Zəfərimizin simvoluna çevrilən ünvan
Məlum olduğu kimi aprelin 12-də
Bakıda Hərbi Qənimətlər Parkının
açılışı oldu. Veteran jurnalist-naşir
Hacı Mehman FƏRZULLAYEV bizimlə bu barədəki fikirlərini bölüşdü.
O dedi:
–Ölkəmizdə son illər həyata keçirilən islahatlara nəzər salsaq, aydın şəkildə görərik ki, Azərbaycan sözün həqiqi mənasında güclü dövlətlərdən birinə çevirilib. Respublikamız heç bir sahədə xarici güc mərkəzlərindən asılı deyil. Ölkə başçısı hər çıxışında bu məqamı xüsusi vurğulayır. Bu günlərdə Hərbi Qənimətlər Parkının açılışında iştirak edən Prezident İlham Əliyev münaqişənin başlanması dövrünü də əhatə etməklə birlikdə, qazandığımız tarixi zəfərdən, bölgədə yaranan yeni vəziyyətdən danışdı. Düşünürəm ki, çıxışın Azərbaycan xalqı üçün ən qürurverici məqamlarından biri də məhz siyasi-iqtisadi azadlığımızla bağlı olan hissəsi idi.
Hacı Mehman sözünə davam edərək dedi: Söhbətdən çox kənara çıxmadan deyim ki, ermənilər hər dəfə bu parkın adını eşidəndə öz rüsvayçı məğlubiyyətlərini xatırlayacaqlar. Şübhəsiz ki, hər bir azərbaycanlı da öz növbəsində Hərbi Qənimətlər Parkını qürur, iftixar hissi ilə ziyarət edəcək. Əbədi zəfərimizin simvollarından birinə çevirilən bu park, həmçinin döyüş meydanında qazandığımız möhtəşəm qələbənin real, əyani sübutudur.
Bəli, Azərbaycan böyük zəfər qazandı. Lakin hər bir azərbaycanlı yaxşı bilməlidir ki, bu zəfər bizə kimlərinsə peşkəşi deyil. Hər kəs bilməlidir ki, biz nələrin bahasına bu qələbəyə nail olmuşuq.
Azərbaycan məsələnin həlli üçün danışıqlar aparmaqla paralel olaraq, güclü ordu yaratdı. Təsadüfi deyil ki, dövlət büdcəsindən ən böyük vəsait də məhz bu sahəyə ayrılmışdır. Bütün bunların nəticəsində biz istəyimizə nail olduq. Ordumuzun döyüş qabiliyyəti gücləndi. Müasir maddi-texniki baza yaradıldı. Prezident İlham Əliyev qeyd etdi ki, biz bir mənbədən asılı vəziyyətə düşməmək üçün bu texnikanı müxtəlif qaynaqlardan almışıq. Həmçinin bu silahların alınması üçün bizə güclü siyasi tərəfdaşlar lazım idi. Çünki silah bazarı digər sahələrə nisbətən daha həssasdır və burada siyasi məsələlər hər şeyi həll edir.
Bundan əlavə, görülən hazırlıq işlərindən biri də, ölkədə siyasi sabitlik yaratmaq, xalqın birliyini təmin etmək idi. Düşünürəm ki, hazırda Azərbaycan nəinki bölgədə, hətta dünyada ən təhlükəsiz ölkələrdən biridir.
Beynəlxalq müstəvidə bizə qarşı qəbul edilən qərəzli qətnamələr bir çoxumuzun xatirindədir. Ölkə başçısının siyasi iradəsi, əzmi ilə bu məsələ ilə bağlı da genişmiqyaslı işlər aparılıb. İlham Əliyevin informasiya sahəsindəki fəaliyyəti nəticəsində erməni lobbisi, o cümlədən ermənipərəst xarici qüvvələr tərksilah edilib. Biz bu fəaliyyətin fonunda beynəlxalq ictimaiyyətin obyektiv, qərəzsiz məlumatlandırılmasına nail olmuşuq. Hətta, son dövrlərdə hər zaman Azərbaycana qarşı qərəzli və haqsız mövqe sərgiləyən Avropa Şurası Parlament Assambleyası belə məcbur olub bizim ərazi bütövlüyümüzə dəstək nümayiş etdirib. Şübhəsiz ki, xarici güclərdən asılı olan dövlət bütün bunlara nail ola bilməzdi.
Yeri gəlmişkən, Prezident İlham Əliyev öz çıxışında açıq şəkildə bildirdi ki, müharibə dövründə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Lakin bizə dost olan ölkələr, xüsusən də Qoşulmama Hərəkatına üzv olan dövlətlər buna mane oldular. Ona görə ki, Azərbaycan QH-ya sədrlik etdiyi müddətdə bu ölkələrə kömək edib. İstər humanitar, istər maliyyə yardımı göstərib. Biz onların maraqlarını müdafiə etmişik. Onlar da öz növbəsində bizə dəstək oldular.
Söhbəti qələmə
aldı:
İmran ƏLİYEV
Xalq qəzeti 2021.- 17 aprel.- S.3.