Xarici mətbuat Azərbaycan haqqında
Azərbaycan hər zaman alternativ enerji mənbələrinin inkişafına
diqqətlə yanaşır və bu sahənin
daha da inkişafı üçün əməkdaşlıqları
genişləndirir.Yeni ilin ilk
iş günlərində Nazirlər
Kabinetində Energetika Nazirliyi
ilə Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” və
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan
enerji üzrə pilot
layihələrin reallaşdırılmasına dair icra müqavilələrinin
imzalanması mərasimi də bunun
göstəricisidir.
Tədbiri yerli media ilə yanaşı, BƏƏ-nin WAM informasiya agentliyi də işıqlandırıb. “Masdar” şirkəti Azərbaycan hökuməti ilə Günəş enerjisi layihəsinin inkişafı üçün müqavilə imzalayıb” sərlövhəli materialda Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə ölkəmizin Energetika naziri Pərviz Şahbazov və “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi tərəfindən müqavilənin imzalandığı qeyd edilib. Bildirilir ki, müqaviləyə əsasən, “Masdar” Bakıdan 75 kilometr cənub-qərbdə 200 meqavatlıq Günəş enerjisi stansiyası layihəsini icra edəcək. Layihənin maliyyələşdirilməsi məsələsinin 2020-ci ilin sonuna qədər yekunlaşması, ticari əməliyyatların isə 2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.
Mərasimdə Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazovun bərpaolunan enerji mənbələrinin əhəmiyyətindən danışıb və ölkəmizin bu sahənin inkişafında maraqlı olduğunu qeyd edib: “Bərpaolunan enerji mənbələrindən istifadə etməklə, elektrik istehsalının şaxələndirilməsi Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biridir. Bu müqaviləni imzalayaraq artıq bərpaolunan enerji sektorunda yeni bir mərhələyə başlayırıq. Bu sahədəki ilk xarici tərəfdaşlarımızdan biri olan “Masdar”la əməkdaşlığımız ekoloji cəhətdən təmiz enerji ilə bağlı qarşımıza qoyduğumuz hədəflərə çatmağımıza kömək edəcək və ortaq maraqlarımızı reallaşdırmağı asanlaşdıracaq.”
Məqalədə qeyd edilir ki, “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi sözügedən əməkdaşlıq və müqavilənin Azərbaycanda elektrik istehsalının şaxələndirilməsində mühüm addım olduğunu və Azərbaycan hökumətinin təmiz enerji istehsalına keçidi dəstəklədiyini vurğulayıb.
Onun sözlərinə görə, 30-dan çox ölkədə bərpaolunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan “Masdar” şirkəti 200 meqavatlıq Günəş enerjisi stansiyası layihəsini icra etmək üçün Azərbaycanla tərəfdaş olmaqdan məmnundur. İcraçı direktor “On ildən çox təcrübəmizlə biz də Azərbaycan hökumətinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdən qürur duyuruq,” – deyə əlavə edib.
Müəllif qeyd edib ki, Günəş enerjisi layihəsi 2030-cu ilə qədər Azərbaycanın elektrik tələbatının 30 faizini bərpaolunan enerji mənbələri hesabına ödənilməsini nəzərdə tutur.
WAM informasiya agentliyi, həmçinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin külək enerjisi ilə bağlı Azərbaycan hökuməti ilə imzaladığı müqavilənin perspektivləri ilə bağlı da xəbər yayımlayıb. Qeyd edilib ki, Azərbaycanda 240 meqavat gücündə külək enerjisi stansiyası layihəsi reallaşdırılacaq. Agentlik Azərbaycanın neft-qaz resurslarından asılılığını idarə etmək üçün bir sıra önəmli islahatlar həyata keçirdiyini və hökumətin ölkənin zəngin bərpaolunan enerji mənbələrindən istifadə edərək enerji istehsalını şaxələndirməsini xüsusi vurğulayır.
ACWA-nın enerji üzrə
təmsilçisi Paddy Padmanathan
müqavilənin imzalanmasını şərh edərkən bildirib: “Avropa və
Asiyanı əhatə edən coğrafi əməliyyat
izlərimizi bu mədəni, zəngin və
iqtisadi cəhətdən güclü
bir ölkəyə qədər genişləndirən
Azərbaycan hökuməti ilə bu icra müqaviləsini imzalamaqdan
məmnunuq. Bir Səudiyyə Ərəbistanı
şirkəti olaraq Azərbaycan
höküməti tərəfindən bizə göstərilən
etimad və münasibət Səudiyə
Ərəbistanı Krallığı ilə Azərbaycan
dövləti arasında artan iqtisadi əlaqələrin əyani sübutudur.”
Hər iki ərəb ölkəsi ilə müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq Günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və Günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Məqalədə vurğulanır ki, bu əməkdaşlıq bərpaolunan enerji istehsalında maliyyənin azalmasında ən yaxşı təcrübəni təqdim etməklə, enerjiyə iqtisadi çıxışı təmin edəcək və Azərbaycan üçün ümumi iqtisadi mühiti artıracaq, eyni zamanda, yaşıl iqtisadiyyatın inkişafına da töhfə verəcək.
Türkiyənin “Hürriyyət” qəzeti də “Azərbaycandan keçən il həyata keçirilmiş beynəlxalq uçuşlarda Türkiyənin İstanbul şəhəri birinci yerdə olub” sərlövhəli xəbər dərc edib. Xəbərdə 2019-cu ildə 4,73 milyon sərnişinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanından istifadə etdiyi və bu rəqəmin 2018-ci illə müqayisədə 7 faiz çox olduğu qeyd edilir. Bakıdan yola düşən xarici və ölkədaxili uçuşlarda ilk onluqda İstanbul yer alıb. Türkiyənin digər şəhəri Antalya isə siyahıda səkkizinci olub.
Əfsanə
BAYRAMQIZI,
“Xalq
qəzeti”
Xalq qəzeti.-2020.-11 yanvar.-S.2.