Əhalinin sosial rifahının yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir

2019-cu ildə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 16 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.

Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin səmərəliliyini, reallaşdırılan islahatların yüksək nəticələr verdiyini göstərir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib: “Biz Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildik. Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik. Bu ilbu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildibu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni, 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək”.

Dövlətimizin başçısı təbrikində, həmçinin qeyd edib ki, məcburi köçkünlərin problemləri həll olunur. Ötən il 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillər, evlər tikilib. Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev istifadəyə verilib. Zəlzələnin fəsadları, demək olar ki, 10 ay ərzində aradan qaldırılıb: “Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır”.

Bütün bunlar barədə bir qədər ətraflı bəhs etmək istərdik. Əvvəlcə xatırladaq ki, 2019-cu ilin yanvarından etibarən ölkədə “kölgə iqtisadiyyat”ının qarşısının alınması məqsədilə vergi islahatları reallaşdırıldı. Bundan az sonra isə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 2015-ci il devalvasiyalarından əziyyət çəkən vətəndaşların 10 min dollara qədər olan borclarına kompensasiyanın ödənilməsinə başlanıldı, eyni zamanda, 17 min manata qədər problemli kreditlərin restrukturizasiyası istiqamətində ciddi addımlar atıldı, sosial paketlərin icrası həyata keçirildi.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar təxminən 602 min şəxsə kompensasiya hesablanıb. Ümumilikdə ötən il sentyabrın 30-na kimi dövlət büdcəsi hesabına 633 milyon manat kompensasiya ödənilib. Bu vəsaitin 323 milyon manatı bilavasitə vətəndaşların özlərinə çatıb, 310 milyon manatı 10 gündən çox gecikməsi olan kreditlərin ödənilməsinə istiqamətləndirilib. Daha 494 milyon manat isə problemli kreditlərin restrukturizasiyasına yönəldilib.

Keçən il martın əvvəlində ölkə Prezidentinin müvafiq sərəncamları əsasında birinci sosial paketin icrasına başlanılıb. Belə ki, minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Həmin artımlardan 830 min insan yararlanıb. Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb.

Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan I dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan I dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb. Bu artımların təmin edilməsi üçün əlavə olaraq dövlət illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürüb, birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstək olub.

Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində addımların ardıcıl xarakter aldığını göstərib. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.

Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bununla da ötən il reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılıb. Beləliklə, ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyib. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manatya 40 faiz çox olub. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olub ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.

Ümumilikdə iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edib. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat sərf olunub.

Sonda əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı bir məqamı da xatırlatmaq istərdik. Bu, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolunun məhz iqtisadi-sosial islahatlardan keçməsi həqiqəti ilə bağlıdır. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu, bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Dövlət başçısı İlham Əliyev də bu reallığı daim önə çəkir. Çünki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.

 

Xalq qəzeti”

Xalq qəzeti.-2020.-11 yanvar.-S.4.