Mir Cəlalın əsərləri dünənimizdən bu günümüzə və gələcəyimizə
ədəbi-bədii körpüdür
Mir Cəlalın
ədəbi irsi barədə bu fikirləri filologiya elmləri
doktoru, Sankt-Peterburqda Pyotr Elmlər və İncəsənət
Akademiyasının müxbir üzvü, Azərbaycanın
Əməkdar müəllimi Qafar Hüseynov AZƏRTAC-a Sentyabrın 28-də görkəmli
yazıçı, pedaqoq və alim Mir Cəlal Paşayevin vəfatının
42-ci ildönümü tamam olur. Qırx iki il bəzən
bir insan ömrünə
bərabər sayılır. Lakin Mir Cəlalın ədəbi və elmi irsi zaman
çərçivəsini aşır. Böyük ədibi şəxsən
tanıyanlar bu gün
onun sadəliyi, xeyirxahlığı barədə
ağızdolusu danışır, tədqiqatçılar bu görkəmli alimin
irsinə dönə-dönə müraciət edir, ildən-ilə genişlənən oxucu auditoriyası isə
yazıçının ədəbi dünyasının
sehrinə düşür. Çünki onun əsərləri
bu gün də həyatda,
cəmiyyətdə, insanlar
arasındakı münasibətlərdə bir
çox məsələlərin mahiyyətinə
bir işıq saçır. Hələ
gənc yaşlarımdan tanış olduğum
bu əsərlərə hər dəfə
müraciət edəndə ondan yeni nəsə öyrənirəm.
müsahibəsində deyib.
O, həmçinin qeyd edib
ki, əlbəttə, yaş
ötdükcə, insan xəyalən
uşaqlıq dövrünə, gənclik illərinə
qayıdır, xatirələrə dalır. Yadımdadır,
1975-ci ildə ilk dəfə Azərbaycana
gələndə Naxçıvana, qohumlarımıza qonaq getmişdik. O zaman 7-8-ci sinifdə oxuyan
xalaqızılarımın dərs əsnasında bir mübahisəsinin şahidi
oldum. Azərbaycanda
yaşamadığım üçün
onların söylədiklərindən yalnız “İtə ataram, yada satmaram”
sözlərini tuta bildim,
lakin mənasını anlamadım. Bunu görən anam və
qohumlarımız mənə həmin ifadənin mənasını
izah etdilər. Doğma
Vətənə qayıdandan sonra Azərbaycan
ədəbiyyatında ilk dəfə oxuduğum kitablardan biri Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı oldu. O vaxta qədər isə Mopassanın, Çexovun, Kortasarın və digər
yazıçı və şairlərin əsərlərini oxuyub çox bəyənmişdim.
Elə bu əsərdən anladım ki, Mir Cəlal da mənim yazıçımdır.
Mir Cəlal Paşayevin
satirik-yumoristik əsərləri və
romanları müasir Azərbaycan ədəbiyyatına
sanballı töhfədir. Ən başlıcası isə onun əsərləri yaşadığı
dövrdən günümüzə ədəbi-bədii körpüdür. Yazıçı
cəmiyyətin həyatını, dəyərlərini, qəhrəmanların
düşüncə tərzini və
davranışını o dərəcədə
incəliklə verib ki,
oxucu özünü
həmin dövrdə hiss edir.
Əlbəttə ki, ayrı-ayrı qəhrəmanların
davranışı və məntiqi ilə razılaşmamaq olar, onların bu və
ya digər hərəkətləri bizi sevindirə və ya əsəbləşdirə
bilər. Lakin zaman fərqi
getdikcə aradan qalxır və biz onları anlamağa
başlayırıq. Yəni Mir Cəlalın
qəhrəmanları o zamankı şəraitə
“düşmüş” müasirlərimizdir.
Respublikamızda 80-ci illərin sonunda
və 90-cı illərdə cərəyan edən hadisələr
“Bir gəncin manifesti”
əsərində Sona xalanın “İtə
ataram, yada satmaram” fikrinin
aktuallığını bir daha göstərdi: əsrlərdən bəri
xalqına məxsus olanı ən çətin vəziyyətdə
belə zəiflik göstərib satmaq
olmaz.
Bu gün
az-az görüşdüyüm
qohumlarımızla 45 il əvvəlki
söhbəti xatırlayırıq və görürük
ki, əsər haqqında, Baharın taleyi haqqında fikirlərimiz dəyişməyib.
Polemikanın indi də davam
etməsi bu mövzunun
müasirliyini bir daha təsdiqləyir.
- Mir
Cəlalın əsərləri qlobal dünyada nə dərəcədə
aktualdır?
- Yaşadığımız dünyada problemlər, təəssüf ki, çözülmür, əksinə, dərinləşir. Məsələn, müharibələr, silahlı münaqişələr insanların həyatında sağalmaz yara, dərin iz qoyur – Mir Cəlalın “Yetim” lirik miniatüründə olduğu kimi. Uşağın müvəqqəti himayə üçün verildiyi ailənin qayğısı da onu ovundura bilmir. Altı yaşlı oğlana hər şeyin arxada qaldığını söyləyəndə və yemək təklif ediləndə isə o, əvvəlcə ağlamaq üçün icazə istəyir. Bu əsər mənim üçün bir daş abidədir. Bu, miniatür yox, roman, bəlkə də ondan artıq təsir bağışlayır. Yazıçı əsərdə müharibə, təxliyə, yetimlik, rəhmdillik problemlərini qoyur. İnsanlara müharibənin, düşmənçiliyin, yoxsulluğun, qəddarlığın qarşısını almağın vacibliyini aşılayır. Oğlanın ağlaması sadəcə göz yaşları deyil, bəşəriyyətin, insanlığın fəryadıdır, müharibəni dayandırmaq, gələcək nəslin tərbiyəsinə diqqət etmək üçün bir çağırışdır. Bu məqamda Çingiz Aytmatovun “Ağ gəmi” povestindəki oğlan yada düşür. O, insanların Ana Maralı parçaladığını görəndə daim arzuladığı balıq kimi sularda yaşamağın daha gözəl olduğunu düşünür və xəyalındakı dünyaya getmək üçün İssıkgölün sularında qərq olur.
Mir Cəlal, həmçinin
diqqətə çatdırır ki, ehtiyac, yoxsulluq
uşaqları vaxtından əvvəl “böyüdür”
– “Badam ağacları”nda olduğu
kimi. Altı yaşlı Ədalətin
timsalında oxucu nəinki qızın, gələcək
həyatını badam ağacları olmadan təsvir edə bilməyən atanın
çəkdiyi iztirabı görür. Cəfər
Cabbarlının “Dilarə” hekayəsi də acı sonluqla bitir. Müharibələrin,
yoxsulluğun tüğyan
etdiyi ölkələrdə,
qaçqın həyatı sürən insanların taleyində
belə acı sonluq indi
də müşahidə olunur.
- Siz
uşaqlıq illərindən danışdınız. Mir Cəlalın qəhrəmanları
arasında uşaqlar da
çoxdur...
- Böyük
yazıçı uşaqların davranışını,
düşüncə tərzini əks etdirən, ilk baxışda sadə görünən, lakin həlledici anda
insanı qətiyyətli addım atmağa
sövq edən qısa dialoqlarla,
replikalarla müxtəlif problemlərə
münasibət bildirir. Hətta bəzən
oxucuya göstərir ki,
uşaqlardan nəyisə öyrənmək
mümkündür. Məsələn, “İki hakim” hekayəsində
yazıçının qələmi ilə balaca
Tofiq ailə problemini
sadə şəkildə həll edir və
ailəni dağılmağa qoymur. Bu da özlüyündə
bir mənəviyyat dərsidir. Yaxud “Qocaların uşaq
söhbəti” hekayəsində iki
babanın nəvələri İşığa qayğı
göstərmək rəqabətinə balaca
qız bağçaya getmək istəyilə
son qoyur. Hekayəni ilk dəfə oxuyandan sonra burada təsvir olunanlar mənə çox
tanış gəldi: ya bunu
başqa bir yerdə oxumuşam, ya da kimdənsə eşitmişəm. Əslində
isə heç biri
olmayıb. Bu, babalarımıza xas keyfiyyətdir, onların nəvə sevgisidir. Belə hekayəni oxuyandan
sonra insan necə də
uşaqlıq dövrünə, məktəb illərinə
qayıtmaq istəyir.
-
Yazıçı, pedaqoq Mir
Cəlalın hekayələrində müəllim obrazı
barədə nə deyərdiniz?
- Mir Cəlal üçün müəllim müqəddəs peşə sahibidir. O, qəhrəmanını – müəllimi müxtəlif şəraitdə təsvir edərək bu peşənin sahibi üçün ən gözəl dəyərləri ümumiləşdirib. Onun əsərlərini oxuyanda insan müəllim olmaq istəyir. Təəssüf ki, bu gün Azərbaycanda müəllim əməyinə bədii ədəbiyyatda Mir Cəlal yaradıcılığında olduğu qədər yüksək dəyər verən əsərlər azdır. Digər tərəfdən, müəllim adı bəzən arzuolunmaz hadisələrdə çəkiləndə insanın ürəyi ağrıyır. Yaxud gənclər ucqar kənd məktəblərinə işləməyə həvəssiz gedir. Halbuki ucqar yerlərdə müəllimin şəxsiyyəti, peşəkarlığı və istedadı ona bütöv yaradıcılıq laboratoriyası yaratmağa imkan verir – “Ləyaqət” hekayəsində olduğu kimi.
“Nazik mətləb”
hekayəsinin qəhrəmanı isə həvəslə, yorulmadan dərs deyən, nəinki şagirdlərində,
onların valideynlərində də xoş
təəssürat doğurmağa
çalışan, peşəsini qəlbən sevən bir müəllimdir. İyirmi
yaşlı bu müəllimin on altı yaşlı şagirdi
Zivərə münasibəti də xoşniyyətlidir.
Müxtəlif düşüncəli insanların
yaşadığı kənddə şagirdi
üçün problem
yaranmaması, müəllim adına xoşagəlməz söz deyilməməsi üçün
oranı tərk edir.
Onu da qeyd edim ki,
Mir Cəlal təmiz əxlaq, tərbiyə,
doğruluq kimi keyfiyyətləri
cəmiyyətə təkcə müəllim obrazı vasitəsilə
çatdırmayıb. Məsələn, “Yalan
yeriməz” hekayəsində Bəşirin faciəli durumuna səbəb olan onun valideynidir. Yəni ona yalan danışmaq evdə
anasından keçir və bu, Bəşirdə adət halını
alır. Müəllif demək istəyir ki,
ananın övladına verdiyi tərbiyədən
çox şey
asılıdır. Düz danışmaq azad, qorxusuz yaşamaq deməkdir. Bu
hekayəni A.Nekrasovun “Xoşəxlaq insan” əsəri ilə də müqayisə
etmək olar. Eləcə də Mir Cəlalın “Plovdan sonra” hekayəsində yanlış tərbiyənin
doğurduğu fəsadlar öz əksini tapıb.
-Sizin
“Mir Cəlalın vedutaları” adlı
kitabınız Moskvanın oxucu
auditoriyasına təqdim edilib...
-Əslində, mən bu
barədə yazmağı çoxdan
fikirləşirdim. Çünki Mir Cəlalın əsərləri həm bəşəri,
həm də milli dəyərləri ehtiva edir. Onun
hekayələrində və romanlarında insana,
həyata sevgi duyulur.
“Leyla” hekayəsi oxucuya
sevmək, sevdiyinə sadiq qalmaq,
həqiqəti öyrənmək bacarığını
aşılayır. Əsl insan müharibədə
də insan olaraq
qalır. Sevgi isə daha
da möhkəmlənir. Bu
hekayə mənə Konstantin Simonovun “Gözlə məni” şeirini
xatırladır. Hər iki müəllif
qadının mətanətini, əzmini tərənnüm edib.
Bəzən isə həyatın keşməkeşli
yollarında zəiflik göstərən insanlar
sonda vicdanı ilə üz-üzə
qalır – “Vicdan mühakiməsi” hekayəsində
olduğu kimi. Körpənin
gənc anası tərəfindən atılması və
başqalarının götürüb
saxlaması, illər sonra buna
görə keçirilən peşmanlıq hissi
müasir dövrümüz
üçün də aktualdır.
İstər hekayələrində,
istərsə də “Dirilən adam”,
“Açıq kitab” və digər
romanlarında Mir Cəlal insanın daxili aləminə nüfuz
etməyə çalışır, onun
mənəvi-əxlaqi dünyasına – gözəlliyə və
eybəcərliyə daha çox
diqqət yetirir. Bütün
bunlar isə ədibin
yaradıcılığını bəşəri edir. Eyni zamanda, azərbaycançılıq
ideologiyası Mir Cəlalın əsərlərində
xüsusi yer tutur ki,
xalqımızın mənəvi dəyərlərinin təbliği
baxımından onun
yaradıcılığı haqqında Moskvada
kitab nəşr edilməsini məqsədəuyğun
bildim. Demək istəyirəm ki, Mir Cəlalın
aşıladığı keyfiyyətlər dünya
oxucu auditoriyası uçun
aktualdır. Xatırladım ki,
yazıçının 100 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib.
Böyük ədibin əsərlərini
rəssamlıq sənətində olan veduta janrı ilə müqayisə edərdim.
XVI-XVIII əsrlərdə vedutalar şəhəri
və onun ətrafını topoqrafik dəqiqliklə təsvir edən əsərlər
idi. Ən yaxşı veduta
ustaları təsvirin müstəsna dərəcədə həqiqiliyini
poetik çalarlarla
birləşdirirdilər. Düşünürəm ki, Mir Cəlalın əsərləri
Venesiya rəssamlarının
tablolarına çox yaxındır. Necə
ki, o tablolara
hər dəfə diqqətlə baxılır və yeni nəsə gözə çarpır, eynən
Mir Cəlalın əsərlərini hər
dəfə oxuyanda ondan
nəsə öyrənmək olur.
Nəhayət, ədibin qəhrəmanları
şəxsən mənim hərəkətlərim, emosiyalarım,
yaşadıqlarım üçün bir ölçü
meyarıdır. Düşündüklərim, bəzən
özüm-özümlə apardığım mübahisələrdən
çıxış yolu
yazıçının qəhrəmanları ilə
müqayisədə tapılır. Onu oxuyandan sonra bədii ədəbiyyatda
öz hisslərimlə,
yaşadıqlarımla müqayisə etmək üçün qəhrəmanlar axtarmağa başladım. Məhz bu qəhrəmanlardan sonra
mən digər əsərlərdə kimi
axtarmaq, kimlə dost olmaq lazım olduğunu
anladım. İnsan sevdiyi
qəhrəmanlarla isə – qoy ədəbi
qəhrəman olsun – həmişə
görüşmək istəyir.
Qeyd edək ki, müsahibimiz Qafar Hüseynov Qazaxıstanda dünyaya göz açıb. Sovet dövrünün repressiya dalğası onun da qohumlarından yan keçməyib. Hazırda Bakıda yaşayır. Ədəbiyyatşünaslığın bir sıra problemləri haqqında kitabların müəllifidir. Əsərləri Bakı, Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Aşqabad, Taldı-Kurqan, Daşkənd, Nijnevartovsk və digər şəhərlərdə nəşr edilib.
Xalq qəzeti 2020.- 26 sentyabr.- S.6.