Mədəniyyət siyasətinin
uğurlu yekunları
2019-cu il milli mədəniyyətimizin inkişafında əlamətdar dövr olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsinə qayğı və diqqəti ölkədə bu sahənin dinamik inkişafına zəmin yaratmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli mədəniyyətimizin inkişafında və təbliğındə müstəsna rol oynamışdır.
Ötən ilin ən yaddaqalan hadisəsi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın görkəmli incəsənət xadimləri ilə görüşü oldu. Bu, milli incəsənətimizin inkişafına əhəmiyyətli təsir göstərən tarixi bir görüş idi. Dövlət başçısı bu görüşdə incəsənət xadimlərinin və yaradıcılıq birliklərinin rəhbərlərinin problemlərini diqqətlə dinlədi və bu görüşdən az sonra dövlət başçısı kino çəkilişləri üçün, yaradıcılıq birliklərinə vəsait ayrılması ilə bağlı sərəncamlar imzaladı.
Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamı ilə ötən il dahi Azərbaycan şairi Nəsiminin 650 illiyi şərəfinə “Nəsimi ili” elan olunmuşdu.Nəsiminin yubileyi ilə bağlı ötən il 500-dən çox müxtəlif səpkili tədbir təşkil olunmuşdur. Ölkə xaricində də “Nəsimi ili” tədbirləri yüksək səviyyədə keçirilmişdir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ötən il ikinci dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində 30-dək tədbir təşkil olunmuşdur.
C.Cabbarlının 120 illik , C.Məmmədquluzadənin 150 illik yubileyləri ilə əlaqədar Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə birgə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər keçirilmişdir.
Ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər mili mədəniyyətimizin inkişafına böyük stimul vermişdir. Xüsusilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, mədəni irsimizin təbliği istiqamətində görülən işlər, reallaşan layihələr və əldə olunan nailiyyətlər mədəniyyət siyasətinin uğurlu nəticələridir.
Ötən il də ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara evsahibliyi etmişdir. İyunun 30-dan iyulun 10-dək ölkəmizdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilmişdir. Tədbirin təşkili UNESKO ilə ölkəmiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bakı sessiyasında 45 qərar qəbul edilmiş və 29 irs nümunəsi siyahıya salınmışdır. Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının da bu siyahıda yer alması ölkəmizin böyük uğurudur. Bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın UNESKO-dakı nüfuzu xüsusi rol oynamışdır.
Mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirlər xüsusi qeyd olunmalıdır, Fondun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə bir sıra beynəlxalq festivallar, layihələr reallaşdırılmışdır. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən bir sıra layihələr həyata keçirilmişdir. Prezident İlham Əliyev ötən il üç qoruğun yaradılması haqqında, eyni zamanda, dövlət xidmətinin 5 regional idarəsinin yaradılması barədə sərəncam və fərman imzalamışdır. Aparılan islahatlar ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni irsinə xüsusi diqqətinin bariz nümunəsidir. Dövlət Xidməti tərəfindən bu gün Şabran rayonunda Çıraqqala ətrafında işlər aparılır. Gəncədə Karvansara, Gürcüstanla sərhəddə Qırmızı körpü bərpa olunur. Son illər 1500-dən çox yeni tarixi abidə aşkar edilib. Bu tarixi missiya davamlı olaraq həyata keçirilir.
Qobustan muzeyinin Avropanın 5 ən müasir muzeyi sırasına daxil edilməsi əhəmiyyətli fakt hesab olunmalıdır. Şəki şəhərinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi də ilin əhəmiyyətli mədəni hadisəsidir.
Ötən il Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olmuş bir sıra görkəmli sənətkarların yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə ənənə halını almış Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı, eləcə də Bakı Beynəlxalq Caz Festivalı və digər layihələr həyata keçirilmişdir.
Azərbaycan teatrının zəngin yaradıcılıq ənənələrinin qorunması, səhnəmizdə bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, günün tələblərinə uyğun repertuarın formalaşdırılması, həmçinin informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi istiqamətində məqsədyönlü layihələr icra olunmuşdur.
Təsviri və dekorativ-tətbiqi sənət sahəsində ölkəmizdə ilk dəfə olaraq auksion ənənəsinin əsası qoyulmuşdur. “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində ötən il də dünyanın müxtəlif ölkələrindən rəssamlar iştirak etmişlər.
Azərbaycanın mötəbər tədbirlərə evsahibliyi etməsinin nəticəsidir ki, bu gün muzeylərimizə gələn tamaşaçıların sayında əhəmiyyətli artım müşahidə olunmuşdur. Bir il ərzində təkcə Azərbaycan Milli Xalça Muzeyinin 122 min tamaşaçısı olmuşdur. 2019-cu ildə bir neçə muzeydə müasir audiobələdçilər quraşdırılmışdır.
Ötən il kinematoqrafiya sahəsində də bir sıra mühüm işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının İnkişaf Konsepsiyası”nın hazırlanması tapşırılıb. Yəqin ki, yaxın vaxtlarda bu mühüm əhəmiyyətli sənəd qəbul olunacaq.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Daxildəki ada” tammetrajlı, “Rəqs”, “Soraq” (“Salam”), “Estakada”, “Naməlum dahi”, “Dan yeli” (“Protez”) qısametrajlı bədii filmlərinin, “Yadelli nağıllar” (“Azərbaycan musiqisi və erməni plagiatı”) sənədli filminin, “Salnaməfilm” studiyasında “20 Yanvar” (“Silahdaşlar”), “Memar” (“Azərbaycan memarı Elbay Qasımzadə”), “Şəki” və “Saxurlar” sənədli filmlərinin, 3D formatda olan “Cırtdan və Sehrli xalat” cizgi filminin, “Mozalan” studiyasında isə “Əlvida, Şmidt!” tammetrajlı bədii filminin istehsalı başa çatdırılıb.
“Azərbaycanfilm”də “Quyu”, “Titrəmə” və “Sizə məktub var” qısametrajlı bədii filmlərinin, “Salnaməfilm” studiyasında “Köç” sənədli filminin, “Azərbaycanın Milli qəhrəmanları” sənədli filmlər silsiləsindən növbəti filmlərin istehsalı davam etdirilib.
Müstəqil ictimai təşkilatlar tərəfindən sentyabrın 2-dən 5-dək “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalı, noyabrın 6-dan 9-dək 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, noyabrın 18-dən 20-dək II Animafilm Beynəlxalq Animasiya Festivalı təşkil olunub.
Kinomuzun beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülüb, sentyabrın 21-dən 28-dək Özbəkistanda Azərbaycan kinosu günləri təşkil olunub, son illər çəkilən bədii, sənədli və animasiya filmlərimiz beynəlxalq kinofestivallarda ölkəmizi təmsil edib, müəyyən uğurlar əldə olunub.
2019-cu il üçün uğurlu layihələrdən biri də Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan, rus və ingilis dillərində “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloqun hazırlanmasıdır. Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir.
Əlbəttə, bunlar ötən il mədəniyyət sahəsinin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlərin yalnız bir qismidir. Söz yox ki, bu il milli mədəniyyətimizin inkişafı və təbliğındə daha uğurlu addımlar atılacaqdır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq
qəzeti”
Xalq qəzeti.-2020.-11 yanvar.-S.3.