Azərbaycan Avropa Şurasının tamhüquqlu

üzvü kimi demokratik dəyərlərə sadiqdir

 

Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Biz ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi verməyə hazırıq. Bu töhfələr həm Avropada demokratik sabitliyin möhkəmlənməsinə, həm də avropalıların Şərq xalqlarının tarixi taleyini daha yaxşı və dərindən dərk etməsinə kömək edəcəkdir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

25 yanvar 2001-ci il

 

Azərbaycan Avropa Şurasına düşünülmüş şəkildə üzv olub və Avropa ilə yaxınlaşma siyasəti ­bundan sonra da davam edəcək. Ölkəmizdə 90-cı illərin ­ortalarından ciddi islahatlara başlanıb, ciddi siyasi, iqtisadi islahatlar həyata keçirmişik və bundan sonra da keçirməkdə qərarlıyıq. Bu, sadəcə bizim Avropa Şurası qarşısında öhdəliyimiz olduğuna görə deyil. Bilirsiniz ki, Azərbaycan Avropa Şurasının 600-dən artıq Konvensiyasına qoşulub. Bu, ona görədir ki, biz sivil, inkişaf etmiş dünyanın bir parçası kimi olmaq istəyirik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ­prioritet vəzifələrdən biri də beynəlxalq aləmə inteqrasiya olunmaq, ­nüfuzlu təşkilatlarla əməkdaşlığı genişləndirmək və həmin qurumların fəal üzvlərindən olmaq idi. Lakin müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiyindəki naşılığı bu sahədə ciddi problemlər yaratdı. Üstəlik, qonşu ölkələrlə münasibətlərin getdikcə pisləşməsi Azərbaycanı blokada şəraitinə saldı və beynəlxalq aləmdən təcrid etdi. Bu yalnış siyasət nəticəsində müstəqiliyini yenicə bərpa etmiş respublikamızın beynəlxalq təşkilatlarla əlaqə qurmasında ciddi maneə yarandı.

 

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə siyasi rəhbərliyə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi, xarici siyasətdə də əhəmiyyətli dəyişikliklər baş verdi. Həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və həyata keçirilməsinə çox böyük ehtiyac var idi. Olduqca çətin və mürəkkəb dövr, qonşu dövlətlərdən təcrid olunmuş Azərbaycanın xarici siyasət kursunu zəngin dövlətçilik təcrübəsi olan, dünyada baş verən hadisələrə dərindən bələd olan Heydər Əliyevin qeyri-adi əzmkarlığı, siyasi iradəsi və parlaq zəkası sayəsində vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Onun güclü dövlətçilik təfəkkürü Azərbaycanın beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratdı.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan ilə dünya dövlətləri arasında güclü və səmərəli əlaqələr qurulmasına nail oldu. Ulu öndər zəngin təcrübəsi və zəkası ilə, ilk növbədə, qonşu dövlətlərlə, beynəlxalq təşkilatlarla sıx əlaqələr quraraq ölkənin müstəqilliyini qorudu, təhlükəsizliyini, inkişafını təmin etdi. Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan 32 beynəlxalq təşkilata üzv oldu və qısa zamanda dünya birliyində nüfuz sahibinə çevrildi.

Ulu öndər Heydər Əliyev dünyada və regionda baş verən siyasi hadisələri və gedən prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə, bütün fəaliyyətini Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunması istiqamətinə yönəltdi və tədricən buna nail oldu. Həmin dövrdə blokada şəraitində olan ölkəmiz üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, həmin qurumların üzvü olmaq çox önəmli idi. Ulu öndər nüfuzlu beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları ­dünyaya çatdırırdı.

Həmin dövdə Avropa Şurası ilə yaxından əməkdaşlıq etmək çox önəmli idi. Çünki bu qurum əsasən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanınırdı. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız doğma ata-baba yurdlarından didərgin salınmış, onların hüquqları kobud şəkildə pozulmuşdur. Bu məlumatı dünya birliyinə çatdırmaq, Ermənistanın işğalçı siyasəti barədə dünya ictimaiyyətinə məlumat vermək üçün Avropa Şurasının tribunasından yararlanmaq mühüm əhəmiyyət kəsb edirdi. Ulu öndər çox yaxşı bilirdi ki, Azərbaycanın Avropa Şurasına üzv kimi qəbulu və həmin qurumla fəal əməkdaşlıq etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rol oynayacaq.

Xatırladaq ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub. Həmin il iyunun 28-də AŞPA bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul edib. İyulun 13-də isə Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1997-ci il oktyabrın 10-11-də ulu öndər Heydər Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən ikinci Zirvə toplantısında iştirak edərək, Avropa Şurasının rəhbərliyi ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparıb, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini açıqlayıb.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündəki nitqində Azərbaycan Prezidenti Heydər Əliyev ölkəmizin bu təşkilata üzv olmaq niyyətinin ciddiliyini belə əsaslandırmışdır: “Ölkəmizdə demokratik dəyişikliklərin inkişafında Avropa Şurasının köməyinə böyük ümid bəsləyirik. Ümidvaram ki, Azərbaycan tezliklə Avropa Şurasının tam hüquqlu üzvü olacaqdır. Biz müasir Avropa demokratiyasının yüksək standartlarına cavab vermək üçün öz tərəfimizdən hər şeyi edəcəyik.”

Ulu öndərin həmin istiqamətdəki sonrakı addımları da Azərbaycanın bu məsələdə qətiyyətli olduğunu göstərirdi. Belə ki, Heydər Əliyev 1996-cı il iyulun 8-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa ­Şurasında Azərbaycan ­Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar imzalayıb. Bu sərəncamlar, həqiqətən də, ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərini artırdığının göstəricisi idi. Eyni zamanda, Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrin və digər qanunların hazırlanmasının sürətlənməsi, respublikamızın Avropa Şurasının bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmişdir. Həmin tövsiyələrə uyğun olaraq, çox qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunların, demək olar ki, hamısı Milli Məclis tərəfindən qəbul edilmişdir.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verildikdən sonra Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

2001-ci il yanvarın 25-də isə Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.

Ölkəmizin Avropa Şurasına qəbul edilməsi bizim üçün siyasi uğur idisə, həmin il yanvarın 25-də Strasburqda --Avropa Şurasının binası önündə müstəqil Azərbaycanın üçrəngli bayrağının qaldırılması həm siyasi, həm də mənəvi cəhətdən çox böyük uğur idi. Bunun ən mühüm əhəmiyyətlərindən biri müstəqil Azərbaycanın bayrağı Avropa bayraqları arasında dalğalanırdı. Bununla yanaşı, bayrağımızı Avropa Şurasının binası önündə müstəqil Azərbaycanı bəlalardan, məhrumiyyətlərdən, hətta parçalanmaqdan xilas etmiş, dünya şöhrətli siyasi xadim Heydər Əliyev qaldırırdı. Ulu öndər 2001-ci il yanvarın 25-də Fransada – Avropa Şurasının Strasburqdakı binasının önündə elə bir tarixi çıxış etdi ki, həmin çıxışın hər cümləsi qürur mənbəyi kimi milli tariximizə yazıldı: “Biz Ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq”. Yaxud “Avropa Şurasına Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da Avropa Şurası bir o qədər lazımdır”.

Azərbaycanın AŞ-yə üzvlüyünün artıq 19 ili tamam olur. Ötən illər ərzində ölkəmizlə Avropa Şurası arasında əlaqələr dinamik olaraq inkişaf etmişdir. Bu əlaqələrin daha da möhkəmləndirilməsinin əsas amillərindən birini Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasət təşkil edir. Bu illər ərzində Azərbaycan parlamentinin AŞPA -dakı nümayəndə heyəti sessiyalarda fəal iştirak edərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində çox böyük işlər görmüşsür. 2011-ci ilin yanvar ayında AŞ-nın Dağlıq Qarabağa dair Alt Komitəsinin işinin yenidən bərpa olunması haqqında qərar qəbul edilməi bu uğurların təsdiqidir.

Həmin il yanvarın 26-da Avropa Şurasının binasında ölkəmizin bu quruma üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbulun keçirilməsi, tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksək vəzifəli şəxslərin iştirakı respublikamıza, onun rəhbərinə bu nüfuzlu qurumun hörmət və ehtiramının göstəricisidir.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra, ilk dəfə, 2014-cü il mayın 14-dən altıaylıq dövr üçün təşkilatın Nazirlər Komitəsinə sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda quruma üzv ölkələr və müxtəlif təsisatlarla qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdir. Həmin prioritetlərin dəstəklənməsi məqsədilə Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilib.

Azərbaycanın Avropa ­Şurasına üzvlüyündən sonrakı dövr ərzində ­AŞPA-nın monitorinq komitəsinin respublikamız üzrə həmməruzəçilərinin ölkəmizin qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə mütəmadi olaraq Bakıya səfərləri təşkil edilir. Hər dəfə hazırlanmış məruzələrdə Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yüksək qiymətləndirilib, ölkəmizin demokratiya sahəsində mühüm inkişafa nail olduğu qeyd edilib.

Azərbaycan Avropa Şurasına üzv olduğu müddətdə qurumun bir sıra önəmli sahələri əhatə edən sənədlərinin hazırlanmasının və qəbulunun iştirakçısı olub. Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb.

Hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq, bu qurumla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2020.- 25 yanvar.- S.1-2.