Azərbaycan Ordusu işğala son qoyacaqdır!
Tarixi ədalət
bizim tərəfimizdədir. Çünki bu, bizim doğma,
dədə-baba torpağımızdır.
Beynəlxalq hüquq bizim
tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar
Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Bütün ölkələr
Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Beynəlxalq
təşkilatlar çərçivəsində
qəbul edilmiş qərar və qətnamələr Dağlıq
Qarabağın Azərbaycana
məxsus olduğunu açıq-aydın təsbit
edir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin xalqa müraciətindən
27 sentyabr 2020-ci il
Dövlət başçısının cəbhə
bölgəsində törədilmiş
erməni təxribatı
və bölgədə
yaranmış hərbi
-siyasi vəziyyətlə
bağlı Azərbaycan
xalqına ünvanladığı
müraciəti dinləyəndə
mən təxminən
iki ay yarım əvvəl cənab Prezidentin söylədiyi fikirləri xatırladım. Bu il iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında geniş nitq söyləyən Prezident demişdi: “Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm
bölüşürəm, həm məsləhətləşirəm,
həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda,
xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə,
bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.”
Bəli, cənab Prezident həqiqətən bütün
vacib məsələlərdə
xalqla məsləhətləşir,
heç bir məsələnin xalqdan gizli saxlanılmasına imkan vermir. Bu isə ulu öndər
Heydər Əliyevin yaratdığı aşkarlıq
və demokratiya prinsiplərinin tərkib hissələrindən biridir.
Heydər Əliyev dövlət
və xalq üçün mühüm
əhəmiyyət kəsb
edən hadisələrin
hamısında ölkə
əhalisinə müraciət
edir, xalqın möhtəşəm dəstəyini
qazanırdı. Müstəqilliyin ilk illərində yaşadığımız
xaos və anarxiya ölkədə elə bir çaşqınlıq
mühiti yaratmışdı
ki, insanlar kimin arxasınca gedəcəklərini müəyyənləşdirməkdə
çətinlik çəkirdilər.
Heydər Əliyev insanları
müraciətlərlə haqqa
doğru istiqamətləndirirdi.
Azərbaycan xalqı son 17 ildə
sözün həqiqi
mənasında Prezident
İlham Əliyevin ətrafında sıx birləşmişdir və
onun bütün addımlarını sidq-ürəklə
dəstəkləyir. Dövlət
başçımızın sentyabrın 27-dəki müraciətinin
ölkə miqyasında
yaratdığı möhtəşəm
əks-səda da elə ona olan
inam və etimaddan yaranan dəstək idi.
Müraciətin mətni və orada qaldırılan məsələlər artıq
hamıya məlum olduğuna görə biz bu sətirlərə daha çox qabartmaq istədiyimiz bir məqamı yada salmaqla başlamaq
istəyirik. Sentyabrın 28-də -- erməni təxribatından və məlum hadisələrdən
sonrakı gün qonşu ölkələrdən
birinin aparıcı kütləvi informasiya vasitəsi sayılan xəbər saytında oxuduq ki, guya
Azərbaycan Silahlı
Qüvvələri Ermənistan
ordusuna qarşı hücuma başlayıb.
Təbii
ki, ilk növbədə
bu haqsız və ədalətsiz mövqeyə görə həmin müəllifə
və onun şər-böhtanını yayan
informasiya vasitəsinin
rəzilliyinə heyrət
etdim. Çünki cənab Prezident
xalqa müraciətinin
əvvəlində qeyd
etmişdi ki, heç kəsə sirr deyil ki,
ilk atəşi, o cümlədən
artilleriya atəşini
Ermənistan açıbdır
və ilk həlak olanlar da məhz
Azərbaycan hərbçiləri
olmuşdur.
Sanki dövlət başçımız
istənilən məsələdə
erməniləri müdafiə
edən nakəslərin
dərhal bizə qarşı qarayaxmalar söyləyəcəyini bilirdi
və ona görə də müraciətin əvvəlində
təxribatçının kim olduğunu
deyir. Ancaq Prezident təkcə
həmin məsələdə
deyil, müraciəti
ilk eşidəcək Azərbaycan
auditoriyasını da
ustalıqla nəzərə
alır. Dövlət
başçımız işlətdiyi
“ermənilər təxribat
törətdilər, artilleriyadan
atəş açdılar,
ölən və yaralananlar var” cümlələrinin ürəklərdə
yaratdığı narahatlıq
özünə yer eləməmiş xoş xəbərləri dilə
gətirdi: “Azərbaycan
düşmənə layiqli
cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu.
Sarsıdıcı zərbələr nəticəsində Ermənistan
tərəfi məcbur
olub acı məğlubiyyətlə razılaşdı.
Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər
bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan
ərazisinə keçirə
bilərdik. Ancaq bizim
Ermənistan ərazisində
hərbi hədəflərimiz
yoxdur”.
Prezident ermənilərin bu təxribatı törətməklə
güddükləri məqsədi
də xalqa açıqladı və
bildirdi ki, onlar ilk növbədə,
Azərbaycan torpaqlarının
işğalını planlaşdırırlar
və bunu gizlətmirlər. Ermənistan rəhbərliyi Azərbaycanı
yeni işğalla hədələməyə çalışırdı,
yeni ərazilər uğrunda yeni işğal siyasəti yeridirlər: “ Budur,
bu gün Ermənistan hərbi-siyasi
rəhbərliyinin siyasəti.
Digər
səbəb Ermənistanda
mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə
əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən
obrazı yaratmaqdır.
Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır
ki, danışıqlar
prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub”. Xatırladaq ki, məhz Ermənistanın
riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində
hazırda danışıqlar
faktiki olaraq dayanıbdır.
Ermənilərin danışıqları dayandırması, sülh
prosesini dalana dirəndirməsi az imiş kimi, onlar işğal
edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır, Azərbaycan xalqının
əsəbləri ilə
oynayır və beynəlxalq aləmin çağırışlarına heç bir məhəl qoymurlar. Prezident xatırladır ki, bu yaxınlarda
Livan ermənilərindən
ibarət bir neçə ailə Dağlıq Qarabağa, o
cümlədən Azərbaycanın
qədim şəhəri
olan Şuşaya yerləşdirildi: “Bu, hərbi
cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə
Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır.
İşğal edilmiş torpaqlarda
məskunlaşma aparmaq
cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən
uzun illər ərzində aparılır.
İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran
yaşanır və onlarda insan resursları
yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər.
Ona görə xaricdə yaşayan ermənilərə
ümid edirlər”.
Bütün bəşəri mədəniyyət
nümunələrinə, o cümlədən, İslami
dəyərlərə daim
önəm verən Azərbaycan Prezidenti ermənilərin işğal
etdikləri qədim türk torpaqlarında dini ibadət yerlərinin təhqir edilməsindən ciddi şəkildə narahat olur: “Bizim işğal
edilmiş bəzi ərazilərimizdə rayonlarımızın,
kəndlərimizin adları
dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir.
Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri
dağıdılır, təhqir
edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman
aləminə ən böyük təhqirdir.
Bizim əcdadlarımızın qəbirləri
traktorla dağıdılır.
Bunu edən faşistlərdir,
vandallardır, vəhşilərdir”.
Fikrimizcə, dövlət başçımızın
bu müraciətinin əsas qayələrindən
biri də odur ki, beynəlxalq
aləm Ermənistanı
məhz Ermənistan kimi – yəni terrorçu, təxribatçı,
separatçı, işğalçı,
İslam düşməni,
insan düşməni,
uşaq qatili, mədəniyyət düşməni
kimi tanısın və hamı bilsin ki, Türkiyə,
İran, Gürcüstan
və Azərbaycana ərazi iddialarından əl çəkməyən
bu vandallar regiondakı sülhün və inkişafın qatı düşməni olduqlarını gizlətmirlər:
“ Bütün dünya
Dağlıq Qarabağı
Azərbaycanın ayrılmaz
hissəsi kimi tanıyır… BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsində
deyilir ki, erməni silahlı qüvvələri dərhal,
tam və qeyd-şərtsiz
işğal edilmiş
torpaqlardan çıxarılmalıdır”.
Ermənilər isə özgə
torpaqlarına görə
hər cür namərdlik etməkdən
və qan tökməkdən əl çəkmirlər.
Yeri gəlmişkən, dövlət
başçımız bilavasitə
Dağlıq Qarabağ
münaqişəsinin həll
edilməsi məqsədilə
yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən
də ciddi narazı olduğunu Azərbaycan xalqının
diqqətinə çatdırır:
“Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində
danışıqlar aparılır
və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar
prosesini iflic vəziyyətə salıbdır…Bu
gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın
ərazi bütövlüyünü
qoruyur, müdafiə edir”.
Dövlət başçısı həm daxili auditoriyada əminlik, inam və ümid
yaratmaq üçün,
həm də Ermənistana himayədarlıq
edən ikili standart müəlliflərinə
mesaj göndərmək
məqsədilə müraciətini
konkret və qətiyyətli notlarla başa vurur: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!”
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti 2020.- 29 sentyabr.- S.5.