Əmək pensiyası və müavinət hüququ arasında yaş hədləri eyniləşdirilib

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addım kimi dəyərləndirilməlidir. Çünki bu qanunlarla vətəndaşlara yaşa görə verilən əmək pensiyası və müavinət hüququ arasında uyğunsuzluq aradan qaldırılıb. Yəni, hər iki sosial təminat növünü almaq hüququ yaradan yaş hədləri eyniləşdirilib.

Əgər bu ilin əvvəlinədək yaşa görə pensiya almaq hüququ olmayan qadınlar müavinət hüququnü 62 yaşda, kişilər isə 67 yaşda qazanırdısa, yeni qanunla 2020-ci ilin əvvəlindən bu rəqəm pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.

2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaşa görə pensiya hüquqları olmadıqda, yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər yanvar ayının 1-dən yaşa görə müavinət hüququ qazanıblar.

Qeyd edək ki, yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndərilir. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-- Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edə bilər. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beşdaha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar yaşa görə müavinət hüququnu hər uşağa görə 1 il azaldılmaqla qazanırlar. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir. Həmçinin,sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır.

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranır.

 

Z.BƏŞİRQIZI,

Xalq qəzeti”

Xalq qəzeti.-2020.-11 yanvar.-S.4.