Ermənistan terrorçu dövlət kimi dünyada rüsvay oldu
Prezident
İlham Əliyev tərəfindən ADA Universitetində
keçirilən “Cənubi
Qafqaza yeni baxış: münaqişədən
sonra inkişaf və əməkdaşlıq”
adlı beynəlxalq konfransın iştirakçılarının
suallarının dolğun
cavablandırılması Azərbaycan
həqiqətlərinin bir
daha dünyaya çatdırılması, regionda
yaranmış yeni reallıqlara aydınlıq
gətirilməsi baxımından
mühüm əhəmiyyəti
ilə diqqət çəkdi. Bu cavablarda
Azərbaycan həqiqətləri
ilə yanaşı, dünya ictimaiyyətinə
olduqca mühüm mesajlar da yönləndirildi.
Azərbaycanın birmənalı mövqeyi
yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Bu beynəlxalq konfrans,
eyni zamanda, dövlətimizin başçısının
yeni informasiya strategiyasının İkinci
Qarabağ müharibəsinin
qalibi olan Azərbaycanın informasiya
məkanında da Ermənistanın yalan siyasətinə son qoyduğunu
təsdiqlədi. Prezident, Ali Baş Komandan
İlham Əliyevin müdrik və uzaqgörən siyasəti
Azərbaycanı qalib
etməklə dünyada
və regiondakı mövqelərini tarixdə
görünməmiş dərəcədə
möhkəmləndirdi.
Konfransda dövlətimizin başçısının
qətiyyətli siyasəti
ilə müharibənin
Ermənistan və onun havadarlarının acı məğlubiyyəti
ilə nəticələnməsi,
Azərbaycanın uzun
illər çəkən
bu ədalətsiz siyasi-hərbi mübarizədən
qalib çıxması,
eyni zamanda, haqq savaşında döyüşçülərimizin vətənpərvərlik ruhunun
yüksək olması
barədə ətraflı
bəhs edilib.
Prezident
İlham Əliyev bütün bunlar barədə ətraflı
bəhs edərək,
bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri arasındakı
fərqdən də bu, aydın görünür: ”İnsanlar növbələrdə
dayanırdı. Biz qismən səfərbərlik
elan etmişdik və buraya müəyyən yaş kateqoriyasına aid vətəndaşlar
daxildir. Həmin meyara
cavab verməyən vətəndaşlarımız isə gileylənir, məktublar yazırdı ki, məni niyə
aparmırlar? Mən də
gedib döyüşmək,
Vətənimizi qorumaq
istəyirəm. Hesab edirəm
ki, bu, qələbəmizi
şərtləndirən əsas
amil idi. Əlbəttə, biz güclü ordu
qurmuşduq, təlimlər
keçirirdik, müasir
silahlar əldə etmişdik ki, bu, müharibədə bizə qələbə qazanmağa və əsgərlərimizin həyatını
qorumağa kömək
etdi. Bu silahlar
olmasaydı, itkilərimizin
sayı daha çox olardı. Ermənistan ordusu ilə müqayisədə
bizim itkilərimiz
2.5-3 dəfə az olmuşdur…”.
Azərbaycan Prezidentinin vurğuladığı
kimi, Vətən müharibəsindəki qələbəmizdə
döyüşçülərimizin vətənpərvərlik ruhunun
son dərəcə yüksək
olması ilə bərabər, Silahlı Qüvvələrin güc-qüdrəti
də önəmli rol oynayıb. Çünki ordumuz ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla
tam təchiz edilib.
Silahlı Qüvvələrimizin hərbi-texniki və döyüş hazırlığının
yüksək səviyyədə
inkişafı istiqamətində
son 18 ildə uğurlu
siyasət həyata keçirilib. Azərbaycan ən
müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək kimi mühüm vəzifəni də uğurla reallaşdırıb.
Ordu quruculuğu
istiqamətində həyata
keçirilən sistemli
və məqsədyönlü
tədbirlərin nəticəsidir
ki, bu gün
Azərbaycan güclü
orduya, təkmilləşmiş
hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı
Qüvvələri quruda,
suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən
hücumdan müdafiə
etmək qüdrətinə
malikdir.
Dövlətimizin başçısı Azərbaycan Ordusunun güc-qüdrətinin indiki
səviyyəyə çatmasının
təsadüfi olmadığını
da xüsusi vurğulayıb: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə
birinci yerdədir. Hərbçilər də, Azərbaycan
xalqı da bunu bilir. Həmişə demişəm ki,
ordumuz üçün
nə lazımdırsa,
biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq.
Bizim bütün silahlı birləşmələrimiz müasir
standartlara cavab verir və müharibədə
tapşırığı şərəflə, vicdanla,
cəsarətlə yerinə
yetirdi. İkinci Qarabağ müharibəsində
əks-hücum əməliyyatı
zamanı bizim Silahlı Qüvvələrimiz
vahid komandanın rəhbərliyi altında
əks-hücum əməliyyatını
uğurla reallaşdırdı.
Bütün silahlı birləşmələr
arasında koordinasiya
tam şəkildə təmin
edildi”.
Dövlətimizin başçısı çıxışında Paşinyanın
təxribatlarına da
toxunub: “Ermənistanın
keçmiş rəhbərləri
Paşinyanı orduda xidmət etməmiş, zəif, cəsarəti olmayan insan kimi
təqdim edirdilər.
Bu səbəbdən o, hərbi
qələbə əldə
etmək arzusunda idi, xüsusilə də onun hakimiyyətə
gəlməsindən bir
ay sonra Naxçıvan
istiqamətində məğlub
olmasından sonra…”.
Ümumiyyətlə, Ermənistanın baş naziri tərəfindən onun hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycana qarşı həm sözdə, həm də əməldə təxribatlar törədilib. Bununla da Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə ardıcıl zərbələr vurulub və beləliklə, regiondakı gərginliyin ciddi şəkildə artmasına bilərəkdən şərait yaradılıb. Bundan başqa, işğalçı dövlət rəhbərinin təşəbbüsü ilə Ermənistanda “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyənləşdirən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edilib.
Ermənistan İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində daha bir məqsədyönlü təcavüzkar hərəkət törədib. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürü kimi diqqət çəkib və ölkəmizin yeni ərazilərini zəbt etmək məqsədi daşıyıb.
Bədxah düşmənin təcavüzü Silahlı Qüvvələrimiz tərəfindən layiqincə cavablandırılmasına baxmayaraq, Ermənistan yenə də növbəti işğalçı siyasətini həyata keçirmək iddiasından əl çəkmədi. Bunun üçün hazırlıqlara başlayıb, külli miqdarda silah və sursat tədarük edib, qüvvələrini təmas xətti boyunca cəmləşdirdi. Həmçinin Azərbaycana qarşı müharibə aparmaq üçün on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələr yaradıldığını elan etdi.
Bütün bunlar Ermənistan rəhbərliyinin iç üzünü açıb göstərdi, baş nazir Nikol Paşinyanın işğalçı mövqeyindən çəkilmədiyini, daim təxribatlar törətdiyini ifadə etdi. Eyni zamanda, Ermənistanın terrorçu dövlət olduğunu təsdiqlədi.
Onu da qeyd edək ki, ümumiyyətlə, Nikol Paşinyan Ermənistanın baş naziri seçiləndən etibarən daim təxribatçı fəaliyyət göstərib. Belə ki, o, hələ baş nazir seçilməzdən əvvəl, Ermənistanın Parlamentinə müraciətində Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırıb. Belə bəyanatı ilə Paşinyan danışıqların formatını şübhə altına salıb, baş nazir kimi fəaliyyəti dövründə də bunu dəfələrlə təkrarlayıb.
İşğalçı ölkənin rəhbəri baş nazir kimi fəaliyətə başladığı gün, yəni 2018-ci ilin mayın 9-da həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərə gələrək, Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işğal günü ilə bağlı keçirilən tədbirdə iştirak edib. Eyni zamanda, “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsini aparıb.
Nikol Paşinyanın dəfələrlə işğal olunan Azərbaycan ərazilərinə gələrək, qanunsuz rejim “rəsmiləri” ilə hərbi məsləhətləşmələr aparması, oğlunu özünün dediyi kimi, bir jest olaraq daha çox erməninin orduya cəlb edilməsi məqsədilə Azərbaycanın işğal altındakı ərazilərdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmətə göndərməsi, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirməsi də onun nasizm siyasətinə sadiqliyindən xəbər verib.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2021.- 20 aprel.- S.4.