Zəngilan və Qubadlı ərazilərində
erməni ekoloji terroru
Ermənistan 30 ilə yaxın müddətdə
Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji
terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi
irsə, özünəməxsus flora və
faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ
düşmən tərəfindən vəhşicəsinə
istismar edilib. Regionun meşə örtüyü
məqsədli şəkildə məhv edilib,
münbit torpaqlar, su ehtiyatları ekoloji və
radioaktiv çirklənməyə məruz
qoyulub.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
işğaldan azad olunmuş ərazilərində müvəqqəti
xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr
2020-ci il tarixli fərmanı ilə verilmiş
tapşırıqlara əsasən, ətraf mühitin
qorunması, təbii sərvətlərdən səmərəli
istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə
yaradılmış əməliyyat qərargahlarında təmsil
olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları
Qubadlı və Zəngilan rayonlarında monitorinqlər
aparmışlar.
Məlum olmuşdur ki, Arazboyu bütün binalar, tarixi abidələr, qəbiristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb.
Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Cənab Prezident Zəngilan və Qubadlıya səfəri zamanı yolboyu bu yerlərdə törədilən ekoloji terrorla bağlı demişdir: “Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar.”
Avropada yeganə təbii çinar meşəsi Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Təəssüf ki, bu çinar meşəsi də ermənilər tərəfindən qırılıb və məhv edilib.
Zəngilan rayonunun Rəzdərə
kəndində çinar meşəsinin
yerləşdiyi ərazidə ermənilər ağac
emalı sexi açmışdılar. Sex fasiləsiz olaraq
işlədilirdi, mebel materialı istehsal olunurdu. Ətrafda olan çinar, qoz, palıd ağaclarını ucdantutma qırıb istifadə edirdilər. Ermənilər qırılan ağacların yerini itirmək üçün
onun kökünə partlayıcı maddə
qoyub dağıdır, sonra
isə yandıraraq cinayətlərinin izini
itirməyə çalışırdılar. Ərazidə
saxlanılan mal-qaraya cavan
pöhrələr yedizdirilir, toxumdan əmələ gələn cücərtiləri
məhv edirdilər. Belə faktlar isə ekoloji terrordan başqa bir şey deyildi.
Daha bir fakt. Zəngilan rayonunun Muğanlı
kəndində 100 milyon
dollar dəyərində yeni
ağac emalı zavodu tikilib. Onun istifadəçiləri İsfahan
erməniləri idi.
Guya bu zavodun əsas
xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki, zavodun
istifadəyə verilməsinin
başlıca məqsədi
Zəngilanın və
ətrafdakı digər
işğal edilmiş
rayonların meşələrinin
kökünün kəsilməsi
idi. Əlbəttə ki, başlıca
zərbə yenə də ağacların şahı olan çinarlara dəydi.
Bu barədə bir neçə dəfə beynəlxalq konfranslarda məsələ
qaldırmışdı. Çünki Bəsitçay vadisindəki
çinar meşəsi
təkcə Azərbaycana
deyil, bütün Avropa təbiətinə məxsus olan nadir inci idi.
Azərbaycanın ən iri çaylarından
olan Arazın sol qolu Oxçuçay öz mənbəyini Ermənistandan götürür
və Zəngilan rayonu ərazisində 43 kilometrədək axaraq Araza qovuşur. Ermənistan tərəfindən
Oxçuçayın ən
ağır formada çirkləndirilməsi də
böyük ekoloji terrordur.
1951-ci ildən istismara verilmiş Ermənistanın
Qacaran mis-molibden və Qafan filizsaflaşdırma
kombinatlarının tullantı
sularının tərkibində
ağır metallar, fenol, və radioaktiv maddələr də yol verilən
qatılıq normadan
1000 dəfələrlə çoxdur.
İşğal dövründə əraziyə
heç bir nəzarət olmadığına
görə təmizləyici
qurğuların və
çökdürmə sahəsinin
istismar müddətini
artırmaq, onsuz da çatışmayan elektrik enerjisinə qənaət etmək üçün bütün
çirkab birbaşa Oxçuçaya axıdılaraq,
onu “ölü zona”ya çevirmişdi.
Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər
aparılmaqdadır.
Erməni vandallığını sübut
edən faktlardan biri də, sovet
dövründən xüsusi
qorunma statusu olan unikal təbiət
abidələri siyahısına
daxil edilmiş minillik qədim ağacların qəsdən
kəsilməsi və
zəngin təbiət
tarixinin bilərəkdən
silinməsinə şərait
yaradılmasıdır. Belə
ki, bir neçə
gün ərzində aparılan monitorinqlərin
nəticələrinə görə,
Zəngilan və Qubadlı ərazilərində
yaşı 1600, 900 və
500 il olan
Şərq çinarları
məhv edilmışdir.
Bu ağacların yerində
bitən 2 metrə qədər pöhrələri
bu qədim çinarların bir neçə il
əvvəl kəsildiyini
təsdiq edir.
Dövlət başçımız Qubadlıda
olarkən buranın təbiətinə, gözəlliyinə
heyran olduğunu bildirmişdir. Cənab Prezident demişdir
ki, Qubadlı ölkəmizin ən gözəl rayonlarından
biridir və qısa müddət ərzində burada lazım olan bütün bərpa işləri də nəzərdə tutulur.
Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün
qiymətləndirmə işlərini
aparacaqlar. Videosənədlər, fotosənədlər toplanır,
bütün dəymiş
ziyan hesablanacaq. Bizim torpaqlarımız, təbii
ehtiyatlarımız istismar
edilirdi. Zəngilan rayonunda
qızıl yatağı
istismar edilirdi. Azad edilmiş digər
ərazilərdə də,
həmçinin. Bütün bunların
hesabını Ermənistan
dövləti verəcək.
1969-cu ilin iyulunda
Qubadlı Təbiət
Yasaqlığı Qubadlı
və Laçın rayonlarının ərazisində
yaradılmışdır.Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının
məqsədi həmin
ərazilərin heyvanlar
aləmini, xüsusilə
burada məskunlaşmış
məməli heyvan növlərini (cüyür,
çöl donuzu) və quşları (qırqovul) qorumaq idi. Sahəsi 20 000 hektardır.
Qubadlı rayonunun videoçəkilişi
zamanı Hal və Məmər kəndlərindən
rayon mərkəzinə gedən
asfalt yolun sağ və solunda, həmçinin görüntülərdə müşahidə
olunan həyətyanı
sahələrdə doğranmış
çoxillik ağacların
kötükləri görünür. Həmin ərazidə
ötən illərdə
törədilmiş yanğının
qalıqları aydın
seçilir. Kəndlərdə yaşayışdan və
iridiametrli çoxillik
ağaclardan əsər-əlamət
yoxdur. Bütün ərazini kəsilmiş
ağacların 2-3 illik
pöhrələri, böyürtkən
kolları basmışdır.
Əlbəttə, belə faktlar çoxdur. Amma, bu rayonların
ərazisində məhv
edilmiş təbiətin
yenidən canlandırılması
üçün tədbirlər
görülməsinə start verilmişdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2021.- 13 aprel.- S.10.