Azərbaycanda demokratik və şəffaf seçki keçirilməsi üçün yetərli hüquqi baza var

Bu il fevralın 9 - da keçiriləcək parlament seçkilərinə qatılmaq istəyənlərin sayının çoxluğu deputat mandatı uğrunda mübarizənin gərgin keçəcəyindən xəbər verir . Mərkəzi Seçki Komissiyası tərəfindən verilən  son məlumata görə, parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2 min 416 nəfər müraciət edib. Namizədliyi  dairə seçki komissiyaları tərəfindən təsdiq  olunanların sayı 2 min 305 nəfərdir. Onlardan 2 min 193 nəfəri isə imza vərəqələrini  götürüb və artıq  1255  iddiaçı imza vərəqələrini Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, lazımi sənədləri əlavə etməklə  dairə seçki komissiyalarına qaytarıb.  689 nəfərin   isə deputatlığa namizədliyi  qeydə alınıb. Builki seçkilərdə 24 siyasi partiyanın nümayəndələri iştirak edirlər.

Azərbaycan artıq dünya birliyində demokratik prinsiplərin inkişafına önəm verən, müstəqil siyasət yeridən dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, düşünülmüş  xarici siyasət, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən köklü islahatlar  dövlətimizə yeni  uğurlar qazandırmış,  onun mövqeyini daha da möhkəmləndirmişdir. Hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındadır. Respublikamızda  demokratik, şəffaf, azad və ədalətli seçkilərin keçirilməsinə yaradılan əlverişli şərait,  zəngin hüquqi baza da bu inkişafa təkan verib.  Dünyanın tanınmış ekspertləri, seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlar, həmçinin əcnəbi müşahidəçilər də  ölkəmizdə prezident, parlament və bələdiyyə  seçkilərinin demokratik şəraitdə hazırlanması və keçirilməsi üçün həm qanunvericilik bazasının, həm də  əlverişli şəraitin yaradıldığını təsdiq edirlər. Azərbaycan xalqı və dünya ictimaiyyəti  Prezident İlham Əliyevin müasir demokratik standartlara cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi iradəsinin reallığa çevrilməsinin dəfələrlə  şahidi olub.

Seçkilərə qatılan hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun və namizədin, o cümlədən bitərəflərin  seçicilərlə görüşlər və digər seçkiqabağı təbliğat-təşviqat  tədbirləri keçirməsi üçün müvafiq yerlərin  ayrılması, onların hər birinə bərabərhüquqlu şəraitin yaradılması beynəlxalq müşahidəçilər tərəfindən yüksək dəyərləndirilir.  Bütün bunlar Azərbaycan dövlətinin səyləri nəticəsində ölkəmizdə demokratik seçki mühitinin formalaşdığını göstərir.

Azərbaycan xalqının həyatında mühüm rol oynayacaq demokratik parlamentin formalaşmasına imkan verən seçki prosesinin beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilməsi ölkəmizin reytinqinin artmasına təkan verəcək. Xarici müşahidəçilərin  respublikamızda indiyədək  keçirilmiş seçkilər barədə ümumi rəyi müsbətdir. Onlar seçkilərin demokratik meyarlara, beynəlxalq standartlara  uyğun keçdiyini qarşıdakı  seçkilərin də bu tərzdə keçiriləcəyinə əminliklərini bildirirlər. Bunu  fevralın 9- da keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayının çoxluğu, həm də onlara yaradılmış əlverişli şəraitlə əlaqələndirirlər.

Hazırda iddiaçıların topladıqları imzaların dürüstlüyünün yoxlanılması kampaniyası davam edir.  Deputat mandatı qazanmaq arzusunda olanların nümayəndələri də bu vaxta qədər hər hansı bir problemlə, süni əngəllə, qarşılaşmadıqlarını deyirlər.

Həmsöhbətim Ümid Partiyasından  namizədliyi irəli sürülmüş deputatlığa namizədlərdən birinin səlahiyyətli nümayəndəsi Vidadi Səfərovdur:

Seçkini boykot etmək istəyən bəzi  radikal qüvvələr biziöz sıralarına qatmaq istəyirdilər. Hələ imza toplanılmasına başlanmazdan əvvəl şayiə yayırdılar ki, guya, müxalifət nümayəndələrinə təzyiq göstəriləcək, onların imza toplamalarına problem yaradılacaq, xüsusi öyrədilmiş adamlar imzatoplama kampaniyasına mane olacaqlar. Biz belə şayiələrə uymadıq və seçkiyə qatılmaq barədə qərar qəbul etdik. Sənədlərimizi dairə seçki komissiyasına təqdim etdiyimiz vaxtdan başlayaraq,  tələb olunan imzaları toplayıb, imza vərəqələrini təhvil verənə qədər heç bir problemlə qarşılaşmadıq. Bu kampaniyada iştirak edən nümayəndələrimizin hər biri razılıq edir. Çünki onlara heç kim mane olmayıb və təzyiq göstərməyib. Radikal müxalifətin yalanları bir daha ifşa olundu. Hər şey qanun çərçivəsində davam edir. İndi  təbliğat-təşviqat kampaniyasına hazırlaşırıq. İnanırıq ki,  bu prosesdə də problemlə qarşılaşmayacağıq.

Ümid Partiyasının digər üzvü Taleh Əliyev də söhbətə ­qoşulur:

Seçki siyasi partiyaların xalq arasında reytinqini müəyyənləşdirən meyarlardan biridir. Hər bir partiya seçkilərdə iştirak etməyi və qələbə qazanmağı qarşısına məqsəd qoymalıdır. Seçkidən boyun qaçıranlar xalq arasında nüfuzu olmayanlardır. Onlar özlərini müxalifətin lideri hesab edirlər, ancaq  arxalarınca gələn yoxdur. Bu da seçki prosesində özünü açıq şəkildə büruzə verir. Ona görə də müxtəlif bəhanələrlə seçkiyə qatılmaqdan boyun qaçırır, digər siyasi partiyaları da özlərinə tay tutmaq istəyirlər. Bununla  kimlərəsə sübut etmək  istəyirlər ki, meydanda tək deyillər. Əslində isə meydanda tək olduqları özünü açıq şəkildə büruzə verdi. Bunu seçkiyə hazırlıq işləri də nümayiş etdirdi. Çünki parlament seçkilərində iştirak etmək üçün müraciət edən 2 min 500 nəfərə yaxın insanın heç biri bu vaxta qədər onlara təzyiq göstərilməsi, süni əngəl yaradılması barədə şikayət etməyib. Deməli, hər şey normalqanunun tələbləri çərçivəsində gedir. Şəxsən biz müxalifət olaraq seçkiyə hazırlıq işlərindən razıyıq.

Seçki sistemi demokratiyanın əsas göstəricilərindən biri olduğu üçün, Azərbaycanda bu sistemin daha  da təkmilləşdirilməsi istiqamətində son illər bir çox mütərəqqi islahatlar həyata keçirilib. Bunu seçkiyə qatılan siyasi  partiyaların nümayəndələri də etiraf etdilər.

Ölkəmizdə keçirilən seçkilər də təsdiqləyir ki, bu sahədə  mühüm nailiyyətlər qazanılıb. Bu məqsədlə  əvvəlcə dünyada yetkin demokratiyanın mövcud oldu-ğu ölkələrin təcrübəsi yaxından öyrənilib. Bunun reallaşdırılması sayəsində Azərbaycanda daha  mükəmməl hüquqi baza yaradılıb, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı-faydalı əməkdaşlıq  daha da genişlənib və seçkilərin hazırlanıb keçirilməsində xeyli müsbət təcrübə əldə olunub.

İnanırıq ki, bu il fevralın 9 - da keçiriləcək parlament seçkiləri də  həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndiriləcək. Seçkiöncəsi  demokratik ab-hava və yüksək əhval-ruhiyyə də  bundan xəbər verir. 

 

Əliqismət BƏDƏLOV,

Xalq qəzeti”

Xalq qəzeti.-2020.-11 yanvar.-S.3.