DOST ölkədə sosial müdafiənin möhkəmlənməsində fəal iştirakçıdır

 

DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür. Bu mərkəzlərdə göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezident

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST Agentliyi) də yuxarıda adıçəkilən fərman əsasında yaradılıb. Sənəddə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində xidmətlərin reallaşdırılmasını gerçəkləşdirəcək DOST mərkəzlərinin yaradılması da nəzərdə tutulub. Yeri gəlmişkən, ilk belə mərkəz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Yasamal rayonundada açılıb.

Ümumiyyətlə, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Onu da qeyd edək ki, DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək.

Prezident İlham Əliyevin iştirakı ilə martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışında da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son illərdə görülən işlər barədə ətraflı danışılıb. Dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verilərək, son illərdə şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarına uyğun olaraq, xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə mühüm önəm verildiyi bildirilib. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri də sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini sübuta yetirib.

Mərasimdə 4 saylı DOST Mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin tibbi sosial ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstəriləcəyi vurğulanıb.

Azərbaycanda DOST mərkəzlərinin əhatə dairəsinin getdikcə genişləndirilməsi təsadüfi deyil. Belə ki, respublikamızda əlillər, müharibə veteranları, şəhid ailələri dövlətin hər zaman diqqət və qayğı göstərdiyi həssas kateqoriyaya aiddir. Ölkədə fəaliyyətə başlayan bütün sosial obyektlər və xidmət infrastrukturu bu meyarları özündə əks etdirir. Bununla yanaşı, Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilərin qısa zamanda cəmiyyətə inteqrasiyası məqsədilə reabilitasiya vasitələrinin verilməsi, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi sosial siyasətin həm də mənəvi-əxlaqi normalara söykəndiyinin təcəssümüdür.

DOST Mərkəzinin açılışında Prezident İlham Əliyevə bütün bunlarla bağlı ətraflı məlumat verilib, dövlətimizin başçısının siyasətinin ana xətti olan sosial təminat sisteminin daim inkişaf etdiyi bildirilib: “Ötən dövr ərzində təkcə sosial ödənişlər 1 milyard 800 milyon manat artıb. Pensiya ödənişləri 36 faiz, müavinət ödənişləri 120 faiz, təqaüd ödənişləri 3,5 dəfə yüksəlib. Bu isə orta aylıq göstəricilərə çox ciddi təsir edib. Azərbaycan nadir ölkələrdən biridir ki, cəmi 3 il ərzində orta pensiya 60 faiz artıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən postmüharibə dövründə müharibə iştirakçıları ilə sosial əlaqələr daha da gücləndirilib. Artıq 20 mindən çox şəxs həm sosial ödənişlər, psixoloji dəstək, həm də reabilitasiya vasitələri ilə əhatə olunub. Həmin şəxslərə indiyədək 1200 reabilitasiya vasitəsi təqdim edilib. Məşğulluq proqramları ilə 3700 şəxs əhatə olunub”.

Bir pəncərə” sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və əlçatan prosedurlar təklif etməyə imkan verən 4 saylı DOST Mərkəzində 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcək. Burada çalışanların əksəriyyəti gənclərdən ibarətdir. Bu isə daxili intellektual resursları üzə çıxarmağa kömək etməklə yanaşı, xidmətin yüksək keyfiyyətlə icrasında da müstəsna rol oynayır.

DOST Mərkəzinin tərkibindəki “Çağrı Mərkəzi” ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” –“İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsinə imkan verəcək. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevikoptimal mexanizmlər üzərində qurulması kimi sosial islahatlar proqramının əsas hədəflərinin real müstəviyə uğurla proyeksiya olunduğu deməkdir.

Açılışda diqqətə çatdırılıb ki, indiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir. Binəqədi rayonunda, yeddi min kvadratmetr ərazini əhatə edən 4 saylı DOST Mərkəzinin fəaliyyətə başlaması da bu prosesə mühüm töhfə verəcək, daha geniş miqyasda keyfiyyətli sosial xidmətlərin həyata keçirilməsinə imkan yaradacaq.

Onu da xatırladaq ki, yaxın vaxtlarda Abşeronda növbəti DOST Mərkəzi açılacaq, Quba, Sabirabad, Gəncə və Sumqayıtda da artıq bu istiqamətdə gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır. Əlbəttə, bu sahədə önəmli prioritetlərdən biriişğaldan azad olunmuş ərazilərimizlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq artıq Şuşada DOST Mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb.

Yazının sonunda bu gün respublikada fəaliyyət göstərən DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı bir məqama da toxunmaq istərdik. Belə ki, bu qurumlara olunan müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq orqanlardan, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bölmələrindən elektron qaydada əldə edilir və emalı reallaşdırılır. Prosesin gedişində hesabatlılıq və şəffaflıq təmin edilir. Vətəndaşların müvafiq məlumatlara çıxış imkanı artırılır. Onlara çevik hesabatvermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə prosesi izləmə imkanları yaradılır. Başqa sözlə, DOST mərkəzləri hazırda “bir pəncərə”dən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların DOST-u olduğunu qısa zaman ərzində təsdiqləyərək, ictimai məmnunluğun ünvanı kimi tanınır.

 

V.BAYRAMOV

Xalq qəzeti  2021.- 1 aprel.- S.3.