Azərbaycan 2020-ci ildə dörd beynəlxalq təşkilata sədrlik edəcək

Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib...  Mənim qonşu ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olub və hər bir görüş məhsuldar olub. Ona görə hesab edirəm ki, bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları bu əlaqələri gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Gənc müstəqil Azərbaycan dövlətinin 1993-cü ilin yayından etibarən yürütdüyü xarici siyasət kursu nəinki ildən-ilə öz uğurlarını artırır, hətta, bu kursun bəzi istiqamətləri digər ölkələrdə nümunə kimi də göstərilir.

2003-cü ilin payızından – Prezident İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra yürütdüyümüz  xarici siyasət isə Azərbaycanı beynəlxalq aləmin mühüm aktorlarından birinə çevirmişdir. Bu gün ölkəmizin səsi dünyanın hər yerində eşidilir, maraq və mənafelərimiz nəzərə alınır. Ən başlıcası, rəsmi Bakının siyasi-diplomatik addımları Ermənistanın işğalçı dövlət kimi tanıdılmasını  təmin etmişdir. Halbuki, beynəlxalq aləmdəki ikili standart müəllifləri uzun illərdir  işğalçı dövlətə himayədarlıq edirlər.

Dövlətimizin 2019-cu ildə yürütdüyü  xarici siyasətə gəlincə isə deyə bilərik ki, yola saldığımız ildə bu istiqamətdə  kifayət qədər uğurlarımız olmuşdur. Dövlət başçımızın da xatırlatdığı kimi, bu il bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıb, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib. Bu istiqamətdə atılmış addımlar və tərəfdaşlarımızın addımları  əlaqələrimizi gücləndirib, eyni zamanda, regional əməkdaşlığa da müsbət təsir göstərib.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ötən il dekabrın 30-da 2019-cu ilin yekunları ilə əlaqədar kütləvi informasiya vasitələrinin suallarını cavablandırarkən olduqca  maraqlı məqamlara toxunub.

Nazir qeyd edib ki, 2019-cu ildə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin xarici siyasət kursu uğurla davam etdirilmişdir: “Təqdirəlayiq haldır ki, bu il ölkəmiz iki beynəlxalq təşkilatın zirvə görüşünə evsahibliyi etmişdir. Qoşulmama Hərəkatı və Türk Şurasına sədrlik qarşıdan gələn il ərzində ölkəmiz tərəfindən həyata keçiriləcəkdir. Ölkəmiz, həmçinin növbəti il digər iki regional təşkilata – GUAM-aTRACECA-ya sədrliyi həyata keçirəcəkdir. Bu, əlbəttə ki, həmin təşkilatların çoxsaylı üzv ölkələri tərəfindən Azərbaycana göstərilən etimadın bariz nümunəsidir. Bu il Azərbaycan beynəlxalq və regional təşkilatlarda təmsilçiliyinin coğrafiyasını daha da genişləndirərək dünyanın 135 dövlətini öz sıralarında birləşdirən Qrup 77-yə üzv olmuş, eləcə də Sakit okean Alyansı təşkilatında müşahidəçi statusu almışdır”.

Ekspertlərin fikrincə,  Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələrlə yaradılmış  üçtərəfli əməkdaşlıq formatları həm məna, həm də əldə edilmiş nailiyyətlər baxımından çox müsbət formatdır. Eyni zamanda, bizim başqa ölkələrlə ikitərəfli əlaqələrimiz də inkişaf edibdir. Prezident xatırladır ki, 2019-cu ildə  Azərbaycana 40-dan çox dövlət və hökumət başçısı səfər edib, həm beynəlxalq tədbirlərdə iştirak etmək üçün, həm də ki, ikitərəfli formatda. Bu baxımdan bu il rekord il olmuşdur.

2019-cu ildə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlərin siyahısına nəzər salsaq, bu istiqamətdə nail olduğumuz uğurların miqyası barədə təsəvvür yaranar. Bu il Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünə evsahibliyi edib. Fəxrlə deyə bilərik ki,  Azərbaycan bu təşkilatda çox fəal rol oynayır və təşkilata sədrlik ölkəmizə  keçibdir. Biz bu təşkilata bir il ərzində sədrlik edəcəyik. Bundan başqa, paytaxtımızda  Qoşulmama Hərəkatının Zirvə görüşükeçirilmişdir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcək. Dövlət başçımız xatırladır ki, bizim həmin quruma sədrliyimiz yekdil qərarla qəbul olunub.

Burada bir məqamı xüsusilə vurğulamaq zərurəti var. Belə ki,  Qoşulmama Hərəkatında birləşən ölkələrin arasında bəzi ixtilaflar var. Yəni bəzi ölkələr bir-biri ilə  yola getmirlər. Amma Azərbaycanın sədrlik məsələsi müzakirə edilərkən, həmin dövlətlərin hamısı yekdil mövqedən çıxış etmişlər. Bu fakt beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi inam və etimadın göstəricisi kimi olduqca dəyərlidir.

Bundan başqa, yola saldığımız ildə bizim Avropa İttifaqı ilə  əlaqələrimiz uğurla inkişaf edib. İl ərzində bir neçə önəmli tədbir keçirilib, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti cənab Tuskun iyul ayında Azərbaycana səfəri xüsusi məna daşıyır. Prezidentin fikrincə, Avropa İttifaqı ilə bizim əlaqələrimiz bu il müsbət istiqamətdə inkişaf edibdir: “Onu da bildirməliyəm ki, keçən il Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanmışdır. Bu sənəddə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına Avropa İttifaqı tərəfindən dəstək ifadə edilmişdir. Eyni zamanda, Qoşulmama Hərəkatının Yekun Bəyannaməsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həll olunması ilə bağlı açıq ifadələr öz əksini tapıbdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da Yekun Bəyannaməsində buna oxşar bənd vardır. Beləliklə, Qoşulmama Hərəkatında birləşən 120 ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda, türkdilli ölkələr, hansılar ki, Qoşulmama Hərəkatına üzv deyil, beynəlxalq aləmin mütləq əksəriyyəti bizi dəstəkləyir, bizə inanır və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini bizim mövqeyimizi dəstəkləyərək ərazi bütövlüyü çərçivəsində görür”.

Təbii ki, bizim əsas tərəfdaşlarımızın böyük bir hissəsi Avropadadır və ona görə də Azərbaycan rəhbərliyi Avropa təsisatları ilə əməkdaşlığın genişləndirilməsini daim diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə verdiyi müsahibədə bu məsələyə xüsusi olaraq toxunubçox maraqlı fikirlər səsləndirib. Məsələn, dövlət başçımız xatırladıb ki,  biz Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9-u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıbdır, ya da qəbul edilibdir. Prezident  hesab edir ki, Avropa İttifaqı ilə imzalanacaq növbəti sazişin təməli  bu 9 sənəddə təsbit edilib. Çünki üzərində gedən  gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim mənafeyimizə xidmət edən məsələlər öz əksini tapmalıdır. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, adıçəkilən saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır.

Dövlət başçımızın dekabrın 23-də jurnalistlərə verdiyi müsahibənin xarici siyasətimizlə bağlı olan məqamında Azərbaycan vətəndaşının sosial rifahına, maddi marağına aid məsələlərin də dilə gətirilməsi cənab Prezidentin siyasətinin təməlində insan amilinin dayandığının növbəti göstəricisi idi. Belə ki, Avropa İttifaqı ilə bağlanacaq sazişin imzalanması prosesinin  bir qədər uzanmasının səbəblərindən söz açan Prezident dedi: “Digər vacib məsələ energetika sektoru ilə bağlıdır... mən istəyirəm, ictimaiyyət onu da bilsin, – enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Reallıqda bu,  nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil”. Yəni dövlət öz vətəndaşının mənafeyini Avropa İttifaqı kimi nəhəng beynəlxalq təşkilatla bağlanacaq sazişdən qat-qat üstün tutur.

Amma,  bu, o demək deyil ki, biz Avropa İttifaqı və ya qitə ­miqyaslı hansısa qurumla əməkdaşlığın ikinci plana keçməsinin tərəfdarıyıq. Qətiyyən belə deyil. Dövlət başçımızın özünün də xatırlatdığı kimi, biz ATƏT-in üzvüyük. ATƏT Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Biz 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq və artıq 20 ilə yaxındır ki, bu təşkilatda fəaliyyət göstəririk. Bu, Avrointeqrasiyanın bir növüdür. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur.

Xarici siyasətimizin ən prioritet sahələrindən olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün aparılan danışıqlara gəlincə isə xatırladaq ki, Azərbaycan bu il rəsmi İrəvana bir həqiqəti  başa salmağa nail oldu: “Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılacaq və separatçı Dağlıq Qarabağ  tərəfi müzakirələr masasına buraxılmayacaq”. Azərbaycan ötən  il dünya siyasətçilərinin bu həqiqəti qəbul etməsinə nail oldu.  Münaqişə ilə bağlı Prezident İlham Əliyevin  prinsipial mövqeyi bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır: Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var. Qeyd etdiyim kimi, keçən il Avropa İttifaqı bizimlə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən sənəd imzalayıbdır”.

 

İttifaq MİRZƏBƏYLİ,

Xalq qəzeti”

Xalq qəzeti  2020.- 12 yanvar.- S.1-2.