Azərbaycan – Avropa Şurası: strateji münasibətlər uğurla davam edir 

Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il keçir. Ötən müddət ərzində tərəflər arasında kifayət qədər məhsuldar əməkdaşlıq əlaqələri qurulmuşdur. Avropa Şurası ilə sıx əməkdaşlıq münasibətlərinin yaradılması Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə təkan verməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti aparması barədə mühüm qətnamələrin qəbul edilməsinə imkan yaratmışdır.

Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin qurulmasına böyük önəm verdiyi məlumdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxaspektli xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur. Məhz bu siyasi kursun nəticəsi olaraq bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların layiqli üzvü kimi həmin qurumların işində yaxından iştirak edir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət sayəsində ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və güclənmişdir. Xüsusilə də Avropa Şurası ilə münasibətlərin inkişafı Azərbaycanın “Köhnə dünya” ölkələri ilə əlaqələrinin müasir dövrün tələblərinə uyğun formalaşmasına öz töhfəsini vermişdir. Əlbəttə ki, ölkəmizin Avropa Şurasına üzv kimi qəbulu Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında və güclənməsində mühüm rol oynamışdır.

Xatırladaq ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ilə təsadüf edir. Məhz 24 yanvar 1992-ci ildə Azərbaycan parlamentixüsusi dəvət edilmiş qonaqstatusu almaq üçün Avropa Şurasına müraciət ünvanlamışdı. 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan – Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu qətnamə qəbul etmişdi. 1995-ci il fevralın 3-də isə AŞPA Bürosu 1994-cü ildə qəbul edilmişüç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan tövsiyəyə uyğun olaraq, Azərbaycanın “xüsusi dəvət edilmiş qonaqstatusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. AŞPA Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaqstatusunun verilməsi barədə qərarını 28 iyun 1996-cı il tarixində açıqlamışdı. 26-28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyasında Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdi. Ölkəmizin Avropa Şurasının tamhüquqlu üzv qəbul olunmasına dair qərar isə 17 yanvar 2001-ci ildə qəbul olunmuşdur. Tamhüquqlu üzv olduqdan sonra Azərbaycan bu mühüm beynəlxalq təşkilatda genişmiqyaslı, milli maraqlara söykənən güclü fəaliyyət göstərməyə başlamışdır.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasında özünün tarixi çıxışında bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirmişdi. Ümummilli liderimizin həmin çıxı­şında qeyd etdiyi məsələlər AŞPA-da fəaliyyət göstərəcək Azərbaycan nümayəndə heyəti üçün ölkənin xarici siyasətinin tərkib hissəsini təşkil edən bir proqram idi.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin bu qurumun iclasında fəaliyyətə başlaması 24-27 aprel 2001-ci ildə keçirilmiş plenar sessiyaya təsadüf edir. O vaxt nümayəndə heyətimizə cənab İlham Əliyev rəhbərlik etmişdi. Məhz cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində nümayəndə heyətimiz tərəfindən elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə uğurla çatdırılmışdı. Belə ki, sessiya zamanı 9 ölkəni AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdı. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal olunmuş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdı. Xüsusilə qeyd etmək lazımdır ki, 27 yanvar 2003-cü il tarixində AŞPA Bürosunun iclasında həmin qurumdakı nümayəndə heyətimizin rəhbəri, cənab İlham Əliyevin Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilməsindən sonra ölkəmizin bu mühüm beynəlxalq təşkilatla əlaqələri daha da güclənmiş, Ermənistanın işğalçı dövlət kimi tanınmasına yönəlik fəaliyyət daha da genişlənmiş və Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliğatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Əlamətdar haldır ki, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra da Avropa Şurası ilə münasibətlərimizin inkişafına xüsusi önəm vermiş, təşkilatla əlaqələrimizin daha da güclənməsinə istiqamətlənmiş çoxaspektli siyasətin yürüdülməsini davam etdirmişdir. Belə ki, 28-29 aprel 2004-cü ildə Prezident İlham Əliyev Strasburqa səfər etmişAvropa Şurasının bir sıra yüksək rütbəli nümayəndələri ilə görüşmüşdür. Həmin səfər zamanı dövlət rəhbərimizə AŞPA-nın fəxri üzvü diplomu və medalı təqdim olunmuşdur.

Bundan başqa, 16-17 may 2005-ci ildə Varşavada Avropa Şurasının üzvü olan dövlət və hökumət başçılarının üçüncü Zirvə toplantısında ölkəmizi Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmiş və səfər zamanı bir sıra mühüm görüşlər keçirilmişdir. Xatırladaq ki, bu gün qlobal hərəkata çevrilmiş “Bakı prosesinin əsası Avropa Şurası üzv ölkələrinin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda 2008-ci il dekabrın 2-4-də paytaxtımızda keçirilmiş konfransda qoyulmuşdur. Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı bəyannaməsi məhz həmin konfransın yekunlarına əsasən imzalanmışdır.

Prezident İlham Əliyev Avropa Şurasının əhəmiyyətini belə qiymətləndirir: “Avropa Şurası o təşkilatdır ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edib. O qətnamədə Ermənistanı işğalçı dövlət kimi ifşa edib. İlk dəfə olaraq hansısa erməni qüvvələri, yaxud ermənilər yox, məhz “Ermənistan” yazılıb! Qeyd olunub ki, Avropa Şurasının bir ölkəsi Avropa Şurasının digər ölkəsinə qarşı təcavüz edib. Bu təcavüz nəticəsində 20 faiz torpaq işğal altına düşüb, 1 milyondan artıq qaçqın-köçkün yaranıb”.

Qeyd etmək yerinə düşər ki, 2005-ci il yanvarın 25-də qəbul edilmiş 1416 saylı qətnamə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan mühüm addımlardandır. Qətnamədə qeyd olunmuşdu ki, AŞPA silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir: “Yüz minlərlə insan hələ də köçkündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatçı qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər”. Göründüyü kimi, Azərbaycan rəhbərliyinin davamlı və sistemli fəal siyasəti nəticəsində nüfuzlu beynəlxalq təşkilatda Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması faktı etiraf edilərək təsdiqlənmişdi.

Bir sözlə, bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq uğurla davam etdirilir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlara imza atmışdır. Nüfuzlu təşkilata tamhüquqlu üzv seçilməyimizdən ötən müddət ərzində imzalanmış çoxsaylı sənədlər və qarşılıqlı səfərlər belə deməyə əsas verir ki, Azərbaycan – Avropa Şurası münasibətləri bundan sonra da tərəflərin maraqlarına uyğun inkişaf edəcək və ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin güclənməsinə şərait yaratmaqla bərabər, demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti kimi fundamental dəyərlərin daha da inkişaf etməsinə və möhkəmlənməsinə öz töhfəsini verəcək.

 

Səbuhi MƏMMƏDOV,

Xalq qəzeti.-2020.-18 yanvar.-S.1.