“Axırıncı
aşırım” 50 il ekranda
Milli kino sənətimizin nailiyyəti
kimi qiymətləndirilən, mənəvi
dəyərlərimizin daşıyıcısı olan “Axırıncı aşırım” filmi 50 il bundan
əvvəl ekranlarımıza çıxarıldı.
Yarım əsr ötsə də, film bu gün də böyük maraqla
baxılır.
Ssenari müəllifi Fərman Kərimzadə, quruluşçu rejissor Kamil Rüstəmbəyov olan “Axırıncı aşırım” SSRİ dövründə çəkilsə də, xalqımızın tarixi yaddaşının daşıyıcısı kimi öz dəyərini saxlamaqdadır. Film tarixi janrdadır. Ekran əsərindəki obrazların prototipləri ötən əsrin əvvəllərinin real qəhrəmanlarıdır.
Peşəkarların bir araya gəldiyi filmdə Vəli obrazı ilə tamaşaçı sevgisini qazanan Əməkdar artist Elxan Qasımovun filmlə bağlı xatirələri maraqlıdır: “Fərman Kərimzadənin “Qarlı aşırım” povesti oxucular tərəfindən sevildi, məşhurlaşdı. Görkəmli sənətkar, Xalq artisti Adil İsgəndərovun müraciətinə əsasən müəllif ssenarini yazdı, əsər əsasında film çəkildi. Hamı böyük həvəslə filmin çəkilişinə kömək edirdi. Xüsusilə qeyd edim ki, Abbasqulu bəyin xarici görünüşünün mükəmməl alınmasında rəssam Nadir Zeynalov və ikinci rejissor Tofiq Məmmədovun rolu xüsusi qeyd olunmalıdır”.
Filmin yaradıcı və texniki heyətini bir araya gətirən, kompozisiyaların quruluşuna diqqət edən, heç bir detalı nəzərdən qaçırmayan ikinci rejissor, Əməkdar incəsənət xadimi Tofiq Məmmədovun söylədikləri isə “Axırıncı aşırım”ın çəkiliş meydanında, kadrarxasında baş verənlər barədə daha aydın təsəvvür yaradır: “Filmin əsas uğurlarından biri personajların dialoqlarıdır. Fərman Kərimzadə sözlərin hamısını kəlmə-kəlmə axtarıb tapır, obrazların münasibətinə uyğun tərzdə yazırdı. Quruluşçu operator Rasim İsmayılov isə nəinki bu filmə, ümumiyyətlə, Azərbaycan operatorluq sənətinə yeni üslub gətirdi. Filmin natura obyektlərinin əksəriyyəti Bakının Fatmayı kəndində çəkilib. Kəndin bəzi küçələrində əlavə dekorlar qurulmuş, fasad dəyişdirilmiş, hasar çəkilmiş, bəzi yerlərdə darvazalar qoyulmuşdu. Toy günü baş verən atışma səhnəsi kəndin aşağı hissəsindəki yolda lentə alınıb. Növrəstənin (aktrisa Tamilla Rüstəmova) Qəmlodan qaçdığı küçələr isə Fatmayıda hasar çəkilən küçənin bir hissəsində reallaşıb. Abbasqulu bəylə Şabanzadənin (Xalq artisti Şəmsi Bədəlbəyli) dialoqu Bayıl qəsəbəsindən Suraxanıya tərəf uzanan ensiz dəmir yolu ərazisində, həmin vaxtlarda “Kukuşka” adlanan məkanda, Xəlilin (aktyor Həsənağa Turabov) və Talıbovun (aktyor Hamlet Xanızadə) dəstə topladığı kadrlar Buzovnada lentə alınıb. Talıbovla Şabanzadənin dialoqu kinostudiyanın pavilyonunda çəkilib. Səmədin evinin interyeri studiyanın pavilyonunda, qonaqları qarşıladığı natura çəkilişi isə Fatmayıda aparılıb. Abbasqulu bəyin öldürüldüyü kadr Qobustanda, aktyorların iri planlı təsvirləri kinostudiyanın həyətində ekranlaşdırılıb.
Həsən Məmmədov rola elə ciddiliklə girirdi ki, çəkiliş zamanı çaşırdım. Kərbəlayının evdən getdiyini deyəndə Abbasqulu bəyin zəhmli baxışından duruxdum. “Nəyisə düz etmədim” deyə soruşdum. Operatorun “yox, düz oynayırsan, davam et” sözündən sonra çəkilişi davam etdirdik”.
Əsasən, mənfi planda təqdim olunan Kərbəlayı İsmayılın dediyi məşhur ifadələrə diqqət edək. Qolçomaq Kərbəlayı İsmayıl Fərman Kərimzadənin “Qarlı aşırım” povestində və filmin özündə də sonda müsbət personaj kimi qeyd olunur. Belə ki, finalda Kərbəlayı İsmayıl dostu Abbasqulu bəyi qətlə yetirdiyi üçün Qəmlonu öldürür. O zaman Sovet hökumətinin başbilənləri bu sonluğa etiraz edir. Guya ki, bu insan heç cür qəhrəman kimi çıxış edə bilməz. Rejissor Kamil Rüstəmbəyov məcburiyyət qarşısında həmin səhnəni yeni variantda çəkməli olur. Bildiyimiz kimi, Qəmlonu qəbiristanlıqda gizlənən qaçaq (Tariyel Qasımov) öldürür.
Xalq artisti Məlik Dadaşovun yaratdığı Qəmlo filmdə uğurlu mənfi personajlardandır. O, Qəmlonu yüksək sənətkarlıqla təqdim edə bilib.
Qeyd edək ki, film Bakıda və Moskvada yüksək səviyyədə qarşılandı, birinci kateqoriyada qəbul edildi. Həmin vaxtlarda SSRİ Kinematoqrafçılar İttifaqında hər respublika üçün xüsusi redaktorlar heyəti var idı. Onlar filmə baxdıqdan sonra “Baskakova (Ümumittifaq Kino Komitəsinin sədri) göstərmək lazımdır” dedilər. Baskakov filmə baxdı və “film mütləq festivala göndərilsin” deyə göstəriş verdi. Film 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq Kinofestivalında nümayiş olundu. Adil İsgəndərovla Həsən Məmmədova “ən yaxşı kişi roluna görə” mükafatlar verildi.
Son olaraq onu da qeyd edək ki, filmin süjetinin əvvəldən sonadək yüksək temporitmdə davam etməsində, tamaşaçını daim maraq və həyəcan içində saxlamasında, obrazların və hadisələrin vizual təqdimatının təsirli alınmasında görkəmli bəstəkar Arif Məlikovun yazdığı möhtəşəm musiqinin də müstəsna rolu var.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2021.- 10 aprel.- S.7.