XXI əsrin rəhbər nümunəsi

 

Hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi xalqımızın, cəmiyyətimizin həyatında böyük bir hadisə oldu. Belə ki, bu qələbə nəticəsində bir tərəfdən Vətənimizin ərazi bütövlüyü bərpa olundusa, digər tərəfdən xalqımız dövlət rəhbərinin ətrafında bir yumruq kimi sıx birləşdi. Prezidentimizin bu müharibədə həm müzəffər sərkərdə, həm də mahir diplomat kimi gördüyü işlər ona bir daha xalqın sonsuz sevgisini qazandırdı.

Qarabağ Vətənimizin ayrılmaz tərkib hissəsi olmaqla bərabər, həm də cənab Prezidentimizin dediyi kimi, Azərbaycanın mədəniyyət, musiqi beşiyidir. Torpaqlarımız azad edildikdən sonra, qısa müddət ərzində Prezidentin xanımı ilə birgə üç dəfə Şuşaya səfər etməsi onun azad olunmuş ərazilərimizin bərpasına nə qədər böyük əhəmiyyət verməsi ilə yanaşı, həm də dövlət başçımızın mədəniyyətimizə, mənəviyyatımıza çox yüksək dəyər verdiyini göstərir. Bu isə biz musiqiçilər, incəsənət xadimləri üçün xüsusi məqamdır. Çünki biz mədəniyyət xadimləri gözəl Qarabağımızın, Şuşamızın azad olunmasına görə hədsiz dərəcədə sevinərək Prezidentimizə nə qədər minnətdarıqsa, bu torpaqlarda əsarətdə, düşmən tapdağı altında qalmış tarixi abidələrimizin, mənəviyyatımızın xilas edilməsinə görə də bir o qədər sevinirik. Çünki torpağı Vətənə çevirən mənəviyyatdır, mədəniyyətdir, ruhdur. Bu mənada biz musiqiçilər Qarabağla bərabər musiqi ruhumuzu da özümüzə qaytardığına görə möhtərəm Prezidentimizə ürəkdən minnətdarıq.

Müasir dünya gəncliyin ictimai həyata daha fəal bağlanması ilə seçilir. Başqa sözlə desək, müasir dünyanın simasının formalaşmasında gəncliyin rolu olduqca böyükdür. Bu mənada, biz də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri olaraq, daim gənclərlə işləyir, onların hansı duyğularla, hansı amallarla, əhval-ruhiyyə ilə yaşadıqlarını yaxşı bilirik. Və bizim tələbələrimiz də xüsusi istedada malik gənclər olduqlarına görə, təkcə musiqi duyumları ilə fərqlənmir, həm də ürəkləri cəmiyyətin ritmi ilə döyünür və zamanın nəbzini tutmağı bacarırlar. Belə ki, onlar da Prezidentimizin fəaliyyətini ardıcıl olaraq izləyir, dövlət başçımızın mədəniyyət, mənəviyyat, gəncliyimiz haqqında dediyi fikirləri xüsusi həssaslıqla qəbul edirlər. Bu mənada, bugünkü gəncliyə, nəyisə izah etməyə, onları nəyəsə təşviq etməyə, bəlkə də, ehtiyac qalmır. Çünki Prezidentimizin hər bir addımı o qədər səmimi və şəffafdır ki, burada əlavə sözə, şərhə ehtiyac duyulmur.

Qırx dörd günlük müharibə və ondan keçən müddət ərzində Ali Baş Komandan bizə hər şeyi – Vətəni necə sevməyin, qələbəyə necə çatmağın, bu yolda dəmir iradə göstərib hərbi, iqtisadi, ideoloji uğur qazanmağın yollarını nümayiş etdirdi. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya mediasına çatdırarkən və ümumiyyətlə, dünya liderləri ilə görüşərkən o qədər diplomatik ustalıq nümayiş etdirdi ki, hər bir vətəndaşın, eyni zamanda, gənclərin ürəyində özünə mənəvi abidə ucaltdı. Bu 30 il ərzində ölkəmiz, vətəndaşlarımız istər hərbi, istərsə də diplomatik baxımdan dünya ölkələri, rəhbərləri, beynəlxalq media tərəfindən o qədər haqsızlıqlara, ədalətsizliklərə, ikili standartlara məruz qalmışdı ki, hamımızın ürəyində bir sınıqlıq, məyusluq yaranmışdı. Hamı bu 30 il ərzində Vətənimizə qarşı yürüdülən haqsızlığı görür və daim düşünürdü: görəsən, bu haqsızlıqları, bu ədalətsizlikləri dilə gətirən, onu dünya rəhbərlərinin, böyük dövlətlərin Vətənimizə qarşı qərəzli mövqe tutan media mənsublarının üzünə çırpan olacaqmı? Nə gizlədək, biz bunu ayrı-ayrı ictimai-siyasi xadimlərdən gözləyir, Prezident tərəfindən deyilməsinin, bəlkə də, diplomatik baxımdan münasib olmadığını düşünürdük. Lakin Prezident İlham Əliyev 44 günlük müharibə ərzində media nümayəndələrinə müsahibələr verərkən bu problemləri onların nəzərinə ən kiçik detallarına qədər o qədər dəqiqliklə, qətiyyətlə, inamla və eyni zamanda, o qədər diplomatik ustalıqla çatdırdı ki, ürəyimizdə heç bir nisgil, intizar qalmadı. Sanki ürəyimizdən tikan çıxardı.

Cənab Prezidentin bu diplomatik gedişləri onun bir dövlət başçısı kimi, nüfuzunu xalqın gözündə bir daha ucaltdı. Deməli, əslində, Prezident xalqın, ziyalıların gənclərin ürəyindən keçən hər bir hissi, duyğunu gözəl bilir, insanları düşündürən, narahat edən hər bir problem onu da düşündürür. Bu mənada, xalqımız, xüsusilə müasir gənclik bu günlərdə bir daha ümumxalq sevimlisinə çevrilmiş Prezidentimizin ətrafında sıx birləşir, onu apardığı ağır, çətin, lakin şərəfli və məsuliyyətli mübarizə yolunda tək qoymaq istəmir, öz sevgiləri, məhəbbətləri ilə ona dayaq, dəstək olmaq istəyir.

Müasir dünya mürəkkəb dünyadır. Onun problemləri o qədər çoxcəhətli və müxtəlifdir ki, onları həll etmək, nizama salmaq son dərəcə müşküldür. Azərbaycanın kiçik bir ölkə olmasına baxmayaraq, iqtisadi, hərbi, mədəni, mənəvi cəhətdən yüksək inkişaf etməsi, onu həmişə dünya siyasətinin diqqət mərkəzində saxlayır və heç də hamının onu sevməsinə səbəb olmur. Bu mənada, həqiqətən də, cənab Prezidentin gördüyü işlər ağır, çətin, lakin şərəfli və dəyərlidir. Bu baxımdan, mən də bir vətəndaş, müəllim, müsiqiçi olaraq özümü daim Prezidentimizin yanında hiss edir, hər bir ziyalımızı bu yola dəvət edirəm. Məhz belə olduqda dövlətimiz, ölkəmiz, cəmiyyətimiz istədiyimiz kimi inkişaf edə bilər.

Biz də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kollektivi kimi, başda rektorumuz – görkəmli sənətkar, Xalq artisti Fərhad Bədəlbəyli olmaqla, bütün müəllim və tələbə heyətimizlə dövlətimizin və Prezidentimizin yanındayıq. Biz, musiqi xadimləri dövlətimizə Vətənimizə nə şəkildə xidmət edə bilərik? Təbii ki, ilk növbədə musiqimizi, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil etməklə. Təbii ki, akademiyamızın rəhbəri və digər tanınmış simaları yeri gəldikcə ictimai fəaliyyətlə də məşğul olurlar. Lakin bizim vəzifəmiz, ilk növbədə, Azərbaycan musiqisini, mədəniyyətini dünyada tanıtmaq, xalqımızın necə yetkin millət olduğunu dünyaya nümayiş etdirməkdən ibarətdir. Biz ardıcıl olaraq konsertlər, musiqi festivalları keçirir, musiqi mədəniyyətimizi bütün dünyaya tanıdırıq. Bizə elə gəlir ki, bu da özlüyündə Prezident İlham Əliyevin apardığı siyasətin tərkib hissəsidir. Prezidentimizin adı isə Azərbaycan tarixində xilaskar kimi əbədi qalacaqdır.

 

Nərminə QULİYEVA,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor

Xalq qəzeti  2021.- 10 aprel.- S.3.