Azərbaycan bu
gün dünyada ən
islahatçı və sabit ölkə kimi tanınır
Ötən il
dünya miqyasında baş
verən çox böyük
qlobal hadisələr fonunda
Azərbaycan dövləti qarşıya qoyduğu
siyasi, təşkilati və sosial-iqtisadi hədəflərə inamla nail ola
bilib və danılmaz uğurlar
fonunda milli
iqtisadiyyatımız sıçrayışlı artım nümayiş etdirərək ortagəlirli
dövlətlər cərgəsinə qoşulub.
Bütün bunlar isə
Prezident İlham Əliyevin
keçən ilin yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi – “Azərbaycan dünya
müstəvisində çox etibarlı
tərəfdaş kimi tanınır” – fikrini bir daha
təsdiq etmiş olub.
Müşavirədə
ötən ilin yekunlarını obyektiv və dərin analitik
təhlil edən cənab Prezident sosial-iqtisadi
uğurlarımızı
ölkədə yaşanan sabitliklə əlaqələndirmişdir.
Ümumiyyətlə, dövlətimizin başçısı
dəfələrlə bildirmişdir ki, sabitlik olmadan heç
bir dövlət inkişaf edə bilməz. Bu, aksiomadır.
Bunu yaxın tarixdə dəfələrlə
görmüşük. Sabitlik pozulan zaman inkişaf da zəifləyir,
ölkə iqtisadiyyatı tənəzzülə
uğrayır, sərmayə qoyuluşu dayanır.
Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Respublikada isə sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və eyni zamanda, aparılan siyasətdir. Çünki Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir, milli maraqlar hakimiyyət üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.
Ötən ilin sosial-iqtisadi uğurlarını ifadə edən göstəricilər “Gələcəyə baxış – 2020” və “Strateji Yol Xəritəsi” dövlət proqramı sənədlərinin uğurlu icrasını bir daha əyani şəkildə sübuta yetirir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycanın regional və beynəlxalq miqyasda iqtisadi və siyasi gücünün ortaya qoyulmasına, nüfuzunun artmasına gətirib çıxarır.
Sübhəsiz ki, belə bir inkişaf Azərbaycan cəmiyyətini sevindirir və gələcəyə olan inamını daha da artırır. Bu gün Azərbaycan dünyada heç kimdən asılı deyil. Bir kərə yüksəldiyi bayrağı daim zirvələrdə saxlamağa qadirdir. Bax, elə buna görədir ki, bütün dünyada ölkəmizin nüfuzu günbəgün artır, ona olan etimad və etibar güclənir. Ölkə rəhbəri müşavirədə bununla bağlı deyib: “Ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilmişdir və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Eyni zamanda, ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilmişdir. Bu zirvə görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Bu faktı xüsusilə qeyd etmək istəyirəm. Çünki Qoşulmama Hərəkatında birləşən bəzi ölkələr, belə demək mümkündürsə, bir-biri ilə yola getmirlər, ölkələr arasında münaqişələr, ixtilaflar var. Buna baxmayaraq, bütün ölkələr Azərbaycanın namizədliyini dəstəklədi. Bu, bir daha onu göstərir ki, beynəlxalq arenada bizə olan hörmət və etimad yüksək səviyyədədir.
Dünya dini liderlərinin II Zirvə görüşü ölkəmizdə keçirilmişdir. Azərbaycana 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər”.
Müşavirədə keçən il iqtisadi sahədə də böyük müsbət nəticələr əldə edildiyi vurğulanaraq, Dünya Bankının Azərbaycanı 20 ən islahatçı ölkə siyahısında göstərdiyi xatırladılıb. Prezident İlham Əliyev bunun çox böyük nailiyyət olduğunu diqqətə çatdıraraq “bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur – həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatlar sahələrində”,–deyə vurğulayıb.
Ötən il valyuta ehtiyatlarımız 6,4 milyard dollar artaraq 51 milyard dollara çatıb, ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft ixracı 14 faiz çoxalıb. Sənaye istehsalı 1,5 faiz artıb. Qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz yüksəlib, kənd təsərrüfatında 7 faiz artım qeydə alınıb. Vergi və gömrük orqanlarında aparılan islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilib.
Bütün bunlarla bərabər, ötən il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Eyni zamanda, orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz olmaqla, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli dərəcədə üstələyib ki, bu da həm əməkhaqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır.
Vergi sahəsində
aparılan islahatlar nəticəsində
isə “kölgə iqtisadiyyatı”nın həcmi
azalmaqdadır. 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 milyard 672,6 milyon manata çatıb.
Son 2 ildə dövlət
büdcəsinə olan
artıq ödəmələr
721,4 milyon manat həcmində azaldılıb.
Onu da xatırladaq ki, ötən il qeyri-neft sektorundan
vergi daxilolmaları üzrə proqnoz 109,1 faiz yerinə
yetirilib ki, bu da indiyədək
əldə edilmiş
ən yüksək göstəricidir. Qeyri-neft
sektorundan vergi daxilolmaları 458,3 milyon manat və
ya 9,1 faiz artaraq 5 milyard 432,3 milyon manata çatıb.
Bu sektordan daxilolmaların
həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8 faiz təşkil
edib, özəl sektorun qeyri-neft sektoru üzrə vergi daxilolmalarında xüsusi çəkisi isə 76,4 faiz olub. Qeyri-neft sektorunda könüllü
vergi daxilolmalarının
bu sektor üzrə daxilolmalarda xüsusi çəkisi 91,1 faizə çatıb.
Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə
16,4 faiz, aksiz vergisi üzrə
4,7 dəfə, mənfəət
vergisi üzrə isə 12,6 faiz artıb.
Sosial infrastrukturla bağlı da böyük işlər görülüb: 60 tibb müəssisəsi, 84 məktəb
tikilib və istifadəyə verilib. İstehsal gücü 400 meqavat olan “Şimal - 2” elektrik stansiyası istismara qəbul edilib. Hazırda tələbatımızdan artıq
1000 meqavat generasiya güclərimiz var. Keçən
il 345 subartezian quyusu, 1300 kilometr asfalt yol istifadəyə verilib.
Azərbaycan Prezidenti İlham
Əliyevin iştirakı
ilə
2019-cu ildə Sumqayıt
Kimya Sənaye Parkının ərazisində
inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen,
Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları işə salınıb. Ölkə rəhbəri Türkiyənin
Ədirnə vilayətinin
İpsala qəsəbəsində
TANAP qaz kəmərinin
Avropa ilə birləşən hissəsinin
açılış mərasimində
iştirak edib.
Bütün bu tədbirlər
göstərir ki, Azərbaycanda il
ərzində sosial-iqtisadi
sahələrdə mühüm
uğurlar əldə
edilib. Prezident İlham Əliyevin
rəhbərliyi ilə
qarşıya qoyulan məqsəd və hədəflərə doğru
yeni, inamlı addımlar atılıb. Nəticədə respublikamızın beynəlxalq imici daha da yüksəlib,
qlobalmiqyaslı uğurlar
qazanılıb, həyatın
bütün sahələrində
dinamik inkişaf davam edib.
2019-cu ildə ümumi
daxili məhsulun artması, öz növbəsində, dövlət
büdcəsinin icrasının
göstəricilərində də özünü büruzə verib. Belə
ki, 2019-cu ilin dövlət büdcəsinin
mədaxil proqnozu 23 milyard 168 milyon manata qarşı 24 milyard 200 milyon manat məbləğində
icra olunub ki, bu da
1 milyard 32 milyon manat və ya
4,5 faiz artıq mədaxil deməkdir.
Dövlət büdcəsinin xərclərinin
icrası 25 milyard 190 milyon manat proqnoza
qarşı 24 milyard
405 milyon manat məbləğində icra
olunub. Beləliklə, dövlət büdcəsinin
2019-cu ildə kəsiri
cəmi 205 milyon manat təşkil edib.
Dövlət büdcəsi kəsirinin əhəmiyyətli dərəcədə
azalması, ilk növbədə,
onunla bağlıdır
ki, həm vergi, həm də gömrük orqanları tərəfindən
büdcə daxilolmaları
üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib.
Ümumiyyətlə, icmal büdcənin gəlirləri də faktiki olaraq nəzərdə tutulduğundan
xeyli çox daxil olub. İcmal
büdcənin gəlirləri
29 milyard 235 milyon manat məbləğində
proqnozlaşdırılsa da,
faktiki icra 33 milyard 818 milyon manat və yaxud
15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox
təşkil edib. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində
və yaxud 97 faizə yaxın icra olunub. Nəticədə icmal büdcədə də 7,4 milyard
manat məbləğində profisit yaranıb. Bu da proqnozlaşdırılan
kəsirlə müqayisədə
təxminən 4 dəfə
çoxdur. Belə
bir nəticə, ilk növbədə, Dövlət
Neft Fondunun gəlirlərinin artımı
hesabına baş verib. İcmal büdcənin profisitinin
digər səbəbi
də dövlət büdcəsində kəsirin
olmaması ilə əlaqədardır.
Ümumiyyətlə, bütün bu amillər Azərbaycanın
maliyyə mövqeyinin
daha da möhkəmləndirilməsi
istiqamətində aparılan
ardıcıl siyasətinin
nəticəsi kimi qəbul edilib.
2019-cu ildə dövlət
büdcəsinin xərclərində
də əhəmiyyətli
dəyişikliklər nəzərə
çarpıb. İlk növbədə, xərclərin strukturunda müsbət dəyişikliklər
baş verib. Bu da onunla bağlıdır ki, sosial sahədə aparılan siyasətin nəticəsi olan tədbirlər
2019-cu ilin dövlət
büdcəsi çərçivəsində
hər hansı bir dürüstləşmə
aparılmadan tam təmin
edilib. Belə bir vəziyyətdə
isə dövlətin
sosial siyasəti və prioritetləri tam açıq şəkildə
ifadə olunub.
(ardı
qəzetin növbəti
sayında)
Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin Maliyyə
və maliyyə institutları kafedrasının
müdiri, iqtisad elmləri doktoru, professor,
BMT-nin Sülh səfiri
Xalq qəzeti 2020.- 18 yanvar.-
S.5.