Hərbi Qənimətlər
Parkı və Cənubi Qafqaza yeni baxış...
Azərbaycan Prezidenti
İlham Əliyev aprelin
12-də və 13-də iki mühüm
tədbirdə iştirak etdi
və mühüm
çıxışları oldu. Əvvəlcə
Bakının Xətai rayonu ərazisində
Hərbi Qənimətlər Parkı açıldı,
sonrakı gün isə ADA Universitetində
“Cənubi Qafqaza yeni
baxış: münaqişədən sonra
inkişaf və
əməkdaşlıq” adlı beynəlxalq konfrans
keçirildi. Respublikamızda indiyədək
müxtəlif parklar, muzeylər və digər
mühüm ünvanlar
açılıb. Lakin vətəndaşlarımızın
və xarici qonaqların üzünə
açılan bu ünvanların heç biri Hərbi Qənimətlər
Parkının məna - mahiyyətində olmayıb. Hərbi
Qənimətlər Parkı öz
planında, fakturasında və fəlsəfəsində
ölkəmiz üçün bir ilkdir, mübarək işdir və dünyada da oxşarı çox
azdır.
Otuz illik işğaldan sonra əldə edilmiş tarixi qələbəni təcəssüm etdirən, “Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkı ilə eyni rayonda və ona paralel yerləşmiş bir unikal parkdan danışırıq. Azərbaycan Prezidentinin nəyi, nə vaxt, harada və necə etmək lazım olduğunu nə qədər səlist bildiyinin daha bir parlaq təcəssümüdür bu park. Hərbi Qənimətlər Parkı qürur parkıdır, inam parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır, yaralı qazilərmizə şəfa parkıdır, bütün döyüş iştirakçılarına minnətdarlıq parkıdır! Xüsusilə yeniyetmə və gənclərimiz üçün çox önəmli bir ziyarət yeri yaranıb. Bir daha mübarək olsun və bir daha dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq!
Şanlı qələbəmiz də, onu estetik baxımdan əla təcəssüm etdirən Hərbi Qənimətlər Parkı da Azərbaycanın qüdrətinin göstəricisidir! Azərbaycan öz intiqamını düşməndən xalq - dövlət birliyi ilə döyüş meydanında alıb. Döyüşlər arxada qalıb, münaqişə arxada qalıb, iki üçtərəfli bəyanat imzalanıb, dövlət rəhbərlərinin səlahiyyət verdiyi məsul hökumət üzvləri arasında kommunikasiyaların açılması ilə bağlı müzakirələr gedir. Bütün bunların fonunda isə Ermənistanda əvəzçıxma çağırışları səngiməyib. Bəs ilk üçtərəfli bəyanatın mürəkkəbi qurumamış, baş nazir Paşinyanın imzasına bir daha qeyri - ciddilik gətirən hərəkətlə Qarabağa terrorçular göndərən uğursuz Ermənistan dövləti və erməni ictimai - siyasi fikri Hərbi Qənimətlər Parkından sonra nə hallara düşüb? Uzağa getmək lazım deyil, mənzərə kompüterin, yaxud telefonun bir düyməsi qədər yaxındır: ermənilər sosial şəbəkələrdə, internet informasiya resurslarında öz rəhbərlərinin ünvanına nələr qalıb deməmiş ola? Bax, bu mənzərə özü, parkın necə psixoloji təsir gücünə malik olduğunun sübutudur.
Hərbi Qənimətlər Parkının paytaxtın ən çox ziyarət edilən məkanı olacağına qətiyyən şübhə etmədən, o parkın açılışında dövlət başçısının çıxışının ən ümdə məqamlarına diqqəti yönəltməyə çalışaq:
Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün, düzgün taktikanın, dəqiq siyasi - iqtisadi və diplomatik kursun təzahürüdür. Azərbaycan XXI yüzilin müharibəsini aparıb və örnək yaradıb.
Hərbi Qənimətlər Parkı da XXI yüzil müharibəsinin miqyasını və Azərbaycanın şərəfli qələbəsinin möhtəşəmliyini göstərir. Park qələbənin əbədiləşdirilməsinə xidmət edir.
Biz qələbəmizi əbədiləşdirdiyimiz kimi, erməni vandalizminin insanlığa qarşı cinayət olduğunu da unuda, unutdura bilmərik. Və “Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik”! Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdan cəmi bir gün öncə Hərbi Qənimətlər Parkını ziyarət edərkən – qalib ordunun hərbçiləri qarşısında çıxış zamanı hərbi formada idi. Ali diplomatiya təhsili ocağında, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin bilavasitə, yaxud “onlayn” qatıldığı konfransda çıxış edən Prezident, Cənubi Qafqaza yeni baxışın özünü, özəyini – tarixə qovuşmuş münaqişədən sonrakı inkişaf və əməkdaşlığın mənasını, mahiyyətini ustadcasına açdı.
Fevralın 26 - da keçirilən beynəlxalq mətbuat konfransı və 31 martda təşkil edilən Türk Şurasının qeyri - formal toplantısından sonra bu konfransda Prezidentin verdiyi ismarıclar həqiqətlər silsiləsi təşkil edir. Beynəlxalq mətbuat konfransı Xocalı Soyqırımının 29 - cu, Türk Şurasının toplantısı azərbaycanlıların Bakı soyqırımının 103 - cü ildönümünə təsadüf edirdisə, ADA - dakı çıxış Hərbi Qənimətlər Parkının açılışından sonra gerçəkləşdi. Elə bilirəm, bu xronologiya, tarix ayarlaması, tarix şüuruna düzgün köklənmə olub böyük gələcəyə gedişin yol xəritəsini çəkməkdədir: “Haradan gəlmişik, necə gəlmişik, haradayıq, hara, necə və kiminlə gedirik?”
Beləliklə, rəsmi İrəvanda adlar, idarəçilər dəyişsə də, işğalçılıq siyasəti heç vaxt dəyişməyib. İrəvanın niyyəti münaqişənin dondurulması olub: “Əraziləri azad etdikdən sonra müşahidələrimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şey edirdilər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər”.
Rəsmi İrəvan hərbi cinayətkardır. Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub: “Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir”.
İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir: “Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Hər hansı revanş niyyətin qarşısı sərt şəkildə alınacaq”.
Tarixi həqiqətlərin təhrif olunması yolverilməzdir: “Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik”.
Qələbə ölkənin və bütöv regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Sabitlik inkişafın əsasıdır.
Regionun inkişafı strateji prioritetdir: “Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır”.
Beynəlxalq təşkilatlar daha fəal mövqe tutmalıdırlar: “Beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilər: demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət”.
Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var. Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe tutub və beynəlxalq hüququn tərəfdarı olub. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi.
Və nəhayət, son günlərin ən çox müzakirə olunan mövzusu: Şuşaya atılan “İsgəndər - M”! Azərbaycan rəsmi İrəvandan “İsgəndər - M” raketi ilə bağlı açıqlamalar tələb edir. “Rusiya ilə də “İsgəndər - M”-lə bağlı məsələnin müzakirəsi aparılır. Rəsmi İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. Deməli, hər halda istifadə olunub. Biz rəsmi cavab gözləyirik...
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Xalq qəzeti 2021.- 17 aprel.- S.3.