“Azərbaycanın mübarizəsi
haqq mübarizəsidir”
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribat törətdiyini, nəticəsdə həm mülki əhali, həm də hərbçilər arasında itkilər olduğunu bildirib. Ölkə rəhbəri Ermənistanın bu təxribatla Azərbaycana qarşı işğalçılıq siyasətini bir daha davam etdirdiyini və belə bir siyasətin işğalçı dövlətin faşist mahiyyətini bütün dünyaya göstərdiyini vurğulayıb.
Prezident İlham Əliyev çıxışında operativ məlumata əsasən, Ermənistan tərəfindən hərbi təxribatın, yeni müharibənin əvvəlcədən planlaşdırıldığını, uzun müddət buna hazırlaşdığını da qeyd edib: “Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar”.
Dövlətimizin başçısı bununla əlaqədar sentyabrın 27-də xalqımıza müraciət etdiyini, təxribatın səbəbləri, habelə son saatlarda Ermənistanın işğalçılıq addımları, bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan Azərbaycan mövqelərini, yaşayış məntəqələrini atəşə tutduğunu bildirib. Eyni zamanda, belə əməllərin bir daha Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərdiyini, dinc əhaliyə qarşı bu cür qəddarlığın ancaq faşist dövlətlərinə aid olduğunu xatırladıb.
Azərbaycan Prezidenti çıxışında Ermənistan tərəfindən əvvəllər də əliyalın dinc əhaliyə qarşı belə vəhşiliklər törədildiyini qeyd edərək, əsas hədəfin bizim yaşayış məntəqələrimiz olduğunu vurğulayıb. Eyni zamanda, erməni işğalçılarının atəş açmaqla Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaratmaq məqsədi güddüklərini açıqlayıb: “Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, – Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.
Dövlətimizin başçısı daha sonra Azərbaycan Ordusu tərəfindən bu hərbi təxribata cavab olaraq, əks-hücum əməliyyatı keçirildiyini, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulduğunu, işğal altında olan bir neçə yaşayış məntəqəmizin işğalçılardan azad edildiyini bildirib.
Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır. Ordumuz ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Bu əks-hücum da Azərbaycan Ordusunun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, hazırda Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək gücündədir.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun güc-qüdrətinin indiki səviyyəyə çatmasının təsadüfi olmadığını da xüsusi vurğulayıb: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir. Ümumiyyətlə, ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələrinin quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrəti var.
Onu da qeyd edək ki, ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı, eləcə də indiki əks-hücum nəticəsində əldə edilən yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən bir neçə yola tam nəzarət etmək imkanı yaradır. Son illərdə Ordumuz tərəfindən erməni təxribatlarına verilən cavablar da bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq və ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir. Çünki dövlətimizin başçısının dediyi kimi, “bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”.
Beləliklə, əvvəlki döyüşlərdə olduğu kimi, hazırda da Azərbaycan hərbçiləri yüksək vətənpərvərlik nümayiş etdirir, əsgər və zabitlərimiz şücaət və qəhrəmanlıq salnaməsi yaradırlar. İndi hər bir vətəndaş hərbçilərimizin peşəkarlığına, ordumuzun gücünə güvənir.
Ermənistan və ona havadarlıq edən qüvvələr də Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən aydın şəkildə başa düşür ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır.
Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğala son qoyulacağını ifadə edərək, əminliyini də bildirib: “Bizim uğurlu əks-hücum əməliyyatımız ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb...”.
Dövlətimizin başçısı daha sonra Azərbaycanın mübarizəsinin haqq mübarizəsi olduğunu və hazırda vətəndaşlarımızın dövlətə tam dəstək göstərdiklərini, bu dəstəyin daim hiss edildiyini, xalqımızın Azərbaycan Ordusunun yanında olduğunu da vurğulayıb.
Prezident İlham Əliyev çıxışında Ermənistana dəfələrlə xəbərdarlıq etdiyini, əgər öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlarını, amma görünür bunun onlar üçün dərs olmadığını da qeyd edib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Nikol Paşinyan Ermənistanın baş naziri seçiləndən indiyədək daim təxribatçı fəaliyyət göstərib. Belə ki, o, hələ baş nazir seçilməzdən əvvəl, Ermənistanın Parlamentinə müraciətində Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırıb, Dağlıq Qarabağda “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsini aparıb, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirib. Eyni zamanda, Livandan olan erməni ailələrinin Şuşa şəhəri daxil olmaqla işğal olunan ərazilərdə məskunlaşmasına şərait yaratmaqla qanunsuz məskunlaşma siyasəti reallaşdırıb.
Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ məsələsinin Azərbaycanın milli məsələsi olduğunu da diqqətə çatdırıb: “Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.
Dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasında Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bir daha xatırlatmaqla bərabər, Dağlıq Qarabağın tarixi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözünü dediyini, tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını, məqsədyönlü və yorulmaz səylər nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür yaradıldığımı da vurğulayıb. Eyni zamanda, Qarabağ torpaqlarının itirilməsinin səbəbkarının Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının olduğunu da diqqətə çatdırıb: “Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır...”.
Prezident İlham
Əliyev çıxışının sonunda
xalqımızın haqq yolunda
olduğunu, ölkəmizin özünü müdafiə etdiyini,
Azərbaycanın heç kimin
torpağına göz dikmədiyini bir daha xatırladıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 29 sentyabr.- S.5.