Yeni nəşr: “İctimai və humanitar elmlərin, efir məkanının
problemləri haqqında düşüncələr”
İndi cəmiyyətimiz qarşısında, ilk növbədə, elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “İctimai və humanitar elmlərin, efir məkanının problemləri haqqında düşüncələr” kitabında yer alıb. Kitab iki aktual mövzudan bəhs edir: “İctimai və humanitar elmlər: zaman kontekstində baxış”, “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”.
Bu gün Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeniləşmə prosesinin ölkə həyatının bütün sahələrini əhatə etdiyini, o cümlədən elmin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm qərarlar qəbul edildiyini vurğulayan müəllif elmi elitanın həyata keçirəcəyi strateji planların mahiyyətini açıqlayaraq aktual istiqamətləri diqqətə çatdırıb. Akademik yazır: “Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar əməyi dayanır. Artıq politoloji tədqiqatlarda “Azərbaycan modeli” haqqında fikirlər səslənir”. Alim bu qənaətə gəlir ki, inkişafın belə bir zamanında önləyici proqnozlar sistemini müəyyənləşdirmək üçün işlər görülməlidir. Milli elm infrastrukturunun formalaşması üçün dövlətə konkret konsepsiya təqdim edilməlidir. Bu, dünya elminin insanlara, elmə və təhsilə münasibətdə irəli sürdüyü standartlara cavab verən bir konsepsiya olmalıdır.
Azərbaycanın efir
məkanında mövcud problemlər və
vəzifələr barədə mülahizələrində akademik Ramiz Mehdiyev müstəqillik illərində ölkəmizdə
KİV-in azad fəaliyyəti
üçün hər cür
şərait yaradıldığını, hüquqi
bazanın olduğunu vurğulayır,
milli-mənəvi dəyərlərimizin qorunmasında,
azərbaycançılıq ideyasının təbliğində,
Azərbaycan dilinin, mədəniyyətinin,
ölkəmizlə bağlı tarixi həqiqətlərin
yayılmasında radio və
televiziyanın roluna diqqət çəkir.
Onun
fikrincə, bu gün televiziya kanallarımız milli-mənəvi dəyərlərin
təbliği, ictimai əhəmiyyət kəsb
edən məsələlərin müzakirəsi, vətənpərvərlik,
uşaqların və yeniyetmələrin intellektual
inkişafı və digər sahələr üzrə keyfiyyətli
maarifləndirmə proqramları nümayiş
etdirmək iqtidarındadır. Bununla yanaşı,
müəllif efir məkanındakı
problemləri və onların qarşısını
almağın yollarını da göstərib.
Xalq qəzeti.-2020.-11 yanvar.-S.3.