Prezident İlham Əliyev: Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi çox ciddi mesaj idi

 

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, bu gün Azərbaycan–Türkiyə əməkdaşlığı uğurla inkişaf edir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi bu iki ölkə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Qırx dörd günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çoxu üçün mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi.

Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə möhtəşəm Zəfər paradında da xalqımızın yanında oldu, fərəhini bölüşdü, Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı Azərbaycan xalqını qələbə müjdəli gələcəyə ruhlandırdı.

Vətən müharibəsində Türkiyənin müdafiə və xarici işlər nazirləri, digər yüksək vəzifəli rəsmiləri tərəfindən də birmənalı olaraq Azərbaycana dəstək göstərildi. Bu, xalqımıza çox böyük siyasi və mənəvi güc vermək demək idi.

Hazırda dövlət başçılarının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir. Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında bu barədə deyib: “Biz müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq. Mənim əziz qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Əziz qardaşım bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır…”.

Dövlətimizin başçısı daha sonra bu sözlərin çox ciddi mesaj, siqnal olduğunu, Azərbaycanın əks-hücum əməliyyatını uğurla reallaşdırmağa müsbət təsir göstərdiyini, hər hansı bir kənar qüvvənin məsələyə müdaxilə etməsinə imkan vermədiyini və bütün bu dəstəyə görə qardaş Türkiyəyə, onun Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürünü bildirib.

Burada bir məqamı da vurğulamaq istərdik. İki ölkə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Bu əlaqələr getdikcə möhkəmlənir. Dövlətlərimiz arasında münasibətlərin inkişafında təbii ki, ölkə rəhbərlərinin dostluq münasibətləri mühüm rol oynayır. Azərbaycan Ordusunun silahlanmasına önəmli təsir göstərən “Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirməsi də bu fikrin bariz ifadəsidir. Həmin PUA-ların Vətən müharibəsində səmərəli tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulması, işğalçının xeyli sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi də önəmli fakt kimi diqqət çəkir.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edərkən də bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı görüşdə qardaş ölkənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunaraq, Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğulayıb, “Baykar” şirkətinin istehsalı olan məhsulların torpaqlarımızın düşməndən təmizlənməsi zamanı işğalçı texnikasının məhv edilməsindəki rolunu vurğulayıb.

Bu amil Türkiyədə müdafiə sənayesinin yüksək sürətlə inkişafından xəbər verir. Artıq dünya üçün sirr deyil ki, Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan da Vətən müharibəsində məharətlə istifadə edərək, böyük üstünlük qazanıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, respublikamızın ərazi bütövlüyününsuverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarı “Qarabağordeni ilə təltif edib.

Türkiyə müharibədən sonra Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya-Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.

Qardaş Türkiyə Vətən müharibəsində Azərbaycana ciddi mənəvi və siyasi dəstək göstərdiyi kimi, savaşdan sonrakı dönəmdə, Qarabağın bərpası mərhələsində də öz köməyini əsirgəmir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən Zirvə görüşündəki çıxışında bununla bağlı vurğulayıb: “Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq”.

Burada onu da deyək ki, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Ölkə rəhbəri bu zaman qardaş Türkiyənin Azərbaycana münasibəti barədə xüsusi danışıb, bu ölkənin müharibənin ilk günlərindən haqq işimizə böyük dəstək verdiyini xatırladıb. Bütün bunlardan sonra təbii ki, qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəməyəcək. İlk müqavilələrin Türkiyə şirkətləri ilə imzalanması da bunun bariz ifadəsidir.

Hazırda türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərirlər. Onların digər infrastruktur layihələrinin icrasında və tarixi abidələrimizin bərpasında da Azərbaycana qardaşlıq köməyi edəcəkləri nəzərdə tutulur.

Türkiyə şirkətlərinin Qarabağın yenidənqurma işlərində də səmərəli iştirakından bəhs edən Prezident İlham Əliyev deyib: “Ümumilikdə, Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Əlbəttə ki, işğaldan azad edilmiş torpaqlarda da bir çox sahələrdə Türkiyə şirkətləri uğurlu fəaliyyət göstərəcəklər”.

Hazırda ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq, iqtisadi əlaqələrin daha da inkişafı yönündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.

Xatırladaq ki, hazırda Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Qardaş ölkə ilə iqtisadi əlaqələr getdikcə güclənir. Bu qonşu ölkədən idxalın artımında da özünü aydın göstərir. Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu, digər statistik rəqəmlərdə də aydın nəzərə çarpır. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Eyni zamanda, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon dollar təşkil edib. Həmçinin 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.

Bu ilin fevralında isə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 194,26 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,431 milyon dollar çoxdur. Bundan başqa, fevralda qardaş ölkədən respublikamıza ixrac 137,162 milyon dollara, Azərbaycandan idxal isə 57,098 milyon dollara çatıb.

Statistikaya əsasən, bu ilin yanvar-fevral aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 91,843 milyon dollar artaraq 410,136 milyon dollar təşkil edib. Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 303,129 milyon dollar, Azərbaycandan idxal isə 106,917 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib. İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da Azərbaycanın etibarlı tərəfdaşıdır. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta digər sahələr üzrə sıx səmərəli əməkdaşlıq edir. Kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri getdikcə güclənir bu sahədə ticarət dövriyyəsinin artırılması üçün birgə səy göstərilir. Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda maraqlıdır.

Bir neçə gün bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb. Sənəddə Türkiyədə aqrar sahədə tətbiq olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanlarının araşdırılması təcrübə mübadiləsinin aparılması, qardaş ölkədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli mütəxəssis fermerlərə təlimin keçirilməsi sahəsində əməkdaşlıqla bağlı maddələr yer alıb.

 

V.BAYRAMOV

Xalq qəzeti 2021.- 3 aprel.- S.3.