Azərbaycan tarixi Zəfər əldə edib

 

Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb.

 

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Azərbaycanın Vətən müharibəsində tarixi Zəfər əldə etməsindən və dağıdılmış ərazilərdə artıq bərpa işlərinə başlanılmasından ətraflı bəhs edərək, 30 ilə yaxın müddət ərzində Ermənistanın ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxladığını, bir milyondan çox azərbaycanlını öz doğma torpağından didərgin saldığını, xalqımıza qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini bildirib.

Dövlətimizin başçısı çıxışında beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini daim dəstəklədiklərini, ancaq bunun praktiki həyatda öz əksini tapmadığını, yəni, Ermənistanın işğalı davam etdirdiyini xüsusi vurğulayıb: “BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Digər beynəlxalq təşkilatların qərar-qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox böyük siyasihüquqi mənası var idi. Halbuki real, praktiki müstəvidə məsələnin həllinə xidmət etmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdir”.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilən bu torpaqlardan çıxarılması qeyd olunmasına baxmayaraq, 30 ilə yaxın bir dövrdə həmin qətnamələr kağız üzərində qalmışdı. Bununla bərabər, Minsk qrupu çərçivəsində danışıqlar da heç bir bir nəticə verməmiş, Ermənistan isə ardıcıl olaraq hərbi təxribatlar törətmişdi.

Bütün bunlara son qoymaq üçün ordumuz ötən il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini reallaşdırmaq məqsədilə özünümüdafiə hüququ çərçivəsində, beynəlxalq humanitar hüquqa əsaslanmaqla əks-hücum və cavab tədbirləri gerçəkləşdirdi. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və əzmi, maddi-texniki bazası, ordu-xalq-Prezident birliyi qısa müddətdə dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtəşəm uğurları şərtləndirdi. Prezident İlham Əliyevin Türk Şurasının sözügedən Zirvə görüşündə diqqətə çatdırdığı kimi, 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad olundu. Tarixi Azərbaycan şəhəri Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Beləliklə, uzun bir zaman ərzində sözügedən münaqişəni Minsk qrupu deyil, Azərbaycan özü həll etdi, buna güc yolusiyasi vasitələrlə nail oldu, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan Ermənistanı döyüş meydanında əzərək, işğalçını təslim hesab olunan bəyanatı imzalamağa məcbur etdi. Bu bəyanat əsasında bizim digər rayonlarımız da siyasi yolla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həllini tapdı.

Burada bir məqamı da vurğulamaq istərdik. Belə ki, torpaqlarımız Ermənistanın işğalı altında olduğu dövrdə bir çox siyasətçilər belə hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun saxlanılmasından keçir. Lakin yuxarıda vurğulandığı kimi, Azərbaycan status-kvonun güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının əzmkarlığı, həmrəyliyi, hökumətinin iradəsi, əsgərinin müzəffərliyi sayəsində dəyişdirdi. Şübhəsiz ki, Ermənistan hərb meydanında uduzmasaydı, təslim aktına da könüllü imza atmayacaqdı...

Beləliklə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq göstərərək, ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi dağıtdı, cinayətkar rejimə son qoydu və erməni millətçilərinin üzdəniraq “artsax” xülyalarını pozdu. Müharibənin əvvəlində planlaşdırdığına nail olan, işğal olunmuş bütün yeddi rayonunu qaytaran Azərbaycan dövləti və xalqı qələbə qazandı. Çünki haqq-ədalət və beynəlxalq hüquq ölkəmizin tərəfində idi.

Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə bəyan edib ki, dövlətimizin erməni xalqı ilə heç bir problemi yoxdur, davası işğalçılarla və cinayətkarlarladır. Ermənilər hazırda Azərbaycanın müxtəlif bölgələrində yaşadığı kimi, bundan sonra da təhlükəsizlik və ləyaqətli şəraitdə yaşaya bilərlər, onların güzəranları Azərbaycanın idarəçiliyi altında yaxşı olacaq. Deməli, Ermənistanın nicatı düşmənçilikdən, əsassız iddialardan əl çəkib, mehriban qonşu olmaqdan və Azərbaycanla əməkdaşlıqdan keçir.

Onu da qeyd edək ki, erməni barbarları 30 il ərzində torpaqlarımızı işğal alında saxlamaqla, istismar etməklə, təbii resurslarımızı oğurlamaqla, kəndlərimizi, şəhərlərimizi dağıtmaqla bərabər, həm də əraziləri minalayıblar. Bu, düşmənin vəhşiliyindən, faşist xislətindən xəbər verir. Ona görə də müharibədən sonra azad edilən torpaqlarda təəssüf ki, tez-tez bədbəxt hadisələr baş verir. Bu, əsasən mənfur düşmənin işğaldan sonra bütün yaşayış sahələrinin, infrastrukturun, təmas xəttinə yaxın olan ərazilərin, yolların, önəmli strateji yüksəkliklərin minalanması ilə əlaqədardır. İşğalçının müharibədən sonra bu cür təhlükəli zonaların xəritəsini verməkdən belə imtina etməsi isə onun qəddarlığının bariz ifadəsidir.

Dövlətimizin başçısının Türk Şurasının Zirvə görüşündə bütün bunlarla bağlı deyib: “Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. İndi jurnalistlər oraya gəlir, diplomatlar səfərlər edirlər. Görürlər ki, şəhərlər dağıdılıb, evlər dağıdılıb, kəndlər dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Ağdamı xariciyerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Füzuli şəhəri işğaldan azad olunandan sonra bu şəhərdə bir salamat bina qalmamışdı ki, o binanın damında Azərbaycan bayrağı qaldırılsın. Ermənilər bütün şəhərlərimizi məhv ediblər, bütün tarixi abidələrimizi məhv ediblər, qəbiristanlıqları şumlayıblar, qəbirləri dağıdıblar, 60-dan çox məscidi dağıdıblar və yarımçıq sökülmüş məscidlərdə inək və donuz saxlayıblar. Bu videokadrlar internetdə vardır. Yəni, bu, bütün müsəlman aləminə qarşı təhqirdir, cinayətdir və bütün dünya artıq bunu görür və görməlidir. Biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik. Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik”.

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatandan sonra kritik yol xəritələrinin bərpasına başlanacaq. Bu, yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariyairriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək.

Bərpa ilə əlaqədar kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin reallaşdırılması nəzərdə tutulur. Bu, ilkin mərhələdə idarəetmə və təhlükəsizliyi, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafını özündə ehtiva edir.

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, hər bir bölgənin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqları nəzərə alınaraq, müvafiq iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub. Həmçinin bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə ayrı-ayrı sahələr üzrə dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, xüsusi güzəştli iqtisadi rejimin tətbiqi nəzərdə tutulur.

Erməni vandalları tərəfindən Qarabağın ekologiyasına, su təsərrüfatına, meliorasiya sisteminə ağır zərbə vurulub. Suqovuşan Hidroqovşağı və oradan su götürən Tərtərçay magistral kanalları yararsız hala salınıb. Bununla bağlı bərpa-quruculuq işlərinin aparılması üçün Tədbirlər Proqramı hazırlanaraq, artıq hökumətə təqdim edilib.

Proqramın əsas məqsədi uzun illər erməni təcavüzünə məruz qalan suvarılan torpaqların kənd təsərrüfatında istifadəsinə şərait yaratmaqdır. Sonrakı mərhələdə isə bu obyektlərin müasir səviyyədə yenidən qurulması və inkişafına nail olmaqdır.

Hazırda işğaldan azad edilən ərazilərdə sektorlar üzrə investisiya qoyuluşu, həmçinin investorların cəlb edilməsi ilə bağlı məsələlər araşdırılır. Şuşabir neçə yaşayış məntəqəsi istisna olmaqla qalan bütün ərazilərin həm sosial şərtləri, həm də iqtisadiyyatının sıfırdan qurulması nəzərdə tutulur. Şübhəsiz ki, belə bir prosesin həmin ərazilərin reabilitasiyasından sonra həyata keçirilməsi məqsədəuyğun sayılır.

Yeri gəlmişkən, bu gün Prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir. İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən verilən məlumata görə, hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2021.- 6 aprel.- S.3.