Qeyri-neft sənayesində göstəricilər ildən-ilə
yaxşılaşır
Bizim iqtisadi
inkişafımız bundan sonra
da qeyri-neft sektoru hesabına davam
etdirilməlidir. Buna nail
olmaq üçün
son illər böyük
işlər görülüb, sənaye
zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada
da məhsuldarlıq daha
yüksəkdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanda prioritet vəzifə
kimi qarşıya qoyulan
iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin
inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair
2015-2020-ci illər üçün
Dövlət Proqramı”nın qəbul edilməsi də məhz
bu sahəyə xüsusi
önəm verilməsinin bariz ifadəsidir.
Xatırladaq ki, adıçəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.
Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə 2019-cu il ərzində sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə ötən il Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları istifadəyə verilib.
İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr uğurla gerçəkləşdirilib.
Azərbaycanda ÜDM-in strukturunda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə, Avropada ön sırada gedən respublikamız hazırda sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiya 70 faizə yaxın artıb. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə yüksəlir. Eyni zamanda, Azərbaycanın liderliyi ilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüstan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Buna görə də Azərbaycan artıq beynəlxalq aləmdə bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınıb. Məhz elə bunun nəticəsidir ki, 2019-cu ilin 11 ayı ərzində ölkə üzrə 42,2 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulları istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9 faiz artıb.
Sənayenin qeyri neft-qaz sektorunda artım qeydə alınması təsadüfi deyil. Bu, neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olması deməkdir. Belə bir vəziyyət, həm də ondan xəbər verir ki, qeyri-neft sektoru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir. Bu, eyni zamanda, 2015-ci ildən sonra dərinləşən islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir. Digər sahələrdə, eləcə də aqrar, turizm, xidmət sektorlarında artım tempinin proqnozlaşdırıldığından daha çox olması, makroiqtisadi sabitliyin qorunub saxlanması da 2019-cu ilin on bir ayının əsas iqtisadi nəticələri kimi xarakterizə olunmalıdır.
Bu gün dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.
Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili də uğurla davam etdirilir. Ölkənin regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Hazırda respublikamızda sənayenin inkişafında mühüm rol oynayan 5 sənaye parkında isə 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında buraxılan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Ötən ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul hazırlanıb ki, bunun 233 milyon manatlıq hissəsi ixraca yönəldilib.
Sənaye parklarında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2019-cu ildə sənaye istehsalının artdığını, xüsusilə qeyri-neft sektorunda sənaye artımının 14 faiz təşkil etdiyini bildirib.
Onu da qeyd edək ki, ötən il ərzində Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub.
Belə bir göstərici qeyri-neft sektoru üzrə ixrac statistikasında da aydın nəzərə çarpır. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sonuncu sayında bildirilir ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin 11 ayında qeyri-neft sektoru üzrə ixrac 249 milyon dollar və ya 16 faiz artıb. Keçən ilin yanvar-noyabr aylarında Rusiyaya 622,3 milyon, Türkiyəyə 363,3 milyon, İsveçrəyə 164 milyon, Gürcüstana 150,6 milyon və Ukraynaya 46,3 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsullar ixrac olunub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən il Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13 faiz, İsveçrəyə 33 faiz, Gürcüstana 29 faiz və Ukraynaya 27 faiz çoxalıb.
V.BAYRAMOV,
“Xalq
qəzeti”
Xalq qəzeti.-2020.-11 yanvar.-S.1;2.