Azərbaycan Tibb
Universitetində
professor Vaqif
Şadlinskinin
80 illik yubileyi qeyd
olunub
Yanvarın 24-də Azərbaycan Tibb
Universitetində tibb elmləri doktoru, kafedra müdiri, Rusiya
Tibb Elmləri Akademiyasının və Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının akademiki, professor Vaqif Şadlinskinin 80 illik
yubileyi qeyd olunub. AZƏRTAC xəbər verir ki, Tibb
Universitetinin tədris işləri üzrə prorektoru Sabir
Əliyev yubiley ərəfəsində professor Vaqif
Şadlinskini Prezident İlham Əliyevin Sərəncamı ilə
“Şöhrət” ordeni ilə təltif olunması münasibətilə
təbrik edib, onun keçdiyi həyat yolundan
danışıb.
Professor
Mübariz Allahverdiyev yubilyarın keçdiyi elmi, pedaqoji və
ictimai fəaliyyəti barədə məruzə edib. O, əmək
fəaliyyətində stomatologiya kafedrasında baş laborant
kimi başlayan və sonralar indi rəhbərlik etdiyi kafedraya
keçən professor Vaqif Şadlinskinin 32-dən artıq dərslik,
45-dən çox metodiki və dərs vəsaitinin müəllifi
olduğunu, onun rəhbərliyi altında 9 elmlər doktoru,
tibb üzrə 29 fəlsəfə doktoru
hazırlandığını qeyd edib. Əməkdar elm xadimi
olan Vaqif Şadlinskinin rəhbərlik etdiyi insan anatomiyası
və tibbi terminologiya kafedrası universitetdə ən
çox elmlər doktoru olan kafedralardan biridir.
Bakı
Mühəndislik Universitetinin rektoru Havar Məmmədov,
İqtisad Universitetinin kafedra müdiri Əvəz Ələkbərov,
anatomiya kafedrasının professoru Rafiq Əsgərov, professor
Elçin İsgəndərzadə və başqaları
çıxış edərək yubilyarı təbrik edib,
onun elmə, tibbə, konkret olaraq anatomiyaya bağlı olan həyat
yolundan epizodlar danışıb və 50 ildən atıq elmi
fəaliyyətini çox yüksək dəyərləndiriblər.
Qeyd olunub ki, professorun indiyədək 600-ə yaxın elmi məqaləsi
dərc olunub, müxtəlif Avropa ölkələrinin orden və
medallarına layiq görülüb.
Fəxrəddin
Əliyev yubilyara həsr etdiyi şeiri oxuyub, professor Nəriman
Mövsümov Vaqif Şadlinskinin ünvanına
respublikamızdan və xarici ölkələrdən göndərilən
təbrik məktublarını və teleqramları tədbir
iştirakçılarının diqqətinə
çatdırıb.
Tədbirdə
çıxış edən professor Vaqif Şadlinski onu təbrik
etməyə gələn tələbə yoldaşlarına,
dostlarına və tələbələrinə təşəkkür
edərək deyib: “İlk dəfə 1970-ci il sentyabrın 1-də
müəllim kimi auditoriyaya girmişəm. O vaxtdan sonra
çox adamlar qolumdan tutub, himayədarlıq edib. Mənim elmi
fəaliyyətimə həmişə böyük
qayğı göstərən və dəstək verən mərhum
və unudulmaz müəllimim professor Kamil Balakişiyevə,
eləcə də həyatımın müxtəlif mərhələlərində
mənə kömək əli uzadan hər kəsə minnətdarlıq
edirəm. Ən böyük minnətdarlığım isə
ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə
davam etdirən və dünən məni “Şöhrət”
ordeni ilə təltif edən Prezident İlham Əliyevədir.
Bu, indiyə qədər mənim layiq görüldüyüm
ən yüksək ordendir. Əməyə layiqli qiymət
veriləndə insan ruhlanır”.
Xalq qəzeti.- 2020.- 25 yanvar.- S.6.