20 Yanvar ərəfəsində qanlı xronika

O müdhiş günlərdən keçən 30 ilin tamamında geriyə dönüb yanvar ayında baş vermiş hadisələrin qısa xronikasına baxanda sonuncu diktatoru bədnam Mixail Qorbaçov olmuş kommunist rejiminin Azərbaycan xalqına düşmən münasibətinin dəhşətli mənzərəsi bir  daha gözlərimiz önündə canlanır.

1990-cı ilin yanvar günləri

2 yanvar: Dağlıq Qarabağ ərazisində erməni ekstremistləri milis məktəbinin kursantlarını daşıyan avtodəstəni daş-qalaq etmiş və atəşə tutmuşdular.

4 yanvar: Erməni terrorçuları Əsgəran-Ağdam körpüsünü partlatmışdılar.

5 yanvar: Erməni terrorçuları Şuşa şəhərini su ilə təmin edən boru kəmərini partlatmışlar. Naxçıvan da daxil olmaqla, Azərbaycanın bir neçə rayonunda və Bakıda bu hadisədən qəzəblənmiş əhali SSRİ rəhbərliyindən erməni millətçi-separatçılarının Azərbaycan xalqına qarşı iki ildən bəri davam edən hücumlarına və ümumi ədalətsizliyə son qoyulmasını, erməni təcavüzünün qarşısının alınması üçün ciddi tədbirlər görülməsini tələb etmişdir.

6 yanvar: Erməni terrorçuları Ağdam şəhərində təzə istifadəyə verilmiş avtovağzal binasını partlatmış, nəticədə, iki nəfər həlak olmuşdur.

8 yanvar: Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin sürətlə gərginləşməsi ilə bağlı Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanovun iştirakı ilə Azərbaycan KP MK-da müşavirə keçirilmişdir.

9 yanvar: Sov.İKP MK-nın katibi A.Girenko və SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.Nişanov Xankəndinə getmək istəmiş, lakin erməni silahlı quldur dəstələri aeroport yolunu blokadaya alaraq, daxili qoşunların əsgərlərinə atəş açmışdılar. A.GirenkoR.Nişanov aeroportdan Bakıya qayıtmağa məcbur olmuşdular. Bu hadisəni ermənilər “xalqın böyük qələbəsi” adlandırmışdılar.

1990-cı il üçün plan və büdcə məsələlərinə baxan Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin, Şaumyan (kənd) rayonununXanlar rayonunun Çaykənd kəndinin sosial-iqtisadi inkişaf planını özfəaliyyət dairəsinə daxil etmişdir. Xocavənd rayonu Qaradağlı kəndindəki N.Nərimanov adına kolxozun sədri S.Bayramov qətlə yetirilmişdir.

10 yanvar: SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi aktların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir.

11 yanvar: Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin sessiyasının 9 yanvar tarixli qərarını respublikanın suverenliyinin kobudcasına pozulması və yenidənqurmaya qarşı diversiya kimi qiymətləndirdi.

12 yanvar: Ermənistandan 20 helikopterlə gələn 500 nəfərlik silahlı quldur dəstəsinin Xanlar rayonunun Çaykənd ərazisində möhkəmlənərək Quşçu kəndinə hücum etməsi nəticəsində onlarla dinc sakin yaralanmış və qətlə yetirilmişdir.

13-14 yanvar: Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq əhalinin kütləvi etirazı baş qaldırmışdır.

14 yanvar: Azərbaycan KP MK-nın birinci katibi Ə. Vəzirov Azərbaycan SSR Ali Soveti Sessiyası adından tərtib edilmiş, DQMV-də və zərurət olarsa, ona bitişik rayonlarda və sərhəd boyunda fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi kömək göstərilməsi haqqında saxta qərarı SSRİ Ali Sovetinin Rəyasət Heyətinə göndərmişdir.

Ermənistandan helikopterlə gələn silahlı quldur dəstəsinin üzvləri bu dəfə Xanlar rayonunun Aşıqlar kəndinə hücum etmiş, bir nəfəri qətlə yetirmiş, bir neçə nəfəri odlu silahla yaralamışlar. Toğana kəndində üç nəfər qətlə yetirilmiş, yeddi nəfər girov götürülmüşdür.

 

15 yanvar: SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzalamışdır. Azərbaycan SSR Ali Sovetinə təklif edilmişdir ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla, lazımi tədbirlər görsün.

Qarabağ” və “Krunk” separatçı təşkilatları “Erməni Ümummilli Hərəkatı”nda birləşərək Azərbaycana qarşı zorakılığı, terroru və hərbi əməliyyatları açıq şəkildə genişləndirmişlər. Ermənilər Laçın rayonu Hacılar kəndinin çobanı Allahverdi Əbdüləzimovu qətlə yetirmişlər, qoyun sürüsünü aparmışlar. Bütün bunlar Bakıda və bölgələrdə kütləvi etiraza səbəb olmuşdur. SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, Sov.İKP MK katibi A.Girenko, SSRİ Nazirlər Soveti sədrinin müavini V.Doqujiyev hadisələrin kəskinləşməsi ilə bağlı Bakıya gəlmişlər. Lakin vəziyyəti nizama salmaq, erməni təcavüzünün qarşısını almaq üçün yenə də heç bir əsaslı tədbir görülməmiş, sovet rəhbərliyi erməni hücumlarını sükutla qarşılamışdır.

15-17 yanvar: Sovet rəhbərliyi Ermənistanda və DQMV-də Azərbaycana qarşı hücumların qarşısını almaq əvəzinə, Azərbaycanda hadisələri süni surətdə gərginləşdirən hərəkətlərə rəvac vermişdir. SSRİ rəhbərliyi Bakının ətrafına müxtəlif kontingentli qoşun hissələri və ağır texnika toplamışdır. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları cəlb edilmişdir.

Bakının hərbi komendantlığı heç bir ehtiyac olmadığı halda, rusdilli əhalini və hərbi qulluqçuların ailələrini Azərbaycandan köçürməyə başlamış, süni surətdə Bakıda millətlərarası qarşıdurma təhlükəsi görüntüsü yaradılmış, bu barədə xəbərlər Azərbaycandan kənarda yayılmışdır.

Bütün bunlara etiraz olaraq şəhərin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında kortəbii surətdə avtomaşınlar düzülməklə rəmzi barrikadalar qurulmuş, Xalq Cəbhəsinin radikal qanadı piketlər təşkil etmişdir.

17 yanvar: Yaranmış vəziyyətlə bağlı ciddi tədbirlər görülməsi tələbi ilə Azərbaycan KP MK-nın binasının qarşısında davamlı izdihamlı mitinq başlamış və ümumi tətil elan olunmuşdur. Tələb edilmişdi ki, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafına yığdığı qoşunlar Dağlıq Qarabağa və Ermənistan tərəfdən hücuma məruz qalan sərhəd bölgələrinə göndərilsin.

SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.PrimakovSov.İKP MK-nın katibi A.Girenko Xalq Cəbhəsinin nümayəndələri və Qaçqınlar Cəmiyyətinin rəhbərləri ilə görüşmüşlər.

18 yanvar: Moskvanın Azərbaycana qarşı tutduğu qərəzli mövqeyə, ermənilərin dinc əhaliyə silahlı hücumlarının genişlənməsinə, qanlı hadisələrə  etiraz əlaməti olaraq Biləsuvar və Cəlilabad rayonlarının ərazisində İranla sərhəd qurğularının bir hissəsi sökülmüşdür. Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olundu.

19 yanvar: Respublika rəhbərliyinin istefası tələbi ilə Azərbaycan KP MK-nın binası qarşısında mitinqlər davam etmişdir. Moskvanın Bakıya göndərdiyi nümayəndələr-- SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.PrimakovSov.İKP MK katibi A.Girenko mitinqin təşkilatçıları ilə görüşlərində qoşunların şəhərə girməyəcəyi barədə vədlər vermişlər.

Ermənistanın Ararat (Vedi) rayonu ərazisindən Sədərək kəndi atəşə tutulmuş, səkkiz nəfər, o cümlədən, iki azyaşlı uşaq həlak olmuşdur. Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası Azərbaycan SSR və muxtar respublikanın ali qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətlərinin nəticəsiz qalmasına, Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində Muxtar Respublikanın ərazi bütövlüyünün və vətəndaşlarının həyatının təhlükə qarşısında qalmasına, Kərki kəndinin işğal edilməsinə və hücumlarn intensivləşməsinə, Qars müqaviləsinin şərtlərinin kobud surətdə pozulmasına etiraz əlaməti olaraq Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etməsi haqqında qərar qəbul etmişdir.

Saat 19:27-də Bakıda Azərbaycan Televiziyasının enerji bloku partladılmış, respublikada teleradio yayımı dayandırılmış, qəzetlərin çap prosesi pozulmuş, əhali tamamilə informasiya blokadasına alınmışdır. Məqsəd fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərmanın əhaliyə çatdırılmasının qarşısını almaq və qırğınların miqyasının daha böyük olmasına rəvac verməkdən ibarət olmuşdur.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00:00-dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman vermişdir. (Lakin bu barədə xəbər hərbi müdaxilə başa çatandan sonra, səhərisi gün məhdud dairəyə yayılmışdır.) 21:00-dan etibarən SSRİ müdafiə naziri Dmitri Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdaraq, əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil olmuşdur. Fərman radio ilə elan edilən vaxtadək 100-dən artıq dinc sakin qətlə yetirilmiş, yüzlərlə dinc sakin yaralanmışdı.

20 yanvar: SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri sürətlə Bakıya yeridilmiş, dinc əhaliyə hər yerdə amansız divan tutulmuşdur.

Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov yanvarın 20-nə keçən gecə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, oradan gizli şəkildə Moskvaya aparılmışdır. Respublikanın digər rəhbərləri evlərindən çıxmamış, respublika işğalçı qoşunların nəzarətində qalmışdır.

21 yanvar: Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək orada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etmiş, faciənin Moskvanın və Azərbaycan rəhbərlərinin günahı üzündən baş verdiyini bildirmişdir.

22 yanvar: Bakıda “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar ümumrespublika matəm mitinqi keçirilmişdir. Respublikada üç gün matəm elan olunmuşdur.

Azadlıq meydanından Dağüstü parka-- Şəhidlər xiyabanınadək uzanan  dəfn mərasimində iki milyona yaxın insan iştirak etmişdir.

Xalqın və bir qrup deputatların tələbi ilə axşam Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilmiş, fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar tarixli fərmanının fəaliyyətinin dayandırılması, ordu hissələrinin şəhərdən çıxarılması, qanlı qırğının təşkilatçılarının, təqsirkarlarının aşkarlanması üçün deputat komissiyasının yaradılması barədə qərar qəbul olunmuşdur.

Azərbaycan SSR Ali Soveti Bakıda və bütün Azərbaycanda dinc əhaliyə qarşı görünməmiş cinayət törədilməsi ilə əlaqədar SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali sovetlərinə, Sovet İttifaqının xalqlarına, dünyanın bütün dövlətlərinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına müraciət qəbul etmişdir.

25-26 yanvar: Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara – yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana da yeridilmişdir. Dinc əhaliyə hücum nəticəsində səkkiz nəfər qətlə yetirilmiş, xeyli adam yaralanmışdır.

 

R.TAHİR, “Xalq qəzeti”

Xalq qəzeti 2020.- 19 yanvar.- S.5-6.