Azərbaycan dövlətinin yeni informasiya
strategiyası: uğurlar və perspektivlər
Bəllidir ki, bu gün mövcud
dünya nizamı işə yaramır və
yeni dünya düzəninə
kəskin ehtiyac duyulur.
Böyük güclər arasında hazırda dünyanı
yenidən nüfuz dairələrinə
bölmək, bu zaman əlavə
imtiyazlar əldə etmək uğrunda gözlə görünən və
görünməyən ideoloji, ticari, iqtisadi savaşlar, hətta “hibrid”
müharibələr gedir.
Bunların içərisində informasiya savaşı öz kəskinliyinə görə heç də digərlərindən geri qalmır, əksinə daha böyük miqyas və vüsət alır. Nəzərə almaq lazımdır ki, dünyanı “kiçik bir kənd”ə çevirən internet, yeni texnilogiyalar kəskin rəqabət mühitini daha da gücləndirir.
Belə bir taleyüklü məqamda gənc, müstəqil Azərbaycan dövlətinin informasiya siyasətinin düzgün və səmərəli təşkili prioritet vəzifəyə çevrilib. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti bu mühüm məsələyə diqqət və qayğını artırıb. Məqsəd dövlətimizin milli maraqlarını maksimum dərəcədə qorumaq, Azərbaycanın regionda və bütün dünyada mövqelərini gücləndirməkdir. Bu istiqamətdə atılan son addımlar ölkəmizin bu vəzifənin öhdəsindən uğurla gələcəyinə dərin inam yaradır.
Konkret misal çəkmək istəyirəm. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu il aprelin 17-də “ Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Dərhal qeyd etmək lazımdır ki, bu, düzgün və vaxtında atılan bir addımdır və Azərbaycanın informasiya təhlükəsizliyinə ciddi töhfə verəcək.
Sənəddə qeyd olunur ki, hazırkı şəraitdə informasiya texnologiyalarının davamlı təkamülü, informasiyanın və informasiya sistemlərinin qloballaşması dövlətin və cəmiyyətin tərəqqisinə xidmət edən mühüm vasitəyə çevrilmişdir. Təqdirəlayiq haldır ki, ölkəmizdə informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli üçün müvafiq informasiya infrastrukturu yaradılmaqdadır.
Fərmanda qeyd edildiyi kimi, həmin infrastrukturun qlobal informasiya şəbəkələrinə, o cümlədən, internet şəbəkəsinə daxil edilməsi infrastruktur obyektlərinin kiberhücumların hədəfinə çevrilməsinə səbəb olur. Bunu nəzərə alaraq, Azərbaycan dövləti kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirməyi qərara almışdır.
Beləliklə, kritik informasiya infrastrukturunun (mühafizə olunan şəxslərin və qorunan obyektlərin informasiya infrastrukturu istisna olmaqla) təhlükəsizliyinin təmin edilməsi, o cümlədən, kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, dövlət orqanlarına, dövlətə məxsus olan hüquqi şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin funksiyaları Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirəcək.
Görünən budur ki, Azərbaycan dövləti özündə sivil, hüquqi və bəşəri dəyərləri ehtiva edən yeni informasiya strategiyası həyata keçirir. Bu strategiya Vətən müharibəsi və sonrakı dönəmdə özünü ən yaxşı cəhətlərdən nümayiş etdirərək dünyanın siyasi texnoloqlarının diqqətini özünə cəlb edə bilmişdir.
Dünyanın nüfuzlu media ekspertləri qeyd edirlər ki, Azərbaycan dövləti İkinci Qarabağa savaşında işğalçı Ermənistanı təkcə ağır döyüş meydanlarında deyil, qolbal informasiya savaşında da ağır məğlubiyyətə uğrada bilmişdir. Fəxrlə qeyd etmək lazımdır ki, hər iki sahədə, həm Qarabağ uğrunda açıq döyüşlərdə, həm də qlobal informasiya müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyev qeyri-adi istedad və fenomenal bacarıq nümayiş etdirmişdir.
Yeri gəlmişkən, cənab İlham Əliyev Vətən müharibəsi dövründə 30-a yaxın dünyanın aparıcı mediasına müsahibələr vermiş, bir çox beynəlxalq tədbirlərdə dərin məzmunlu çıxışlar etmiş, mühüm bəyanatlar səsləndirmişdir. Birinci Qarabağ müharibəsi bitəndən bir müddət sonra xarici jurnalistlərlə dörd saatlıq mətbuat konfransında Prezidentin Azərbaycan, rus və ingilis dilərində jurnalistlərin ən müxtəlif suallarını cavablandırması dünya mediasının diqqətindən yayınmamışdır. Dünyanın tanınmış media və siyasət yetkililəri Prezident İlham Əliyevin həmin mətbuat konfransındakı cavablarından heyranlıqlarını bu gün də gizlətmirlər.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi əsas prinsiplərə əsaslanır. Bu prinsiplərin hər biri ayrı-ayrılıqda və bir tam, küll halında Azərbaycanın hər bir aktual məsələdə ədalətli və prinsipial mövqeyini ortaya qoymasına və milli dövlətçiliyimizi maraqlarını qətiyyətlə qorumağa şərait yaradır.
Azərbaycan liderinin yeni informasiya strategiyasının real uğurları barədə çox sayda misal çəkmək olar. Fikrimcə, bu il aprelin 13-də Prezident İlham Əliyevin ilə ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldığı “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın doğurduğu müsbət əks-səda dediklərimizə əyani sübutdur.
İlk növbədə, qeyd etmək lazımdır ki, tədbir zaman etibarilə çox uğurlu bir dönəmdə, Qarabağ müharibəsinin xalqımız üçün böyük uğurla başa çatdığı və Cənubi Qafqazda inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac olduğu bir vaxtda təşkil olunmuşdur. Bu mənada, konfransda müzakirə olunan məsələlər, problemlərin həlli yolları ilə bağlı səsləndirilən dəyərli fikir və mülahizələr regionda ədalətli sülhün və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Tədbir iştirakçılarının əvvəlcə Qarabağın azad edilmiş bölgələrinə gedərək, orada erməni vandallarının nə qədər ağır dağıntılar törətdiklərinin əyani şəkildə müşahidə etmələri konfransda müzakirələrin obyektivliyi və predmetliliyi üçün şərait yaratmışdır ki, bunu, əlbəttə, təşkilatçıların aktivinə yazmaq lazımdır. Konfransın Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə sual-cavab formatında keçirilməsi də tədbirdə səmərəli müzakirələrə yol açmışdır.
Azərbaycan Prezidentinin beynəlxalq konfrans zamanı çıxışındakı belə bir fikir doğrudan da çox mühümdür ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi də aparırdı. Müharibə zamanı Azərbaycanın hərbi qulluqçuları, əsgər və zabitlərimiz ləyaqətlə davranıb və mülki əhaliyə zərər yetirməyiblər. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur.
Bəli, Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə imicini qoruyub saxlayıb. Aktiv döyüş fazasında belə mənəvi, insani dəyərləri qorumaq Azərbaycanın humanizm prinsiplərinə sayğısının bariz nümunəsidir. Azərbaycan Prezidenti konfrans iştirakçılarına müraciət edərək soruşub: “Bunu Ermənistan etdimi və ya edə bilərdimi? Bunu Ermənistanın keçmiş və indiki rəhbərləri edə bilərdilərmi? Edə bilməzdilər və müharibə zamanı bir daha sübut etdilər. Çünki onlarda mənəvi, insani aşınma gedib”.
Birinci Qarabağ savaşında olduğu kimi, İkinci Qarabağ savaşında da Ermənistan öz ampluasında olduğunu bir daha göstərdi. Ona görə də döyüş bölgəsindən xeyli uzaqda olan Gəncəni, Bərdəni dəfələrlə qadağan olunmuş silahlardan atəşə tutur və dinc insanları hədəfə alırdılar.
Ermənistan terrorçuluq prinsiplərini özündə ehtiva edən dövlətdir. Mənəvi, insani prinsiplərdən uzaq olanların rəhbərlik etdiyi ölkədir. Ermənistan təkcə müharibə meydanında deyil, mənəvi dəyərlər, humanizm prinsiplərində də Azərbaycana uduzub.
Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı və onları yüksək peşəkarlıqla cavablandırmaq bacarığı ilə seçilir. Yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyanlar barədə tam məlumatlılığı ekspertləri heyran edir. Təsadüfi deyil ki, bu dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğunu göstərir.
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, cənab İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məslələrinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.
Birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postmüharibə mərhələsində cənab İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynamışdır.
Prezident İlham Əliyevin müdrik liderliyi ilə Azərbaycan dövlətinin yeni informasiya strategiyası Azərbaycan həqiqətlərinin obyektiv şəkildə bütün dünyaya çatıdırılması və milli maraqlarımızın etibarlı qorunması istiqamətində geniş imkanlar yaradır. Bu gün Azərbaycan mediası da toparlanaraq qlobal media məkanına çıxmağa, öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır.
Bəli, möhtərəm Prezidentimizin və və onun yeni yüksək peşəkar komandasının dərin, düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti çağdaş dünyanın informasiya meridianlarında özünə layiqli yer tuta bilmişdir. Bu sahədə artıq xeyli uğurlar əldə edilmişdir və bu uğurlar getdikcə artır.
Məsaim
ABDULLAYEV
Xalq qəzeti 2021.- 20 aprel.- S.5.