Vaksin vurdurmaqla yanaşı, qorunma
tələblərinə də əməl edilməlidir
Yeni növ koronavirusa yoluxma hallarının son həftələrdə yenidən artmasını mütəxəssislər müxtəlif səbəblərlə əlaqələndirirlər. İzahlar fərqli olsa da, əsas fikir insanların tələblərə biganə yanaşması, virusa yoluxanların evdə qalmalı olduqları halda, bəzilərinin karantin qaydalarını pozaraq, cəmiyyət arasında sərbəst hərəkət etmələri üzərində dayanır. Amma Avropanın bəzi ölkələrində virusla bağlı indiyə qədər yayılan dalğalarda məsuliyyətsizlik hissinin əsas rol oynadığını söyləmək olmaz. Çünki əhalinin çox böyük hissəsi tələb olunan qaydalara ilk gündən ciddi şəkildə əməl edib. Yoluxma sayının çox olduğu ölkələrdən olan Almaniyada elmi əsaslı strategiyalara üstünlük verilir və indiyə qədərki dalğaların hər birinin müxtəlif səbəblər nəticəsində yarandığı deyilir. Əvvəlki dalğalarda ölkənin sərhədlərinin bağlanmaması, turistik gediş-gəliş və bunun nəticəsində yoluxmaların artması göstərilirdisə, indiki dalğanın yayılması “Britaniya ştammı” ilə əlaqələndirilir.
Bildirilir ki, Almaniyada tətbiq edilən karantin rejimi və məhdudiyyətlər aradan qaldırılsa, may ayında bütün reanimasiyaların xəstə ilə dolması gözlənilir. Ona görə də elm adamları virusa qarşı maksimum tədbirlər görülməsini irəli sürürlər. Son günlər vəziyyət nəinki ürəkaçan deyil, hətta kritikdir. Peyvəndlənmə strategiyasında Avropa ölkələrində elmi əsaslı maarıfləndirmə təbliğatı daha əvvəlcədən hazırlanıb. Hələ birinci dalğa yayılan zaman vaksinlərin əhəmiyyəti və onların təsiri barədə əhali arasında maarifləndirmə işi aparılıb. Hər kəsin başa düşəcəyi səviyyədə vaksinin əhəmiyyəti izah ediləndən sonra böyük klinikalarda həkimlərlə xəstələrin söhbəti təşkil olunmuşdu.
İnfeksionist, pulmonoloq, epidemioloq, virusoloqlar – bir sözlə, bu sahənin mütəxəssisləri bildirirlər ki, xəstəliyi keçirənlərin yalnız bir doza peyvənd alaraq immunitet qazana biləcəyi mümkündür. Son bir il ərzində Amerikada aparılan elmi tədqiqatlara görə, gen texnologiyası ilə hazırlanan peyvəndlərdə, xüsusilə “AstraZeneca” və “BioNTech-Pfizer” vaksinlərində birinci dozanı xəstəliyi keçirənlərə vurduqdan sonra onlarda anticisimlərin miqdarı xəstəliyi keçirməyib peyvənd alanlarla müqayisədə daha çox olub. Onlara ikinci dozanın vurulması əlavə simptomlara səbəb olub. Ona görə də ola bilər ki, xəstəliyin strategiyasında dəyişiklik edilsin. Sadə dillə desək, mümkündür ki, xəstəliyi keçirənlər yalnız bir peyvənd dozası almaqla kifayətlənsinlər.
Uşaqlar arasında “Britaniya ştammı”nın yayılması ilə əlaqədar nüfuzlu elmi jurnallarda dərc olunan tədqiqatların da nəticələri var. Böyük Britaniyada olan statistika virusun uşaqlar arasında daha çox yayıldığını və ölüm hallarının çox olduğunu göstərirdi. Həmin hal dünya mediasında, o cümlədən Azərbaycanda da sosial şəbəkələrdə ciddi müzakirə edildi. Əslində belə tədqiqatları daha dərindən araşdırmaq lazımdır, çünki mütəxəssislərin fikrincə, təkcə uşaqlarla əlaqədar belə bir ağırlaşmanın olması heç də gözlənilən məsələ deyil. Sonradan tədqiqat aparanlar belə nəticəyə gəldilər ki, Böyük Britaniyada uşaqlar arasında yoluxma sayının çoxluğu həmin dövrdə məktəblərin açıq, digər strukturların isə bağlı olması ilə əlaqədar olub. Bundan sonrakı tətil müddətində bir daha infeksiyanın uşaqlar arasında yayılmasına baxanda, yoluxmanın və ağırlaşma hallarının aşağı düşdüyü aşkar edilib.
Mütəxəssislərin ümumi fikri belədir ki, pandemiyaya qalib gəlmək üçün əhalinin orta hesabla 60 – 70 faizinin immunitet qazanması tələb olunur. Azərbaycanda da əhalinin həmin hissəsi peyvənd edilərsə, pandemiyaya qalib gəlmək olar. Ekspertlərin fikrincə, buna daha tez nail olmaq üçün ölkəmizdə fərqli strategiyalar tətbiq etmək barədə düşünmək olar. Məsələn, strategiyada yuxarı yaş qrupundan sonra aşağı yaş qrupunda olanların peyvəndlənməsinə, yaxud, peyvəndləmə tədbiri buna icazə verirsə, paralel olaraq 20 – 30 yaşlıların da həmin tədbirə cəlb olunması prosesin daha da sürətlənməsinə və hədəf kimi müəyyənləşən rəqəmlərə daha tez çatmağa kömək edərdi, çünki gənc nəsil virusun yayılmasında ən önəmli rollardan birini oynayır.
Alimlər bu bəşəri bəladan xilas olmaq barədə proqnoz söyləyərkən deyiblər ki, istər dünyada, istərsə də Azərbaycanda yalnız peyvənd aparılması yolu ilə pandemiyaya qalib gəlməyi düşünmək elmi cəhətdən doğru deyil. Bununla yanaşı hər kəs bilməlidir ki, peyvəndləmə ilə yanaşı bu günə qədər göstərilən bütün tədbirlərə əməl edilməlidir, çünki burada müəyyən formada təkrar yoluxma, peyvənddən sonra yoluxma və s. hallar da var. Tədqiqatçı alimlər, həmçinin bildirirlər ki, hazırda tətbiq olunan peyvəndlər birinci nəslə aid edilir, ikinci nəsil peyvəndlər burun spreyləri formasında ola bilər. “AstraZeneca” şirkəti və Çin şirkətləri ikinci nəsil peyvəndlərin istehsal və tətbiqinə başlayıblar. İcazə verildiyi təqdirdə həmin peyvəndlərin tətbiqi bu ilin axırları üçün nəzərdə tutulur. Ondan sonra virusa qalib gəlmək haqqında düşünmək olar, lakin bunun nə qədər çəkəcəyi və ortaya yeni problemlər çıxarsa, nə qədər uzanacağı çox böyük sual altındadır. Pandemiyanın bu ilin axırlarında yekunlaşacağını ehtimal etmək düzgün deyi. Ən mümkün variantda gələn ildən etibarən yavaş - yavaş normal həyata qayıtmaq barədə düşünmək olar.
Hazırda Avropa və Birləşmiş Krallıqda “AstraZeneca” peyvəndi vurduran şəxslərdə az miqdarda nadir görülən tromboembolik fəsadlara (aşağı trombositlər olan qan laxtaları) rast gəlinməsi xəbərlərinə cavab olaraq, ÜST - ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi (GAVCS), Avropa Dərman Agentliyi (EMA) və Birləşmiş Krallığın tənzimləyici qurumu (MHRA) qeydə alınan halların bu peyvənd ilə əlaqəsinin olub - olmadığını müəyyən etmək üçün mövcud bütün məlumatları nəzərdən keçirir. ÜST– ün Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, təhlil aparan qurumlar “AstraZeneca” peyvəndinin faydalarının çox nadir qeydə alınan potensial risklərini üstələdiyi qənaətinə gəliblər. ÜST ölkələrə milyonlarla insanın həyatını xilas edən və ağır xəstəliyin qarşısını alan “AstraZeneca” peyvəndi ilə vaksinasiya olunmağa davam etməyi tövsiyə edir. Bu günə qədər 190 milyon dozadan çox “AstraZeneca” peyvəndi tətbiq edilib. Trombositopeniya ilə 182 tromboembolik hadisə məruzə edilib. Qeyd edilən hallarla hər hansı bir əlaqə varsa, bu hadisə çox nadirdir və risk olduqca azdır. Bir sıra ölümcül hallar da bildirilib. Lakin müqayisə üçün qeyd edək ki, son statistik məlumata əsasən dünyada 136 milyon 660 min 311 nəfər koronavirusa yoluxub və bu xəstələrdən 2 milyon 950 min 152 nəfər dünyasını dəyişib və infeksiyaya yoluxma halları artmaqda davam edir.
ÜST - ün Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir: “ÜST potensial olaraq peyvəndin səbəb olduğu və əlavə araşdırma tələb edən hadisələr barədə məlumatları aşkar etmək və riskləri idarə etmək üçün yerli qurumlar və peyvənd istehsalçıları ilə sıx əməkdaşlıq edir. Təhlükəsizlik bizim əsas prioritetimizdir. ÜST tövsiyələri hazırlamaq və peyvəndlərin təhlükəsiz və effektli istifadəsini optimallaşdırmaq üçün elmi araşdırmalara əsaslanan məlumatlardan istifadə edir. Peyvəndlərin istifadəsi ilə bağlı tövsiyələrimizdə hər hansı bir dəyişiklik olarsa, şəffaf və operativ şəkildə ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik”.
Ötən həftə COVID – 19 - a səbəb olan SARS-CoV-2 virusunun mənşəyinə dair məruzənin yayılmasına həsr olunmuş mətbuat konfransında ÜST rəhbəri doktor Tedros Qebreyesus deyib ki, hələ virusun mənbəyi tapılmadığına görə, elmi araşdırmaları davam etdirmək və bundan ötrü bütün səyləri əsirgəməmək lazımdır. Bu məqsədlə hələ yanvar ayında Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya, Danimarka, Qətər, Keniya, Çin, Hollandiya, Rusiya, ABŞ və Yaponiyadan olan 34 nəfərdən ibarət alimlər qrupu infeksiyanın mənbəyi olan Çinin Uhan şəhərində olublar. Mütəxəssislər virusun mənşəyinin dörd yol: vəhşi heyvandan insana ötürülməsi, vasitəçi heyvanla ötürülməsi, dondurulmuş qida məhsulları ilə yoluxma və laboratoriyadan sızma versiyasını araşdırıblar. Amma son bir nəticəyə gələ və mövcud fərziyyələrdən birini tamamilə təkzib və ya təsdiq edə bilməyiblər. Məruzədə deyilir ki, hətta, səfər zamanı mütəxəssislərdə gələcək araşdırmalarda cavablandırılacaq bir sıra suallar yaranıb. Alimlər vəhşi heyvan əti satılan Uhan bazarında çoxsaylı yoluxma hallarını təsdiqləsələr də, yoluxmanın mənbəyini müəyyən edə bilməyiblər. Ekspertlər Uhandakı bir neçə laboratoriyada olublar və sızma nəticəsində virusun insana ötürülmə ehtimalının az olduğu qənaətinə gəliblər. Amma ÜST rəhbəri hesab edir ki, bu versiyanın təhlili dərin olmayıb, daha çox məlumatlara və əlavə araşdırmalara ehtiyac var.
ÜST rəhbəri və bir sıra dünya lideri qlobal pandemiyalara hazırlığın artırılması üzrə beynəlxalq müqavilənin hazırlanmasına çağırıblar. Onların bəyanatında virusdan müdafiə üçün peyvəndləmənin vacibliyi xüsusi qeyd edilir. Bəyanatı ÜST– ün Baş direktoru ilə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, Portuqaliya, Ukrayna, Çili, Keniya, İndoneziya və Cənubi Koreya də daxil olmaqla, 20 - dən çox ölkənin lideri imzalayıb. Onlar koronavirus pandemiyasını İkinci Dünya müharibəsindən sonra qlobal ictimaiyyətə “ən böyük çağırış” adlandırıblar və bəşəriyyəti yeni pandemiyalar və səhiyyə sahəsində yeni fövqəladə halların gözlədiyini vurğulayıblar. Mütəxəssislərin fikrincə, bu bəyanat ölkələr arasında əməkdaşlığı möhkəmləndirməyə, bu cür problemlərin həllinə kompleks yanaşmanın işlənib hazırlanmasına, milli, regional və qlobal səviyyədə pandemiyalara hazırlığın artırılmasına imkan verəcək.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti 2021.- 14 aprel.- S.10.