərzində
AÇG-də 8 neft hasilat
quyusu qazılıb.
Hazırda AÇG-də 8 platforma
– 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan
neft və qaz
dünyanın ən iri neft
və qaz terminallarından biri
olan Səngəçal terminalına nəql
edilir.
Bu ilin birinci
yarısında “BP Azerbaijan” şirkəti
AÇG yataqlar blokundan
SOCAR-a əsasən Səngəçal
terminalı, həmçinin “Neft
Daşları”ndakı qurğu vasitəsilə
gündəlik orta hesabla
6,9 milyon kubmetrdən çox,
ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı təhvil verib.
AÇG-dən, həmçinin ümumilikdə 40 milyard kubmetrədək səmt qazı Azərbaycan
hökumətinə ayrılıb.
AÇG layihəsinin
iştirakçıları tərəfindən hər il mənfəət neftindən gəlir əldə
olunub. Azərbaycan indiyədək
AÇG yataqlarından 300 milyon tondan çox mənfəət
nefti əldə edib.
Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqust ayının 1-dək AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə təxminən 150 milyard dollar gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 657 milyon dollar vəsait daxil olub.
Neft Fonduna “Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında” SOCAR ilə
xarici hasilat şirkətləri
arasında imzalanan yeni
sazişə uyğun olaraq
900 milyon dollar həcmində
2 bonus ödənişi həyata keçirilib.
Respublikamız aparıcı xarici
neft şirkətləri ilə ötən
dövr ərzində uğurlu
əməkdaşlıq formatı reallaşdırıb. Tərəfdaşların
təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin
yenidən işlənməsi və sazişin
müddətinin 2050-ci ilədək uzadılması da bunun aydın təzahürüdür.
Sonda
qeyd edək ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində
Azərbaycana daxil olan böyük maliyyə resursları
sürətli iqtisadi tərəqqiyə, müasir
sosial-iqtisadi və mədəni infrastrukturların
yaradılmasına, respublika həyatının bütün
sahələrinin yenilənməsinə, iqtisadiyyatın
şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik
inkişafına yönəldilib.
Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaşdırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.
Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, o cümlədən son illər ərzində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib.
Ötən illər ərzində Azərbaycanda
müasir nəqliyyat infrastrukturu
formalaşdırılıb. Yeddi hava limanı inşa olunub, min kilometrlərlə müasir
yollar çəkilib. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına
və tranzit imkanlarının genişləndirilməsinə
mühüm töhfə
olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilib.
Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal
iştirakçısına çevrilib, həmçinin
tranzit daşımaları
sahəsində ölkəmizin
potensialının yüksəlməsində
önəmli rol oynayan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə
qoşulub.
Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və
xalqın rifahının
yüksəldilməsi istiqamətində
ardıcıl dövlət
siyasətinin həyata
keçirilməsini, inqilabi
qərarların qəbulu
və icrasını reallaşdırıb. Əhalinin bütün kateqoriyalarını
əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin
əhəmiyyətli dərəcədə
artırılmasını nəzərdə
tutan sosial paketlər gerçəkləşdirilib.
Xalq qəzeti 2020.-
19 sentyabr.- S.4.