Aprel döyüşləri şanlı Zəfərimizin anonsu idi

 

2016-cı ilin aprel ayında Ermənistan ordusunun növbəti təxribatı ilə başlayandörd gün davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdi. Bu gün həmin döyüşlərdən 5 il ötür. Lakin xalqımızın ordumuza və zəfərə olan inancını təzələyən bu döyüşlər Azərbaycan Ordusunun gücünü, nələrə qadir olduğunu bütün dünyaya sübut edib. Təbii ki, bu, Qarabağ Zəfərimiz barədə bir ismarıc, xəbərdarlıq idi...

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti İbrahimxəlil İbrahimov bildirdi.

O, sözünə davam edərək dedi:

- Aprel döyüşləri bizim Zəfərə olan inancımızı qüvvətləndirən ən önəmli faktorlardan biri idi. Əslində, zəfərlə yekunlaşan bu döyüşlər, gələcəkdə baş verə biləcəklərin anonsu idi. Məlum olduğu kimi, 4 gün ərzində qəhrəman Azərbaycan Ordusu düşmən tapdağı altında olan 2 min hektardan çox ərazimizi işğaldan azad etmişdi. Bununla yanaşı, Azərbaycan Ordusu strateji əhəmiyyətə sahib bir çox yüksəklikləri və yolları da nəzarəti altına almışdı. Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdi.

Cənab Prezident İlham Əliyevin istər döyüşlər davam edərkən, istərsə də yekunlaşdıqdan sonra yerlixarici mətbuat orqanlarına, o cümlədən, Azərbaycan xalqına müraciətlərindən də aydın oldu ki, əgər biz istəsəydik, daha da irəli gedərdik. Əlbəttə, bu dərin bir mesaj idi. Azərbaycan Ordusu düşmənə gücünü göstərmişdi. Lakin Ali Baş Komandanın da dediyi kimi, “hakimiyyətə təsadüfən gələn bu insanlar” yetərincə açıq olan bu mesajı dərk edə bilmədi. Onsuz da siyasiiqtisadi cəhətdən çökməkdə olan Ermənistan bu biganəliyin cəzasını ağır şəkildə ödəmək məcburiyyətində qaldı. Aprel döyüşləri zamanı erməni hərbçilərin kütləvi şəkildə fərarilik etməsi vəziyyətin nə yerdə olduğundan xəbər verirdi. Düşmən, Aprel döyüşləri zamanı da ordu sıralarına xidmət yaşı keçmiş insanları cəlb edirdi.

Ermənistan rəhbərliyi hadisələrin çıxılmaz hal aldığını anlayanda artıq gec idi. Lakin hər zaman olduğu kimi, bu dəfə də öz xislətindən dönməyən Ermənistan, xarici dövlətlərə, o cümlədən, bir çox beynəlxalq təşkilatlara əl açaraq, özünün “yalvarış” siyasətini davam etdirdi. Bütün bunlardan sonra qarşılıqlı şəkildə hərbi əməliyyatların dayandırılmasına razılıq verən Azərbaycan beynəlxalq aləmdə bir daha sübut etdi ki, biz sülh tərəfdarıyıq. Lakin bu, onların sonuncu şansı idi. Çünki illər keçdikcə və münaqişənin həllindən uzaqlaşdıqca məsələnin sülh yolu ilə həlli öz reallığını itirirdi.

Azərbaycanın hərb tarixində xüsusi önəmi olan Aprel döyüşləri xalqımıza, ən böyük amalımız olan Qarabağ zəfərinin yaxın olduğunu göstərdi. İnsanlar anlayırdılar ki, tam qələbəyə az qalıb, uğur bir addımlıqdadır. Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır. Bu həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında Aprel döyüşlərinin müstəsna önəmi oldu. Bu döyüşlər, azadlığa aparan inamlı addımların başlanğıcı, yeni həqiqətlətin xəbərçisi idi.

Nəhayət, Azərbaycan itirilən reallığı yenidən yaratdı. Aprel döyüşlərinin 4-cü ilində rəşadətli ordumuz işğal altında olan torpaqlarımızı bir-bir azad etdi. Məsələ orasındadır ki, bu dəfə də atəşkəsi pozan erməni tərəfi idi. Aydın olur ki, Ermənistan nəinki Aprel döyüşlərindən dərs çıxarmadı, hətta vəziyyət onlar üçün bir qədər də ağırlaşdı. Bütün bunlar bölgədə yaranan yeni reallıqlardır.

 

 

Söhbəti qələmə aldı:

İmran ƏLİYEV

Xalq qəzeti  2021.- 3 aprel.- S.5.