Prezident İlham
Əliyevin Davosdakı
görüşləri
Azərbaycanın yüksək
beynəlxalq nüfuzunun
göstəricisidir
1971-ci ildən keçirilən, beynəlxalq
iqtisadi münasibətlərin tənzimlənməsi
baxımından mühüm əhəmiyyət kəsb edən
məsələlərin müzakirə edildiyi və artıq qlobal
platforma hesab olunan Davos İqtisadi Forumu təkcə müasir
dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq
münasibətlərə ciddi təsirə malikdir.
Əsası isveçrəli professor Klaus Şvab tərəfindən
qoyulan və qərargahı Cenevrədə yerləşən
Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq
qeyri-hökumət təşkilatıdır. Artıq 50-ci dəfə
keçirilən Forumda 118 ölkədən 2800-dən
çox iştirakçı, o cümlədən 53 dövlət
və hökumət başçısı, 280-dən
çox ictimai xadim, alimlər, icraçı direktorlar, media
nümayəndələri iştirak ediblər. Əllinci Davos
İqtisadi Forumu çərçivəsində Azərbaycan
Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər
həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət
kəsb edir. Bu görüşlər Azərbaycanın beynəlxalq
aləmdə artan nüfuzunu bir daha təsdiq etdi.
Bu fikirləri AZƏRTAC-a
açıqlamasında Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin sədr müavini Elçin
Əhmədov bildirib.
Elçin
Əhmədov qeyd edib ki, Prezident İlham Əliyev artıq
14-cü dəfədir Dünya İqtisadi Forumunda iştirak
edir. Azərbaycan Prezidenti Forum çərçivəsində
iyirmidən çox yüksək səviyyəli
görüş keçirib. Bu, eyni zamanda, Azərbaycana olan
maraq və diqqət, eləcə də ölkəmizin beynəlxalq
arenada qazandığı böyük nüfuzun əyani
göstəricisidir.
Forum
çərçivəsində “Strateji baxış: Avrasiya”
mövzusunda keçirilən panel iclasında iştirak edən
Prezident müasir dövrdə Azərbaycanın dinamik
inkişaf göstəriciləri, eləcə də dövlət
siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl
məlumat verdi. İlk növbədə, diqqəti cəlb edən
məqam ondan ibarət oldu ki, panel iclasında moderatorun
“Avrasiyada indi böyük qüvvələr yerləşib,
bir tərəfdən Rusiya, o biri tərəfdən Çin.
Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə
zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab
olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı
mühüm önəm kəsb edir.
Prezident
İlham Əliyevin bu cavabı Azərbaycanın müstəqil,
heç kimdən asılı olmayan, milli maraqların hər
zaman uca tutulduğu siyasət yürütdüyünün
bariz nümunəsidir. Dövlət başçısı
bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə
münasibətləri dostluq, qarşılıqlı
faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə
əsaslanır. Eyni zamanda, Prezident İlham Əliyev
vurğuladı ki, Azərbaycan üçün onun milli
maraqları həmişə birinci yerdədir və buna
görə də müstəqillik illəri ərzində əldə
etdiyimiz bütün nailiyyətlər xalqımızın
müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi
sahələrdə çox ciddi islahatlar həyata
keçirdiyimizə görə əldə olunub. Bununla
yanaşı, Azərbaycanın əldə etdiyi nailiyyətlər
Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək
qiymətləndirilib.
Azərbaycan
Prezidenti qeyd etdi ki, iyirmi birinci əsrdə iyirminci əsrin
baxışı ilə uğur qazanmaq olmaz. Bu baxımdan
ölkəmizdə həyata keçirilən struktur və
kadr islahatları səmərəli, işlək idarəçilik
mexanizminin daha da inkişaf etdirilməsini və müasir
dövrün tələblərinə
uyğunlaşdırılmasını nəzərdə tutur.
Eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatlar
dünyanın aparıcı ekspertləri, iqtisadi-maliyyə
qurumları tərəfindən yüksək qiymətləndirilir.
Əvvəllər əsasən infrastruktur layihələrinə
sərmayə yatırdığımızı bildirən
Prezident vurğuladı ki, Davos Forumuna əsasən Azərbaycan
bu gün elektrik enerjisinə çıxış imkanına
görə ikinci yerdədir və qazlaşdırma səviyyəsi
96 faiz təşkil edir, eləcə də 16 min kilometr yol, 3
mindən çox məktəb və 700 xəstəxana
inşa edilib ki, bunlar dövlət sərmayəsinin bir hissəsidir.
Bununla
yanaşı, dövlət başçısı bildirdi ki,
müasir dövrdə bizdən yaxşı idarəçilikdə,
şəffaflıqda, hesabatlılıqda, həyat və
yaşayış standartları ilə bağlı
meyarların Avropa İttifaqının standartlarına daha da
yaxınlaşdırılması üçün yeni
yanaşma tələb olunur. Azərbaycanın güclü
siyasi dəstəyinin olduğunu bildirən Prezident
vurğuladı ki, Davos Forumu Azərbaycan hökumətinin
strateji baxışını 10-cu yerə, hökumətin
sabitlik təmin etmək bacarığını isə
dünyada 11-ci yerə layiq görüb. Müstəqillik illərində
əhalimizin sayının 7 milyondan 10 milyona qədər
artdığını bildirən dövlət
başçısı qeyd etdi ki, Azərbaycanın iqtisadi
artımı əhalinin artımına uyğun gəlməlidir.
Bu səbəbdən Azərbaycan yoxsulluğu 5 faizdən
aşağı səviyyədə saxlamağa
çalışacaq. Prezident İlham Əliyev diqqətə çatdırdı
ki, Azərbaycan birbaşa xarici borcun azaldılması ilə
bağlı uzunmüddətli strategiyaya malikdir.
İnsanların gəliri həmişə inflyasiyanı
üstələməli, həmçinin iş yerlərinin
yaradılması da demoqrafik artımdan daha çox
olmalıdır.
Dövlət
başçısı iqtisadiyyatımızın yüksək
səviyyəyə qaldırılmasına imkan verən amillərdən
geniş bəhs edərək dedi ki, Azərbaycanın, o
cümlədən gənc nəslin əsas ideyası və
ideologiyası suverenlik, müstəqillik və öz
ehtiyatlarına güvənmək, ölkəmizi
özü-özünü təmin edən, heç kimdən
asılı olmayan ölkəyə çevirməkdir. Bu
baxımdan, iqtisadi müstəqillik əsas prioritet olmuş və
siyasi müstəqillik üçün bünövrə
rolunu oynamışdır.
Bununla
yanaşı, dövlət başçısı bildirdi ki,
müasir dövrdə Azərbaycan öz əlverişli
coğrafi mövqeyindən istifadə edən, müasir
infrastruktur yaradan, eyni zamanda, gənclərin simasında əlavə
və çox kreativ əmək ehtiyatlarına malik ölkədir.
Neft və qazı iqtisadiyyatımızın aparıcı
qüvvəsi kimi qiymətləndirən ölkə
başçısı qeyd etdi ki, Azərbaycan zəngin təbii
ehtiyatlara malikdir və öz enerji təhlükəsizliyini təmin
etməklə yanaşı, qonşu ölkələr və
çox sayda tərəfdaşları ilə
qarşılıqlı maraqlara əsaslanan münasibətlər
qurur. Prezident İlham Əliyev böyük enerji şirkətlərini
daha çox sabitlik və təhlükəsizlik ölkəsi
kimi tanınan Azərbaycana sərmayə yatırmaq
üçün cəlb etdiyimizə görə mühüm
tərəqqiyə nail olduğumuzu diqqətə
çatdırdı. Bununla yanaşı, bir sıra beynəlxalq
institutların üzvü olduğumuzu qeyd edən dövlət
başçısı bildirdi ki, Azərbaycan beynəlxalq
qurumda təmsilçiliyinə praqmatik yanaşır ki,
onlardan biri də Qoşulmama Hərəkatıdır.
Prezident
İlham Əliyev Azərbaycanın sabit və davamlı
inkişafda olan dövlət olduğunu bildirərək qeyd
etdi ki, ölkə daxilində risklər yoxdur. Azərbaycan
hakimiyyəti böyük imkanlar yaradan və hazırda həyata
keçirilən geniş islahatlar gündəliyinə
malikdir: “Bizim həyata keçirilən və xalqımız
üçün böyük imkanlar yaradan islahatlar gündəliyimiz
var. Ən böyük narahatlıq və əsas potensial kabus
sərhədlərimizin xaricində gərginliyin artması
olardı. Bunun üçün biz məsuliyyət
daşımırıq. Təəssüf ki, biz bu prosesə
tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu
kövrək sabitliyin daha da sarsılmaması
üçün öz aralarında müəyyən məsələlərlə
bağlı razılığa gəlməli olan super qüvvələr,
super güclər daşıyacaq”.
Prezident
İlham Əliyev diqqətə çatdırdı ki, ən
böyük narahatlıq və əsas potensial kabus Azərbaycanın
sərhədləri xaricində gərginliyin artması ola bilər.
Azərbaycan Ermənistan tərəfindən işğala məruz
qalıb və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin
demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
zidd olaraq Ermənistanın işğalı altındadır.
Regionda artıq baş qaldıran bir çox qaynar nöqtələr
potensial təhdidlərdir, ona görə Azərbaycan sərhədlərinin
xaricində təhlükəsizliyin və müəyyənliyin
olmasında çox maraqlıdır.
Beləliklə,
Prezident İlham Əliyevin Davosdakı görüşləri
onu söyləməyə əsas verir ki, dövlət
başçısının həyata keçirdiyi siyasət
Azərbaycanın beynəlxalq arenada güclü, bütün
məsələlərlə bağlı öz prinsipial mövqeyi
olan, dünyada sülhün və təhlükəsizliyin
qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın
inkişafına mühüm töhfələr verən
dövlət kimi tanınması və qəbul
olunmasını təmin edib.
Xalq qəzeti.- 2020.- 25
yanvar.- S.3.